525.Az

"Milli ideya"ya fərqli baxış - Aydın Talışinski ilə müsahibə

UZMAN DR. AYDIN TALIŞİNSKİ: "MİLLİ İDEYA BİZİM XALQIN KİM OLMASININ, NƏ ÜÇÜN MÖVCUD OLMASININ, NİYƏ HAMIMIZIN BİRLİKDƏ YAŞAMASININ İZAHIDIR"


[16.03.20]
"Milli ideya"ya fərqli baxış - <b style="color:red"> Aydın Talışinski ilə müsahibə </b>

"Milli ideya" anlayışına müxtəlif izahlar verilir, amma bütün hallarda bu anlayış xalqın var olması, diriliyi ilə bağlıdır. Yəni Milli ideya bu və ya digər xalqın yaşam missiyasını müəyyən edir; hətta bəzi cəmiyyətlərdə xalq anlayışı sırf dini və ya etnik mənsubiyyətə bərabər tutulur.
 
Milli ideya bədii əsərlər və müxtəlif fəlsəfi mətnlər vasitəsilə ifadə edilə bilər. Beləliklə, bu məsələlərin öyrənilməsi ilə məşğul olan, həkimlikdən başqa Milli ideya mövzusunda maraqlı fikirləri ilə tanınan Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Xüsusi Müalicə-Sağlamlıq Kompleksinin həkimi, uzman dr. Aydın Talışinski ilə müsahibəni sizə təqdim edirik.

Dincəlmək, işləmək, təhsil üçün xaricə üz tutan, bu və ya digər formada əcnəbilərlə təmas quran vətəndaşlarımızın sayı son 15 ildə əhəmiyyətli dərəcədə artıb, həmçinin, əhalinin bizə ədavət bəsləyən ideoloji veb-saytları da barındıran İnternetlə əhatəsi genişlənməkdədir. İnternet və yabançı həyat ideologiya üçün ciddi sınaqdır. Deməli, insanlarımızın ideologiyası güclü və dayanıqlı olmalıdır, çünkü dörd tərəfimiz bizim ideologiyanı öz ideologiyaları ilə əvəz etməyə fürsət gəzənlərlə doludur.

Milli ideya kimi ortaq istinadgah nəinki müharibələr, ümumiyyətlə, bütün kataklizmlər zamanı da insanları qoruyur. Misal üçün, zəlzələ və digər təbii fəlakətlər vaxtı kimsənin qarətlə məşğul olmağı ağlından keçirməməsi, ərzaq, su qıtlığı zamanı sadəcə, öz ailəsini düşünməyərək resurslara qənaət etməsi və ya insanın çətin vəziyyətdə olmasından sui-istifadə edərək hər hansı bir şəkildə fürsətçiliklə məşğul olmaması və ya epidemiya, pandemiyalar (koronavirus kimi) zamanı, neft qiymətlərinin oynadığı zaman, yəni xalqın xüsusi diyarət göstərməsi lazım olan durumlarda cəmiyyətin ümumi Milli şüurunun ölkəmizin milli valyutasının və ümumi təhlükəsizliyinin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş yüksək davranışlarını nümunə gətirmək olar.


- Aydın həkimə görə Milli ideya nə deməkdir?

- Milli ideyaya müxtəlif təriflər verilir. Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental tibb fakültəsində, təbabətin sirlərinə yiyələnərkən ayrıca politologiya, sosiologiya və fəlsəfə fənlərini də keçmişəm. Hər nə qədər bu mövzularda təməl biliklərim olsa da, hər halda mən politoloq deyiləm, hazırkı halda mən təhsilli şəxs kimi öz fəal vətəndaş mövqeyimi izhar edirəm. Əzbərçi fəlsəfi-siyasi ibarələri də təkrarlamaq yerinə, həmişə xoşladığım kimi ürəkdən gələn səmimi və sadə sözlərlə ifadə etmək istəyirəm. Milli ideya bizim xalqın kim olmasının, nə üçün mövcud olmasının, niyə hamımızın birlikdə yaşamasının və gələcəkdə də yaşayacağının, bizim birgə hansı ülvi ideyaya qulluq etməyimizin izahıdır.

- Aydın həkim, niyə bu məsələnin tədqiqi ilə məşğul olmaq qərarına gəldiniz?

- Müşahidə etdim ki, ölkəmizdə, az qala, hər iki nəfərdən birinin Milli ideya haqqında öz nəzər nöqtəsi var və insanların heç də hamısı çəkici bir zindana döymür. Xalqımız ümumi ideya uğrunda vahid cəbhədə birləşməyib və eyni hədəflərə çatmaq üçün ortaq hərəkət etmirik.

Hətta bəzi insanlar düşünürlər ki, beşgünlük dünyadır, bir dəfə yaşayırsan, onu da özün üçün yaşamalısan. Elələri də var ki, Türkiyəni bəyənmir və özlərini müstəsna olaraq Azərbaycan vətənpərvəri sayırlar. Adam da var ki, təhsili, elmi bəyənmir və uzunmüddətli əziyyətlərə dəymədiyini zənn edir. Bəziləri dindar insanları həzm edə bilmir. Baxın, ayrı-ayrı insanlarda rast gəlinən bu müxtəlif əqidələr və digərləri ölkəmizin ümumi potensialından istifadə etməyə və layiq olduğumuz zirvələrə çatmağa mane olur.

Qeyd edim ki, Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideyasını inkişaf etdirdi və bizə aşıladı. Alimlərimiz, xüsusən də ölkəmizin müasir ideoloqlarından olan akademik Ramiz Mehdiyev isə bu mövzuda yazdığı çoxsaylı məqalə və kitablarda Milli ideyanı tarix və ənənələr işığında tədqiq edərək bir sıra elmi yanaşmalar işləyib hazırladı.

Ümummilli liderin bizə açdığı bu ideoloji üfüq məni də böyüklərimizin getdiyi cığırla getməyə və onların birləşdirici nəzəriyyələrinə uyğun bəzi innovativ konsepsiyalar və yeni anlayışlar işləyib hazırlamağa həvəsləndirdi və sövq etdi.

- Sizcə, hər bir xalqın Milli ideyası nədən ibarət olmalıdır?

- Bilirsiniz, bu, nə qədər bayağı səslənsə də, deyəcəyəm: məncə, bütün xalqlar dünyada xeyirxahlıq və ədalətə daha çox töhfə vermək üçün yaşayır və ya yaşamalıdır; hər biri öz imkanı daxilində. Mən fərd, ailə, nəsil, zümrə, kəndli, fəhlə  kimi məfhumların məxsusi ideyasın, qəbul edirəm, lakin elə bir sistem qurmaq lazımdır ki, hətta çörəkbişirən xanım da şəxsən özünün və işlədiyi sexin ümumi işə nə kimi töhfə verdiyini başa düşsün. Bu pay cüzi də ola bilər, nəhəng də: əsas - istək və Uca yaradanın bəxş etdiyi bacarıqlardan sonuna qədər istifadə etməkdir. Bu, həm də fərdi və kütləvi istehsal keyfiyyətində zirvəyə çıxarar. Yəni zehin, elm, bilik və vərdişlərdən tam istifadə etmək, həmçinin, yeni bacarıqların əldə olunması üçün bütün imkanlardan yararlanmalıdır.

- Milli ideya, sizcə, hansı funksiyaları daşıyır?

- Milli ideya xalqın keçmişi və bugünkü milli-mənəvi, elmi və digər mühüm dəyərlərini xoşbəxt gələcək naminə birləşdirərək, şanlı tariximizin heç bir dövrünün üstündən xətt çəkmədən, lakin hadisələrdən nəticə çıxararaq bir bütün yaratmalı və xalqı bir qüdrətli, sarsılmaz vahid bir mexanizmə çevirməlidir. Öz növbəsində eyni şəkildə dünya xalqlarını da dostlaşdıraraq Yer kürəsini bütün canlılar üçün təhlükəsiz və xoşbəxt yaşam məkanına çevirmə kimi qlobal funksiyası var.

Vətəndaşın malik olduğu istənilən peşədə, sözün əsl mənasında, mütəxəssis olmaq zəruriliyi insanın daxili aləminə uşaqlıqdan aşılanmalı, bunun əksi onun ailəsinə və xalqa təhqir kimi dəyərləndirilməlidir. Bir də qeyd edim ki, normalda vətəndaşın polisdən, həkimdən, ya da hər hansı bir dövlət məmurundan öz hüquqlarını tələb etməsinə ehtiyac olmamalıdır, tam tərsinə, vəzifə sahibləri vətəndaşa onun vəziyyətində ən əlverişli təklifi özləri təqdim etməli və bu şəkildə xalqa xidmət fürsəti onları xoşbəxt etməlidir.

Əlavə olaraq Milli ideya kimi ortaq istinadgah nəinki müharibələr, ümumiyyətlə, bütün kataklizmlər zamanı da insanları qoruyur. Misal üçün, zəlzələ və digər təbii fəlakətlər vaxtı kimsənin qarətlə məşğul olmağı ağlından keçirməməsi, ərzaq, su qıtlığı zamanı sadəcə, öz ailəsini düşünməyərək resurslara qənaət etməsi və ya insanın çətin vəziyyətdə olmasından sui-istifadə edərək hər hansı bir şəkildə fürsətçiliklə məşğul olmaması və ya epidemiya, pandemiyalar (koronavirus kimi) zamanı, neft qiymətlərinin oynadığı zaman, yəni xalqın xüsusi diyarət göstərməsi lazım olan durumlarda cəmiyyətin ümumi Milli şüurunun ölkəmizin milli valyutasının və ümumi təhlükəsizliyinin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş yüksək davranışlarını nümunə gətirmək olar.

Sadalanan bu amillər sadəcə, Milli ideyası yüksək səviyyədə işlənmiş və mənimsənmiş cəmiyyətlərə məxsusdur. Biz gələcək nəsillərə dayanıqlı bir dünya düzəni buraxmalıyıq və onlara nümunə olmalıyıq.

- Əgər siz dediyiniz kimi fərdin və ailənin, həmçinin, bütün xalqın məxsusi ideyası dünyada xeyirxahlıq və ədalətə daha çox töhfə verməkdirsə, onda bu yaxşılığın təbliğindən başqa bizim Milli ideyanın nə problemi ola bilər ki?

- Birinci problem bu yaxşılığın məhz nədən ibarət olmasının müəyyənləşdirilməsi ilə bağlıdır. Axı, xeyirxahlıq anlayışı insandan-insana dəyişir: müəyyən sərhədlər daxilində yol verilənləri  birləşdirmək, təkmilləşdirmək, uzlaşdırmaq lazımdır. Birisi üçün oxusun deyə uşağı döymək, başqası üçünsə onunla ümumi dil tapmaq xeyirli sayılır, bir başqası isə oxumağı qadağan edir, çünki fikirləşir ki, alimlərdən bir xeyir yoxdur və ilk növbədə uşağa gündəlik ruzi qazanmağın yollarını öyrətməyi vacib sayır. Kiminə görə birdən-birə varlanan və lüks maşında gəzən dövlət məmuru olan qonşusu haqqında aidiyyəti orqanlara məlumat vermək satqınlıq sayılır, digəri üçün bu, Vətən qarşısında önəmli vətəndaşlıq borcudur və Qərbdəki kimi fikirləşir ki, əgər pullar oğurlanıbsa, deməli, xalqdan oğurlanıb, bu haqda susmağın özü isə satqınlıqdır.

İkinci problem bizim xalqın, millətin tərifinin verilməsi və hüdudlarının müəyyən edilməsi ilə bağlıdır. Bu, təkcə Azərbaycan vətəndaşları iləmi məhdudlaşır, yoxsa qüdrətli Türk və İslam dünyası qədər, bəşəriyyət və kainat qədər qlobaldır?

Üçüncü problem onunla bağlıdır ki, biz hansı üsulla, hansı təmtəraqlı şüarlarla insanları birliyə çağıraq ki, bütün müxtəlifliklərinə baxmayaraq, sarsılmaz bir vəhdət vücuda gətirə bilək. Vahid bir xalq kimi hansı vasitələr seçə bilərik və ya seçməliyik ki, biz dünyada eşidilək, ehtiram görək və öz mövqeyimiz və nüfuzumuz olsun. Meydanda 11 futbolçunun hərəsi özü üçün oynayanda nə baş verdiyini biz hamımız yaxşı bilirik. Yeri gəlmişkən, qeyd edim ki, bizdə bütöv bir mütəxəssis heyətinin çalışdığı yarışlar, kollektiv təşkilatlar, cərrahi əməliyyatlar kimi komanda fəaliyyətlərində də tez-tez müəyyən problemlərlə qarşılaşırıq. Komanda ilə hərəkət etməyi məktəb partasından öyrətmək gərəkdir - xaricdə, xüsusən Yaponiyada bunun üçün müxtəlif metodlar işlənib hazırlanıb.

- Sizin görüşünüzə görə, bizim Milli ideya hansısa konkret bir millətə aiddir, yoxsa o, Azərbaycan vətəndaşlığı ilə müəyyən olunur?

- Azərbaycanın Milli ideyası planetdəki bütün insanların xoşbəxtliyinə hədəflənməlidir. Lakin onun icrası Azərbaycan vətəndaşlarının və bizim bütün dostlarımızın öhdəsinə düşür. İdeal perspektivdə isə bütün dünya bizim dostumuza çevriləcək. Yəni Azərbaycanımız elə bir bilik, bacarıq və şüur səviyyəsi göstərməlidir ki, digər ölkə və xalqlardan, onların keçmiş və müasir tarixdəki rolunu analiz etməyə və ümumbəşəri ideyalardan ilham alaraq onlara müvafiq Milli ideya yazmağa dəvət alaq. Misal üçün, şimal qonşumuz Rusiya neçə illərdir, Milli ideya axtarışındadır və bu mövzuda hətta müsabiqə də elan olunub; onlara yardımçı olmağımız hər kəsə fayda verərdi.

Mən "Vətəndaş ideyası" yerinə ölkəmiz üçün "Milli ideya" ifadəsini tərcih edirəm, çünki bizim ölkənin kontekstində bu anlayış daha dərin məna daşıyır.

Mən bizim xalqın sərhədlərini 3 əsas həddə müəyyən edirəm: Azərbaycan Respublikası vətəndaşlarından ibarət əhali, Azərbaycan Respublikası hüdudlarından kənarda yaşayan azərbaycanlılar (bizim əzəli tarixi ərazilərimizdə yaşayan əhali və harada yaşamasından asılı olmayaraq Azərbaycanı özünə Vətən sayan bütün xalqların nümayəndələri) və Azərbaycanın müstəqilliyini, güclənməsini istəyən Türk ailəsinin digər xalqları. Yaddan çıxarmayaq ki, İranda yaşayan Azərbaycan türklərinin sayı 35 milyondan az deyil və bu, ölkəmizin ümumi əhalisinin sayından dəfələrlə çoxdur. Dağıstan, Gürcüstan, İraqın vaxtilə bizim torpaqlarımızın hüdudları daxilində olmuş məlum regionlarında da kifayət qədər azərbaycanlı yaşamaqdadır. Ona görə də ümumiyyətlə "Azərbaycançılıq" məfhumu altında hər necə olsa da, sözün həqiqi mənasında 50 milyondan artıq azərbaycanlının da mənafeyinin müdafiəsi başa düşülməlidir - necə ki, biz hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edirik.

Sırf Azərbaycan Respublikası vətəndaşlarının maraqları isə əslində, mənim təklif etdiyim "Azərbaycan respublikaçılığı" məfhumuna daxildir. "Azərbaycançılıq" və "Azərbaycan respublikaçılığı" anlayışlarını daxili oxşarlıqlarına və bir-birini tamamlamasına baxmayaraq, onları fərqləndirmək lazımdır.

"Türklük" və "Türkçülük" isə dünyadakı bütün Türk xalqlarının 300 milyonluq nüfuzunun (habelə Türk respublikalarının bilmərrə bütün vətəndaşlarının) dövlətlərüstü identifikasiyası çərçivəsində terminlərdir. Türkçülük, Azərbaycançılığı və Azərbaycan Respublikaçılığını daha da genişləndirir, dərinləşdirir və mənayla zənginləşdirir.

Tam oxşamasa da, yaxın keçmişimizə, müstəmləkə dövrümüzə nəzər salsaq və vaxtilə özünün müfəssəl ideologiyası ilə böyük şöhrət qazanmış və ideologiya təşkili baxımdan ondan çox şey öyrənə biləcəyimiz Sovet İttifaqı ilə bir bənzətmə aparaq. SSRİ-də Azərbaycan daxilində bütün əhali həm azərbaycanlı, həm sovet insanı sayılırdılar. O dövrdə, xaricdə isə ümumiyyətlə, bizi çox vaxt rus adlandırırdılar. Necə ki, erməni də bizi Azərbaycan türkü, ləzgi, talış deyə ayırmır və hamımızı "türk" adlandırır; tarixən bizə qarşı həyata keçirdikləri soyqırımlarda da bizə "fərq qoymayıblar" - elə Bakı və Quba qırğınlarında hamımızı ucdantutma qırması bunun bariz nümunəsidir. Yəqin ki, erməni eyni mədəniyyətə, tarixə, həyat və düşüncə tərzinə, mentalitetə, adət-ənənəyə malik insanları ayırmaqda "çətinlik çəkir" və bu, ona heç lazım da deyil. Biz niyə ayıraq!? Aramızdakı təbii fərqləri bir-birimizi dərindən tanımaq və daha da yaxınlaşmamız üçün istifadə etməliyik.

Müxtəlifliyimiz birliyimiz üçün olmalıdır!

- "Milliyyətindən, dinindən, dilindən, dünyabaxışından asılı olmayaraq hamıya mehriban dostluq münasibəti bəsləmək lazımdır" kimi sadə çağırış niyə umulan nəticəni vermir və sizdə bu ideologiyanı yeni elementlərlə təkmilləşdirmək istəyi doğurur?

- Parçalayıcı faktorlara nisbətən birləşdirici amillər keyfiyyət və kəmiyyətcə daha çox olmalıdır. Məsələ burasındadır ki, Azərbaycan planetdə yeganə ölkə deyil və coğrafi mövqeyə görə ətrafımız daban-dabana bizə zidd görüşlərə malik, ideoloji cəhətdən güclü ölkələrlə sarılıb. Azərbaycan SSRİ kimi ideoloji təcrid şəraitində yaşamır və ona görə də bizim ideologiyamız bu gün şüurlarımıza edilən xarici müdaxilələrə dayanıqlıq göstərə bilməsi üçün sovetin ideologiyasından daha güclü olmalıdır. Dincəlmək, işləmək, təhsil üçün xaricə üz tutan, bu və ya digər formada əcnəbilərlə təmas quran vətəndaşlarımızın sayı son 15 ildə əhəmiyyətli dərəcədə artıb, həmçinin, əhalinin bizə ədavət bəsləyən ideoloji veb-saytları da barındıran internetlə əhatəsi genişlənməkdədir. İnternet və yabançı həyat ideologiya üçün ciddi sınaqdır. Deməli, insanlarımızın ideologiyası güclü və dayanıqlı olmalıdır, çünkü dörd tərəfimiz bizim ideologiyanı öz ideologiyaları ilə əvəz etməyə fürsət gəzənlərlə doludur.

Həkim kimi fəaliyyətimlə əlaqədar il ərzində 2000 nəfərə yaxın pasiyenti konsultasiya edirəm. Hər pasiyentə də xeyli vaxt ayırıram və bir şəxsiyyət kimi onların etibarını qazanmaq üçün paralel şəkildə müxtəlif mövzularda söhbət edirəm. Əvvəla, bu, mənim tibbi göstərişlərimə sonradan onların riayət etməsinə zəmin yaradır. İkincisi, bu, məni tonusda saxlayır: o mənada ki, mən uşaq pleysteyşnlərindən tutmuş yeni hərbi sənayedəki raket komplekslərinə qədər dünyada hər şey haqqında təsəvvür əldə etmək üçün daim öz üzərimdə işləyirəm. Üçüncüsü, bununla mənim onların dünyagörüşü haqqında müəyyən təsəvvürlər əldə etmək imkanım yaranır. Gördüyünüz kimi, mənim mənbələrim geniş çeşidlidir və ona görə də əldə etdiyim nəticələrin doğruluq payı çox yüksəkdir.

Fikrimcə, Milli ideyamız əhatəsindəki bu və ya digər dərəcəli radikal düşüncəli adamları 20-yə qədər əsas tipdə qruplaşdırmaq olar: radikal pantürkçülər, radikal panmodernistlər,  radikal panislamçılar və  onların müxtəlif nisbətlərdə qarışıqları - türkçü-modernistlər, türkçü-islamçılar,  islamçı-modernistlər və sair. Bunları da alt qruplara bölmək olar. Məsələn, modernistlər müxtəlif tiplərdə ola bilər - sırf elm adamları və ya modernizmi yalnız Avropa geyimi və yaşayış tərzi kimi başa düşənlər və ya hər ikisinin qarışığı. Bu qrupların hər biri də əsas 2 cürdür: azərbaycanca (və ya digər Türk ailəsi dillərində) düşünən həmvətənlilərimiz və əcnəbi dildə düşünən soydaşlarımız. Bundan əlavə, milli identikliyin silinməsi ilə sonuclana biləcək radikal multikulturalizmin müxtəlif mənşəli şüursuz dağıdıcılığa malik nizamsız tərkiblərinin  geniş rəng çalarlarını da fərqləndirmək mümkündür.

Radikalizmin istənilən təzahürü pisdir - yetkin halda fikrindən daşındırmaq praktiki olaraq mümkün deyil, fiziki təcrid isə yalnız müvəqqəti və az təsiredici tədbirdir. Ona görə də müxtəlif əqidələr cəmiyyəti parçalamasın deyə, ideoloji tərbiyəni, az qala, beşikdən başlamaq lazım gəlir.

Burada 2 cəhəti fərqləndirmək lazımdır: bir var, cəmiyyəti parçalayan, bir də var, zənginləşdirən müxtəliflik. Ona görə də ideoloji cəhətdən hər şeyi ətraflı ölçüb-biçmək, birləşdirən və bərkidən müxtəliflikləri təqdir etmək gərəkdir.

Konkret örnək-problemlər:

Örnək 1. Əgər bizim vətəndaşımız hansı etnosa mənsub olmasından asılı olmayaraq Türkiyəni sevmir və ehtiram göstərmirsə, onda faktiki olaraq Azərbaycanı da sevmir və ehtiram göstərmir. Əgər kimsə əksini iddia edirsə, o, həqiqi vətənsevər deyil, bu, tarixi köklərdən məhrum, bu günü və gələcəyi olmayan yalançı vətənpərvərlikdir. Həmçinin, bu, bayrağımıza saymazlıqdır, onun üst zolağının ehtiva etdiyi mənaya ziddir. Ona görə də  əgər siz Azərbaycan vətəndaşına sağlam türksevərliyi öyrətməsəniz, müxtəlif yollarla ona türkofobiya və ya dağıdıcı pantürkizm aşılayan tapılacaq. Bildiyiniz kimi, hər ikisi bizim təməllərimizi sarsıtmağa yönəlib.

Örnək 2. Azərbaycanda böyüyən uşağa kiçik yaşından Azərbaycan dili öyrədilmir. O, hansısa xarici dildə dil açıb və dünyaya onların nağılları və ədəbiyyatı prizmasından baxır. Onun böyüyəndə özünü türk sayması ehtimalı nə qədərdir? Məhz buna görə də Azərbaycan dilini azərbaycanca düşünməyi mümkün edən lazımi səviyyədə bilmək Azərbaycan vətəndaşının şəxsi işi sayıla bilməz. Hərc-mərclik, təfriqə və nifaq imkanın, artıran heç bir şey vətəndaşın şəxsi işi sayıla bilməz.

Yeri gəlmişkən, Orxon-Yenisey abidələrində ətraflı təsvir edilib ki, cəmi 50 il Çinin hakimiyyəti altında olmaq biz türklərin öz soylarını, öz dillərini yadırğaması üçün kifayət edir, hətta uşaqlara çin adları qoymağa başlamışdılar. Yeni türk hökmdarlarına türk kimliyini, müstəqilliyini bərpa etmək olmazın zəhmətlər hesabına başa gəlmişdi.

Örnək 3. Müsəlman, ya qeyri-müsəlman olsun, fərq etməz, hansısa bir Azərbaycan vətəndaşı əgər İslama hörmət etmir, onun təbliğ etdiyi xeyir, dözümlülük, bərabərlik və demokratik dəyərləri-insana, elmə məhəbbət barədə heç nə bilmirsə, bu, bizim üçün də, dünya üçün də problemdir.

Örnək 4. Əgər ailədə, məktəbdə və universitetdə dəqiq fənlərdən savayı, hansısa digər xüsusi fənlərdən heç nə öyrədilməyən, yəni ideoloji özünüdərk hissini mənimsəməyən insan xaricdə oxuyub böyük alim olarsa, onun bizim ölkəyə böyük fayda verəcəyi ehtimalı nə qədərdir?! Məgər onun vətənpərvərlik hissi aşılanmayan ürəyi Azərbaycan üçün və ya Türk Dünyası üçün döyünərmi?! Məncə, böyük ehtimalla adam necə deyərlər, sadəcə, "dünya vətəndaşı" olacaq.

Belə bir analogiya gətirim. Gözəl bilinir ki, insan sağlam qidalanmalıdır, əgər bunu ona məktəb partasından öyrətməsək, nəticədə nə əldə edirik: tütün, energetik içkilər, GMO, ayaqüstü yeməklərdən ibarət qapalı dairə - onlara iştahgətirici və asılılıq  yaradan o qədər kimyəvi pereparatlar qatırlar ki, sonra tərgitmək də çətin olur.


- Problemlərlə məsələ aydındır. Həll yollarını necə görürsünüz? Bizim Milli ideyanın mücəssəməsi nədir?

- Qeyd edim ki, Milli ideyamız əsasən müqəddəs milli bayrağımızda təcəssüm olunub. Bayrağımızın tərkib hissələrinin mahiyyəti üzrə təhlil etsək, əksər suallara cavab vermiş olarıq. Lakin bu təhlil müfəssəl və təfərrüatlı olmalıdır. ADR dövründə bayrağın baş ideoloqu Əli bəy Hüseynzadə olub. Hər ikimizin Rusiya və sonra da Türkiyədə tibbi təhsil almağımız və dolayısıyla yaşadığımız mühitlə düşüncələrimizin bənzər şəkildə zənginləşməsini müşahidə etdim. Əsərlərindən bir çox şeyi mənimsəyərək qloballaşan müasir dövrün çağırışlarına uyğun önəmli şəkildə təkmilləşdirmişəm.

Ardıcıllıqla nəzərdən keçirək. Çoxları elə fikirləşir ki, bayrağımızın yuxarı göy zolağı Türk etnosuna mənsubluğu və yalnız Türkçülüyü bildirir. Hətta bəziləri multikulturalizmin bugünkü aktuallığını nəzərə alıb elə bil digər etnosların xətrinə dəyməmək üçün bundan bəhs etməməyə çalışır. Əslində, çox bəsit yanaşmadır və bu məsələ qətiyyən bu qədər bəsit deyil. Əgər dəqiq desək, burada hər bir hərfin öz mənası var və bayrağın yuxarı zolağının mavi rəngi "Türk çoxmillətliyini"  göstərir. Başqa sözlə, Türk çoxluğunda, Türk öndərliyində, Türk ədaləti altında çoxmillətliliyi simvolizə edir. İnternet ortamında Azərbaycan bayrağına münasibətdə bu termin yalnız ingilis variantında "Turkic Multinationalism" formasında rast gəlinir. Bu da müvafiq olaraq müxtəlif dillərdə, həmçinin doğma dilimizdə geniş məqalələrin yazılması ehtiyacını ortaya qoyur. Bayrağın üst şəridinin bu şəkildə izahı bütün milli azlıqların nəzərə alınması faktının təsdiqidir. Bəli, bizdə bütün insanlar etnik mənsubiyyətindən asılı olmayaraq bərabərdir və bu, ölkəmizin əhalisinin 90 faizindən çoxunun Azərbaycan türkü olması faktını istisna etmir. Bu faktların qabardılması isə bizim xalqın həqiqi böyüklüyünü bir daha vurğulayır: biz çoxluq prinsipi müqabilində bərabərhüquqluq prinsipini istifadə edirik.

Həmçinin Türkçülük çərçivəsində dövlət dilimiz olan Azərbaycan dilini lazımi səviyyədə bilmək vahid Azərbaycan-Türk identifikasiyasının formalaşmasının özül daşlarından biridir. Məşhur İsmayıl bəy Qaspıralı demişkən, dildə, fikirdə və əməldə birlik.

Mavi zolağa analoji olaraq yaşıl zolağın mənasını izah edərkən də onun sadəcə İslamı ifadə etdiyini demək əvəzinə "İslam multikonfessionallığı"nı təmsil etdiyi söyləməyi doğru sayıram və bir ilk olaraq təklif etmişəm. Bizdə bütün dinlərin nümayəndələri bərabərdir, amma unudulmamalıdır ki, əhalimizin 90 faizindən çoxu müsəlman olduğu kimi, dünyadakı bütün Türklərin də 90 faizindən çoxu müsəlmandır. Ölkəmizin siyasi idarəetməsində və xalqın iradəsində məhz müsəlmanların təşəbbüskarlığı sayəsində müxtəlif dinlərə mənsub insanlar arasında hüquq bərabərliyini qorumaq mümkün olub. Azərbaycan tarixən müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin bir-biri ilə mehriban sülh şəraitində yaşadığı məkan olub. Elə bu da bizim millətin və İslamın tolerantlığının göstəricisidir.

Qırmızı zolaq, əlbəttə, tərəqqini simvolizə edir, lakin hansı tərəqqini?! Bədniyyətlilər deyə bilərlər ki, millətimizin nə etnik, nə dini təmsili (Türklük və İslam) inkişafa stimul yaratmadığı üçün tərəqqiyə əlavə zolaq icad ediblər. Xeyr, bu elə deyil, əks təqdirdə mənaya görə də cəfəngiyyat olardı. Həm də ona görə  ki, birincisi, İslam qəbulu öncəsi yüksək inkişaf etmiş Türk sivilizasiyalarının və Türk dövlətlərinin (tarixə 120-dən çox Türk dövləti məlumdur), həmçinin Türk xaqanlıqlarının (skif, etrusk, hun imperiyaları da daxil olmaqla) torpaqları böyük əraziləri əhatə edirdi. Digər tərəfdən, İslam İntibahı dövründə coğrafiyadan tutmuş astronomiyaya, tibdən cəbrə qədər bütün sahələrdə ən mühüm elmi kəşflərin əksəriyyəti məhz müsəlman, eyni zamanda türk alimlərinin əməyinin məhsuludur. Bundan başqa, ilk universitetlərin, tədqiqat mərkəzlərinin yaradılması da müsəlman dünyasına aiddir; elm və bilik mərkəzləri başlanğıcda məscidlərin nəzdində  fəaliyyət göstərirdilər. Ona görə də qırmızı zolağın şərhinə də son dərəcə diqqətlə yanaşmaq lazımdır.

Məlum olduğu kimi, bizim 3 rəngli əziz bayrağımızın mərkəzində bəyaz aypara və səkkizguşəli ulduz da təsvir olunub. Əksəriyyətin fikrinə görə, aypara İslamı təmsil edir, amma bəziləri bunu da türklüyün simvolu hesab edir. Ola bilsin, hər iki tərəf haqlıdır. Səkkizguşəli ulduz isə Cənnətin 8 qapısını və ya "Azərbaycan" və ya "Odlar Yurdu" sözlərinin əski əlifba ilə yazılışını, yaxud dövləti yaradarkən Rəsulzadənin 8 prinsipini (Türkçülük, İslamçılıq, Müasirlik, Dövlətçilik, Demokratiya, Bərabərlik, Azərbaycançılıq, Mədəniyyət) və ya o dövrün təsnifatına görə 8 Türk xalqını (azərbaycanlılar, osmanlılar (indiki türkiyəlilər), çağataylar, tatarlar, qazaxlar, qırğızlar, səlcuqlar, türkmənlər) təcəssüm edir. Səhih məlumdur ki, ağ rəngli səkkizguşəli ulduzla ayparanın birgə təsviri müəlliflərinin fikrincə, xoşbəxtliyin rəmzidir.

Əhalisi çoxmillətli və dünyəvi dövlətin bayrağında həm etnik köklərə, həm də dini əsasa istər tarixi ehtişam mənasında, istər gələcək inkişaf və tərəqqi mənasında bir kərrə deyil, iki dəfə işarə edilir. Aypara və ulduzun bayraqdakı yerləşmə yeri və miqyası bir neçə dəfə dəyişdirilsə də, sonunda qərara alınıb ki, məhz qırmızı zolağın ortasında yerləşdirilsin. Qısaca, qırmızı zolaq üzərində aypara və ulduzla birlikdə müasirliyi və demokratiyanı heç də tarixdən məhrum edilmiş əlahiddə şəkildə deyil, məhz bizim qədim mədəniyyətimiz və xilqətimizə hörmətlə bərabər simvolizə edir - o cümlədən, Qərbin elmi nailiyyətlərini və həyat tərzini mənimsəməyə məhz bu prizmadan yanaşmaq lazımdır. Qısa olaraq, mən bunu "Unikal tərəqqi" adlandırıram. Budur, daha dərin şərh edəndə hər şey öz yerini tutur.

Yeri gəlmişkən, multikulturalizmi ayrıca qeyd etmək istəyirəm. Multikulturalizm ideyasını təbliğ edən xalqların, fikrimcə, üç əsas qrupunu fərqləndirmək olar: birinci qrupa bünyəsiz, özülsüz xalqlar, yəni ümumiyyətlə, bütün etiqadları qəbul edən, digər ölkələrin bir çox ideyalarına loyal olan kosmopolit amorf cəmiyyətlər daxildir. Digər qrupa təxminən eyni miqdarda bir-biri ilə qarışmış bir sıra millətlərin yığnağı olan xalqlar aiddir. Nəhayət,  müəyyən bir etnosun öndərlik etdiyi ideoloji cəhətdən təşəkkül tapmış qədim xalq - hansı ki, başqalarının görüşlərinə hörmət bəsləməklə bahəm yad fikirləri yalnız öz məfkurə süzgəcindən keçirərək mənimsəyir. Baxın, Azərbaycan bu üçüncü xarakterə aiddir və bunu unutmaq olmaz. Əlbəttə, biz başqalarının mədəniyyətinin inkişafını dəstəkləməliyik, amma əvəzləməyə imkan verməməliyik: əlahiddə şəxslərin qaba hərəkətləri ümumi xalqın mədəniyyətinə şamil olunmamalıdır. Əslində, mədəniyyət cildindəki mədəniyyətsizliyi deyil, məhz əsl mədəniyyəti dəyərləndirmək lazımdır. "Unikal tərəqqi"nin istiqamətlərindən biri də elə budur.

Biz təkcə Türkoloji konfranslarda, Türk, İslam forumlarında müsəlman, kübar dairələrdə incə təbiətli və mədəni adam, elmi konfranslarda dünyəvi elm xadimi kimi davranmaqla qalmamalı, bu keyfiyyətləri həmişə və hər yerdə daşımalıyıq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.