525.Az

"Problemlərdən yeganə çıxış yolu maariflənməkdədir" - Fərid Hüseynli ilə müsahibə

GƏNC KARİKATURAÇI FƏRİD HÜSEYNLİ: "XURAFATLA BAĞLI KARİKATURALAR PAYLAŞANDA TƏHQİRƏ DAHA ÇOX MƏRUZ QALIRAM"


[05.03.20]
"Problemlərdən yeganə çıxış yolu maariflənməkdədir" - <b style="color:red">Fərid Hüseynli ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Karikaturaçı Fərid Hüseynli - sosial şəbəkələrin ictimaiyyətə tanıtdığı gənclərdən biri də odur. Onun Feysbuk və İnstaqram hesablarından paylaşdığı ictimai mövzulu karikaturalar və həmin mövzulara fərqli baxışları izləyicilər tərəfindən maraqla qarşılanır.

Rubrikamızın növbəti qonağı kimi onunla söhbət etdik. Və ilk olaraq ondan sosial şəbəkələrin fəaliyyətindəki rolu barədə soruşduq. Fəaliyyətində sosial şəbəkələrin mühüm rol oynadığını etiraf etsə də, həmsöhbətimiz, əslində, bu platformalardan istifadə etməyə məcbur olduğunu bildirdi. Söhbət zamanı başqa da çox mətləblərə toxunduq.

Buyurun, siz də oxuyun.  

"AZAL"ın qiymət artımı ilə bağlı çəkdiyim karikatura maraq doğurdu" 

- İlk vaxtlar paylaşım etməyə Feysbukda başladım. İndi isə ən çox izləyicilərim İnstaqram hesabımdadır. Əslində, jurnal və qəzetlərdə karikatura dərc olunmadığına görə paylaşımları virtual məkanda etməyə məcbur oluruq. Karikatura sahəsi əvvəldən ənənəvi media ilə daha yaxın olub. Elə buna görə də sosial media üzərindən çıxış etmək mənə o qədər də maraqlı gəlmir.

- İlk dəfə paylaşdığınız və rəğbətlə qarşılanan karikaturanız hansı olub?

- Əvvəl başlayanda təsadüfi, heç bir gerçəkliyə söykənməyən personajlar yaradırdım. Sonradan bunu cəmiyyətdəki problemlərlə əlaqələndirdim. İzləyicilərdə ilk marağı ətraf mühiti təmiz saxlamaqla bağlı çəkdiyim karikatura yaratdı. Sonra gündəm mövzusu olan "AZAL"ın qiymət artımı ilə bağlı çəkdiyim karikatura maraq doğurdu. Beləliklə, yavaş-yavaş tanınmağa başladım. 

"Karikatura özünü ən yaxşı ifadə etmək üsuludur" 

- Karikatura sahəsinə marağınız hardan gəlir?

- Uşaq vaxtı bizim evdə ən çox baxmağı sevdiyim şəkilli bir kitab var idi. Həmin kitabda fərqli və əhəmiyyətli mövzuları əhatə edən illüstrasiyalar çəkilmişdi. O şəkilləri dərk etdikcə belə qənaətə gəldim ki, karikatura özünü ən yaxşı ifadə etmək üsuludur.

- Bildiyim qədərilə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmisiniz. Hansı ixtisas üzrə təhsil almısınız?



- Adətən insanlar AZMİU-da oxuduğumu biləndə rəssamlıqla bağlı təhsil aldığımı düşünürlər. Amma hazırkı fəaliyyətimə tamamilə uzaq olan Nəqliyyat fakültəsini bitirmişəm. Orda təhsil almağım da təsadüfi oldu. Çünki özümü həmin sahəyə aid hiss etmirdim. Nəhayət, universiteti bitəndən sonra karikatura sahəsini seçdim, daha doğrusu, o məni seçdi.  

"Mən bu işi hansısa rəsmi dövlət işində çalışmaqdan daha üstün tuturam"  

- Bəs, aldığınız təhsildən yayınıb karikatura ilə məşğul olmağınız ailəniz tərəfindən necə qarşılandı?

- İlk dəfə karikaturalar çəkməyə rayonumuza - Oğuza yay tətilinə gedəndə başladım. Kompüter qarşısında çox vaxt keçirdiyimə görə, evdəkilər bir az narazı idilər. Bu işlərlə məşğul olmaqdansa, vaxtımı dərslərimə sərf eləməyimi istəyirdilər. Amma yavaş-yavaş onlar da anlayış göstərməyə başladılar. Düzdür, hərdən rəsmi işimin olmasının vacibliyini vurğulayırlar. Ancaq mən bu işi hansısa rəsmi dövlət işində çalışmaqdan daha üstün tuturam.

- Daimi çalışdığınız bir iş yeri varmı?

- Şirkət, restoran və saytlardan gələn sifarişlərə görə razılaşma əsasında, sərbəst çalışıram. Hazırda çəkdiyim karikaturaları animasiya şəklinə də gətirirəm. Həmin animasiyalara görə xüsusi sifarişlər gəlir və bu yolla dolanışığımı təmin edirəm.  

"Məni narahat edən o qədər məqam var ki..."

- Sizi narahat edən mövzular, daha çox toxunduğunuz məqamlar hansılar olur?



- Məni narahat edən o qədər məqam var ki, nə danışmaqla, nə də karikatura çəkməklə bitər. Adicə ictimai nəqliyyatdan istifadə zamanı insanlar bir-birini incidir, qaydalara riayət etmirlər. Daha bir vacib məqam isə ətrafı çirkləndirən insanların heç nəyə məhəl qoymamasıdır. Belə gözəl şəhərdə ağaclarda ilişib qalan tullantıları görmək dəhşətli haldır. İnsanlar da gün ərzində çox gərgin olurlar. Son vaxtlar ictimai yerlərdə üzü gülən insan görə bilmirəm. Hamı harasa, nəyəsə tələsir və bunun uğrunda ictimai qaydaları kobud şəkildə pozur. Nəticədə cəmiyyətimiz kənardan kobud görünür. Mən də bunları müşahidə edib, həmin məsələlərlə bağlı karikaturalar çəkirəm. Ümid edirəm ki, nəsə düzələcək.  

"Təəssüf ki, bu gün oxuyub, diplom alanlarımızın bir çoxu cahildir" 

- Bu baxımından bir zamanlar "Molla Nəsrəddin" jurnalında qabardılmış mövzuları indiki dövrə də aid etmək olarmı?

- "Molla Nəsrəddin" satirası və karikaturası indi də aktuallığını qoruyur. Əslində, bu, olduqca üzücü haldır ki, 100 il əvvəlin mövzuları hələ də problem olaraq qalır. Pis olan budur ki, o zamanlar insanların oxumurdular deyə, cahil idilər, təəssüf ki, bu gün oxuyub, diplom alanlarımızın da bir çoxu o vəziyyətdədir. 150 balla universitetə qəbul olub, alitəhsilli kimi cəmiyyətə təqdim edilən kadrlar var.

"İstərdim ki, hansısa qəzet və ya jurnalda karikaturalarımı dərc etmək üçün bir köşəm olsun" 

- Karikatura qədim ənənələrə söykənsə də, yeni media ilə tez bir zamanda ayaqlaşdı...

- Sosial media platformaları karikaturanı məşhurlaşdırmağa və daha çox kütləyə çıxmağa şərait yaratdı. Buranın reklam kimi üstünlüklərindən istifadə edib rahatlıqla istədiyin auditoriyaya öz işlərini göstərə bilərsən. Hazırda bu, çox əhəmiyyətli bir auditoriyadır. Ancaq mən istəyərdim ki, karikatura sahəsi qəzet, jurnal janrında qalsın. Köhnə filmlərdə insanların gündəmdə olan mövzuları karikaturalarda görməyi həvəslə gözlədiyini görəndə paxıllığım tutur (gülür). İndi belə vasitələr olmadığı üçün karikaturaçılar öz qazanclarını sosial mediadakı sifarişlərdən təmin edirlər. Bu halda da müəyyən axsamalar yaşanır. Mən istərdim ki, hansısa qəzet və ya jurnalda karikaturalarımı dərc etmək üçün bir köşəm olsun.

- Hər gün neçə karikatura çəkirsiniz?



- Hazırda maddiyyatı düzəltmək üçün sifarişlər qəbul edirəm. Çoxunu izləyicilərlə paylaşmıram, çünki bu mövzular onların maraq dairəsində deyil. Sifarişlər olan günlərdə dörd-beş karikatura hazırlayıram. Əvvəllər hər gün paylaşmaq üçün bir karikatura hazırlayırdım. Bu ərəfələrdə bəzi problemlər olduğuna görə çatdıra bilmirəm. Amma işlərimi yenə əvvəlki səviyyəyə gətirmək üçün çalışıram.

- Niyə karikaturalar daha çox siyasi məzmun daşıyır?

- Karikaturanın yaranması elə siyasi mövzulara yumoristik şərhlər etməklə başlayıb. Mən karikaturalarımda daha çox cəmiyyətin problemlərini əks etdirib ictimai qınaq yaradıram. Yumoristik mövzulu karikaturaların alt qatında müəyyən nüanslara toxunulur. Az adam bunu görə bilir, digər çoxluq isə sadəcə yumor hissəsinə qapılır. 

"İstəmirəm ki, cəmiyyət bu qədər bayağılığa sürüklənsin"

- Bir karikaturaçı kimi hansısa problemlərlə üzləşmisinizmi?

- Bu sahədə olub hansısa bir problemlə üzləşməmək mümkün deyil. Tutaq ki, hansısa bir bayağı məşhurla bağlı nəsə çəkirəm, o saat ya özü, ya da ona pərəstiş edən kütlə sərt reaksiya verir. Onların bu reaksiyası zaman-zaman məni də aqressiv şərhlərə sövq edir. Çünki mən istəmirəm ki, cəmiyyət bu qədər bayağılığa sürüklənsin. Dini xurafatla bağlı karikatura paylaşanda daha çox təhqirə məruz qalıram. Ona görə ki, insanlar bəzi karikaturalarda özlərini görürlər. Bundan dərs almaq əvəzinə sərt reaksiya verirlər.  

"Reklamın yaxşısı, pisi olmaz..." 

- Sizcə, kütlənin korlanmış zövqünü hansı yolla xilas etmək olar?

- Məncə, bunlar hamısı daxili aləmin bayağılığından irəli gəlir. Əvvəlcə özümüzü inkişaf etdirməliyik ki, bu cür bayağılığa məruz qalmayaq. Kitab oxuyan ziyalı insanın hansısa bayağı bir fenomeni izlədiyini görə bilməzsiniz. İnsanlar sürətli şəkildə kitaba dönüş etməli, öz daxili aləmini zənginləşdirməlidir. Bu tip adamların məşhurlaşmağında sosial media çox böyük rol oynayır. Ancaq sosial şəbəkənin belə bir xüsusiyyəti var ki, görmək istəmədiyin adamı blok edə bilərsən. Bəzilərinin isə o funksiyadan heç xəbəri də yoxdur. Həmin adama mənfi şərhlər, söyüşlər yazmaqla nifrətlərini bildirirlər. Amm bunun da bir növ reklam olduğunun fərqində deyillər. Necə deyərlər, reklamın yaxşısı, pisi olmaz. Qısacası, bu problemlərdən yeganə çıxış yolu maariflənməkdədir.

- Heç olub ki, yaratdığınız karikatura qəhrəmanları sizinlə əlaqə saxlasınlar?

- Konkret şəxslərlə bağlı şərhlər versəm də, heç biri əlaqə saxlamayıb. Bəlkə də, həmin paylaşımlardan xəbərsiz olublar. Amma mövzu ilə bağlı müəyyən şəxslər əlaqə yaradıblar. Söhbətin xoşagəlməz yerə gəldiyini hiss edib, əlaqəni sonlandırmışam. Ancaq sosial hesablarımdakı rəy bölməsi hər kəsə açıqdır. Təhqirə çevrilmədiyi, etik çərçivədən çıxmadığı müddətcə heç bir tənqiddən yayınmıram.

"Cəmiyyət kitab oxumamağın əziyyətini çox çəkir"

- Özünüz kitab oxumağı sevirsiniz?

- Bəzən işlərimlə əlaqədar ara versəm də, sonra həmin boşluğu doldurmağa çalışıram. Bununla belə, mütaliəmin az olduğunu düşünürəm. Zənnimcə, nə qədər çox oxusaq, o qədər yaxşıdır. Hər kəsə kitab oxumağı məsləhət görürəm. Çünki buna ehtiyacımız var. Cəmiyyət kitab oxumamağın əziyyətini çox çəkir.

- Karikaturalarınızda daha çox cəmiyyətin problemlərinə toxunmağa üstünlük verməyinizin səbəb nədir?

- Belə bir nəticəyə gəldim ki, öz hüquq və öhdəliklərimizi bilmədən nələrisə tələb etməyimiz yersizdir. Hələ də avtobusun arxa qapısından minməyə çalışan, ödəniş etmədən düşüb qaçanlar varsa, birinci özümüzü düzəltməkdən başlamalıyıq. Fəaliyyət göstərən avtobusların oturacaqlarını, tutacaqlarını korlayırıqsa, daha yenilərini istəməyə haqqımız yoxdur.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.