525.Az

"Ağdamda keçən uşaqlığım tez-tez yuxuma girir" - Müsahibə

XALQ ARTİSTİ, PROFESSOR RAMİZ QULİYEV: "TARI SİNƏMƏ ALANDA ÖZÜMÜ DÜNYANIN ƏN GÜCLÜ ADAMI BİLİRƏM"


[02.05.20]
"Ağdamda keçən uşaqlığım tez-tez yuxuma girir" - <b style="color:red">Müsahibə </b>

"Şöhrət" ordenli ustad tarzən, Xalq artisti, professor Ramiz Quliyevin 73 yaşı aprelin 30-da tamam oldu. Bu münasibətlə görkəmli sənətkarımıza səmimi təbriklərimizi, ən xoş arzularımızı ünvanlayır və onunla söhbət əsasında hazırlanmış yazını oxuculara təqdim edirik.

 
1947-ci ilin 30 aprelində Ağdamda dünyaya göz açmış ustad tarzən deyir ki, hər ad günündə, qeyri-ixtiyari olaraq, gözü Qarabağdakı ata yurdunu, Ağdamdakı evini axtarır: "Deyirəm ki, kaş bir möcüzə baş verəydi, Ağdamdakı məhəlləmizə gedəydim, qapımızı açaydım. Qapını açan kimi bir stəkan su içəydim, həyətimizdəki güllərin-çiçəklərin ətrini ciyərlərimə çəkəydim. O zamanlar ilin bu vaxtında Ağdamdakı evimizdə gül-gülü çağırardı, əsl cənnət olardı. Nədənsə, ad günlərimdə o məhəllə, o ev məni sanki dil açıb çağırır. Ağdamda keçən uşaqlığımı tez-tez yuxuma girir. Evimiz, məhləmiz, sinif yoldaşlarım, kənddəki qonşularımız, məktəb yolu - hamısı yuxuma girir. Qarlı-şaxtalı günlərdə məktəbə getməyim, qonşularımız, həyətlərdən ucalan musiqi səsləri - bunlar yadıma düşəndə yaman kövrəlirəm. O doğma yerləri mənə ən çox xatırladan bir "Segah"dır, bir də "Qarabağ şikəstəsi". Böyük vətənin içərisində kiçik bir vətənimiz vardı. Allah mənə qismət eləsin, Ağdamda, həmin səs-küylü məhəllədə "Qarabağ şikəstəsi"ni tarımda səsləndirim. Bütün xalqımız kimi mənim də qəlbimin ən yaralı yeri Qarabağ dərdidir. Bir arzum da Qarabağda "Segah" muğamı üzərində "Ana" mahnısını ifa etməkdir. Tezliklə arzuladığımız günü görmək, o torpaqda uyuyan əzizlərimin məzarını ziyarət etmək istəyirəm. Hər dəfə tarı əlimə götürəndə anam və Qarabağ torpağı dərhal gözlərim qarşısına gəlir. "Ana" mahnısını ifa edib bir az təskinlik tapıram. Amma təskinlik müvəqqətidir. Ağdamın, Qarabağın işğalı ürəyimdə bir yaradır. Sağalması üçün gedib o yerləri bir də görməliyəm, oralarda yenidən gəzməliyəm".

 
"Əmimin tarını hələ də yadigar kimi saxlayıram"
 

Ramiz Quliyev ilk dəfə tarı əlinə götürəndə beş, ya altı yaşı varmış: "5-6 yaşım olanda evdə, məhlədə, qonşuda tarın səsini eşidirdim, amma nə olduğunu bilmirdim. Təkcə qarmonu tanıyırdım, bilirdim ki, dişlərinə barmaq basanda səs verir. Ağdamdakı evimizdə divardan asılanın da qonşumuzun sinəsinə alıb səsləndirdiyi əşyaya oxşadığını görürdüm. Seyid nəslindən olduğumuz üçün atamıza "Ağa" deyirdik biz. Atamdan soruşdum: "Ağa, o divardan asılan nədir?" Əmimə məxsus olan tar adlı musiqi aləti olduğunu deyəndə gözləri doldu atamın. 1941-45-ci illər müharibəsində sonadək iştirak edən əmim döyüşlərdə qolundan bərk yaralanmışdı. Ona görə də həmişə anamın onun üçün toxuduğu əlcəyi taxırdı. Bir daha tar çala bilmədiyi üçün onu bizim evdə divardan asmışdı. Kəlbəcərdə hərbi komissar işləyirdi. Bir dəfə bizə gələndə tarla maraqlandığımı görüb tarı divardan alaraq mənə verdi ki, bu gündən oldu sənin. Əmim çox çətinliklə də olsa, o tarı mənim üçün köklədi. Və o gündən bu günə kimi də tar əlimdən düşmür. Hər musiqi alətinin öz gözəllikləri var, ancaq tarın özünəməxsus ahəngi, mizrabları vurmağı və ələlxüsus da sarı simi bir başqadır. Tardan başqa heç bir musiqi alətində sarı sim yoxdur. Sarı sim çox kövrəkdir. Tarı sinəmə alanda özümü dünyanın ən güclü adamı bilirəm.

Əmimin tarını yadigar kimi saxlayıram. O tarı heç kəsə əmanət etmərəm. İstərdim ki, nəsilbənəsil qalsın, nə deyim. Bəlkə elə də yaxşı tar deyil, ancaq ilk dəfə mizrabı vuranda ondan elə kövrək səs eşitdim ki, sehrindən çıxa bilmədim. Həmişə canım sıxılanda, ürəyim Ağdamdan ötrü darıxan kimi, gecəni bir aləmi də olsa, tarı götürüb dilləndirirəm. Mənim bir günüm də tarsız keçmir. Daha bundan sonra tarla nə qədər yoldaşlıq, sirdaşlıq edəcəyimi isə bir Allah bilir".

Ustad sənətkarın fikrincə, Azərbaycan xalqı çox istedadlıdır, incəsənətin bütün sahələri üzrə qabiliyyət qanımıza hopub: "Misal üçün, deyim ki, bizim ailədə musiqi ilə peşəkar məşğul olan bir kimsə yox idi. Bəlkə məndən çox-çox əvvəllər kimsə olub, amma mən bunu bilmirəm. Tanımadığım və adlarını eşitdiyim böyüklərin, korifeylərin hamısını mən rayonda, dirəyə bağlanmış olan reproduktordan eşitmişəm. Bülbülü, Rəşid Behbudovu, Sara Qədimovanı, Şövkət Ələkbərovanı... Sonra hamısını gəlib yaxından, səhnədə gördüm. Bizim musiqi sənəti dərin, geniş bir dəryadır. Mən də bu dəryada üzə bilmişəmsə, çox xoşbəxtəm".


"Məni doğru yoldan yayındıracaq addımlardan həmişə çəkinmişəm"
 

Xalq artisti indiyədək keçdiyi ömür yolu haqda danışanda bir çox məqamlara yenidən və fərqli nəzər saldığını deyir: "İnanın ki, mən bu 73 yaşın necə gəlib-getdiyini bilmirəm. Çox yaxşı və pis anlarım da olub. Hətta indidən baxanda görürəm ki, bir vaxt yerimdə saydığım məqamlar da olub. Ancaq düşünülməmiş atılan, məni doğru yoldan yayındıracaq addımlardan həmişə çəkinmişəm. Hər zaman həyatda özüm, ailəm, sənətim və xalqım qarşısında məsuliyyət daşıdığımı dərk etmişəm. Həyatda qarşına ülvi bir məqsəd qoymadınsa, demək ki, heç bir şeyə də nail ola bilməyəcəksən. Mən isə həmişə öz qarşıma bir məqsəd qoymuşam ki, həyatda uca amalla yaşamalıyam və buna nail olmuşam. Dönüb geriyə baxanda, görürəm ki, xeyli iş görmüşəm".

 
Başım elə qarışıq olub ki...

 
Mövcud karantin vəziyyəti ilə əlaqədar Ramiz Quliyev də ayyarımdır ki, evdədir. Professor bildirir ki, indiki vəziyyət, xüsusi karantin rejimi insanlardan mümkün qədər diqqətli olmağı, özlərini qorumağı tələb edir: "Bu gün sağlamlığımız üçün ən vacibi odur ki, qaydalara riayət edək. Görürük, eşidirik ki, bütün yer kürəsində insanlar təşviş içindədirlər. Bir sıra ölkələrdə vəziyyət qarışıb, əhali çox əziyyət çəkir. Amma bizim ölkədə vəziyyət qaydasındadır, işlər yolundadır. Çünki Prezident İlham Əliyevin tapşırığı ilə, dövlətimizin rəhbərliyi, əlaqədar qurumlar tərəfindən vaxtında müvafiq tədbirlər görüldü. Bu tədbirlər bu gün də davam etdirilir. Evdə olduğum müddətdə tələbələrimə onlayn qaydada dərslər keçirəm. Çalışıram, bu günlərdə daha çox musiqiylə məşğul olum, bütün fikrimi sənətə yönəldim. Hətta başım elə qarışıq olub ki, ad günümün yaxınlaşdığını unutmuşam. Ad günümün gəlib çatdığı bircə gün qabaq yadıma düşüb. Əslində, ad günümü xüsusi olaraq qeyd etmirəm. Bu fikirdəyəm ki, mənim əsas ad günüm Qarabağ, Ağdam işğaldan azad edilən gün olacaq. Ancaq istər-istəməz doğmalar, yaxınlar, dost-tanış zəng vurub təbrik edirlər. İlk növbədə övladlarımdan gəldi təbriklər. Bir oğlum - Əyyub Quliyev, bildiyiniz kimi, Əməkdar artist, tanınmış dirijordur. O biri oğlum - Emin Quliyev isə Dövlət İdarəçilik Akademiyasının dosentidir, istedadlı hüquqşünasdır. Hər iki övladımla fəxr edirəm. Onlar haqqında xoş sözlər eşidəndə ürəkdən fərəhlənirəm, uğurlarını həm də öz uğurlarım bilirəm".
 

"Tarın qabından simlərinədək hər şeylə maraqlanırlar" 


Görkəmli tarzən R.Quliyev dünyanın 70-dən çox ölkəsində konsert proqramlarında çıxış edib, hər birində musiqimiz çox gözəl qarşılanıb: "Elə bir ölkə yoxdur ki, Azərbaycan tarı, milli musiqimizin sehrinə düşməsinlər. 1998-ci ildə Londonda keçirilən konsertlərimizin birində Britaniya Şahzadəsi Maykl əslində, 15 dəqiqəliyə gəlmişdi, ancaq sonadək konserti izlədi. Hansı ölkədə oluramsa, tarın qabından tutmuş simlərinədək hər şeylə maraqlanırlar. Bu gün Azərbaycan tarı YUNESKO səviyyəsində tanınır. Buna dövlətimizin diqqət və qayğısı, xüsusən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində nail olunub. Şərq və Azərbaycan xalq çalğı alətlərinin içərisində bədii və texniki imkanları, səs tembri və sanbalına görə ən mükəmməl musiqi aləti tardır. Tar indi dünya səhnələrindən böyük simfonik orkestrlərdə solist kimi çıxış edir. Tarın imkanları çox üstündür. Biz bu qədim musiqi alətimizin bütün dünyada təbliğini davam etdirməliyik. Hamı bilir ki, Azərbaycan tarı və tar ifaçılığı 2012-ci ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Azərbaycan tarı özünəməxsus quruluşa, konstruksiyaya və bədii-texniki imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkələrdə - İranda, Orta Asiyada, Dağıstanda və başqa yerlərdə geniş yayılıb. Ancaq özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən xeyli fərqlənir".


Xalq artisti bildirib ki, məmnuniyyətlə Azərbaycan musiqisinə xidmətə davam edəcək: "Mən tarımızla Azərbaycan musiqisini təbliğ etdim, tar da məni tanıtdı, şöhrətləndirdi. Sağlıq olsun, belə də davam edəcək. Tarın daha çox tanınması, musiqimizi sevən və yaşadan gənclərin sayının artması üçün axıra qədər ürəklə çalışacam".


Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.