525.Az

«İndiki Ermənistan hakimiyyətinə sülh lazım deyil» (MÜSAHİBƏ)

[06.06.12]
«İndiki Ermənistan hakimiyyətinə sülh lazım deyil» (MÜSAHİBƏ)

BAYRAM SƏFƏROV: «ERMƏNİLƏR DANIŞIQLARDAN YAYINIRLAR, SÜLH ÜÇÜN HEÇ BİR ADDIM ATMIRLAR»

Dağlıq Qarabağ problemi ilə bağlı həm regional, həm beynəlxalq aləmdə gedən proseslər son vaxtlar yeni mərhələyə qədəm qoyub. Beynəlxalq qurumların nisbətən fəallaşması, ayrı-ayrı güc mərkəzlərinin münaqişənin həlli ilə bağlı açıqlamaları sanki bir tərpənişin olacağından xəbər verir. Bu və digər məsələrlə bağlı «Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov 525.az saytına müsahibə verib.

- Bayram müəllim, son günlər Ermənistan hakimiyyət nümayəndələrinin Dağlıq Qarabağ məsələsi ilə bağlı səhih olmayan bəyanatlar verməsi qarşı tərəfin sülh danışıqlarından qaçması kimi qiymətləndirilə bilərmi?

- Ermənistan tərəfi təmsil edənlər hər zaman problemin həlli ilə bağlı məsələlərdən qaçırlar. Çünki indiki Ermənistan hakimiyyəti üçün sülh lazım deyil, onlar vaxt qazanmaq istəyirlər. Axı, bütövlükdə Ermənistanın hansı sahədə inkişafı var ki, müstəqil siyasət yürüdə bilsin. Bu ölkədə yaxşıya doğru heç nə yoxdur. Ermənilər yalnız bir şeyi bilirlər ki, ölkə-ölkə düşüb, hətta Ermənistanın və Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində bir dəfə belə olmamış lobbiçilərini aldadaraq pul qoparısınlar. Amma o lobbiçilərin verdikləri pulların hara və necə xərclənməsindən, dağıdılmasından xəbərləri belə yoxdur. Ermənistanın indiki durumunda hansı şəffaflıqdan danşımaq olar? Ermənilər yaxşı bilirlər ki, müharibəyə heç bir aidiyyatı olmayan günahsız azərbaycanlılar - qocalar, qadınlar, uşaqlar öldürülüb və onlar bunun məsuliyyətini dərk edirlər, bilirlər ki, bütün bunalara görə məhkəmə qarşısında cavab verməli olacaqlar. Ona görə də ermənilər danışıqlardan yayınırlar, sülh üçün heç bir addım atmırlar. Dəfələrlə şahidi olmuşuq ki, prezident İlham Əliyev sülh Azərbaycanın tərəfdarı olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyev də davamlı sülh danışıqlarının aparılması ilə bağlı öz iradəsini ortaya qoymuşdu. Ümummilli lider Heydər Əliyevin, eləcə də prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin həllilə bağlı apardıqları siyasət bu gün biz qarabağlıları qane edir. Ölkə rəhbərliyi dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanladığı mesajlarda bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışqlar mövzusu ola bilməz, xalqımız sülh istəyir və Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Prezidentimizin dünyada qazandığı etibarının nəticəsidir ki, bir çox ölkələr Azərbaycanla portnyorluq etmək istəyir. Hər kəsə məlumdur ki, son 8-10 il ərzində Cənubi Qafqaz regionunda Azərbaycan dövlətinin razılığı olmadan heç bir layihə həllini tapmır.

-Müharibə ehtimalı ola bilərmi?

-Torpaqlarımız sülhlə azad edilmədikdə, təbii ki, başqa variantlar əl atıla bilər. Azərbaycan xalqı, gəncliyimiz, ordumuz müharibə yolu ilə torpaqlarımızı azad etmək istəyir. Bütün dünya, xüsusilə ermənilər bilməlidir ki, Azərbaycan torpaqları işğaldan azad ediləcək, Qarabağa, o cümlədən Şuşaya, ata-baba torpaqlarımıza köçəcəyik. Əminəm ki, orada yaşayan sadə ermənilər hər biri bunu başa düşürlər. Azərbaycan torpaqlarında ikinci bir erməni respublikasının yaradılması mümkünsüzdür. Dağlıq Qarabağda iqtisadi inkişafdan söhbət gedə bilməz, onlar talan etməklə məşğuldurlar. Bu gün ermənilər meşələrimizi, abidələrimizi talan edib dağıdırlar. Bu hərəkətlərində bir həddi var və onu edən ermənilər cavab verəcək. Bütün bunlara baxmayaraq, ölkə başçısı hər zaman qeyd edib ki, torpaqlar işğaldan azad edildikdən sonra hər ev, abidələr, infrasturktur tam bərpa ediləcək.

-ABŞ dövlət katibi Hillari Klintonun səfəri çərçivəsində Dağlıq Qarabağ İcması ilə görüşəcəkmi?

-Çox istərdik ki, Dağlıq Qarabağ İcmasının İdarə Heyətinin üzvləri ilə birgə belə bir görüş olsun. Ancaq elə məsələlər var ki, bizdən asılı deyil. Əvvəlcədən deyə bilmərəm ki, belə bir görüş baş tutacaq, ya yox.

- Azərbaycan və Ermənistan jurnalistlərinin Moskva görüşündən əvvəl onların icma ilə görüşməsinin vacibliyini vurğulamısız. Onlara hansı təklifləriniz ola bilərdi?

-Biz ilk öncə həmin jurnalistlərə öz arzumuzu bildirərdik. Çox istərdik ki, media nümayəndələri məcburi köçkünlərin ağrısını, arzularını özlərindən eşidib həmin sualları ermənilərə çatdırardılar. Orada iştirak edən Azərbaycan torpağının övladlarıdır və onlar öz tərəflərindən, əlbəttə,  müəyyən məsələləri diqqətə çatdırıblar. Amma yenə qeyd edirəm, ən azından orada onlara erməni millətindən olmalarını bir kənara qoyub, jurnalist kimi məsələyə yanaşmaları ilə bağlı sual vermələrini istərdim. Lap belə deyərdilər ki, Qarabağ İcmasının rəhbəri Bayram Səfərov deyir ki, erməni xalqı nə vaxta qədər yolçuluq, dilənçilik edəcək. Eləcə də, oradakı sadə insanlarla görüşmək mesajını çatıdarardılar. Mənim kimi hər bir başqa şuşalı da, ağdamlı da, laçınlı da öz mövqeyinin orada səslənməsini istəyərdi. Qeyd etdiyim məqamlar jurnalistlərimiz üçün irad deyil, bu bizim içimizdən gələn arzularımızdır.

- Ziyalıların növbəti görüşü olacaqmı?

- Biz belə bir görüşlərin keçirilməsini istəyirik, amma erməni tərəfi bundan qaçır. Belə başa düşürəm ki, Ermənistan hakimiyyəti buna icazə vermir, görüşlərin baş tutmasına köməklik göstərmir. Azərbaycan tərəfi olaraq, hər bir görüşə hazırıq. Hər zaman Dağlıq Qarabağdan olan ermənilərlə görüşə hazırıq. Əvvəlki görüşlər zamanı ermənilər etiraf edirdilər ki, onlar məsələnin həllinə nail olmaq istəyirlər, amma onlara imkan verilmir. Çünki erməniləri müdafiə edən xarici qüvvələr var və onlar özləri bunu dilə gətirirlər. Məsələn, Rusiya ermənilərə pulsuz, qiyməti  milyardarlarla dollarla ölçülən silah-sursat verir. Özünü demokratiyanın beşiyi sayan ABŞ ermənilərə maddi yardım göstərir.

Bəxtiyar MƏMMƏDLİ   


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.