525.Az

Əkbər Qoşalı: “Koronovirus təcridinin uzunmüddətli olacağını sanmıram” - Müsahibə

[04.04.20]
Əkbər Qoşalı: “Koronovirus təcridinin uzunmüddətli olacağını sanmıram” - <b style="color:red">Müsahibə</b>

525.az sosial izolyasiya günlərində ziyalılarla söhbətlərinə davam edir. Dünya Gənc Türk Yazarlar Birliyinin təsisçisi, Bakı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı 3 apreldəki ad gününü hər kəs kimi karantin rejimində qeyd etdi. Amma şair bundan heç də şikayətçi deyil, dövlətin qoyduğu qaydalara hər kəsin riayət etməli olduğunu, özününsə bu günlərdən istifadə edib yarımçıq işlərini tamamladığını, kitabxanası və arxiv materialları ilə məşğul olduğunu deyir:

“Evdə qalmaq bir sosial aktdır, məsuliyyətdir – bu, öz yerində; ancaq evdə qalmaq var, evdə necə qalmaq var – evdə qalıb, yeyib-içib, yatmaq işin ən, ən bəsit yönü olardı, əlbət. Əlbəttə, yaradıcı insan üçün evdə qalmaq, ümumən məlum koronovirus olayları, ölümlər, ömür təzahürləri, təcridlər və s. özlüyündə mövzudur, düşüncə predmetidir. Təsadüfi deyil, bugünlərdə bilgili insanlar taun, vəba dövrlərində meydana çıxmış böyük əsərləri xatırladır... Açığı, çağdaş dövrdə koronovirus təcridinin uzunmüddətli olacağını sanmıram, qaydalar respublikamızda zatən yeni-yeni sərtləşir, ona görə də hansısa irihəcmli əsərdən danışmaq yəqin hər kəs üçün tezdir; ancaq müəyyən qeydlərdən, toparlanmalardan danışa billik. Məsələn, diqqət edirəm, Rəşad Məcidin “qələmsiz yazılanlar”ı bugünlərdə sanki yeni məzmun qazanıb; biz çox yeni nəsil yazarı, ədəbi dərgilər oxuculara şeir dinləntisi, “səsli-nəsr”, “audio-kitab”, “video-əsər”... şəklində sunumlarda bulunur və fürsətdən istifadə edib, onların hər birini alqışlayıram.

Bugünlərdə fürsət bulub, şəxsi kitabxanamı, əlyazmalarımı, ümumən arxivimi səliqə-sahmana salmağa çalışıram. Nə qədər iş varmış? – bir biləsiz. Neçə gündür uğraşıram, necə deyərlər, hələ indi-indi üfüqdə Günəş görünür...)

Unutduğum kitablar, şəkillər çıxır qarşıma... Bəzən bir şəkil alıb aparır məni, bəzən bir kitab önündə donuxub qalıram, ayrı rəfə qoyuram... Hərdən elə bilirəm, çoxdan əl vurmadığım kitabların qırışığı açılır, söhbət etmək istəyirlər, həncəri deyim, canlanırlar və yeri gəldikcə kitab nazı, şəkil qəmzəsi, dəftər sualları... ilə qarşılaşıram sanki...

Bir də, həyatımızdan keçən insanlar, olaylar, bəlkə bizim də həyatında olduğumuz adamlar haqqında yazı-pozular, sənədlər, şəkillər çıxır qarşıma – ədəbiyyat aləmi, gənclik həyatı, siyasət meydanı, türk dünyası... kədərli məqamlar, sevdalı günlər, eşqli zamanlar... – nə bilim, onlardan bugünə kimlər qalıb, nələr öz dəyərini saxlayır, düşüncələr alır aparır adamı. Bəzən düşünürəm, gör, kimə, nəyə vaxtımı həsr etmişəm, üstəlik kimlə bağlı nələrisə saxlamışam bugünədək və s. Həmən də özümə təskinlik verirəm, özümü danlamaların gileyə, peşmançılığa çevrilməsinə yol vermirəm, deyirəm: əfəndim, həyat belədir, nə necə olubsa, demək belə olmalıymış; QABİL demiş, “Alqış təsəlliyə!”)

Ancaq özümə əhsən dediyim mühüm bir mahiyyət dərinliyi, üfüq genişliyi var: həyatımın heç bir vaxtında şəxsiyyətimi zədələməmişəm, vicdansız olmamışam, bacardığım qədər xeyirxah olmuşam, kəndir kəsən deyil, kömək edən olmuşam, Tanrıya şükür!

Bax, bugünlərin “arxivşünaslığ”ı bir xeyli bu duyğu, düşüncələri körükləyib, deyə bilərəm.
Artıq xeyli kitab-dərgi ayırmışam kitabxanalar, ayrı-ayrı şəxslər üçün, inşallah ilk fürsətdəcə aidiyyatı üzrə təslim edəcəm. – Elə kitablar varmış ya məndə iki nüsxəymiş, ya məndə olduğu uzun illər ərzində bir dəfə də vərəqini çevirməmişik, örnəyi, mənim oxuya bilmədiyim yabancı dildə yazılıb, bizim ailə üçün güncəl deyil... onları kamali-ədəblə kitabxanalara bağışlayacam. Sizə deyim, bu sırada xeyli qiymətli, aztapılan kitab var, hesab edirəm, kitabxanalarımızın oxucuları üçün, özəlliklə ayrı-ayrı sahələrin araşdırmaçıları üçün faydalı olacaq.

Bax, belə... Uzun sözün qısası, karantin müddəti kitab-dəftərlə keçir və mən bunu təsadüf deyil, təvafüqlüyün ta kəndisi sayıram. Görək, necə olur, aqibətimiz xeyir olsun!”

Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.