525.Az

Koronavirus təşvişindən necə qorunmalı?.. - Mütəxəssis rəyi

[25.03.20]
Koronavirus təşvişindən necə qorunmalı?.. - <b style="color:red">Mütəxəssis rəyi</b>

Gülarə Rzayeva Uzmanlıq dərəcəsi üzrə təhsil alan gənc psixoloqdur. Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib.

Hazırda Türkiyədə İstanbul Zaim Universitində Uzmanlıq dərəcəsi üzrə magistratura təhsili alır.

Gülarə RZAYEVA

Son günlər təşvişə səbəb olan və günbəgün daha da artan COVID-19 virusunun səbəb olduğu psixoloji təzadları nəzərə alaraq, ən azından ətrafımdakı insanlara faydası ola biləcəyini düşündüyüm üçün bu haqda yazmağı özümə borc bildim.

Müşahidələrimə görə, iki qisim insanların çoxluğunu görürəm:

1) Heç əhəmiyyət verməyənlər

2) Həddən artıq panikaya və təşvişə düşənlər

Hər iki hal təhlükəlidir. Bəs, nə etməli, necə olmalıyıq?

Əvvəla, heç bir əhəmiyyət verməmək və bəzi gözlənilməli olan qaydaları pozmaq həm sizi, həm də ətrafınızdakıları təhlükəyə atar. Pandemiyanın varlığı və ciddiyyətini qəbul edib, müəyyən qaydalara sağlamlığınız üçün normal şəkildə riayət etməlisiniz.

İndi isə gələk özünü daha qabarıq göstərən və mənim sahəmi daha çox əhatə edən ikinci tip insanlara. Hər gün müxtəlif informasiyalar aldıqlarından insanlarda belə halların olması normaldır. Amma bu kimi hallar sizə və ətrafınıza zərər verməklə bərabər, həm həyat fəaliyyətinizin keyfiyyətini aşağı salacaq, həm də bu müvəqqəti haldan sonra da sizdə fəsadların yaranmasına səbəb olacaq.

İndi isə yaranmış təşviş hallarını nəzarətdə saxlamağın yollarına baxaq.

Xəstəliyi düzgün və qısa şəkildə bir dəfə araşdırın: Xəstəlik haqqında həqiqəti 2-3 düzgün və elmi mənbələrdən qısa şəkildə araşdıraraq nə olduğunu, hansı hallarda risk faktoru daşıdığını, digər xəstəliklərlə müqayisədə statistik göstəricilərini və qorunma yollarını öyrənin (bunlar sizə onun əslində, düşündüyünüz kimi, həddən artıq qorxulu olmadığını göstərəcək). Çünki insan daha çox məlumatı olmadığı, yalan məlumatlara və ya fərziyyələrə sahib olduğu şeylərdən qorxar. Ona görə onu DÜZGÜN və QISA şəkildə araşdırmaq sizin üçün faydalı olar.

Həddən artıq və davamlı informasiyadan qaçın: Hər hansı sosial şəbəkəyə daxil olduqda ilk qarşımıza bu haqda məlumatlar çıxdığından bundan yaxa qurtarmağın çətin olduğu başadüşüləndir. Amma müxtəlif xəbər portallarından bu mövzuda çoxsaylı informasiyalar almaq təşvişin artmasına səbəb olur. Rəsmi və düzgün mənbələrə istinad edən yalnız bir xəbər portalını izləyin. Bu haqda məlumat yayan digər portallara, səs yazısı və videolara isə əhəmiyyət vermədən üzərindən keçin. Rəsmi açıqlamalara da həddən artıq təşvişə düşmədən, hərfi-hərfinə bağlı qalmağa çalışın. Unutmayın ki, heç kəs aclıqdan və ya dərmansızlıqdan təhlükə altında deyil.

Sevdiklərinizlə daima əlaqədə qalın: Sosial münasibətlərin aktivliyi və hisslərin paylaşılması psixi qoruyuculuğunuzu artırar, sizə ruh yüksəkliyi verər, stressin azalmasına kömək edər. Bu baxımdan telefon, mesaj və sosial şəbəkələrdə sevdiklərinizlə hiss və qorxularınızı bölüşmək, bir-birinizə dəstək vermək sizə yardımçı olar. Bundan başqa, gündəlik digər mövzular haqqında söhbətlər, zarafatlar sizi bu mövzudan uzaqlaşmağa kömək edər.

Uşaqlarınızı təşvişə salmamağa xüsusi diqqət yetirin: Suallarını düzgün və başa düşəcəkləri tərzdə, yorulmadan cavablandırın. Onlara güvəndə olduqlarını hiss etdirin. Xəstəliklə bağlı xəbərlərdən və sosial şəbəkələrdən uzaq tutmağa çalışın. Onları gündəlik fəaliyyətləri ilə məşğul tutmağa çalışın (dərslər, kitab oxumaq, oyun, filmlər və s). Bu, uşaqla birlikdə sizin də hadisələrdən uzaqlaşaraq vaxt keçirməyinizə və özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.