525.Az

Suu, su!...

[14.10.12]
Suu, su!... <b style="color:red"></b>

Alpay Azər

Qaranlıq düşsə də, axtardığı evi tez tapdı. Zəngi basdı, iki dəqiqə sonra rəngi azca getmiş, güllər həkk olunmuş dəmir darvaza açıldı.
- Hə, keç içəri, - üstündə qırmızı qızılgüllər olan xalat geymiş, saçlarını zil qara rəngə boyamış dolubədənli, yaraşıqlı qadın hündürboylu, əzələli Ramizi həyətə buraxdı, darvazanı arxadan bağladı.
- Tez tapdın buranı?
- Hə. Buralarda əvvəl çox olmuşam.
- Kimgilə gəlirdin ki?
- Heeç, - Ramiz könülsüz cavab verdi. - O vaxtlar bu küçədə bir sinif yoldaşım yaşıyırdı.
- Adı nəydi ki?
- Hmm, - mızıldandı, - inanırsan, yadımdan çıxıb uje.
Qadın ona inanmadı, başa düşdü ki, Ramiz bu barədə heç nə demək istəmir, artıq sual vermədi. İçəri keçdilər, Ramiz divanda, qadınsa stolun arxasındakı yumşaq stulların birində oturdu.
- Mənə dedilər sənin ərin var, düzdü?
- Var, nə olsun ki? - qadın bu sualı sanki mininci dəfə eşidirmiş kimi laqeydcəsinə cavab verdi.
- Heeç, prostu... Nəysə.
- Sən narahat olma, işdədi. Gecə smeni işdiyir.
- Bu rayonda, yoxsa? - Ramiz həyəcanla soruşdu.
- Əşi, narahat olma. O bizim rayonda işləmir. İkincisi də sabah axşam gələcək... Bəlkə çay dəmliyim? - tez çay təklif elədi ki, Ramiz qayıdıb soruşmasın “Hansı rayonda işləyir?”
- Yox, lazım deyil... Sağ ol.
- Onda keçək də o biri otağa.
- Keçək.
Yataq otağına keçdilər. Qadının xahişiylə Ramiz “bəri başdan” pulun bir hissəsini, on şirvanı dolabın üstünə qoydu. Bir az söhbət eləyəndən sonra əsas məsələyə keçdilər...
Ramizin Krasnodarda balaca ayaqqabı dükanı var. Ailəsi, arvadı Qızyetər və balaca oğlu ilə orda kirayə tutduğu ikiotaqlı evdə qalır. İldə bir dəfə yayda iki aylığa rayona gəlirlər. Bu dəfə - oktyabr ayı idi, arvad-uşağı Krasnodarda yaxın qohumugildə qoyub dostunun toyuna gəlmişdi, bir həftəyə qayıdacaqdı. Arvaddan başqa mağazasının satıcısı Lyudası vardı. İndi də eşqinə qarasaçlı, qaragözlü, necə deyərlər, “milli fahişə” düşmüşdü. Amma bu işə görə qohum-tanış xəbər tutmasın deyə toyu olan dostunun təklifi ilə, - fahişənin telefon nömrəsini o vermişdi, -  tamam başqa bir rayona gəlmişdi. Qadın dəmir darvazanı açıb onu içəri buraxanda “Yaxşı şeydi, Lyudadan da qəşəngdi,” - ürəyində sevinmişdi. Əslində azərbaycanlı fahişəylə Lyuda arasında elə bir fərq yoxuydu, boyları eyni, ikisi də dolubədənli, bir sözlə ikisi də qəşəng. Sadəcə arvadından (çoxdan), satıcısından da bezmişdi, rayon “gəlini” onun gözündə sanki qeyri-adi gözəl idi...   
“Risk eləmişəm, - ər məsələsinə görə Ramiz ürəyində özünü danlayırdı. - Vallah, risk eləmişəm... Görən həftədə neçə kişi gəlir bura? Yəqin hər dəfə pasteli dəyişir ki, əri yerinə uzananda iy-zad hiss eləməsin. Utanmaz-utanmaz da kravatında uzanmışam. Deyir də. Birdən gəldi? Bəlkə bilmir ki, arvadı gəzir? Elə şey olar bilməsin? Gəlsə neyliyəcək ki? Heç nə, baltanı götürüb bapbalaca təpəmə vuracaq. Lap yaxşı da eliyəcək. Mənim kimi başıboşa belə lazımdı. Qaçmağa da yer yoxdu. Ancaq bir yer tapıb gizlənmək olar. Harda?” Pərdə ilə örtülmüş iri pəncərələrə baxdı, qonşunun həyətinə çıxırdı, həyətdə isə arada qalın səsli it hürürdü. “Mənə lazımıydı əri olanın yanına gəlim? Hələ Krasnodarda Faiqə (artıq toyunda iştirak etdiyi dostu) min dəfə dedim ki, mənə boşanmış, ya da uzağı dul arvad nömrəsi verərsən. Nə olsun deyirdi ki, əri çox vaxt evdə olmur... Bəs mən gicbaş niyə bura gəldim?!”
Qorxurdu, durub getmək istəyirdi. O biri yandan da qadın xoşuna gəlmişdi, pulun yarısını, on şirvanı vermişdi, qalanını da verməliydi, qiymət əvvəlcədən danışılmışdı. Pulun yarısını verib bir bəhanə ilə çıxa bilərdi, amma bu pula heyfi gəlirdi, heç olmasa bir dəfə də qadınla olmaq istəyirdi. Yavaş-yavaş özünü sakitləşdirdi. “Gəlməz. Raz ki, özü deyir rayondadı, gəlməz, znaçit gəlməz. Bilir ki, deyir, çox olub belə şeylər. Gəlsə də çöl qapısını döyəcək, ona qədər tez durub geyinib əkilmək olar. Yəqin ki, bir yer tapıb burdan qaçmaq olar”...  
- Xoşuna gəldi? - qadın sanki onun daimi məşuqəsi kimi nazlana-nazlana soruşdu. Qadının ilıq səsindən xoşallanan, bir də qol saatına baxandan sonra “Gecə saat on ikidən sonra çətin ki, əri gələ,” - fikri ilə özünü sakitləşdirən Ramizin həyəcan təri yavaş-yavaş soyudu.
- Həə, - tez, bir az da gur səslə cavab verdi.
- Bəs ərin bilir ki?
- Yox bilmir, - sözünü kəsdi, bir az da sərt cavab verdi.
“Ay-hay, qonşular çoxdan xəbər eliyiblər. Guya gecə gələnləri qapıbir qonşularınız görmür. Prostu deyə bilmirsən ki, ərin oğraşdı,” - Ramiz fikirləşdi.
- Özün özünü təkbaşına dolandırırsan da, -  Ramiz guya maraqlı komplimentfason bir şey demək istədi, qadın reaksiya vermədi.
- Ərin həmişə gecə smeni işdiyir?
- Yox.
- Bəs bayaq dedin?...
- Hərdən bir. Göyərti aparır satmağa, çox vaxt elə orda bacısıgildə qalır.
- Bəs birdən? - Ramiz yerindən qalxmaq istəyəndə, qadın onun çiynindən basdı.
- Əşi sən nə qorxaq adamsan. Dedim ki, gəlməyəcək, yəni mən o qədər..
- Nə bilim, dedim birdən...Neçə ildi evlisiz?
- Səkkiz ilə yaxındı.
- Sevib ərə getmisən?
- Yox, tanış eliyiblər.
- Qohumdu ki?
- Uzaq qohum düşür.
- Neçə uşağın var?
- Bir, oğlandı.
- Neçə yaşındadı?
- Beş... Sifətindən görürəm ki, yenə qorxursan.
- Əşi, sən də deyəsən məni prikola tutmusan, yox bir beşyaşlı uşaqdan qorxacam.
- Burda deyil, nənəsigildədi.
- Hansı nənəsigildə?
- Off, sən də gərək elə hər şeyi soruşasan. Mamamgildədi.
Qadının mobil telefonuna zəng gəldi, ekrana baxıb əli ilə “sus” işarəsi verib yaşıl düyməni basdı.
- ...Həə...yaxşı.... bişirərəm. Yadımdadı, ooldu, - qırmızı düyməni basdı, bildi ki, yanındakı soruşacaq kimiydi, sualı qabaqladı. - Yoldaşımdı, deyir sabaha dolma bişir mənə.
“Bu, dolma da bişirə bilirmiş ki”.
- Maman yəqin öyrədib dolma bişirməyi?
- Hmm...
Pauza yarandı. Ağ tavana baxa-baxa Ramiz fikirləşdi ki, nəysə demək lazımdı, guya çarpayıda uzanıb əsas işlə məşğul deyillərsə mütləq nəsə deməlidi, soruşmalıdı.
- Deyirsən oğlunun beş yaşı var hə?
- Hmm, - əlacı olsa boğardı, amma müştəridi, eşitmişdi ki, pullu kişilərdəndi, üstəlik, ümid eliyirdi ki, müəyyən olunmuş qiymətdən artığını alacaq, ona görə deyə bilmirdi: “Əşi sənə nə, oğlumun neçə yaşı var?!”.
- Məktəbə?... Hə, bayaq dedin beş yaşındadı.
- Hazırlığa gedir, - müştərisinin qırıq-qırıq dediyi sualı cavablandırdı, dərin nəfəs alıb əsas mətləbə keçdi. - Bəlkə yenə başdıyaq?
- Başdıyaq.
İkinci dəfə başladılar, hardasa yeddi-səkkiz dəqiqə keçmişdi, ikisi də hiss edirdi ki, ikincidən daha çox ləzzət alırlar, üstəlik pik nöqtəsinə az qalırdı, birdən qonşu otaqda uşaq ağlamağa başladı: “Maamaa! Maamaa!!”
Bir anda ikisi də dayandı, Ramizin ürəyi tez-tez döyünməyə başladı. Hələki hər ikisi susurdu. Uşaq üçüncü dəfə “maa-ma” deyəndə Ramiz qadının sual dolu gözlərinə baxdı, (hələ bir-birilərindən aralanmamışdılar), ona nədənsə elə gəldi ki, qadın tərəddüd içindədir, elə bil tez işini bitirib oğlunun yanına getmək istəyirdi. “Yalan danışmağına bax it qızı itin. Mamasıgildə qoyub uşağı”, - ürəyində qadını söydü.
Kişini soyuq tər basmışdı, beş-altı saniyənin içində ehtirası tam sönmüşdü, hətta bir anlığa Ramizə elə gəlmişdi ki, ehtirasını həmişəlik itirib. “Birdən uşaq durub gələr bura?” - qorxdu, istədi yorğanın, ya da çarpayının altında gizlənsin. Onda da qadın çox güman ki, gülməyə başlayacaqdı. (“Onsuz da bayaqdan mənə qorxaq deyir”). Yorğanı sinəsinə çəkib gözləmək qərarına gəldi. Qadın barmağıyla üzündə həyəcan-qorxu “sus” işarəsi verdi.   
- Gəlirəm, maman qadanı alsın, gəlirəm! - yavaşca yerindən durdu.
- Suu, su gətir mənə kuxnidən! - uşağın susuzluğu bir yana, səsindəki, yanğı “su gətir mənə kuxnidən” deyəndə səsində xoruz buraxması Ramizə lap pis təsir elədi.
- Gətirirəm indi, qadan alım, gətirirəm! - Ramizə isə pıçıltıyla, - gözlə, uşağa su verim, gəlirəm.
Ramizin həyəcanı azaldı, ürək döyüntüləri normaya düşdü. (“Day uşaq bura gəlməz”). Qadınsa xalatının düymələrini bağlaya-bağlaya bir az da gileyli “Maman ölsün, axşamlar o qədər şakaladdan yeyirsən ki, gecə də yata bilmirsən,” - dedi, həmin andaca çarpayıda uzanmış Ramizə sərt baxdı, bir növ işarə vurdu ki, su verib gələndən sonra “uşağı mamagildə qoymuşam” məsələsinə qayıtma, yersiz sual vermə, yəni uşağı sakitləşdirmək mənlikdi. Suyunu içib yenə yatacaq. Mən də indi qayıdıram, işimizi qurtararıq, pulun qalanını verərsən, cəhənnəm olub gedərsən evinə”.
Oğluna su gətirmək üçün mətbəxə keçdi. Ramiz cəld qalxıb çarpayının qırağında oturdu, tələsik corablarını ayağına, şalvarı əyninə keçirdi. Yavaşca cibindən zəhmət haqqının qalanını, iyirmi şirvanı dolabın üstündəki mürəbbə qabının altına qoydu. Barmaqlarının ucunda mətbəxə tərəf gedəndə əlində balaca güllü fincanda balasına su aparan ana ilə üz-üzə gəldi, qadına pıçıltıyla “Mən həyətdə bir siqaret çəkim, beş dəyqəyə gəlirəm,” - dedi, qadın başını tərpətdi, yəni “işində ol”. 
Ramiz ayaq barmaqlarının ucunda dəhlizə çıxdı, ayaqqabısını geyinib oturdu, ayaqlarına ilişməsin deyə ayaqqabılarının uzun bağlarını hər iki corabının içinə salanda dəhlizə bitişik otaqdan beş yaşlı oğlanın az qala nəfəsini dərmədən hortultuyla su içməyini eşitdi. “Adam az qalır dəli olsun”, - beynindən bu fikir keçdi. Getməyə qərar vermişdi, amma güclü bir maraq onu ana və bala olan otağa dartıb aparırdı, daha doğrusu, gizlincə qapının ağzından bir dəfə oğlana baxmaq ürəyindən keçirdi. Eyni zamanda Ramizə elə gəldi ki, balaca oğlana üç-dörd saniyə belə baxsa, onun sifəti həmişəlik yaddaşına həkk olunacaq, - bədənindən bir gizilti keçdi. Fikrindən daşındı.  
Suyu içib qurtaran balaca oğlan udqundu, dərindən nəfəs alıb ləzzətlə “əhh” elədi, anasının üzündən öpüb (mırç) şirin səsiylə “sağ ol, genə ver” deyəndə Ramiz daha heç nə eşitmək istəmədi. Amma uşağın şirin səsi, hortultuyla su içməsi isə həmişəlik bu bədbəxtin yaddaşına həkk olundu.

Qapını açıb həyətə çıxanda son eşitdiyi bu oldu. “Maman qurban, bəsindi”. Ayaqlarını yavaşca yerə basa-basa həyətin o başına getdi, dəmir darvazanı taqqıldatmadan açdı, yavaşca örtdü və gecənin qaranlığında itdi...

O hadisədən sonra Ramizin üç yaşlı oğlu hərdən gecələr yuxudan oyanıb ağlamağa başlayanda, arvadı deyinə-deyinə yerindən duranda o, Allaha yalvarırdı ki, bircə su istəməsin, - ya pis yuxu görmüş olsun, ya da əli bədəninin altında qalıb uyuşsun. Bir də arvadına oğlu gecə susuyub oyanmasın deyə ona axşamüstü şokolad verməyi qadağan etmişdi... “Üstəlik indiki şokoladlar ximikatdı, zəhər kimi şeydi, ondansa uşağa təbii şeylər ver yesin,” - demişdi... 

1 dekabr, 2010, Bakı     

Alpay AZƏR

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.