525.Az

Vahid Həsənov: "Bir kadrı tutmaq üçün iki gün ancaq su ilə qidalandığım vaxtlar olub"

"XOŞBƏXTƏM Kİ, İNSANLARDAN DAİMA DƏSTƏK GÖRMÜŞƏM"


[05.02.20]
Vahid Həsənov: "Bir kadrı tutmaq üçün iki gün ancaq su ilə qidalandığım vaxtlar olub"<b style="color:red"></b>

Sosial şəbəkələrdə parlayanlar...

Sonsuz imkanlara malik olan sosial şəbəkələrin sərhədləri təkcə ölkə daxilində məhdudlaşmır. Bu auditoriya fərdlərin özlərini və yaşadıqları məkanı dünyaya tanıtmasına da geniş imkanlar açır. Belə vətənpərvər gənclərdən biri də fotoqraf Vahid Həsənovdur. Fotoqrafiyadan ən yaxşı şəkildə istifadə edən V.Həsənov "Bura vətəndir" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin təbiəti ilə tanış olur və gördüklərini kameranın yaddaşına köçürərək həm ölkədə, həm də dünyada tanıdır.

Beləliklə, rubrikamızın budəfəki qonağı gənc fotoqraf Vahid Həsənovdur.

- Əvvəllər xarici ölkə fotoqraflarınin çəkilişlərini izləyir və bunun insanlar tərəfindən necə maraqla qarşılandığını görürdüm. İstəyirdim ki, ölkəmizin də təbiətini belə canlandıran fotoqraflar olsunlar. Amma bizdə belə bir stereotip yaranmışdı ki, Azərbaycanda o qədər də gözəl yerlər yoxdur. Bu fikirləri dağıtmaq üçün 2016-cı ildə "Bura vətəndir" layihəsinin əsasını qoymaq qərarına gəldim. Məqsədim bu ideya altında təbiətin gözəlliklərini insanlara göstərib ölkəmizi bütün dünyada tanıtmaq idi. Amma həmin kadrları alındırmağın və düzgün zamanı tutmağın çətin olduğunu bilirdim. Araşdırdıqca öyrəndim ki, belə fotoların çəkilməsi üçün ən əlverişli zaman hər məkanın təbiətinə uyğun olaraq gündoğan və ya günbatan vaxtları  seçilməlidir. Beləliklə, rayonları gəzib şəkilləri çəkməyə başladım. İlk vaxtlar çəkilişləri yalnız foto formatında edirdim, irəliləyən zamanlarda bunu video halına da gətirdim.



- Demək, xarici fotoqraflardan ruhlandınız?

- Onları özümə sadəcə, nümunə götürdüm. Mənə daha çox ilham verən isə vətənim və onun əvəzsiz təbiəti oldu.

"Layihəmi reallaşdırmaq üçün ən əlverişli məkan sosial şəbəkələrdir" 

- Bu fəaliyyətinizdə sosial şəbəkələrin nə kimi rolu var?

- İndiki zamanda çoxumuz informasiyanı sosial şəbəkələrdən əldə edirik. Buna görə də mənim həyata keçirdiyim layihənin də daha geniş miqyasda reallaşdırılması üçün ən əlverişli məkan məhz bu platformalardır. Mən də bu yolu tutdum və əvvəlcə İnstaqramda paylaşımlar etməyə başladım, sonra isə Feysbukda davam etdirdim. Sonralar video formatında çəkilişlər etdikdə isə onları Yutub kanalımda yayımladım. Əgər bunları özüm üçün çəkib saxlasaydım, təbii ki, heç kim gorməyəcəkdi. Ona görə də sosial şəbəkələr bu işdə mənim üçün əsas paylaşım və təqdimat vasitəsi rolunu oynadı.

- Vahid bəy, fotoqrafiyaya marağınız necə yaranıb?



- Hərbi xidmətdən qayıdandan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə qəbul olundum. Əslində, universitetə qəbul olunanda fotoqrafiya ilə heç bir bağlılığım yox idi. Uşaqlıqdan rəsm çəkməyi sevdiyim üçün memarlıq fakültəsini seçmişdim. Universitetdə təhsil aldığım müddətdə çəkdiyim rəsm əsərləri ilə fərdi sərgim də keçirilmişdi. Ancaq bu da məni özünə o qədər də cəlb etmədi və II kursdan etibarən səyahətlər etməyə başladım. Həmin səyahətlər zamanı təbiətin qoynunda zaman keçirmək mənə çox xoş gəlirdi. Başa düşdüm ki, mənim yerim elə təbiətdir. Ona görə də universiteti dayandırıb fotoçəkilişlər etməyə başladım.  

"Gördüyüm işlərə dəyər verənlər çoxdur" 

- Bəs, ilk vaxtlar səyahətlər və çəkiliş avadanlıqları üçün maliyyəni hardan əldə edirdiniz?

- Birinci dəstək ailəmdən gəlmişdi. Sonra portretlər çəkməyə başladım və burdakı sifarişlərdən əldə etdiyim qazancla rəsm əsərlərini İnstaqramda paylaşmaq üçün bir fotoaparat aldım. Bir gün səyahətə gedəndə fotoaparatımı da özümlə götürdüm. Bir neçə dəfə çəkilişdən sonra gördüm ki, bu sahə mənə daha yaxındır. Şəkilləri çəkməyə və paylaşmağa başladıqca tanınır, sosial şəbəkələrdə müxtəlif rayonlardan oranın təbiətini tanıtmaq üçün dəvətlər alırdım. İndi də hansısa bir rayona getməzdən əvvəl paylaşım edirəm, azı 20-30 nəfər kömək etməyə hazır olduğunu bildirir. Bir dəfə hətta layihə üçün avadanlıqlarımı da satmışdım. Bu zaman fotoaparat da hədiyyə edənlər olmuşdu. Yəni gördüyüm işlərə dəyər verənlər çoxdur. Ancaq mən istəyərdim ki, hər kəs öz yaşadığı bölgənin, təbiətinin gözəlliklərinin tanınmasına can yandırsın.  



"Təbiət studiya deyil və istədiyin havanı ora gətirə bilməzsən" 

- Yaxşı nəticə əldə etmək çətin olur. Yəqin siz də hansısa çətinliklərlə qarşılaşmısınız?

- Bəzən axtardığım kadrı tutmaq üçün həftələrlə gözləyirəm, bəzən də bir neçə saat çəkir. Çünki təbiət studiya deyil və istədiyin havanı ora gətirə bilməzsən. Buna görə də gözləmək lazımdır. Çətinliklər isə daha çox fiziki cəhətdən olur. Çünki yuxarı qalxdıqca oksigen azalır, yükümüz də ağır olur. Çadırda gecələməli olduğum üçün çox hadisələr yaşamışam. Amma bunlar başıma tez-tez gəldiyinə görə mənim üçün adiləşib. Bir dəfə çoban itləri canlı yayımda olarkən hücum ediblər. Bir neçə dəfə də ayı ilə üz-üzə gəlmişdim. Hələ bir kadrı tutmaq üçün iki gün ancaq su ilə qidalandığım vaxtlar da olub. İki dəfə təxminən 10-15 metr məsafədə ayı ilə göz-gözə gəlmişəm. Amma yaxşı ki, ayı qaçdı.

- Fotoqrafiya sahəsində özünüzə kimlərisə rəqib görürsünüzmü?

- Əslində, Azərbaycanda təbiət şəkilləri çəkən fotoqrafların sayı çox olmadığı üçün kimisə özümə rəqib görmürəm. Mənim əsas məqsədim xaricilərin fotolarından daha yaxşılarını alındırmaqdır.

- "Samsung" reklamına video çarx çəkmisiniz. Necə oldu ki, bu işi sizə təklif etdilər?

- "Samsung" şirkəti çəkilişlərimi bəyənib və yeni çıxan 8K TV-nin reklam çarxını təbiətlə əlaqələndirmək istəyib. Bunu da mənə həvalə etmək istədilər. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Yaxşı bir iş ortaya çıxdı.

- Daha hansı şirkətlərlə işbirliyiniz var?



- Hazırda bir neçə kontraktlarımız var, ancaq tam təsdiqlənmədiyi üçün açıqlaya bilmirəm. Qeyd edim ki, bizim "Go sport" və "Pasha travel"lə də birgə layihələrimiz olub.

- Foto və videoların yüksək keyfiyyətli alınması üçün hansı avadanlıqlardan istifadə edirsiniz?

- Hazırda mən "Sony" və "Dron" kameralarından istifadə edirəm. Ancaq hər çəkilişdə kamera o qədər də əhəmiyyət daşımır. Yalnız 8K-nı çəkəndə güclü avadanlıqlara ehtiyac olur. Çünki o effekti adi kameralar vermir.

"Azərbaycanın bütün bölgələrini gəzdikdən sonra dünya səyahətinə çıxmağı planlaşdırıram"

- Dediniz ki, işinizi alqışlayanlar çox olub. Bəs, qarşınızda dayananlar necə?

- Qarşımda yalnız çətinliklər dayanıb. Xoşbəxtəm ki, insanlardan daima dəstək görmüşəm və həmin çətinliklərin öhdəsindən birgə gəlmişik.

- İrəlidə daha hansı planlarınız var və nələr gözləyirsiniz?

- Azərbaycanın bütün bölgələrini gəzdikdən sonra dünya səyahətinə çıxmağı planlaşdırıram. Gözlədiyim bir vacib nüans var. O da layihəmin rəsmi şəkildə tanıdılmasıdır. Əgər belə olsa, mən də işlərimi daha yüksək səviyyədə həyata keçirə bilərəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.