525.Az

Əgər bu dünya özü elə nağıldısa... - Cahangir Məmmədli ilə blits müsahibə

[27.01.20]
Əgər bu dünya özü elə nağıldısa... - <b style="color:red">Cahangir Məmmədli ilə blits müsahibə </b>

Bu günlərdə 78 yaşını qeyd edən görkəmli elm xadimi, müəllim və jurnalist Cahangir Məmmədli ilə blits müsahibə 

- Bir çox titullara malik Cahangir Məmmədli özü-özünü necə təqdim edərdi?

- Ömrünün bu ahıl çağında Qarabağ, Novruzlu dərdi yaşayan bir zavallı kimi.

- Sizi hansı müğənni konsertinə cəlb edə bilər?

- Mənsum İbrahimov, Alim Qasımov və Emin Ağalarov.

- Dünənin və bu günün jurnalistikası: hansına üstünlük verərdiniz?

- Bu günün jurnalistikası dünənki jurnalistikanın imitasiyasıdır.

- Bədii ədəbiyyata güclü meyli olan bir adam kimi hansı yazıçını ustad hesab edirsiniz?

- Altmışıncıların hamısını.

- Jurnalist tələbələr üçün, onların əsl peşəkar kimi yetişəcəyinə kömək edə biləcək hansı dərsliyi məsləhət görərdiniz?

- O dərslik hələlik yazılmayıb.

- Ömrünüzün yarıdan çoxunu Bakı Dövlət Universitetində keçirmisiniz. Bu universitetin dünəni və bu gününü necə müqayisə edərdiniz?

- Bu universitet dünən də, bu gün də mənim üçün müqəddəs bir məkandır - bütün uğurları və kəm-kəsirləri ilə.

- Metro qatarından istifadə edirsinizmi, orada yeni nə görürsünüz?

- Əvvəllər metro qatarında "Klimat" ətrinin qoxusu vardı, indi bu qoxu avtomobillərə köçüb.

- Atalar sözünə necə baxırsınız?

- Mən ataları öz sözündə həmişə uzaqgörən görmüşəm, amma "Yazıya pozu yoxdur" məşhur deyimi indi öz dəqiqliyini itirdi, çünki internet sübut elədi ki, yazıya da pozu var.

- Kitab, yoxsa internet?

- Müqəddəs kitablar qeybdən gəldi, kitaba sevgi də bir gün yenidən qeybdən gələcək.

- Telekanallarda sizə maraqlı gələn ən böyük yenilik?

- İnformasiyanı internetdən köçürüb "özününküləşdirmək".

- "Səhnədə divardan tüfəng asılıbsa, tamaşanın sonunadək mütləq açılmalıdır". Doğurdanmı?

- Bəli, bu, bir həqiqətdir - amma yeni variantda: güc dövlətləri nüvə silahını harasa yerləşdiriblərsə, o, mütləq haçansa işə salınmalıdır.

- Orta məktəb, universitet, aspirantura... ən böyük müəlliminiz kim oldu?

- Kitablar və onları mənə sevdirən Şirməmməd Hüseynov

- Ən maraqlı yazılarınızı harda yazırsınız?

- Metro qatarında və bir də uzaq yolu tək getdiyim avtomobilin sükanı arxasında

- Bala şirindi, yoxsa nəvə?

- Kimsə etiraf etməyə bilər, amma nəvəyə sevgi baladan gəlir.

- İndi dəbə minmiş bir sual: Lirika, yoxsa fizika?

- Fizikanı tarixən lirikaya qurban verməyimiz bizi asılı vəziyyətə gətirib çıxarıb.

- Nağıllar gerçək ola bilərmi?

- Əgər bu dünya özü elə nağıldırsa, suala müsbət cavaba ehtiyac qalmır

- Allahmı, təbiətmi insana uzağı yüz illik bir ömür verir, az deyil ki?

- Allahmı, təbiətmi hər şeyi dəqiq hesablayır. İraq olsun, insana həddindən artıq ömür verilsəydi, paxılların, vicdansızların əlindən dünya zinhara gələrdi.

- Paxıllıq nədir?

- Alçaq insanın xisləti.

- Şəhər, yoxsa kənd?

- İnsana gərək olan üç mühüm şey - hava, su, çörək - bunların üçünün təbiisi az-çox indi yalnız kənddədir.

- Xarakterinizdə sizi ən çox narahat edən nə var?

- Heç kimə, heç nəyə inanmamağım.

- Texnologiyanın bu sürətlə inkişafı bizə nə vəd edir?

- İnfantillik.

- Ən çox sevdiyiniz söz?

- "Söz" sözünün özü.

- Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz əsər?

- Anarın "Mən, sən, o və telefon" hekayəsi.

- Xatirələrinizdə ən çox kök salan hadisə?

- Şuşanın bir yay günündə IV kurs tələbəsinin onuncu sinif şagirdini gördüyü an.

- Nə ilə yazmağı xoşlayırsınız - qələm, yoxsa kompüter?

- Qələmlə, çünki Qurani-Kərim qələmlə yazılıb və qələm müqəddəs anlayışdır.

- Aristofana görə, "Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır", daxilən rahatsız?

- Narahatlığa səbəb olan onlarca fakt rahatlığa imkan vermir.

- İğtişaşların, terrorun, qətllərin, nüvə təhdidlərinin gündəlik hal aldığı bir zamanda, sizcə, dünyanı nə xilas edəcək?

- Məşhər ayağına az qalıb. Bütün pislikləri məhv edib dünyanın yenidən yaranması məşhərdən başlayacaq.

- Lələ köçüb, yurdunda kim qalıb?

- Qaçqın və köçkün dünyasında yurdda kimsə qalmayıb.

- Peşmanlıq hissi sizin üçün nə ifadə edir?

- Etiraf və peşmançılıq güc əlamətidir.

- Keçmişə qayıtmaq şansınız olsaydı, nəyi təkrar etməzdiz və ya edərdiniz?

- Şəhər həyatına düşmək istəməzdim. MDU-da oxuyardım.

- Cahangir Məmmədli üçün xoşbəxtlik nədir?

- Bu suala ən yaxşı cavab xalq deyimindədir: İçi məni yandırır, çölü özgəni.

- Ən çox kimə inanırsız?

- Heç kimə. Ümidim Allahadır.

- Necə düşünürsünüz: yaxşı jurnalist olmaq Tanrının bəxş etdiyi istedad sayəsindədir, yoxsa buna zəhmətlə nail olmaq olar?

- Bir Türkiyə nəzəriyyəçisinin sualıdır: "Jurnalist doğulurmu, olurmu?" Tanrı vergisi olsa, ona zaval yoxdur.

- Ürəyinizdə həyata keçirə bilmədiyiniz arzunuz qalıbmı?

- Bütün arzularımın üstündən bir xətt çəkib yalnız "Qarabağ" sözünü saxlamışam.

Müsahibəni yazdı: Esmira RÖVŞƏN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.