525.Az

“Sevgi məktubları həmişə almışam, indi də alıram” - Müsahibə

XALQ ARTİSTİ MƏLEYKƏ ƏSƏDOVA: "HAMI ELƏ BİLİRDİ Kİ, MÜĞƏNNİ OLACAĞAM, AMMA MƏN AKTRİSA OLDUM"


[08.04.20]
“Sevgi məktubları həmişə almışam, indi də alıram” -<b style="color:red"> Müsahibə</b>

Karantin günlərində Azərbaycan televiziyası tarixindəki ilk teleserialın qəhrəmanına çevrilən, "İtkin gəlin"in Əfsanəsi, Xalq artisti Məleykə Əsədova ilə həmsöhbət olduq. Aktrisa bu günlər vaxtını əsasən bədii qiraətlə məşğul olmaqla keçirdiyini bildirdi. Teatr, səhnə üçün darıxan Xalq artisti bu aralar tamaşaçılarına canlı yayım vasitəsilə şeir ziyafətləri verməyi də unutmur.

Söhbətimizə körpü salmaq üçün əvvəlcə ondan uzun müddətdir, ekran layihələrində görünməməyinin səbəbini soruşduq. Xalq artisti əslində, seriallarda çəkilmək istədiyini, hətta bir sıra ekran layihələrindən təkliflər aldığını dedi...

Beləliklə, Xalq artisti Məleykə Əsədova ilə müsahibəni təqdim edirik.

"Filmlərə çəkilmək üçün hərtərəfli professionallıq axtarıram"

- Filmlərə çəkilmək üçün hərtərəfli professionallıq axtarıram. Həmin filmin ssenarisi, maliyyəsi, aktyor heyəti yaxşı olmalıdır. Çünki bunlar hamısı bir arada olanda ortaya da dəyərli işlər çıxır. İndiyə qədər gələn təkliflərin çoxunda hansısa biri əskik olub. Sadaladıqlarımın hamısının bir arada olduğu təklif alsam, mütləq qəbul edəcəyəm. Hazırda çəkilən seriallara da vaxt olduqca baxıram və bu sahədə 7-8 il bundan əvvələ nisbətən xeyli inkişaf olduğunu müşahidə edirəm.



- Həm səhnə, həm də ekranlarda canlandırdığınız obrazlar tamaşaçıların ürəyinə yol tapa bilib. Sizin özünüz üçün hansı daha doğmadır - teatr, ya kino?

- Təbii ki, teatr daha doğmadır. Çünki teatr bir məktəbdir, canlı sənətdir. Burada nəyə qadirsənsə, onu canlı şəkildə nümayiş etdirirsən. Kinoda olduğu kimi, alınmayan kadrı yenidən sınamaq kimi bir şansın yoxdur. Başqalaşıb üç saatlıq tamaşa ərzində həmin obrazın bütün daxili aləmini tamaşaçılara çatdırırsan. Diqqət yetirəndə dünya şöhrətli aktyorların çoxunun məhz teatr fəaliyyətinin mövcud olduğunu da görə bilərik.

"Aktrisa üçün bundan böyük xoşbəxtlik ola bilməz..."

- Dünya və Azərbaycan dramaturgiyası nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli obrazlar canlandırmısınız. Məlumdur ki, dramaturgiya nümunəsini səhnədə ifa etmək fərqli və peşəkar oyun üslubu tələb edir. Bu obrazlardan hansını ifa etmək daha rahatdır?

- Klassik obrazları oynamaq həm məsuliyyətli, həm də çətindir. Bunu bacarmaq üçün isə güclü istedadın olmalıdır. Səhnədəki Züleyxa, Kleopatra, Gültəkin, Selcan, Mariya Tüdor, İlkcan, Kordeliya, Şirin, Leyli və başqa obrazlarım məhz klassik obrazlar olub. Aktrisa istedadının nəyə qadir olduğunu belə obrazları canlandırmaqla göstərir. Bu tendensiya dünya səviyyəsində olan aktyorlar üçün də keçərlidir. Ümumiyyətlə, bir aktrisa haqqında məlumat toplayarkən onun ən azı üç klassik obrazı canlandırmış olması həmin aktrisanın potensiallığının səviyyəsini, dərəcəsini göstərir. Mən səhnədə canlandırdığım obrazların hər birində başqalaşıb, həmin obrazın daxili aləmini tamaşaçılara ötürməyə çalışmışam. Onlardan gələn sevgini, sayğını görəndə isə bunu bacardığıma əmin olmuşam. Səhnədə fəaliyyət göstərdiyim 30 il ərzində tamaşalarım həmişə anşlaq olub. Məncə, aktrisa üçün bundan böyük xoşbəxtlik ola bilməz.



- Bir müsahibənizdə demisiniz ki, atanız bacılarınızı oxumağa qoymayıb. Sizin 17 yaşınız olanda vəfat edib. Atanız həyatda olsaydı, incəsənətlə məşğul olmağınıza razı olardımı?

- Atam çox ağır xasiyyətli adam olub. Mən də uşaqlıqdan ərköyün böyümüşəm. Musiqi məktəbində fortepiano təhsili və Neftçala rayon Mədəniyyət mərkəzində ansamblda çıxışlar etmişəm. Mütaliə etməyi və mahnı oxumağı çox sevirdim. Onda hamı elə bilirdi ki, müğənni olacağam. Amma mən aktrisa oldum. Əslində, bu sənət özündə həm səsi, həm də plastikanı birləşdirir. Hələ balacalıqdan evdə televizora baxıb obrazları canlandırırdım. Atam da deyirdi ki, heç olmasa xəbərlər proqramı yayımlananda sakit dayan, qızım (gülür). Universitet vaxtına çatanda əvvəlki bacılarımda olduğu kimi, mənə də bu barədə irad tutdu. Ancaq inadkarlığım qalib gəldi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Təəssüf ki, mən ikinci kursda təhsil alanda atam dünyasını dəyişdi. İnanıram ki, insan istəsə, çox şeyi bacarar.

"Səhnədə "Gültəkin" obrazını ikinci dəfə canlandıranda Xalq artisti adı aldım"

- Məleykə Əsədova sənətdə qazandığı bugünkü mövqeyinə görə kimə və ya nəyə borcludur?

- Ən birincisi Allaha şükür edirəm ki, nə yaxşı mənə bu istedadı verib və sənətə gəlmişəm. Əgər onun bəxş etdiyi bu istedad olmasaydı, tamaşaçıların sevgisini qazana bilməzdim. Təbii ki, nə qədər istedadın olsa da, hansısa sənətkar səndəki istedadı kəşf edib səhnəyə gətirməlidir. Sonuncu kursda təhsil alanda Lütfi Məmmədbəyov Orxan Kamalın "Yad qızı" tamaşasındakı Jalə obrazına məni seçmişdi. Məndə də bir xasiyyət var, sevilmədiyimi anladığım yerdə qala bilmirəm. Tamaşanın televiziyada yayımlandığı günün səhəri işə piyada getdim. Fikirləşirdim ki, əgər tamaşaçılar aktrisalığımı bəyənməsə, bu sənətdən uzaqlaşıb Hüquq fakültəsində təhsil alacağam. Ancaq hər kəs məni görəndə "Jalə gəlir" deyə salamlamağa başladı. Bu da məni hədsiz dərəcədə xoşbəxt etmişdi. İlk çıxışımdan sonra fəaliyyətim öz axışına düşdü. Gənclər teatrında rejissor Həsən Əbluc Cəfər Cabbarlının "Aydın" tamaşasını hazırlayanda Gültəkinin məşqlərini edirdim. Həmin obraz mənim uşaqlıqdan bu yana ən çox sevdiyim obraz olub. O rolu canlandıranda da bir çox sənətkarlar aktrisalıq bacarığım haqqında fikir söyləmişdilər. Hətta Xalq artisti Barat Şəkinskaya mənim üçün demişdi ki, “sənətə doğru, düzgün, təbii aktrisa gəlir, Cəfər Cabbarlının əsl Gültəkini Məleykədir". On il sonra Xalq artisti Mikayıl Mirzə bu tamaşanı Akademik Milli Dram teatrında yenidən hazırladı. Səhnədə "Gültəkin" obrazını ikinci dəfə canlandırdım. Həmin tamaşaya Ulu öndər Heydər Əliyev də gəlmişdi. Hər sahənin bilicisi olduğu kimi, teatr sahəsinin də mahir bilicisi olan Heydər Əliyev ünvanıma xoş sözlər söylədi və bu tamaşadan sonra Xalq artisti fəxri adına layiq görüldüm. Uzun sözün qısası, məni televiziya tamaşaçılarına tanıdan Lütfi Məmmədbəyovun teletamaşaları, səhnədə isə uğur gətirən "Aydın" tamaşasındakı Gültəkin obrazı olub. Ona görə də hər zaman Lütfi müəllimin ruhuna dualar oxuyuram.

"Eşq məktubu yazanlar mənə yox, səhnədəki Məleykə Əsədovaya vurulublar"


- Gözəlliyiniz və istedadınızla çoxlarının ürəyini oğurlamısınız. Bir çox sevgi məktubları da almısınız. Maraqlıdır, ən yaddaqalan eşq etirafı hansı olub?

- Sevgi məktubları həmişə almışam, indi də alıram. Buna hörmətlə yanaşıram, çünki onlar Məleykəyə yox, səhnədə olan aktrisa Məleykə Əsədovaya vurulublar. Əslində, çox maraqlı etiraflar olub, elə onə görə də deməsəm, daha yaxşıdır (gülür).



"Əfsanə obrazını yenidən canlandırmağım üçün gərək həmin serialda əməyi keçən insanlar da sağ olsun''


- Lütfi Məmmədbəyovun "İtkin gəlin" serialındakı Əfsanə obrazı ilə hədsiz dərəcədə sevilmişdiniz. Bu gün həmin rolu bir daha canlandırsanız nəyi dəyişərdiniz?

- Serialın hazırlıqları gedəndə Lütfi Məmmədbəyov bir neçə aktrisanı namizəd kimi seçmişdi. Onlardan biri də mən idim. Əlibala Hacızadə özü də seçimlər zamanı orada idi. Məni görəndə "Mənim Əfsanəm elə bu cür saf və məsum idi" dedi. Əfsanə obrazı mənə çox böyük uğurlar gətirdi. Hətta serialı izləyəndən sonra doğulan uşaqların adını Əfsanə, Elməddin qoyanlar da olurdu. Bu serial Azərbaycanda ilk teleserial idi. Kaş o vaxtı yaxşı maliyyə olardı, daha yaxşı avadanlıqlar ilə bu işi ərsəyə gətirərdik. İndi sizin sualınıza cavab vermək üçün düşünəndə bir anlıq o günlərə qayıtdım. Əfsanə obrazını yenidən canlandırmağım üçün gərək o insanlar sağ olsun... Amma o cür ssenaridə bir serial olsa, yenə oynayaram.

"Rəşad Məcidin "Adam bir adam gəzir" şeirində özümü tapdım"

- Rəşad Məcidin şeirlərindən ibarət "Adam bir adam gəzir" adlı kompozisiya hazırlamışdınız. Həmin şeirləri nəyə əsaslanaraq seçdiniz?

- Rəşad Məcid həm mədəniyyətinə, həm insanlığına, həm da yaradıcılığına dəyər verdiyim bir insandır. Ümumiyyətlə, bütün oxuduğum kitablarda özümü tapmalıyam. Rəşad müəllimin də kitabını oxuyanda "Adam bir adam gəzir" şeirində özümü tapdım və bir neçə şeirlərlə birləşdirib kompozisiya şəklində ifa etdim.

- Karantin günlərini evdə necə keçirirsiniz və vətəndaşlara bu günlər ərzində nələri məsləhət görərdiniz?

- Hamı kimi, mən də evdə oturmuşam. Hətta bir gün ərzində etmək istədiklərimi 24 saata sığışdıra bilmirəm. Qızımın dərsləri ilə maraqlanır, kitablar oxuyur, idman edir və yaradıcılıq işləri ilə məşğul oluram. Bu bəlanın üstümüzdən tez sovuşması üçün dualar da edirəm. İnsanlara onu demək istəyirəm ki, bu vəziyyətdən ancaq bir-birimizə dəstək olaraq çıxa bilərik. Yaxınlarımızı, doğmalarımızı qorumaq üçün evdə oturmalıyıq.

- Hazırda bir çox sənətçilər onlayn konsertlər verirlər, sizin də belə bir fikriniz varmı?

- Mən də sosial şəbəkələrdə canlı yayımlar edib şeirlər səsləndirir və tamaşaçılarımın suallarına cavab verirəm. Hazırda teatr da bağlı olduğu üçün tez-tez görüşümüzə gələn tamaşaçılar mənim üçün, elə mən də onlar üçün darıxmışam. Ona görə də canlı yayımlar vasitəsilə ünsiyyətdə oluruq. Tamaşalarıma daimi gəldikləri üçün onlara minnətdarlığımı bildirirəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.