525.Az

“Hüseyn Cavid. Əsərləri” kitabının Türkiyə nəşrinin Bakıda təqdimatı keçirilib

[17.11.13]
“Hüseyn Cavid. Əsərləri” kitabının Türkiyə nəşrinin Bakıda təqdimatı keçirilib<b style="color:red"></b>

SONA VƏLİYEVA: “BU NƏŞR HÜSEYN CAVİDİ YENİDƏN ARAŞDIRMAĞA GENİŞ FÜRSƏT YARADIR” 

Ötən gün Milli Elmlər Akademiyasında Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü ilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda işıq üzü görmüş “Hüseyn Cavid. Əsərləri” (İlk Türkiyə nəşri 2013) adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli mütəfəkkirin həyat və yaradıcılıq yolundan ətraflı söhbət açıb, kitabın əhəmiyyətini vurğulayıb: “Hüseyn Cavid XX əsrin əvvəllərində yaşayıb-yaradan, ədəbiyyatımızda böyük xidmətləri olan, öz məktəbini yaradan görkəmli sənətkardır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının banisidir. Azərbaycan ədəbiyyatında romantik meyillər uzun əsrlər mövcud olub, amma etiraf etmək lazımdır ki, bu cərəyanın əsas yaradıcısı və ən böyük zirvəsi Hüseyn Caviddir. O, Azərbaycan ədəbiyyatına mənzum dramaturgiyanı gətirib. Hüseyn Cavid həm də Azərbaycan ədəbiyyatının fəlsəfəsini yaratmağa nail olub. Cavidin irsi Azərbaycanda bir əsrdir ki, öz sağlığından etibarən nəşr olunur. 1913-cü ildə ilk dəfə “Keçmiş günlər” kitabı çıxıb, 100 il sonra 2013-cü ilə qədər çap olunan nəşrlər içərisində Türkiyədə nəşr olunan bu kitab çox möhtəşəmdir”.

İ. Həbibbəyli nəşrin bir sıra özünəməxsusluqları haqqında fikirlərini  tədbir iştirakçıları ilə bölüşüb: “Birincisi, bu nəşrdə  vurğulanıb ki, Cavidin həyatı, tərcümeyi-halı Türkiyə ilə möhkəm şəkildə bağlıdır. Cavid İstanbul Universitetində təhsil alıb. Onun böyük müəllimləri içərisində Rza Tofiq kimi insanlar olub. Hüseyn Cavidin həyatında həm müsbət, həm də gərginlik, faciə mənasında türk düşüncəsi özünəməxsus yer tutub.  Hüseyn Cavid Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən böyük sənətkardır. Türk ədəbi mühiti onun yaradıcılıgına böyük təsir göstərib, amma onu da qeyd edək ki, sonralar Hüseyn Cavidin pantürkist olaraq damğalanması da bu faktorun onun taleyində necə acı bir yer tutduğunu da aydın göstərir. Bu anlayışda əslində Cavid fəlsəfəsinin, Cavid varlığının mahiyyətini müəyyən edir. Ona görə də hesab edirəm ki, “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında çap olunan bu kitab Türkiyədə Hüseyn Cavidə ucaldılan ən böyük abidədir. Bu kitab, demək olar ki, Cavidin bütün yaradıcılığını əhatə edir. Burada onun məşhur 9 dram əsəri, eləcə də məşhur şeirləri öz əksini tapıb. Hətta Türkiyədə yazmağa başladığı əsərlər də bu kitabda öz əksini tapıb. Burada verilən şeirlər düzgün seçilib, onlar Cavid məfkurəsini, Cavid ucalığını, Cavid şeiriyyətini tamamilə əhatə edir. Burada Türkiyə həyatını əks etdirən şeirlər də özünəməxsus yer tutur. Kitab Hüseyn Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Bu nəşr Hüseyn Cavidin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir. Hesab edirəm ki, bununla Cavidşünaslıqda yeni bir mərhələ başlayacaq”.

İ.Həbibbəyli bildirib ki, Türkiyə ədəbiyyatının Azərbaycanda, eləcə də Azərbaycan ədəbiyyatının Türkiyədə təbliği məqsədilə ən azı 10 cildlik antologiyanın nəşrinə ehtiyac var. Millət vəkili bu kitabı həm də hazırda kuliminasiya zirvəsində olan Azərbaycan-Türkiyə münasibətlərində yeni körpü kimi dəyərləndirib.

İ.Həbibbəyli çıxışında həmçinin ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid irsinə olan diqqət və qayğısından, onun nəşinin Azərbaycana gətirilməsində müstəsna rolundan söz açıb.

Mərasimdə filologiya elmləri doktoru, professor Kamran Əliyev mütəfəkkirin yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib. Alim qeyd edib ki, bu nəşr Hüseyn Cavidi yenidən araşdırmağa geniş fürsət yaradır.

Sonra çıxış edən Kaspi Təhsil Mərkəzinin rəhbəri, Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin müəllifi Sona Vəliyeva bildirib ki, Cavidin irfan adamı olması doğulandan taleyinə mənəvi kodla şifrələnib: “Onun yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra təsadüflərə şübhə etməyə başladım. Onun dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Allahın yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. H.Cavidin İstanbula getməsi və təhsil alması isə onun dünyagörüşündə mühüm rol oynayıb”.

Sona Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltdırdı və bu, Hüseyn Cavidə olan məhəbbətin, ehtiramın göstəricisi idi. Layihə müəllifinin rəhbərinin fikrincə, bu kitabın Hüseyn Cavidin tədqiq edilməsində böyük rolu olacaq.

Kitabın tərtibçisi, “Yerə enməm də səma şairiyəm” adlı önsözün müəllifi tədqiqatçı-ədəbiyyatşünas Azər Turan çıxışında bildirib ki, Hüseyn Cavidin kitabının nəşr olunma ideyası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova məxsusdur: “Min səhifəyə yaxın kitabın nəşr xərclərini “Kaspi” Təhsil Mərkəzi və “Kaspi” qəzeti çəkdi ki, bu da Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmətdir. Ümumiyyətlə, Cavid əfəndinin kitabının indiyə qədər Türkiyədə çap olunmamasını Türkiyə cəmiyyəti üçün kəsir kimi qiymətləndirmək olardı. Qardaş ölkədə bir çox azərbaycanlı ədiblərin kitabları çap olunub. Təəssüf ki, bu sırada Cavid əfəndinin kitabı yox idi. Bu məsələ məni narahat edirdi və nə yaxşı ki, Cavidin kitabı ən yüksək səviyyədə çap olundu. Hüseyn Cavid ortaq türkcənin şairidir. Cavidin dili nə tam türk dili, nə də tam Azərbaycan dilidir. Biz kitabı nəşr edəndə bu məqamı diqqətdə saxladıq. Çünki Cavid əfəndinin vəsiyyəti var ki, imlama toxunmayın. Mən də çalışdım ki, onun imlasına toxunmayım. Türkiyənin məşhur “Küsena Yayınları”nın nəfis tərtibat və xüsusi zövqlə nəşr olunan  kitabda diqqətə  çatdırmağa çalışmışıq ki, Türkiyəyə Hüseyn Rasizadə ismi ilə gələn iyirmi dörd yaşlı gənc naxçıvanlıda İstanbul yeni düşüncə formalaşdırdı, onu irfan və Turan düşüncəsinin, türk millətçiliyi zehniyyətinin fədaisinə döndərdi və ən başlıcası, İstanbul Azərbaycandan Hüseyn Rasizadə olaraq aldığını Azərbaycana Hüseyn Cavid olaraq geri verdi”.

Təqdimat mərasimində millət vəkili Elmira Axundova, Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan çıxışlarında Hüseyn Cavidi klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkar kimi səciyyələndirərək onun yaradıcılığı janr və forma cəhətdən zəngin olduğunu qeyd ediblər: “Hüseyn Cavid lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Cavid dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. Böyük ədibin əsərlərindən açıq-aydın görmək olar ki, o, bəşər övladını xoşbəxt və bəxtiyar görmək istəyib. Özünün də dediyi kimi, onun Tanrısı gözəllik və sevgi olub. Onun üçün milliyyətindən, dinindən və mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın bəxtiyarlığı nəticə etibarilə millətlərin, son nəticədə isə bəşəriyyətin bəxtiyarlığıdır. Hüseyn Cavid yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdirib”.

Qeyd edək ki, kitabın birinci hissəsində Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Xəyyam”, ikinci hissəsində isə ədibin İstanbul Universitetində təhsil aldığı illərdə yazdığı “Maral”, “Uçurum”, “Afət” pyesləri yer alıb. Nəşrdə Hüseyn Cavidin 30 şeiri, “Azər” poemasından parça,  “Müharibə və ədəbiyyat” məqaləsi, həmçinin müxtəlif fotoşəkillər toplanıb.

Sevinc MÜRVƏTQIZI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.