525.Az

"Kommersiya ilə sənət paralel gedir - nə şiş yanır, nə də kabab" - Müsahibə

GƏNC REJİSSOR ORXAN ADIGÖZƏLOV: "BÜTÜN GÜCÜMÜ, ENERJİMİ SƏNƏTƏ YÖNƏLTMƏK VƏ BU SAHƏDƏ QALICI OLMAQ İSTƏYİRƏM"


[19.02.20]
"Kommersiya ilə sənət paralel gedir - nə şiş yanır, nə də kabab" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar...

Danılmaz gerçəklikdir ki, sosial şəbəkələr artıq çoxdan öz işini qurmaq, hətta biznes və marketinq işi təşkil etmək istəyənlər üçün də əlverişli məkana çevrilib. İnsanlar burada nəinki bir-biri ilə rahat şəkildə ünsiyyət qura, fikir və baxışlarını bölüşə bilir, sərbəst halda öz əl işlərini, sənət nümunələrini paylaşıb izləyici və müştərilər qazanmaq şansı da əldə edirlər.

Rubrikamızın budəfəki qonağı - gənc rejissor Orxan Adıgözəlov da öz yaradıcılığı ilə sosial şəbəkələrdə məşhurlaşmış imzalardan biridir. Sosial şəbəkələr onun fəaliyyətində hansı rol oynayıb, yaradıcılığının ictimaiyyətə təqdim olunmasında bu məkanın əhəmiyyəti nə dərəcədə olub? Onunla söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq. O danışdı, biz dinlədik və yazdıq. Buyurun, oxuyun... 

- Sosial şəbəkələr mənim üçün hər şeydən əvvəl portfel rolunu oynayır. İstənilən adam işim haqqında məndən məlumat almaq əvəzinə, buradakı paylaşımlarıma baxıb portfelimlə tanış ola bilər. Sosial şəbəkələrin bir üstünlüyü də öz sahəmdə olan peşəkar şəxslərin fəaliyyətimlə tanış olmalarına şərait yaratmasıdır. O insanlarla real həyatda yolumuz kəsişməsə belə, işlərimi bəyənib mənimlə bir yerdə çalışmaq istəyə bilərlər. İnstaqramın foto və video xüsusiyyətlərinin daha qabarıq olduğunu və çəkiliş qrupu axtaran sifarişçilərin bu məkandan istifadə etdiklərini nəzərə alıb deyə bilərəm ki, bu şəbəkə mənə daha yaxındır.



"Fərqli sahə üzrə ali təhsil alsam da, indi sevdiyim işlə məşğul oluram" 

- Necə oldu ki, rejissor olmağa qərar verdiniz?

- Düzü, bu, əvvəlcədən düşünülmüş bir şey deyildi. Rejissorluqdan tamamilə uzaq bir sahə üzrə ali təhsil almışam, Bakı Dövlət Universitetinin Ekologiya fakültəsini bitirmişəm. Fərqli sahə üzrə ali təhsil alsam da, indi sevdiyim işlə məşğul oluram. Rejissorluğa başlamağımın səbəbkarı olan dostumla universitetdə bir fakültədə, bir qrupda oxuyurduq. Onun bir tanışının film çəkilişlərinə kömək edirdik. Tədricən bizim də bu işə marağımız yaranmağa başladı və düşündük ki, ssenarilər yazıb, çəkilişlər edək. İlk filmimizi 2016-cı ilin yanvarında çəkdik, amma alınmadı. Bu, məndə bir növ ümidsizlik yaratdı və uzun müddət ara verdim. Həmin ilin iyul ayında dostumun təkidiylə Amerika səfirliyinin sosial mövzularla bağlı keçirdiyi festivala qatıldım. LGBT mövzulu "Seçim" filmimlə festivalda birinci oldum və həmin film "Ən yaxşı bədii film" mükafatına layiq görüldü. Bununla da həvəsim və özümə inamım artdı. Ancaq məni bir düşüncə narahat edirdi ki, rejissorluq o qədər də qazanc gətirən sahə deyil. Bu fikirlərə qapıldığım ərəfələrdə “Asan xidmət”dən bir təklif gəldi və gördüm ki, əslində, işimin kommersiya tərəfi ilə də məşğul ola bilərəm. Hazırda həm sifarişlər üzərinə işləyirəm, həm də öz qısa filmlərimi çəkirəm. Artıq kommersiya ilə sənət paralel getdiyi üçün nə şiş yanır, nə də kabab.



- Başqa hansı filmləriniz mükafata layiq görülüb?

- Təvazökarlıqdan uzaq olmasın, tək birindən başqa qalan filmlərimin hamısı mükafat alıb. "Tənha çoban" Azərbaycan Gəncləri film festivalında "Ən yaxşı sənədli film" mükafatına layiq görülüb.

2018-ci ildə Beynəlxalq qısa film festivalında "Bir saniyə" filmimə görə "Ən yaxşı rejissor" mükafatını aldım. "Sənə məktub yazıram" şeirinə çəkdiyim buktreyler Azərbaycan Buktreyler festivalında ikinci yerə layiq görülüb. Pianoçu haqqında olan "Maestro" sənədli filmim "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və "Düşüncə gücü" İctimai Birliyi tərəfindən "Ən yaxşı sənədli film" mükafatlarına layiq görülmüşdü. Keçən il də "Salamı xilas edin" adlı filmim DokuBaku Beynəlxalq Sənədli Film Festivalında Münsiflər heyətinin fəxri mükafatına layiq görülüb. Yalnız "Səssizlik" filmim heç bir mükafat almayıb

"Şəhərlərin təbiəti və strukturu korlanıb, kəndlər daha poetikdir" 

- Qısametrajlı filmlərə ütünlük verirsiniz, mövzular da daha çox kənd həyatından bəhs edir. Bunun hansısa bir xüsusi səbəbi var?



- Bəli, əsasən qısa filmlər çəkirəm və düşünmürəm ki, nə vaxtsa tammetrajlı film çəkəcəyəm. Bəzən insanlara elə gəlir ki, qısa filmlər tammetrajlı filmlərə hazırlıqdır. Amma bu, yanlış təsəvvürdür. Qısa filmlər ayrılıqda kino sənətinin bir qoludur. 90 yaşına qədər ancaq qısa film çəkmiş rejissorlar var. Çox güman ki, mən də onlardan biri olacağam. Hələ ki, tammetrajlı film çəkmək kimi bir ideyam yoxdur. Ancaq çəkdiyim filmlərin həcmi yavaş-yavaş böyüyür  - "Salamı xilas edin" və "O qadın" filmlərinin həcmi 30 dəqiqədən artıqdır. Keçid olsa, ancaq bu cür olacaq. Filmlərimdə kənd həyatına üstünlük verməyim isə bu həyatın mənin üçün daha rahat olmasından irəli gəlir. Çünki kəndlər daha poetikdir. Şəhərlərin təbiəti və strukturu korlanıb. Kənd həyatından bəhs edən "Tənha çoban" filmim təsadüfi alınıb. Bir neçə günlüyə öz kəndimizə getmişdim. Qayıdana yaxın axşamüstü böyük bir qoyun sürüsünü qabağına qatlb  kəndə girən Mahmud dayını görəndə bu mənzərə məni çox cəlb elədi. Öyrəndim ki, bu adam öz sürüsünü hər gün Goran çayı ətrafındakı heç kəsin olmadığı bir yerə otarmağa aparır. Ağlımda küçə musiqiçiləri haqqında film çəkməklə bağlı bir ideya vardı. O ideya alınmadığı üçün bunu dəyərləndirməyə qərar verdim. Heç bir hazırlıq olmadan Mahmud dayının yanına getdik və çəkilişə başladıq. Həmin çəkilişdə öz qəhrəmanımı tamaşaçı ilə bir yerdə tanıdım.

- Bu fəaliyyətinizi ailəniz necə qarşılayır?



- İlk vaxtlar ciddi yanaşmırdılar, uşaqlıq həvəsi hesab edirdilər. Birinci filmim uğur qazandıqdan sonra növbəti çəkilişləri həvəslə gözləməyə başladılar.

- Çəkiliş xərclərini necə ödəyirdiniz?

- Kənardan maliyyə yox idi deyə, filmlərimin həm montajçısı, həm ssenaristi, həm operatoru, həm də rejissoru özüm olmuşam. Mənim tələbə təqaüdüm xüsusi işçi götürmək imkanı vermirdi. Əgər onlara pul ödəmək istəsəm, gərək ac qalaydım (gülür). Amma bunun bir yaxşı cəhəti o oldu ki, artıq bütün işləri təkbaşıma görməyi öyrəndim və bu, mənə mailyyə baxımdan rahatlıq yaratdı. İlk vaxtlar iş tapa bilmədiyimdən bir qədər çətinliklər yaşadım. Amma mükafat alan filmimə görə gələn iş təklifləri ilə irəliləməyə başlamışam.

- Yaxşı film üçün hansı daha vacibdir - texniki avadanlıq, yoxsa ideya?

- Söhbət sənətdən və bu sənəti başa düşən insanlara göstərməkdən gedirsə, ideya kifayətdir. Məsələn, bir İran filmi vardı, ideyası çox yaxşı idi, amma çəkilişdən hiss edilirdi ki, texniki avadanlıqlar zəif olub, bəlkə də telefonla çəkilmişdi. Film çox böyük rəğbət qazandı. Kommersiya baxımından götürəndə isə texniki avadanlıq məsələsinə böyük üstünlük verilir. Amma ən son texniki avadanlıqlarla çəkilmiş zövqsüz  filmlər də az deyil. Yəni sənət baxımından ideya, kommersiya maraqları baxımından isə texniki avadanlıqlar çox vacibdir.



"Özüm öz işimin müdiriyəm" 

- Orxan bəy, elə sifarişlər olurmu ki, özünüzə uyğun bilməyib qəbul etmirsiniz?

- Bəli, elə olub ki, müştəriyə təklif etdiyimiz ideya onun xoşuna gəlməyib və ya mən təklif edilən məhsulla bağlı heç bir qənaətə gələ bilməmişəm deyə işimiz alınmayıb. Bəzən də bərabər çalışdığım adamların düşüncə və mədəniyyət tərzinə görə onlardan uzaqlaşmalı olmuşam. Mən özüm öz işimin müdiriyəm, üzərimdə hökmranlıq istəsəydim, maaş müqabilində çalışardım.

"Gənclik üçün oxu" layihəsinin materialı o qədər də ürəyimcə olmadı" 

- Bəlkə, bir az da sosial şəbəkələrdə ən çox maraqla qarşılanan "Gənclik üçün oxu" layihənizin hazırlanması prosesi barədə danışasınız.

- Bu layihə ilə bağlı mənə "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi müraciət etmişdi. "Gənclik üçün oxu" layihəsinin materialı o qədər də ürəyimcə olmadı. Çünki işi tez yekunlaşdırmaq üçün bir sıra məqamlarda güzəştə gedildi. Yalnız rok və caz hissələrində səlahiyyət məndə olduğu üçün həmin çəkilişlərdə istədiyimi ala bilmişdim.



- Çəkilişlər zamanı başınıza gələn hansı qəribə hadisə olub?

- "Bir saniyə" filminin çəkilişində qəribə bir əhvalat yaşanmışdı. Çəkilişlər qatarda gedirdi. İlk çəkiliş alınmadığı üçün mən baş qəhrəmandan istədim ki, başdan başlayaq, o da biletini nəzarətçilərə göstərdikdən sonra qayıdıb getdi. Həmin şəxs qara geyimli, obraz etibarilə də çox zəhmli idi. Nəzarətçi bizə tərəf gəlib, vəziyyətin necə olması ilə maraqlandı, danışmağa başladı ki, bir dəfə buna bənzər hadisə yaşanıb. Bir nəfər biletini göstərib içəri girəndən az sonra vaqonu tərk edib. Nəzarətçilər mənzil başına çatanda agah olublar ki, həmin adam əslində, cinayətkar imiş, vaqonda bir nəfəri qətlə yetirib. Eşidəndə qəribə hisslər keçirdik. Və nəzarətçini başa saldıq ki, heç bir narahatçılığa əsas yoxdur, çünki biz sadəcə film çəkirik.

- Hansı yenilikləriniz və gözləntiləriniz var?

- Bir neçə qısametrajlı film üzərində işləyirəm. Əsas istəyim uyğun şəraitin və münasib təkliflərin olmasıdır. Reklam çəkilişləri yerinə daha çox film təklifləri gəlsə, yaxşı olar. Kommersiya ilə sənət arasında sıxılıb qalmışam. Bütün gücümü, enerjimi sənətə yönəltmək və bu sahədə qalıcı olmaq istəyirəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.