525.Az

Hökumətin, Ombudsmanın, bələdiyyələrin hesabatları nə vaxta qaldı?

[23.03.20]
Hökumətin, Ombudsmanın, bələdiyyələrin hesabatları nə vaxta qaldı?<b style="color:red"></b>

Məlum olduğu kimi, hər il parlamentin fevral ayında işinə start verən yaz sessiyalarında azı 5 hesabat dinlənilir.

İlk hesabat bələdiyyələrin fəaliyyəti ilə bağlı olur ki, bu barədə Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyi tərəfindən hazırlanan ilkin hesabat məruzəsi öncə MM-in Regional məsələlər komitəsinin iclasında, sonra onun tövsiyəsi parlamentin plenar iclasında müzakirə və təsdiq olunur. Parlamentdə millət vəkilləri qarşısında Ədliyyə nazirinin müavini Vilayət Zahirov hesabat verir. Bu hesabat hər yaz sessiyasının ilk iclarında verilir.

Eyni zamanda, 5-ci iclasdan gec olmayaraq, yəni, Novruz bayramı günlərinə qədər hökumət parlament qarşısında illik hesabat verir. Hesabat məruzəsini hökumət adından Baş nazir verir. Qeyd edək ki, bu dəfə hökumət adından hesabatı Baş nazir Əli Əsədov verəcək ki, bu da onun parlamentarilər qarşısında ilk hesabatı olacaq. Ə.Əsədov ötən ilin sonlarında, payız günlərində, oktyabrın 8-də ölkənin növbəti Baş naziri təyin edilib, o, Novruz Məmmədov əvəzləyib. Odur ki, Ə. Əsədov ilk dəfə olaraq, parlamentarilər qarşısında, özü də yeni çağırş parlamentdə hesabat verməli olacaq. Xatırladaq ki, Ə. Əsədov müstəqil Azərbaycanın (1991-ci ilin avqustundan bu yana) 10-cu hökumət başçısıdır. Ona qədər Həsən Həsənov (səfir), Firuz Mustafayev, Rəhim Hüseynov, Əli Məsimli (Baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, Artur-Rasizadə və Novruz Məmmədov hökumətə başçılıq ediblər. Ən uzun müddətli Baş nazir A.Rasi-zadə olub, nə az-nə çox, 22 il hökumətə rəhbərlik edib.

Yaz sessiyasında eyni zamanda, Ombudsmanın (yeni Ombudsman Səbinə Əliyevanın), İnsan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun (Daxili işlər nazirinin birinci müavini və ya müavininin) və Hesablama Palatasının sədrinin (Vüqar Gülməmmədovun) hesabatları gözlənilir. Bu yerdə xatırladaq ki, dünyada yaşanan koronavirusla bağlı Azərbaycanda, o cümlədən, MM-də qabaqlayıcı addımlar atılmaqdadır. Artıq yenicə fəaliyyətə başlamış 6-cı çağırış MM-in plenar, komitə və komissiya iclaslarına qeyri-müəyyən müddətədək ara verilib. Bu baxımdan, MM-in növbəti iclaslarının nə vaxt keçiriləcəyi, aprel və ya may aylarında işini bərpa edəcəyi dəqiq bilinmir. Ona görə hesabatların da nə vaxt olacağı bəlli deyil... Bununla belə, çox güman ki, MM-in fəaliyyətinə davam ediləcəyi təqdirdə, ilk hesabatlardan biri hökumətin hesabatı olacaq.

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.