525.Az

Ombudsman Aparatı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin toplantısında təmsil olunub

[14.02.20]
Ombudsman Aparatı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin toplantısında təmsil olunub<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Sevinc Şener Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRİ) Belçikanın paytaxtı Brüssel şəhərində “Avropa Şurasının Müstəqil Milli İnsan Hüquqları İnstitutlarının Yaradılmasına dair Tövsiyəsi və bu qurumların Avropa İttifaqının Qanununun Aliliyi Mexanizmindəki rolu” mövzusunda keçirilmiş yüksəksəviyyəli məşvərət toplantısında iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa Şurasının Nazirlər Kabinetinin “Müstəqil Milli İnsan Hüquqları Təsisatlarının Yaradılmasına dair R (97)14 saylı Tövsiyəsi”nin yenilənməsi məsələsi müzakirə olunub.

Ombudsman Aparatının əməkdaşı 20-dən çox ölkənin Milli İnsan Hüquqları İnstitutlarının rəhbər və nümayəndələri ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, BMT və s. dövlətlərarası, regional və beynəlxalq qeyri-hökumət təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə çıxış edib. S. Şener tədbir zamanı milli və regional səviyyədə milli insan hüquqları təsisatlarının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürüb.

S. Şener Azərbaycan Ombudsmanının vətəndaş cəmiyyətinin üzvləri ilə daim sıx işlədiyini, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasına nəzarətin məhz Ombudsmana həvalə edildiyini, müxtəlif regionlarda dövlət orqanları, yerli özünüidarə qurumları və vətəndaş cəmiyyəti institutlarının da iştirakı ilə ictimai dinləmələr həyata keçirdiyini, həmin dinləmələr zamanı qəbul edilmiş təkliflərin müvafiq qurumlara təqdim edildiyini və ayrıca kitab şəklində çap olunduğunu, sənədin icrasına nəzarət üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.

Təsisatın beynəlxalq və regional institutlarla, xüsusilə də Avropa Şurası ilə əməkdaşlığından bəhs edən S.Şener həmin təşkilatlarla milli insan hüquqları institutları arasında sıx əməkdaşlığın, habelə qarşılıqlı etibarın gücləndirilməsinin vacibliyini, Müvəkkilin indiyədək müxtəlif vaxtlarda iki Tvinninq layihəsi və TAİEX Proqramında iştirak etdiyini, eləcə də bu günlərdə Avropa Şurası, Avropa İttifaqı və Azərbaycan Ombudsmanının birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının məsul əməkdaşları üçün ayrı-seçkiliklə mübarizə sahəsində tətbiq olunan Avropa standartlarına dair maarifləndirici təlim-seminar” keçirildiyini diqqətə çatdırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.