525.Az

"Qəti qərar vermişdim ki, teatra qayıtmaq yoxdur..." - Zülfiyyə Eldarqızı ilə söhbət

HƏMSÖHBƏTİMİZ SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU, KİNOŞÜNAS VƏ AKTRİSA ZÜLFİYYƏ ELDARQIZIDIR


[15.02.20]
"Qəti qərar vermişdim ki, teatra qayıtmaq yoxdur..." - <b style="color:red">Zülfiyyə Eldarqızı ilə söhbət </b>

- Aktrisa, kinoşünas, müəllim, qiraətçi, aparıcı... Bəs, sizcə, əslində kim?..

- Əslində, elə Zülfiyyə. Hərdən hisslərimi kağıza köçürürəm. Demirəm ki, şairəm, amma bəzi şeirlərim, poetik miniatürlərim var. Bunları üzə çıxartmıram. Çox yaxın insanlara oxuyanda deyirlər niyə çap etdirmirsən? Deyirəm, ehtiyac yoxdur. İncəsənət insanları həssas olur. Bəlkə də bu sahədən olan çoxlarının bu cür yazıları var. Bəzən bu qədər çox sahəylə məşğul olmağımdan sıxılıram. Fikirləşirəm, niyə bu cür pərakəndəyəm, fəaliyyətim çoxşaxəlidir? Amma sonra görürəm, narahatlığa əsas yoxdur, heç də pis alınmır. Bilsəm ki, hardasa alınmır, ordan kənara çəkilərəm. Bütün bunlardan qabaq isə sadəcə Zülfiyyə Eldarqızı.

- Ailəniz aktrisa olmaq istəyinizi necə qarşılamışdı?

- Müsbət qarşılamamışdı. İncəsənət sahəsinə getməyimi heç kəs istəmirdi. Uşaqlıqdan incəsənətə meyilli idim. Ən çox şeir deməyi sevirdim, bədii qiraətə üstünlük verirdim. Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət evində dərnəklərə, xalq teatrlarına gedirdim. Əvvəllər bunu uşaq həvəsi kimi qəbul edirdilər. Amma sonradan gördülər ki, mən istəyimdə ciddiləşmişəm, mane olmağa çalışdılar. Anam, atam çox deyil, dayılarım, qohum-əqrəba istəmirdi. Onların da ailəmizə təsiri olurdu. Orta məktəbin son illərində ailəmizdə gərgin anlar yaşandı. Atam xəstələndi, Moskvaya apardılar və sair. Mən də bu qarışıqlıqdan istifadə edib sənədlərimi İncəsənət İnstitutuna verdim və qəbul oldum. Qəbul olandan sonra əlacsız qalıb razılaşmalı oldular. Amma indi hamısı mənimlə fəxr edirlər.

- Zülfiyyə xanım, teatr sevginizi bilirik. Nə zaman qayıdacaqsınız teatra?

- Teatra böyük sevgim var. Hazırda incəsənətin müxtəlif sahələrində çalışıram: serial, veriliş, qiraət. Amma teatr başqa bir dünyadır, möcüzədir. Neçə illər bəzi problemlərə görə streslər yaşadım. Nə qədər içimdə bu sevgi olsa belə, qəti qərar vermişdim ki, teatra qayıtmaq yoxdur. Amma görürəm ki, hər şey biz deyən kimi olmur, ürək öz sözünü deyir. Bu yaxında bir teatrdan dəvət almışam. Dövlət sifarişli tamaşada rol da təklif ediblər. Hələ bunun üzərində düşünürəm. Güman ki, müsbət dəyərləndirəcəm. İnşallah, gələn müsahibələrimizdə bu barədə daha geniş danışa biləcəyik.

- 20 ilə yaxın universitetdə işləmisiniz. Müəllim kimi tələbələrinizdə nəyə önəm verir və ilk nəyi öyrədirdiniz?

- İnanın ki, indi incəsənətlə bağlı hansı quruma, televiziyaya gedirəmsə, orada müəllimliyimdən bir iz görürəm. Xeylisi mənim tələbələrimdir. Hətta elə tələbələrlə rastlaşıram ki, təhsil zamanı ya dərsə gəlməyib, ya yaxşı çalışmayıb ki, qiymətini aşağı salmışam, hətta imtahandan kəsmişəm. Yəni dərsimdə tələbkar olmuşam. Həmin tələbələr belə məni indi o qədər sayğıyla, hörmətlə, sevgiylə qarşılayırlar ki. Çünki mən onlara həmişə dürüstlüyü, əsl vətəndaş olmağı öyrətmişəm. Mən onlara deyirdim ki, siz bu sahənin mütəxəssisi olacaqsınızsa gözəl danışmağı bacarmalısınız. Ona görə də dərsə gəlin, öyrənin. Elə tələbəm olub ki, vaxtında dərsə gəlməyib, bitirib gedəndən sonra hansısa mədəniyyət qurumlarından birinə işə qəbul olub, ona deyiblər ki, danışığında qüsur var, onu düzəlt gəl. O da gəlib ki, müəllimə, əlavə ödəniş edim, mənim danışığımla məşğul olun. Demişəm, sən niyə zamanında dərsə gəlmirdin ki, indi belə problemlə qarşılaşmayasan? Hər zaman çalışmışam ki, tələbələrim yaxşı mütəxəssis olmaqdan əlavə xalqının tarixini bilən, vətənini sevən əsl vətəndaş olsunlar.

- Son illər Azərbaycanda serial sektoru inkişaf etməkdədir. Çəkildiyiniz seriallardan razısınız?

- Bu mənim yaralı yerimdir. Həmişə bu haqda danışıram, deyirəm. Amma sevindirici hal odur ki, işlər görülür, serial sektoru inkişafa doğru gedir. Baxırlar digər ölkələrə, nələrisə öyrənirlər, götürməyə çalışırlar. Bu, yaxşı təşəbbüsdür, mən bunu alqışlayıram.

Əsas olan dramaturgiyadır. Hər şeyin bünövrəsi möhkəm olmalıdır. Bu işin də bünövrəsində dramaturgiya dayanır. Yaxşı tamaşanın da, filmin də, serialın da əsası bundan başlayır. Əgər ssenari cəmiyyətə hər hansı sosial mesaj ötürürsə, o xalqın təfəkkürünə, düşüncəsinə, məfkurəsinə uyğundursa, əlbəttə ki, o iş alınacaq. Bizdə yaxşı rejissorlar da, aktyorlar da var. Dramaturgiya olsa, yaxşı olacaq. Bir də peşəkarlıq lazımdır. İstərdim ki, hər adam seriala gətirilməsin. Çəkildiyim seriallarda da bəzən bunun üstündə mübahisəm düşür. Hər kəsin öz işi var. Bu, aktyor deyilsə, bundan aktyor düzəltmək nəyə lazımdır? Biz dişimizlə-dırnağımızla bu yerə gəlib çıxmışıq. Kimsə kiminsə tanışıdı, gözəl fakturası var deyə seriala gətirilə bilməz. Gətirilirsə, mütləq müəyyən qədər aktyorluq dərsləri keçirilməli, hazırlanmalıdır. Türkiyədə də var bu tendensiya, yeni sima axtarışındadırlar. Amma tapdıqlarına psixologiyadan belə dərs verib, hazırlayıb kamera önünə çıxarırlar.

- Sizcə, yaxşı aktyor necə olmalıdır?

- Birinci növbədə təhsil olmalıdır. Əgər o, təhsil görsə, rejissoru baxışından oxuyacaq ki, təklif olunan vəziyyət nədir, obrazı necə oynamalıdır. Mən birdən-birə institutdan teatra gəldim. Amma onu oxumuşdum, nəzəriyyəsini bilirdim, özüm bunu tələbələrə öyrədirdim. Biz bilirdik səhnə, söz, sözə münasibət nədir. Az-çox təcrübəmiz də vardı. Tələbə vaxtı Əməkdar artist Gürşad Baxşıyeva tamaşalar qoyurdu, biz də orda çıxış edirdik. Amma teatrda daha da püxtələşdim və sevdim. Ona görə də yaxşı akyor təhsildən başlayır. O, peşəkar olmalı, tərəf müqabilini görməli və eşitməlidir. Məsələn, mən heç vaxt sözləri əzbərləmirəm, onu mənimsəyirəm. Bəzən görürsən ki, aktyor əzbərləyib və hansı replikadan sonra nə deyəcəyini gözləyir. Bu da onu həm əsərdən uzaqlaşdırır, həm də tərəf müqabilindən. Onda da yaşantı olmur və tamaşaçını roluna inandıra bilmirsən. Tamaşaçı aktyora inanmalıdır.

- Aktyor dramaturji materiala nə qədər müdaxilə edə və mətndən nə qədər kənara çıxa bilər?

- Bu, rejissora görə dəyişir. Elə rejissor var ki, aktyora icazə vermir bircə addım belə kənara çıxsın. Deyir, mən necə qurmuşam, elə də oynamalısan. Elə rejissor da var, aktyora azadlıq verir. Mən də bunu tərəfdarıyam. Çünki aktyor azad olmasa, yaradıcı ola bilməz. O qəlibə salınmamalıdır ki, axtarışlarını eləsin. Qəlibə salınsa, məncə, tamaşaçını da o dərəcədə inandıra bilməyəcək. Amma özü axtarışlar aparsa, obrazını daha yaxşı mənimsəyəcək. Mən hər obrazımın öncə xarakterini tapmalı, cizgilərini müəyyənləşdirməliyəm. Axı biz başqa bir insanı yaradırıq.Ona görə də müşahidə edirəm. Məsələn, "Uçurum" serialındakı obrazımın həyatda prototipini tapmışdım və onunla çoxlu söhbətlər edirdim ki, onu özümə yansıdım. Bunu da alındıra bilmişdim. O barədə insanları çox müşahidə edirəm, öyrənməyə çalışıram.

- Sizcə, aktyorluq təhsili ən az nə qədər olmalıdır?

- Universitetdə çalışdığım dövrdə tələbə qəbulunda da iştirak etmişəm. İstedad elə bir şeydir ki, bu, insana Allahdan verilir. Pulla almaq, satmaq, yaratmaq mümkün deyil. Akyor anadan aktyor doğulmalıdır, məncə. Həmin qəbul zamanlarında elə uşaqlar olurdu, deyirdim, bu ki hazır aktyordur. Sonralar isə test çıxdı, az bal yığanlar gəldi aktyorluğa, rejissorluğa, həmin vaxtlarda çox əziyyət çəkirdik. Bal azdır deyə, gedim aktyor, rejissor olum düzgün deyil. Vaxtı isə dəqiq demək olmur. İstedadlı insan üçün beş il təhsil kifayət edər. Elə adam isə var ki, beş il yox, on beş il də oxusa, ondan aktyor olmaz. Bu, fərdə görə dəyişən bir şeydir.

- Hansı obrazı canlandırmağı daha çox istərdiniz?

- Konkret demək istəmirəm. Vaxtilə beynimdə, ürəyimdə olan obrazlar vardı ki, yaş dəyişdi, onları canlandırmaq mənə qismət olmadı. Amma istərdim ki, xarakterik obrazlar yaradım. Çox əziyyətlər çəkmiş, həyatın müxtəlif əzablarını görmüş qadınların taleyini canlandırmaq istərdim. Çətin və maraqlı obrazlar, eləcə də yaxşı rejissor istəyirəm ki, bunu yarada bilək.

- Müsahibələrdən birində rejissor Rövşən İsaqla işləmək istədiyinizi demisiz.

- Bəli, demişəm. Bu, mənim arzumdur. Bir dəfə təklif almışdım, amma obraza uyğun olmadım. Hazırda onun "Yuxu kimi" serialını imkan daxilində izləyirəm. Onun aktyorla işi xoşuma gəlir.

- Bir ana olaraq şəxsi həyatınızı və sənətinizi birgə idarə edərkən çətinlikləriniz olubmu?

- Olub, əlbəttə. Uşaqlar balaca olanda əziyyət çəkirdim. Düzdü, anam həmişə bu məsələdə mənə kömək edib, dəstək olub. Amma özüm çox məsuliyyətli insanam. Vaxtında hər yerə getmək, hər şeyə çatmaq, işlərimin öhdəsindən gəlmək, institut, çəkilişlər... Çətin idi mənə. İndi isə bir balaca azadlığım var, çünki uşaqlar böyüyüblər, işləyirlər. Səhər hamı birdən evdən çıxır, axşam da hamı birgə gəlir (gülür).

- Məşhurluğu necə qiymətləndirirsiniz? Tanınmış xanım olmaq çətindir?

- Doğrudur, sənət adamı əlçatmaz olmalıdır. Amma mən rahatlıqla insanların arasına çıxıram, ictimai nəqliyyatdan istifadə edirəm. Tanıyırlar, hörmət edirlər, yolda da yaxınlaşırlar. Bu, məni narahat eləmir, sıxmır. Sənətçiyəm deyə özümü qəlibə salmıram. Hamıyla eyni cürəm. İnsan olaraq heç vaxt dəyişmirəm.

- Ədəbiyyatla, kitablarla aranız necədir? Şeirləri necə seçirsiniz?

- Əgər siz bizim evimizi görsəniz, anlayarsınız ki, biz ailəvi olaraq kitabla necə sıx bağlıyıq. Həyat yoldaşım kitab çapıyla məşğuldur. Ona görə evimizin hər tərəfi kitabdır. Həmçinin, audiokitab layihəsində çalışıram. Orda da kitabların, kitabsevər insanların içərisindəyəm. Bu da onun göstəricisidir ki, mən kitabı sevməyə bilmərəm. Şeirləri seçməyə gələndə, məni bəzən qınayırlar ki, əvvəlki şairləri seçirsən, indikiləri oxumursan. Elə deyil. Sadəcə yaddaşımdan problem olduğuna görə, keçmişdən əzbərlədiyim şeirlər yadımdadır. Məsələn, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Ramiz Rövşən, Baba Vəziroğlu, Vahid Əziz və başqalarını tez-tez söyləyirəm, bugünki şairlərin şeirlərini isə kitabdan oxumağa məcbur oluram. Qulu Ağsəs, Rafael Tağızadə, İlqar Fəhmi, İlham Qəhrəman, İlqar Rəsul, Şəhriyar del Gerani və başqalarından oxuyuram. Ruhuma yaxın olanlara üstünlük verirəm.

- Sizin "Məhəbbət nəğmə"nizin ünvanı kimdir?

- Bu veriliş təsadüf nəticəsində alındı. Gözləmədiyim zamanda təklif gəldi. Elə bir vaxta düşdü ki, işsiz idim. Və mən o təkliflə bağlı çox fikirləşdim. Səbəb də bölgə televiziyası olması, televiziyalara marağın azlığı idi. Amma işsizlik çox çətindir. Ona görə də qərar verib getdim, peşman da deyiləm. Mən orada özümə sayğı, hörmət gördüm. Verilişimiz də maraqlı idi. Baxanlar deyirlər ki, biz sənin simanda 1980-90-cı illərin Azərbaycan Televiziyasındakı diktorlarını görürük. Əsas odur ki, ora mənim tribunamdır. Mənim tribunam institut idi, auditoriya idi. İndi ora yoxdur, bura tribunadır.

- Gələcək planlarınız nələrdir?

- Hazırda üç təklif almışam. Onları dəyərləndirəcəm. Bayaq dediyim kimi, teatrdan təklif var. Digərlərini demirəm. Şükür ki, artıq işsizliyimə son qoyulur. Mənə gözəl bir qapı açıldı. Bu yaxınlarda işimə başlayacam. Sadəcə onu deyim ki, həm yaradıcılıq, həm də elmi fəaliyyətimi davam etdirəcəm. Bu yaxınlarda gözəl şair Nəzakət Məmmədlinin şeirlərindən ibarət "Payız ömrü" adlı diskimiz işıq üzü görəcək.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.