525.Az

Qazinin muzey evi - Müsahibə

[19.03.20]
Qazinin muzey evi - <b style="color:red">Müsahibə </b>

Qəhrəmanlar xalqa müharibələrin bəxşişidir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq isə bizim vətəndaşlıq borcumuzdur.

Bu vəzifəni layiqincə yerinə yetirən insanlardan biri də Namiq müəllim Əliyevdir. Onu tanıyandan sonra "qəlbi vətən eşqi ilə döyünən insan" ifadəsinin boş söz olmadığını anladım. Əgər sizin də yolunuz Namiq müəllimin yaradıcısı və direktoru olduğu Mübariz İbrahimov adına Milli Qəhrəmanlar Muzeyinə  düşsə, mənə haqq verəcəksiniz.

- Namiq müəllim, necə oldu ki, belə bir muzey yaratmağa qərar verdiniz?

- Özüm Qarabağ qazisiyəm. Vətən eşqinin nə demək olduğunu çox yaxşı bilirəm. Elə bu muzeyi yaratmağa da məni bu vətən eşqi sövq etdi. Milli qəhrəmanlar bizim qürur mənbəyimizdir. Mənim bu muzeyi yaratmaqda əsas məqsədim Milli qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq,  onlara vətənpərvərlik ruhu aşılamaqdır.

-Muzey yaratmaq heç də asan iş deyil. Bu işi təkbaşına görmək sizə çətin olmadı?

- Bu muzeyi öz mülkümdə yaratmışam. Həmçinin, gördüyünüz bu portret və heykəlləri almaq üçün o biri evimi satmışam. Bunu heç bir qarşılıq gözləmədən etmişəm. Vətən üçün canımız fədadir. O ki qaldı bu gün muzeyin idarə edilməsinə, bu işi böyük zövqlə, sevə-sevə görürəm. Gördüyünüz işlərin müəlliflərini özüm axtarıb tapıram. İşin keyfiyyətli olması üçün əlimdən gələni edirəm. Həmçinin, muzeydə tez-tez müxtəlif tədbirlər təşkil olunur. Tədbirlərin həyata keçirilməsi ilə birbaşa özüm məşğul oluram. Muzeydə Mübariz İbrahimov,  Raquf Orucov, Salatın Əsgərova və digər qəhrəmanlarımızın portretləri var. Gələn ziyarətçilərə onların həyatını, qəhrəmanlıqlarını, keçdikləri döyüş yolu haqqında geniş məlumat verirəm.

- Muzeyin ziyarətçi sayı sizi qane edirmi?

- Muzeyə kifayət qədər maraq göstərənlər var. Məktəblilərdən tutmuş hərbiçilərə qədər muzeyimizin müxtəlif yaş qruplarında qonaqları olur. Onları birləşdirən əsas dəyər isə vətənpərvərlik duyğularıdır. Gənc nəslin qəhrəmanlarımızı tanımağı mənim üçün prioritet məsələdir. Onları tanımalı və tanıtmalıyıq.

- Muzeyin ikinci hissəsi barədə nə deyə bilərsiniz?

- Muzeyin ikinci hissəsi rəsm qalareyası kimi fəaliyyət göstərir. Rəsm qalareyası Mübariz İbrahimov adına Rəsm qalareyası adlanır. Burada şəhid və qazi ailələrinin övladları təmənnasız şəkildə rəsm dərsləri alır. Rəsm dərslərinin muzeydə təşkil olunması təsadüfi deyil. Bu mühit uşaqların vətənpərvər şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir. Onların çəkdiyi rəsmlərin əsas mövzusu da vətənpərvərlikdir. Mənim ən böyük arzularımdan biri onların böyüyüb adlı-sanlı rəssam olmalarıdır.

Aytac SAHƏD




<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.