525.Az

İntiqam Qasımzadə: “Bu cür məcburi evdə qalanda işləmək olmur” - Müsahibə

[05.04.20]
İntiqam Qasımzadə: “Bu cür məcburi evdə qalanda işləmək olmur” - <b style="color:red"> Müsahibə</b>

CoVİD-19 infeksiyasının səbəb olduğu sosial izolyasiya günlərini hərə bir cür keçirir. Ziyalılarımız, yazıçı, jurnalistlərimiz evdə qaldıqları zamanı yazı yazaraq, kitab oxuyaraq, yeni araşdırmalar apararaq keçirtdiklərini deyirlər. Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə bu qədər evdə oturmağa alışmadığını, buna görə də çox darıxdığını, amma zamanını kitab oxumaqla dəyərləndirdiyini deyir:

“Karantin günlərində çox darıxıram. Heç yerə çıxmadan evdə oturmaq olduqca üzücü bir işdir. Bu günlərdə ən çox fikirləşdiyim yatağa məhkum olan xəstələrdir. Deyirəm, İlahi, bəs onlar necə illərlə heç yerə çıxmadan, yatağa bağlı yaşaya bilirlər? Bu, dünyann düçar olduğu bir bəladır. Biz də belə keçirtməliyik. Kitab oxuyuram. Hərdən də cızma-qara edirəm, çoxdan fikrimdə olan bir neçə yazını yavaş-yavaş yazıram. Deyim ki çox yazıram, yox. Çox yazmaq olmur. Bilirsiniz, insan qəribə varlıqdır. Həmişə deyirik ki, insana oturub işləmək üçün vaxt lazımdır. Amma bu cür məcburi evdə qalanda işləmək olmur.  Kitab oxumaq isə olur. Mənim bir xüsusiyyətim var ki, öncədən oxuduğum kitablara yenidən qayıdıram. Bu, mənə xüsusi zövq verir.

Ən sevdiyim yazıçı Ekzüperidir. Hətta gənclik illərimdə, orta yaşlarımda belə ümidsizliyə qapılanda, kədərli anlarımda bu yazıçıya müraciət edərdim. İndi də elədir. Onda həyat eşqi çox güclüdür. Onu oxuyursan, istər-istəməz yüngülləşirsən, yaşamaq haqda düşünürsən, mübariz olmağa çalışırsan.
Ondan başqa çoxdan sevdiyim bir şair var: Nazim Hikmət. Şeirlərinin çoxunu əzbər bilirəm. İndi stolumun üstündə bu iki müəllifin kitabları var. İndi sizinlə danışarkən düşünürəm ki, onların arasında həyata məhəbbət mənasında doğmalıq, yaxınlıq da var. Nazim Hikmət illərlə həbsxanada yatıb, amma sınmayıb, həyat eşqini itirməyib və nəhayət, azadlığa çıxıb. Onun məşhur bir şeiri var: “Bugün bazar”. Səhər bu şeiri oxuyurdum, ordakı həyat eşqi yenidən məni valeh elədi”.

Bu yerdə yadıma düşür ki, mənim də sevdiyim bu şeiri Rəşad Məcid bu gün təxminən İntiqam müəllimin dediyi vaxtlarda özünün facebook səhifəsində paylaşmışdı və mən ordan növbəti dəfə oxumuşdum şeiri. Mən bunu düşünərkən İntiqam müəllimin şeiri orijinal dilində oxumağa başladığını eşidirəm və mən də qoşuluram ona:

“Bugün pazar.
Bugün beni ilk defa güneşe çıkardılar.
Ve ben ömrümde ilk defa gökyüzünün
Bu kadar benden uzak
Bu kadar mavi
Bu kadar geniş olduğuna şaşarak
Kımıldamadan durdum.
Sonra saygıyla toprağa oturdum,
Dayadım sırtımı duvara.
Bu anda ne düşmek dalgalara,
Bu anda ne kavga, ne hürriyet, ne karım.
Toprak, güneş ve ben…
Bahtiyarım…”

Sonra söhbətimiz davam edir. Bu dəfə İntiqam müəllimdən ev şəraitini soruşuram, o da evinin pəncərəsindən görünən, çox sevdiyi mənzərədən danışır:
 
“Ev şəraitim nisbətən pis deyil. Bu evi 1970-ci illərdə rəhmətlik anam təmir etdirib. Həmişə ona rəhmət oxuyuram. Evimiz Hökumət evinin düz yanındadır, qarşısında heç bir bina yoxdur və mənzərəsi dənizə, milli parka, Nargin adasına açılır. Oturub bütün gün pəncərədən dənizə, Nargin adasına baxıram. Əlli ilə yaxındir mən bu evdə yaşayıram və bu mənzərədən heç vaxt doymuram.
Ev bir az təmirsizdir, ona da hələ ki, gücüm çatmır elətdirməyə. Çünki təmir böyük xərc istəyir, amma yaşamaq olur, şükür. Evdə üç nəfərik: mən, yoldaşım və qızım. Çox qəribədir, biz yoldaşımla artıq 50 ilə yaxındır evliyik, amma bəlkə də ilk dəfədir ki, uzun müddət bu cür qapalı şəraitdə qalırıq. Belə olanda bəzi məsələlər də üzə çıxır. Baxıb görürsən ki, bir yerdə qalmaq həddindən artıq çətin işdir. Hətta ən sevdiyin insanla belə qalmaq çətinlik yaradır. Məsələn, yoldaşımla məndə belə hallar üzə çıxır. Çox adi bir şeyin üstündə mübahisəmiz düşə bilir. Tutaq ki, ona deyirəm, çıxma bayıra. Deyir, yox, çıxmalıyam, çörək almalıyam. Deyirəm, axı çörək var evdə. Deyir ki, o boyatdır. Beləcə hələ indi görürük ki, bizim aramızda bəzi fərqlər var imiş. Mən indi kəşf edirəm ki, o, boyat çörək xoşlamır, mənimçünsə fərqi yoxdur, təki çörək olsun. Bir-birimizə təzədən alışırıq (gülürük)”.

Söhbətimizin davamında baş redaktor “Azərbaycan” jurnalını xatırlayır, onunçün də darıxdığını deyir:

 “Azərbaycan” jurnalı mənim bütün ömrümü verdiyim jurnaldır. Açığını deyim ki, illərlə məni yaradıcılıqdan uzaq salan, az yazmağıma səbəb olan da bu jurnaldır. Buna baxmayaraq, mən onu da çox sevirəm. Artıq 44-45 ildir ki, mən bu jurnalda çalışıram. İndi də fikrim qalıb yanında. Son sayının korrektəsi olunub, səhifələnməni eləmişik, bircə çapa getmək məsələsi qalmışdı ki, bu problemlər çıxdı ortaya, eliyə bilmədik.  Ha fikirləşirəm ki, görəsən, onu necə edə bilərəm”.

Müsahibimizdən bu günlərdə ən çox kiminçün darıxdığını soruşanda səsi dalğınlaşdı:

“Ən çox nəvələrim üçün darıxıram. Baxmayaraq ki, onlar bizə lap yaxın yaşayırlar, mən özüm getmirəm. Qızım gətirmişdi onları, məcburən dedim ki, daha az-az gəlin. Heç çıxmıram desək də, mağaza, market üçün məcburən çıxırıq evdən. Doğrudur, artıq onu da gecələr edirəm (gülür). Evimizin düz altında 24 saat işləyən market var. Lazım olan şeylərdən ötrü məcbur çıxmalı oluram, onda da gecə saat 2-də gedirəm. Heç kim olmur. Amma yenə də insan risk eləmək istəmir. Bilmək olmaz, birdən nəsə olar, biz heç, uşaqları qorumaq lazımdır. Qoy bu bəladan salamat çıxsınlar”.


Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.