525.Az

"Stress insan orqanizminin əsas düşmənidir" - Həkim-dietoloq ilə müsahibə

[28.02.20]
"Stress insan orqanizminin əsas düşmənidir" - <b style="color:red">Həkim-dietoloq ilə müsahibə </b>

Müsahibimiz həkim-dietoloq Nəzrin Kərimlidir

- Nəzrin xanım, sağlam qidalanmaq və xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır?

- Sağlam olmaq üçün hansi prinsiplərə əməl etmək lazımdır deyəndə, ən birinci ağlımıza qidalanma gəlir. Bəli, qida çox vacib rol oynayır. Ancaq insan ilk növbədə çalışdığı qədər, stresdən və stress yaradan amillərdən uzaq durmalıdır. Stress insan orqanizminin ən başlıca düşmənidir. Stressin  qidalanmaya da çox böyük təsiri var. Stress insan bədənində Leptini və İnsulini və s. zədələyir ki, nəticə etibarı ilə insan doyma anını bilmir, ya da əksinə, aclıq hissini itirir. Stress yemək istəyinin yüksəlməsinə və ya yaxud əksinə, iştahanın azalmasına səbəb ola bilər.

Yuxu rejiminə diqqət olunmalıdır. Düzgün yuxu rejimi insan həyatında ən önəmli amillərdən biridir. Yuxu fiziki yorğunluqla zehni yorğunluğun aradan qaldırılması üçün vacib prosesdir. Gündəlik 7-8 saat yatmaq lazımdır. Bununla yanaşı, gec saatlarda da yatmaq olmaz. Gecə saat bir və ya ikidə yatdıqda insan bədənində qrelin deyilən iştaha hormonu sintez olunur və nəticədə bizləri gecə oyanıb nəsə yeməyə məcbur edir. Bu isə maddələr mübadiləmizi pozur. Normal çəkidə olan insan gün boyu 7-8 litr su içməlidir. Maddələr mübadiləsini sürətləndirən faktorların ən vacibinin su olduğu sübut edilib. Su dedikdə çay, kofe, şirələr nəzərdə tutulmur. Adi su içmək lazımdır. Sağlam olmaq üçün gündəlik qida qəbuluna mütləq nəzər yetirilməlidir. Qida qəbulumuz gündəlik iş rejimimizdən, nə qədər enerji sərf etməyimizdən asılıdır. Hər kəsin qida çeşidi individual olmalıdır. Təzə meyvə-tərəvəzlərlə qidalanmaq lazımdır. Çünki tərkibində liflər var, bu isə bağırsaqlarımızda olan bütün toksik maddələri özünə çəkməyə kömək edir və belə olduqda həmin toksiklər qanımıza sovrulmaz. Loru dildə desək, bədənimizin zibil yeşiyinə çevrilməsi prosesi baş verməz. Bu o demək deyil ki, vegeterian olmalıyıq. Bədənimizə ət, ağartı məhsulları da lazımdır. Sübüt olunub ki, ət məhsulları yemək mütləqdir. Qaz, ördək ətləri kalorisi çox olduğundan bunlardan uzaq durmaq məsləhətdir. Ancaq çəkiniz normaldırsa, dərisini soymaq şərti ilə yemək olar.

- Ət və ət məhsullarını, xüsusilə də meyvə-tərəvəzi günün hansı saatlarında yemək məsləhətdir?

- Ət məhsulları yaxşı olar ki, soğanla bərabər bişsin. Bəs nə üçün?  Çünki ətin tərkibində olan toksinlər soğanın tərkibində olan maddələrlə neytrallaşır. Ancaq çəki atmaq istəyiriksə, ətin yanında çox az soğandan istifadə etməliyik. Çünki soğan insulini qaldırmaq qabiliyyətinə malikdir. İnsulin işə keçdiyi zaman insan vücudunda yağı parçalayan hormon olan Somotrop hormonu fəaliyyət göstərə bilmir.

- Bəs əti hansı məhsullarla yemək lazımdır?

- Yaxşı olar ki, ət və ət məhsulları tərəvəzlərlə birgə yeyilsin. Ət məhsullarını kələm, badımcan, pomidor, soğan və s. tərəvəzlərlə yeyin. Tərəvəzlərdəki liflər ət məhsullarındakı artıq qidaları özünə çəkir. Qida rejimini 4 hissəyə bölmək lazımdır. Onun bir hissəsini protein, bir hissəsini meyvə, iki hissəsini isə tərəvəz təşkil etməlidir. Bir dietoloq olaraq qəti sürətdə axşam saatlarında meyvə yeyilməsinin əleyhinəyəm. Ancaq yenə də vurğulayım ki, ağır iş rejimi və gün ərzində çox enerji sərf edən insanlara bu, şamil olunmur. Gündəlik qida rasionumuzda başqa inqridiyentlərə nisbətdə daha çox tərəvəzlərə üstünlük verməliyik.

- Nəzrin xanım, şirniyyat da insanların yox deyə bilmədiyi təamlar arasındadır. Sizcə, onun ziyanlarından necə qorunmaq olar?

- Şirniyyat, şokolad çox insanların yaralı yeridir. Şirniyyatın hər gün, həddindən artıq qəbul edilməsi həqiqətən də bəzən insanın ozündən asılı olmur. Sanki orqanizm şirniyyat tələb edir. Həkim olaraq belə halla çox qarşılaşmışam. Bu zaman biz xəstəni ciddi şəkildə müayinə edirik. İlkin olaraq Ferritin yoxlayırıq. Çünki qanda olan Ferritin normadan az olduqda özündən asılı olmayaraq sadə karbohidratlara (şirniyyat, şokalad, şirin xəmirli yeməklərə və s.) maraq, istək olur insanda. Bir də olur ki, insan psixoloji olaraq görür və istəyir. Bu istəyinin qarşısını isə o, öz iradəsi ilə almalıdır. Gündəlik şəkərə olan ehtiyacını insan meyvə və meyvə qurularından da ala bilər.

- Normal səhər yeməyi necə olmalıdır? Şirinçay səhər yeməyimizin, demək olar, ayrılmaz hissəsidir. Hətta valideynlər gecə yatmazdan əvvəl uşaqlarına şirinçay içizdirirlər və bunun vasitəsilə qanı artırmağın mümkün olduğunu düşünürlər...

- Normal səhər yeməyi dedikdə, ilk ağlımıza bol protein gəlməlidir. Səhər yeməyində yumurta, kəsmik, pendir, şor, zeytun, yağ, sıyıq - normal səhər yeməkləridir. Bol vitaminli tərəvəzlər, meyvə və meyvə quruları da qəbul olunmalıdır. İnsanlarımız çörəyi, çörək yeməyi çox sevir. Səhər yeməyində 1- 2 dilim tam çovdar çörəyi yemək olar. Ancaq axşama doğru çörək qəbulu məsləhət deyil. Şirinçay bizdə keçmişdən qalan səhv bir anlayışdır. Əgər qanı artırmaq istəyirlərsə, uşaqlarına daha çox qırmızı ət, qaraciyər, dalaq, ürək və balıq kimi məhsullar versinlər. Şəkər tozu nə vaxtdan qan artırır? Əksinə, şəkər uşaqların qara ciyərinə zərər vurur.  

- Son zamanlar zeytun yağından istifadə edənlərin sayı getdikcə artır. Siz yemək bişirmək üçün hansı yağları məsləhət görərdiniz?

- Zeytun yağından istifadə etmək faydalıdır.  Ancaq onun hansı şəraitdə saxlanılması çox önəmlidir. Əgər mağazalarda rəflərdə işıq şüası və ya günəş şüası keçirən zeytun yağı alırıqsa, bu yağın marqarindən bir fərqi yoxdur. Zeytun yağı işıq keçməyən qablarda olmalıdır ki, tərkibi dəyişməsin. Bir də məsləhət görürəm ki, zeytun yağını yalnız salatlarda və yaxud yemək bişdikdən sonra əlavə edilsin. Qızartma kimi yeməklərdə daha çox kakos yağından istifadə etmək daha məsləhətlidir.

- Qış mövsümündə çuğundur, kök və alma şirəsi evlərdə tez-tez hazırlanır. Ancaq eşitdiyimizə görə, yerkökü şirəsinə yağ qatılmadıqda müsbət təsirini görmək olmur.

- Mən daha çox meyvənin və tərəvəzin özünü yeməyi məsləhət görürəm. Yerkökü qəbul etdiyimiz zaman mütləq zeytun yağı qatmaq lazımdır. Deməli, yerkökünün şirəsini çəkib içərisinə bir çay qaşığı zeytunyağı əlavə etməklə içmək lazımdır. Yağ yalnız yerkökü üçün lazımdır. Bu şirəni acqarına və gündə bir dəfə qəbul etmək lazımdır.

- Azərbaycanda artıq çəkidən ən çox hansı yaş həddində insanlar əziyyət çəkir?

- Mənə elə gəlir ki, Azərbaycanda başqa ölkələrə nisbətən piylənmədən əziyyət çəkənlərin sayı azdır. Artıq çəkidən əziyyət çəkənlər arasında isə 30-35 yaşlı insanlar üstünlük təşkil edir.

- Dietoloqsuz istənilən pəhrizi saxlamaq hansı xəstəliklərə səbəb ola bilər?

- Gəldik əsas məsələyə. Dietoloqsuz internetdən və sair yerlərdən götürülən pəhriz proqramlarına. Hər insanın ağız tamı, psixologiyası, qan qrupu, sağlamlıq vəziyyəti fərqlidir. Pəhriz proqramları da hər kəsə uyğun, individual olmalıdır. Özbaşına, həkimdən məsləhət almadan pəhriz saxlamaq vitamin difisiti, əsəb gərginliyi, mədə-bağırsaq problemləri, böyrəküstü vəz, qaraciyər problemi və s. yaradır. İnsanlar başa düşməlidir ki, hər xəstəliyin başlanğıcı qidadır, qidanı mütləq düzgün seçmək lazımdır.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.