525.Az

Deputat: “Hansısa İcra başçısı xoşagəlməz hallara yol verəcəksə...”

[23.03.20]
Deputat: “Hansısa İcra başçısı xoşagəlməz hallara yol verəcəksə...” <b style="color:red"></b>

Millət vəkili Aqil Məmmədovun APA-ya müsahibəsi

- Son vaxtlar deputatların icra başçısı təyin olunmasını müşahidə edirdik. Ancaq istisnalardan biri Siz oldunuz ki, deputatlığa namizədliyinizi irəli sürdünüz. Bu qərar nə ilə bağlı idi?

- İşlədiyim zaman müəyyən məsələlərlə qarşılaşırdım. Düşünürdüm ki, qanunvericilik fərqli olsa, durum başqa cür olardı. Milli Məclis də qanunverici orqandır. Burada qanunlar müzakirə olunur, təqdim olunan qanun layihələrinə rəy verilir və yeni qanunlar qəbul edilir. Mən də düşündüm ki, həm icra başçısı işlədiyim müddətdə topladığım təcrübə ilə bu sahəyə daha çox xeyir verə bilərəm. Eyni zamanda camaatımızın yerləşdiyi məkanları, üzləşdiyi bəzi problemləri nəzərə alıb, onlara daha yaxından kömək etmək məqsədilə bu yolu seçdim.

- İcra başçısı işləyən zaman müəyyən məsələlərlə qarşılaşdığınızı qeyd etdiniz. Deputat kimi daha çox fayda verəcəyinizi düşünürsünüz?

- İcra başçısı qanun dəyişdirə bilməz, qanunları icra edən orqandır. Amma Milli Məclisdə bir çox məsələləri qaldırmaq, müzakirəyə çıxartmaq olar. Camaatımızın mənafeyinə uyğun olaraq, daha yaxşı formada yeni qanunların qəbul olunması üçün Milli Məclisdə imkan daha çoxdur.

- Yəqin ki, parlamentdə fəaliyyətiniz üçün özünüzə fəaliyyət planı müəyyənləşdirmişdiniz. Ancaq ölkədə koronavorus epidemiyası ilə əlaqədar qeyri-adi vəziyyət yaranıb. Deputat kimi fəaliyyətinizi necə təşkil etməyi düşünürsünüz?

- Prezident İlham Əliyev parlamentin ilk iclasında iştirak etdi. Dövlət başçısı çıxışında bir sıra məsələlərə toxundu, bundan sonra parlamentin hansı formada işini qurmalı olduğu, hansı məsələlərə daha diqqətlə yanaşmalı olması ilə bağlı “yol xəritəsi”ni cızdı. Biz də həmin istiqamətdə işimizi quracağıq. Təbii ki, öz fikirlərimiz də var. Seçki ərəfəsində, təbliğat-təşviqat kampaniyası dövründə insanların qaldırdığı problemlər var ki, onların siyahısını tutmuşuq. Məcburi köçkünlərin bir nömrəli arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, həmin torpaqlara geri qayıtmaqdır. Eyni zamanda məcburi köçkünlərin üzləşdiyi digər problemlər var ki, biz onları da qeydiyyata götürmüşük. Vaxtı, zamanı gəldikcə həmin məsələlərə baxılacaq. Komitə iclaslarının birində də mən məsələ qaldırdım ki, Kəlbəcər rayonu işğal edildiyi zaman itkilər verib. O zaman camaatın başı o qədər qarışıb ki, şəhid statusunun verilmə məsələsi onlar üçün axırıncı planda olub. Həmin insanlar indi bu məsələnin həllini istəyirlər və bu, çox vacib məsələdir. Yaxud da Kəlbəcərin müdafiəsində iştirak etmiş insanların yaratdıqları taborda o vaxt sənədləşmə işi lazımi səviyyədə aparılmayıb. Müharibədə iştirak edən şəxslər indi bununla bağlı heç bir sənəd əldə edə bilmirlər. Məşğulluqla bağlı məsələlər də çox müzakirə olundu. Əhalini narahat edən problemlərlə bağlı məsələlər də növbəti iclaslarda müzakirə ediləcək. Ehtiyac yaranarsa, komitələrdə müzakirə edilən məsələlər Milli Məclisin plenar iclasında da müzakirəyə çıxarılacaq.

- Məcburi köçkünlərin müavinət məsələsi ilə bağlı problemlər də var. Yəqin ki, icra başçısı işlədiyiniz dövrdə də əhalinin bu sahədə müraciətləri olub. Bu istiqamətdə təşəbbüslə çıxış edəcəksiniz?

- Bəli, bu məsələ ilə bağlı da çoxsaylı müraciət var. Bu müraciətlər bu gün də davam edir. Biz artıq Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi qərara yenidən baxılmasını xahiş etmişik. Bu barədə artıq müraciətimiz də olub və bu məsələ qaldırılıb. Eyni zamanda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işlədiyim müddət ərzində də bu məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət ünvanlamışam. Bu məsələlər yenidən gündəmdədir. Konkret bu gün deyə bilmərəm ki, bu məsələ 100% həllini tapacaq. Amma mən bu məsələləri Milli Məclisdə qaldıracağam, yenidən müzakirə edilməsinə çalışacağam.

- Kəlbəcərlilər əsasən hansı ərazilərdə məskunlaşıb və həmin ərazilər üçün hansı spesifik problemlər var?

- Ən ağrılı, ən çətin məsələ elə budur. Kəlbəcər rayon əhalisi 54 rayonda 1000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Onlarla mütəmadi olaraq əlaqə saxlamaq vaxt baxımından da çox çətindir, onlarla tez-tez görüşmək də vaxt baxımından mümkün deyil. Təbliğat-təşviqat kampaniyası dövründə gündə 3-4 görüşlər keçirirdim. Amma yaşayış məntəqələrinin 50%-ni əhatə edə bilmədik. Əhalimizin çox hissəsi Gəncədə yerləşir. Bizim bütün idarə, bələdiyyə, müəssisələrimiz ordadır, qərargahımız da Gəncədə idi. Orada 17 mindən artıq kəlbəcərli məskunlaşıb. Ondan sonra ən çox kəlbəcərlinin məskunlaşdığı ərazi Bakı və Sumqayıtdır. Bu şəhərlərdə 16 minə yaxın əhalimiz var. Digər rayonlardan Tərtər, Yevlax, Goranboy, Göygöl rayonlarında əhalimizin sayı daha çoxdur. Pərakəndəlik ümumi işimizdə çətinliklər yaradır. Yerli icra strukturları onlara aid olan məsələləri həll etməyə çalışır və bizim tez-tez telefon əlaqələrimiz olur. Əhalinin problemləri var, bu qaçılmazdır. Həyat, yaşayış varsa, problem də olmalıdır. Biz də bu problemlərin hissə-hissə həllinə nail olmağa çalışırıq.

- Məşğulluq sahəsində məcburi köçkünlər tez-tez problemlərini dilə gətirir. Kəlbəcər əhalisi də daha çox heyvandarlıqla məşğul olub. Ümumiyyətlə, kəlbəcərlilərin məskunlaşdıqları rayonlarda məşğulluğu hansı səviyyədə təmin olunub?

- Bizim camaat daha çox kənd təsərrüfat sahəsinə meyllidir. Hazırda da rayonlarda, kəndlərdə yaşayan əhali bu işlərlə məşğul olur. Müvəqqəti olaraq məskunlaşdıqları ərazidə yerli icra hakimiyyəti orqanları onlara otlaq sahələri verilməsi üçün şərait yaradır. Yeni qəsəbələrə köçürülən, binalarda yaşayan sakinlərimizin qəsəbə daxilində ilkin olaraq kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi üçün dövlət tərəfindən şərait yaradılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə də bu əhali üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək verilir.

- Ümumiyyətlə, rayonun icra strukturları ilə münasibətləri necə qurmağı düşünürsünüz?

- Əsas məqsəd vətəndaşa xidmətdir. İstər icra strukturları, istərsə də deputatlar vətəndaşımızın yanında olmalıyıq. İcra strukturları, deputatlar, mərkəzi icra strukturları hamısı birlikdə özünə aid olan işi vaxtında görməlidir ki, vətəndaş da rahat ola bilsin. Mövcud vəziyyətlə əlaqədar qəbulların keçirilməsi hələlik müvəqqəti olaraq dayandırılıb. Yerli icra hakimiyyəti orqanları ilə birlikdə ən azı iki dəfə yerlərdə vətəndaşlarımızla görüşəcək, onların qaldırdıqları problemlərin aidiyyəti üzrə həllinə çalışacağıq. Millət vəkili əlaqəli şəkildə işini qura bilməsə, hansısa problemi şəxsən özünün həll etməsi onun imkanı xaricindədir. Deputat ancaq aidiyyəti qurumlarla əlaqəli işləməlidir ki, qaldırılan problem də öz həlini tapa bilsin.

- Koronavirusla bağlı yaranmış durumu necə qiymətləndirirsiniz? Yeri gəlmişkən, uzun müddət idman sahəsində çalışmısınız, koronavirusla bağlı yaranmış durumda idman oyunları təxirə salınır. Bu epidemiya idman sahəsinə necə təsir göstərəcək?

- Koronavirus dünyəvi problemdir. Bütün dünya ölkələri bu istiqamətdə səfərbər olunub. Dövlətlər öz daxilində lazımi addımları atmağa çalışır. O cümlədən Azərbaycan da adekvat addımlar atılır. Bu, epidemiyadır. Dövlət burada öz üzərinə düşən tədbirləri lazımi səviyyədə yerinə yetirir. Vətəndaşlar da bu məsələni ciddi qəbul etməli, verilən tövsiyələrə məsuliyyətlə əməl etməlidir. İkincisi, tək idman sahəsində deyil, bütün kütləvi tədbirlər dayandırılıb. Bu addımları normal qəbul etməliyik. Mövcud vəziyyətdə bu tədbirləri həyata keçirmək mümkün deyil. İdman sahəsində olan tədbirlərin dayandırılması da normal qəbul edilməlidir. Bu təhlükə aradan qalxandan sonra həyat öz axarı ilə davam edəcək.

- Milli Məclisin ilk iclası keçirildi. Müasir dövrün çağırışları, koronavirus epidemiyası, neftin kəskin ucuzlaşması da göz önündədir. Milli Məclisin yeni tərkibi aparılan islahatlardan sonra formalaşıb. Bu heyət zamanın çağırışlarına cavab verəcəkmi?

- Bəli. Hər kəs artıq bunu hiss edir və bunun başqa yolu da yoxdur. Müasir tələblərə cavab verən qanunlar qəbul olunmalıdır. Deputatlar da bu qanunları hazırlamaq məcburiyyətindədir. Bütün sahələrdə islahatlar aparıldı. Daha güclü Azərbaycan naminə bu islahatlar aparılır. Azərbaycan getdikcə inkişaf edən iqtisadi sistem qurub və müasir tələblərə cavab verən qanunların qəbul olunması vacib məsələdir. Bu baxımdan parlamentdə də islahatların aparılması, yenilənməsi üçün şərait yaradıldı. 9 fevral seçkiləri çox demokratik şəraitdə keçirildi. Bu gün də o reallıq göz qabağındadır. Xalq tərəfindən seçilmiş deputatlar bu məsuliyyəti dərk edirlər. Onların hər biri çalışmaq istəyir ki, onlara etimad göstərən seçicini etimadını doğrultsunlar. Bu baxımdan hər bir şəxs bütün gücü ilə çalışmağa məcburdur.

- Prezident İlham Əliyev parlamentdə çıxışında qəbul edilən qanunların icrası ilə bağlı məsələyə xüsusi diqqət ayırdı. İcra strukturlarında çalışmış şəxs kimi qanunların icrasını necə dəyərləndirirsiniz? Qanunların tam icrasına nail olmaq üçün bu sahədə hansı mexanizmlərin tətbiqinə ehtiyac var?

- Dövlət başçısı çıxışında qeyd etdi ki, icra mexanizmləri daim nəzarətdə olmalıdır. Qanun qəbul olunubsa, yerlərdə icra olunmalıdır. Yerlərdə icra olunmayacaq qanunların heç bir əhəmiyyəti olmaz. Artıq bu məsələlər də müzakirə olunur. Qanunların icra məsələsi də həllini tapacaq.

- Yeri gəlmişkən, son dövrlər bəzi icra başçıları həbs olundu. Keçmiş həmkarlarınızın həbsi Sizdə hissləri yaratdı?

- Adi vətəndaş da bu mənzərəni normal qəbul edə bilməz. Əgər ölkə rəhbəri etimad göstərib, vəzifəyə təyin edibsə, həmin şəxs o etimadı dəyərləndirməli, xalqa xidmət etməlidir. Ölkə rəhbəri bu şəxslərə bir tapşırıq verib ki, xalqa xidmət etsin. Əgər kimsə bu tapşırığı yerinə yetirmirsə, xoşagəlməz hallara yol verirsə, bu tədbir görülməli idi. Mən inanıram ki, bundan sonra da hər hansı İcra Hakimiyyəti başçısı xoşagəlməz hallara yol verəcəksə, yenə də həmin addımlar atılacaq. Bunu hər kəs düşünməli, anlamalı və işini lazımi səviyyədə qurmalıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.