525.Az

"Rəssamlıq da bir növ asılılıq kimidir" - Maksim Hüseynov ilə müsahibə

"MƏNCƏ, RƏSSAMLIĞI ÖYRƏNMƏYİN ƏN YAXŞI YOLU PRAKTİKADIR"


[14.02.20]
"Rəssamlıq da bir növ asılılıq kimidir" - <b style="color:red">Maksim Hüseynov ilə müsahibə </b>

Artıq bir ildən çoxdur ki, sosial şəbəkədə bir gənc rəssamın adı tez-tez hallanır, çəkdiyi rəsmlər paylaşılır. O, əsl adı Məhsun Hüseynov olan Maksimdir.

Özünün dediyinə görə, Məhsun adını çox zaman tələffüz edərkən çətinlik çəkənlər olduğundan özünə "Maksim" ləqəbini götürüb.

Düzü, ilk dəfə onun çəkdiyi rəsmi görəndə bunu 21 yaşlı rəssamlıq təhsili olmayan bir gəncin çəkdiyinə inanmamışdım. Amma elə deyirdilər.

Sonradan öyrəndim ki, rəssamlıq təhsili olmasa da, atası və babası gözəl rəsmlər çəkiblər. Peşəkar olmasalar da, istedadlı insanlardır. Maksim də bu istedadını onlardan aldığını düşünür.

Həm də maraqlıdır ki, bu insan özü-özünü reklam etməyə, çəkdiyi rəsmləri harda olsa paylaşmağa elə də maraqlı deyil. Rəsmi çəkir və öz səhifəsində paylaşır. Qalanı onu izləyənlərin, əl qabiliyyətini bəyənənlərin işidir. Düz bir ildir ki, mən də onun rəsmlərini izləyirəm. O isə hər əl işi ilə bizi daha çox təəccübləndirməyə davam edir. Nəhayət, özüylə danışıb rəssamlıq və çəkdiyi əsərlərlə bağlı söhbət etmək üçün razılaşdıq.

Suallara qısa və lakonik cavablar verməyinə baxmayaraq, söhbətimiz də onun əsərləri kimi səmimi, maraqlı və canlı keçdi:

- Maksim, iqtisadçı və rəssam. Əslində kimsiniz?

- İqtisadiyyat üzrə təhsil alsam da, bu sahəyə heç marağım yoxdu, təəssüf ki. Ümumiyyətlə, hansı sahədə işləsəm də, hansı sahə ilə həyatıma davam etsəm də, bir rəssam olaraq davam edəcəm. Bu, artıq məndən asılı bir şey deyil. Bunun üçün dünyaya gəldiyimi hiss edirəm.

- Bəs nə üçün iqtisadiyyatı oxudunuz? Maraqlıdır.

- Evdəkilərin istəyi ilə oxumuşam. "Rəssamlar acından ölür" düşüncəsi bizim evdə də hökm sürürdü (gülür).

- İlk portretiniz Sabir olub. Bu seçim hardan qaynaqlanır?

- İlk portretimi 1-ci ya 2-ci sinifdə çəkmişəm. O vaxtlar "Oxu" kitabları var idi, hər şeirin yanında müəllifinin şəklini də vururdular kitaba. Orda Sabiri görmüşdüm və niyəsə onu çəkmək istəmişdim. Təbii ki, yaxşı alınmamışdı o qədər də. Nə də olsa 7-8 yaşında idim. Möhtəşəm bir şey gözləmək heç də doğru olmazdı.

- Rəssamlıq təhsilinə ehtiyac duyursunuz?

- Bu səviyyəyə heç bir təhsilim olmadan gəlib çıxmışam. Məncə, ən yaxşı müəllim elə özüməm (gülür). Düşünürəm ki, rəssamlığı öyrənməyin ən yaxşı yolu praktikadır. Özün işləyib, səhv edib, o səhvi özün tutmasan, həmin səhvi həmişə edəcəksən.

- Rəsmlərinizə baxanda mənə elə gəlir ki, dünyanız ağ-qara rəngdədir. Bəs əslində?

- Qara qələmlə çəkməyi sevirəm. Daha klassik, daha cəlbedici, daha incə alınır fikrimcə. Düzdür, boya ilə də çəkəcəm, şəraitim olanda. Amma qara qələmi buraxacağımı düşünmürəm. Özümü onda tapmış kimiyəm.

- Rəsmlərin mövzusunu, xüsusən, portretləri necə seçirsiniz?

- Çəkəcəyim rəsmi bəzən günlərlə axtarıram. İlk növbədə şəkil keyfiyyətli olmalıdır. Şəkildəki adamın siması, baxışları, cizgiləri məni cəlb edirsə, düşünmədən başlayıram çəkməyə.

- Adətən, görmüşük ki, bir rəsmin üzərində günlərlə, hətta aylarla işləyirlər. Siz isə bu zamanı saatla hesablayırsınız. Necə olur bu?

- Hər zaman rəsm çəkməyə başlayanda və bitirib duranda saata baxıram. Bəli, elə rəsmim var bir ay vaxtımı alıb. Amma mən bir ayın bütün saatlarını işləməmişəm axı. Gündə 2 saat, elə olub 5 saat, 7 saat işləmişəm bir günə. Sonra bunların hamısını toplayıb, bir rəsmə nə qədər vaxt ayırdığımı hesablayıb paylaşarkən qeyd edirəm.

- Sizi tanıdan ilk rəsminiz hansı olub?

- Məni ilk tanıdan rəsmim "New York Times Squad" əsərim olub. Çox böyük maraqla qarşılanmışdı. Demək olar ki, sosial şəbəkədə paylaşmayan səhifə qalmamışdı o əsəri.

- Və deyəsən, ən çox vaxtınızı alan əsər də elə o olub.

- Xeyr, o rekordumu da yenilədim (gülür). Ən çox vaxtımı alan başqası oldu - 70 saat. Həmin rəsmin xüsusi bir adı yoxdu. Serge Marşennikovun əsərinə baxıb çəkmişəm. O, boya ilə çəkmişdi qızı, mən isə qələmlə. Amma modelin adını axtarıb tapa bilməmişdim.

- Deyəsən, emalatxananız yoxdur. Rəsm çəkmək prosesindən danışardınız.

- Hələ emalatxanam yoxdur. Ev şəraitində çəkirəm. Amma görürəm ki, yox, ev şəraiti bir yerə qədərdi. Böyük ölçüdə rəsmlər işləmək üçün geniş və rahat bir yer lazımdı. Və bunu mütləq edəcəm. Musiqisiz rəsm çəkdiyim yadıma gəlmir. Qulaqcığı taxıram və fikrimi maksimum rəsmə verirəm. Bu, mənim dünyadan ayrıldığım anlardı. Həmin andakı ruh halıma görə də bir musiqi seçirəm. Və başımı qaldıranda bir də baxıram ki, beş saat dayanmadan çəkirmişəm (gülür).

- Sevdiyiniz, özünüzə kumir seçdiyiniz rəssamlar olub?

- Sevdiyim rəssamlar bəli, çoxdur.

Hərəsini öz tərzinə görə sevirəm. Amma sırf hansısa rəssama baxıb deməmişəm "bunun kimi çəkmək istəyirəm".

- Rəssamlar ittifaqına üzvüsünüz? Deyilsinizsə, belə bir fikriniz, istəyiniz var?

- Xeyr, üzv deyiləm. Amma olmaq maraqlı olardı. Nə də olsa, ətrafında ancaq rəssamlar olur. Fərqli tərzlərdə işləyən rəssamlar. Əlbəttə, hər bir tərzin incəliyini məhz özlərindən eşitmək, öyrənmək maraqlı olardı. Azərbaycanlı rəssamlardan elə də münasibətim olanı yoxdu. Çünki sadəcə rastlaşmamışam. Rastlaşsam tanış olar, söhbət edərəm. Rastlaşmasam, axtarmaram (gülür). Bir az qəribə xasiyyətim var o cəhətdən.

- Maraqlı məqama gəldik. Ümumiyyətlə, rəssam ruhunu daşıdığınıza inanırsız? Sizcə, rəssam necə olmalıdır?

- Bəli, inanıram. Məncə, rəssam nə cür şəraitdə olur olsun, ən azı ayda bir dəfə rəsmə vaxt ayırmağa çalışan adamdı. Və gördüyü işin qarşılığını gözləməməlidir. Yəni "bu rəsmi çəkdim, alan olmadı, vəssalam, buraxıram rəssamlığı" - deyən adam heç vaxt rəssam ola bilməz. Yəni bu işdən pul qazanmaq yaxşıdı, həqiqətən, amma qazanmırsan deyə atmaq da düzgün deyil. Rəssamlıq da bir növ asılılıq kimidir, məncə.

- Sizcə, fotoaparat, şəkil çəkən telefonlar rəssamlığa, əllə çəkilmiş rəsmlərə marağı azaldıb, ya əksinə artırıb?

- Təəssüf ki, rəsmlə maraqlananların sayı kəskin şəkildə azalır. Hərkəs daha asan əldə edilənlərə üz tutur. Məsələn, mənim elə rəsmim var ki, baxanların əksəriyyəti bilmir əl ilə çəkilib və sırf o insanlara bunun əl ilə çəkildiyini sübut edəndə çox təəccüblənirlər. Çünki onlar həmişə fotoaparatla çəkilmiş şəkillər görüblər, buna alışıblar. Əl ilə belə bir şey çəkilə biləcəyi ağıllarına gəlmir.

Məncə, bu sahəyə marağı artırmaq üçün sənəti tez-tez gündəmə gətirmək lazımdır. Cəmiyyətimiz elədir ki, 20 il rəsm çək, səni 20 nəfər tanıyacaq, 20 nəfər sənin işlərindən danışacaq. Amma hansısa yüngül hərəkət elə, bir günün içində məşhur olacaqsan, sonra elə öz səviyyəndəki adamlar sənə iş təklifləri eliyəcəklər, səni reklam edəcəklər və beləcə "qabağa gedəcəksən" (gülür). Ona görə düşüncələri kökündən dəyişmək lazımdı. Məncə, bu, yaxın gələcəkdə mümkün görünmür. Çünki cəmiyyət "al-ver" cəmiyyətidir.

- Sifarişlər qəbul edirsinizmi? Yəni rəsmdən pul qazana bilirsiniz?

- Bəli, sifarişlə də çəkirəm. Ancaq təəssüf ki, ölkəmizdə belə bir işdən pul qazanmaq çətindi. Yenə də çox şikayətim yoxdur, qazanıram özümə görə.

- Sərgi planınız varmı?

- Yaxın gələcəkdə sərgi keçirmək planım var. İstəyirəm ki, 60-70 öz istədiyim səviyyədə rəsmim olsun, sonra sərgi açım.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.