525.Az

"Rejissor işi xam torpaqlarda addımlamaq kimidir" - Müsahibə

MİR SAHİB AĞAZADƏ: "TAMAŞAÇILARIN BÖYÜK ƏKSƏRİYYƏTİ YARADICI PROSESƏ EMOSİONAL MÜSTƏVİDƏN BAXIR"


[23.01.20]
"Rejissor işi xam torpaqlarda addımlamaq kimidir" - <b style="color:red">Müsahibə </b>

Bu yaxınlarda Tanınmış rejissor, aktyor Mir Sahib Ağazadə ilə görüşüb gördüyü, görmək istədiyi işlərdən, ustadı, mərhum rejissor Vaqif İbrahimoğludan və bir sıra başqa mətləblərdən danışdıq: 

- Mir Sahib bəy, bu yaxınlarda baş tutan "Qəfil gün doğsa bir gecə" konserti fərqli reaksiyalarla qarşılaşdı. Ümumilikdə, bu konsertlə bağlı sizin sonrakı təəssüratlarınız necədir?

- Mən "Qəfil gün doğsa bir gecə" konsert-tamaşası haqqında mənfi bir söz eşitməmişəm. Bircə bunu eşitmişəm ki, deyirlər: "Ramiz Rövşən irfan şairi deyil, amma konsert-tamaşada bəstənilən mahnılar və aktyorların ifası üçün seçilən şeirlər bu istiqamətdə idi". Bizim, ümumiyyətlə, belə bir məqsədimiz olmayıb. Çünki irfan mövzusu olduqca dərin mövzudur və bu təqdimatı edəcək şəxslərin hər birinin həyatında da özünü göstərməlidir. Yox, əgər bu konserti bəzmi-irfan hesab edənlər olubsa, onda xoş halımıza (gülür).

Təəssüratım təbii ki, gözəldir. Təəssüflə qeyd edəcəyim məqamlar da var. Bu da yaradıcı insanların daim yanğı ilə vurğuladığı problemlərdir. Yerli sənət adamlarına, ələlxüsus daha ciddi, elitar sənət nümayəndələri ilə əcnəbi sənətçilər arasında fərq qoyulur. Təşkilatçılıqdan, sponsor dəstəyindən tutmuş, ən sadə səhnə fəhləsinin münasibətinə qədər bu fərqi görürük. Amma bütün bunlara baxmayaraq, peşəkarlıq, səmimiyyət və Ramiz Rövşən poeziyası tam fərqli bir aura yaratdı. Bir az nisgil, bir az sevgi, bir az da yumor-satira.

- Vaxtilə ustadınız Vaqif İbrahimoğlu da Ramiz Rövşən yaradıcılığına müraciət etmişdi.

- Bəli. İlk olaraq Vaqif İbrahimoğlu Ramiz Rövşənin şeirlərinə səhnələşdirmə yazıb və bu səhnələşdirmə əsasında tamaşa hazırlayıb. Bunu Ramiz müəllim "Qəfil gün doğsa bir gecə" adlı konsert-tamaşanın finalında da qeyd etdi. Təbii ki, Vaqif müəllimin hazırladığı tamaşa bütövlükdə YUĞ poetikası əsasında idi. Sözün plastikası, yenə də söz və hərəkətin irfani-fəlsəfi transformasiyası. Bizim hazırladığımız konsert-tamaşa isə iddiasız, daha çox mahnılara köklənən və birbaşa Ramiz Rövşən poeziyasının kodlarına istiqamətlənən yaradıcı gecə idi.

- Son zamanlar cəmiyyət, xüsusən yaşlı nəsil gənc rejissorların yetişmədiyindən, gənclər isə dəstək görməməkdən şikayətlənirlər. Sizə görə bu konfliktin mənbəyi nədir və həllini nədə görürsünüz?

- Mən heç biri ilə razı deyiləm. Gənc rejissorlar da yetişir, işləri və nailiyyətləri ilə gündəmə də gəlirlər. Sadəcə cəmiyyətin fərqli dəyərləndirmə meyarları var. Kütlə üçün, ümumiyyətlə, rejissura anlayışı yox səviyyədədir. Onlar üzdə olan prosesi, yəni aktyor, müğənni və aparıcının timsalında təqdimatı görürlər. Ona qədərki yaradıcı proses onlar üçün maraqlı deyil. Hər şeyə zahiri proses baxımından qiymət verirlər. Müəyyən qismi isə vizual tərəfdən dəyərləndirir. Geyimlər, səhnə tərtibatı, gözoxşayan işıq həlli və sair. Az bir qism tamaşaçı var ki, sənətə birbaşa sənət kimi qiymət verə bilir. Ədəbi materialı da, rejissor yozumunu, bədii həllini də, aktyorun oyununu da insafla, obyektiv dəyərləndirir. Rejissor tamaşaquran, tədbirquran deyil. Rejissor işi bir tərzdir, fərqli təfəkkürdür, xam torpaqlarda addımlamaq kimidir. Yoxsa istənilən adam aşağı-yuxarı bədii yaradıcılıqda özünü rejissor saya bilər. Çünki yuxarıda qeyd etdiklərim yoxdursa, bu məmləkətdə "serialçəkən", "tamaşaqoyan", "tədbirquran" rejissor olmaqdan asan iş yoxdur. Bir kəlmə ilə desəm, mən, ümumiyyətlə, bu mövzuda konflikt görmürəm. Rejissorların yaşlısı da, cavanı da öz işi ilə məşğuldurlar. Əgər işləri iş, özləri də rejissordursa.

- Bir rejissor kimi səhnə əsərlərinizdə çatdırmaq istədiyiniz konkret ümumi mesaj varmı, yoxsa hər əsərin, tamaşanın öz mesajı olur?

- İstənilən əsərin ideya xətti və bu ideya ilə bərabər rejissorun tamaşaya təyin etdiyi ali məqsədi olur. Ümumiyyətlə isə mənim həm həyat, həm də yaradıcı paradiqmam yaradılışdan insana bəxş olunan pak fitrətə müdaxilə olunmamasıdır. Doğulandan bizə üfürülən pak ruha, fitrətə eybəcər əməliyyatlarla müdaxilə etməsək, hər hansı maarifləndirməyə, tamaşaya, moizəyə, çağırışa, ali məqsədə dəvətə ehtiyac qalmayacaq.

- Sizcə, Vaqif İbrahimoğlu Azərbaycan mədəniyyətində nəyi dəyişdi?

- Vaqif İbrahimoğlu Azərbaycan mədəniyyətində heç nəyi dəyişmədi. Sadəcə öz həqiqi mədəniyyətimizə qayıtdı. Ən azı "Salam", "Oğul", "Gəl gedək"lə.

- Tələbəsi olaraq Vaqif müəllimin unutmadığınız tövsiyəsi varmı?

- Var təbii ki. Ən gözəl tövsiyəsi bu idi: "Yadında saxla, ən pis tamaşa belə uğursuzluq deyil. Çünki bu yolda bəlli bir proses baş verib. Önəmli olan isə nəticə deyil, prosesdir".

Bu arxayınlıq və ya biveclik yaratmır insanda qətiyyən. Əksinə, önəmli olan prosesin praktik emanasiyasını dörd gözlə gözləyirsən və hər an baş verə biləcəyi həsrətindəsən.

Bir də müəllimin ən gözəl tövsiyəsi bu idi ki, "dünya da dağılsa, özün olmaqdan, özün kimi yaratmaqdan vaz keçmə". Bu iki tövsiyə mənim üçün çox dəyərlidir və hər zaman bunlara əməl edirəm.

- Siz həm də aktyorsunuz. Aktyorluq sənətinin indiki durumunu necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, Azərbaycanda yaradıcılıq sahəsini, ələlxüsus teatr və kino sahəsini orta-aşağı kimi qiymətləndirirəm. Bədii yaradıcılıqda bəs qədər problemlər var. Tərz-təfəkkürdən tutmuş, rejissor-aktyor məktəbi, PR, marketinqə qədər.

Aktyor kimi fasilələrlə fəaliyyət göstərirəm. Çünki tanınmaq, seçilmək kimi bir iddiam yoxdur. Təbiətim, əqidəm belədir. Mən asılılığı sevmirəm. Tamaşaçı rəğbətindən, diqqətindən uzaq qalmamaq kimi bir qorxum da yoxdur. Zaman-zaman film, serial və kompozisiyalarda aktyor olaraq yer alıram. Bəyəndiyim, sevərək işlədiklərim də olur, peşə gərəyi öhdəmə düşəni lazımınca yerinə yetirib neytral yanaşdıqlarım da.

Aktyorluq çox böyük sənətdir. Təəssüf ki, bizdə oyun-oyuncağa dönüb. İstənilən adam bircə dəfə seriala çəkilib özünü aktyor kimi təsdiq olunmuş hesab edir. Dərd də orasındadır ki, kütlə və yaradıcı mühit də onları həzm etməyə başlayır. Mənə görə üç kateqoriya aktyor var Azərbaycanda: Yuxarıda qeyd etdiyim təsadüfı adamlar, yəni həvəskarlar; Peşəkar kimi görünüb həvəskar səviyyədə qalanlar; Peşəkarlar. Amma tamaşaçı bu üç kateqoriyanı o qədər də fərqləndirə bilmir.

- Siz bununun səbəbini nədə görursünüz, tamaşaçı nə üçün fərqləndirə bilmir? Əvvəl fərqləndirirdi, indi fərqləndirə bilmir, yoxsa elə əvvəldən olub bu problem?

- Ümumiyyətlə, tamaşaçıların böyük əksəriyyəti yaradıcı prosesə emosional müstəvidən baxır. Anında baş verən oyuna atifi, yəni zahiri hissiyatı ilə reaksiya verir. O anda kimin həvəskar, kimin yarıpeşəkar və ya peşəkar olduğunu tam ayıra edə bilmir. Amma müəyyən narahatçılığı olur. Sadəcə "filankəs yaxşı oynayır, filankəs bir az qurudur" kimi ifadələrlə aktyor oyununa, baş verən prosesə qiymət verir. Çox az sayda tamaşaçı var ki, ilk baxışdan aktyorların peşakar, ya qeyri-peşəkar olduğunu dəyərləndirə bilir. Bu dəyərləndirmə isə əsasən zövq, cazibədarlıq və ustalıq baxımından sənətə və sənətçiyə verilən qiymətdən ibarət olur. Təbii ki, bu prosesdə rejissor həlli, dramaturji materialın və operator işinin də çox böyük təsiri var. Bəzən yuxarıda qeyd etdiyim tərəflər ən peşəkar aktyorları belə bəsit, həvəskar və hətta eybəcər formada təqdim edirlər təəssüf ki. Vizual sənət həm insan, həm də geyim və məkan baxımından maraqlı faktura tələb edir. Nəinki vizual, ümumiyyətlə, hər bir sənət. Sadəcə kino və serialda qeyd etdiyimiz məsələlər daha qabarıq gözə çarpır. Çəkilən film və seriallarımız kasıb yox, heç kim inciməsin, mən deyərdim ki, dilənçi səviyyəsindədir. Çünki Azərbaycanda bu sahədə marketinq, prodüser institutu yoxdur. Sponsor paketləri çox gülməli formadadır. Türkiyəni misal gətirəndə bəzi adamlar onların dünyaya açıq, bizim isə uzun illər qapalı sovet cəmiyyətində yaşamağımızı bəhanə gətirirlər. Halbuki Türkiyədə kino və serial sektoru 2000-ci illərdən aktiv prosesə başlayıb və çox qısa zamanda sıçrayış edib. Aramızda olan iki əsas amil var. Birincisi, maştab fərqi. Səksən milyonluq Türkiyə müqabilində on milyonluq Azərbaycan. Bizi fərqləndirən ikinci və ən əsas cəhət isə qardaş ölkədə bu sektorda dəqiq, düzgün hesablanmış mexanizmə əsaslanan bir sistemin olmasıdır. Belə bir sistemdə küçədən keçənlə peşəkar teatr aktyoru bir çəkiliş meydançasında olsalar belə nə özləri, nə də tamaşaçı bundan narahat olur və fərqi hiss edirlər.

- Aktyor hər zamanmı rejissora tabedir?

- Aktyor və rejissor inzibati sahənin adamları deyillər ki, biri digərinə tabe olsun. Bu, yaradıcılıqdır. Yaradıcılıq zamanı mübahisələr, müzakirələr və gərginlik təbiidir. Amma hər iki tərəf təkəbbürdən uzaq olub güzəştə getməyi bacarmalı, məntiqli və daha ifadəli olanı effektiv yaradıcı proses naminə qəbul etməlidir. Yox illah ki, tabeçilikdən söhbət gedərsə, onda səhnədə nəinki rejissor, hətta direktor, bütün teatr və teatr sektoru da aktyora tabedir. Çünki aktyor tamaşa vaxtı, o məqamda nə istəsə edə bilər. Və bunu peşəkar, təsirli təqdimatla edərsə, tamaşaçının ruhu da inciməyəcək. Dramaturqun nə yazdığı, rejissorun nə yozduğu onun umrunda da olmayacaq. Bunları ona görə qeyd edirəm ki, teatr rəhbərliyi və rejissurada siz deyən tabeçilik, despotizm davam etdiyi müddətcə hansısa sərbəst və həqiqi yaradıcılıqdan söz gedə bilməz. Eyni zamanda, bunun əksi olduğu təqdirdə aktyorun sui-istifadəsi və bivecliyi də yolverilməzdir.

- Quruluş verdiyiniz əsərlərdə əsasən coşqun dinamika və hərəkətlilik müşahidə olunur. Bu, daxili xarakterinizdən qaynaqlanır, yoxsa keçdiyiniz məktəbdən?

- Həyatımız o qədər hərəkətli, dinamik olub ki, insanlar 30 saniyəlik işıqforda dayana bilmir. Təsəvvür edin ki, 30 saniyə səbr edə bilməyən bir insan teatrda iki hissədən ibarət, 3 saatlıq, hər personajın ən azı 10-15 dəqiqə monoloq tolazladığı bir tamaşaya baxır. Təbii ki, baxmayacaq və baxmamalıdır da. İstəsək də, istəməsək də cəmiyyətin tempi ilə ayaqlaşmaq məcburiyyətindəyik. Amma tamaşa və tədbirlərdə mənim hərəkətli, temparitmi yüksək quruluşum məcburiyyətdən irəli gəlmir. Düşünürəm ki, proses zamanı tamaşaçı bir an belə saatına, telefonuna və ya başqa bir tərəfə yayınmamalıdır. Buna həm tamaşanın həlli, həm xronometrajı, həm də müəllimimin ikinci tövsiyəsinə əməl edərək nail olmağa çalışıram.

Ən azı ürəyimizin döyüntüsü qədər temp olmalıdır tamaşada.

- Fikrinizdə, arzularınızda yaşatdığınız əsər və ya layihə varmı?

- Məni hər zaman üzən yuxarıda da qeyd etdiyim kimi yerli sənət adamlarına olan inamsızlıqdır. Ölkədə böyük, beynəlxalq səviyyəli tədbirlər, yarışmalar və sair xaricdən dəvət olunan rejissor və yaradıcı heyətə həvalə olunur. Amma bizim yetəri qədər zövqlü, istedadlı, dünya səviyyəsində təqdimatlar etməyi bacaran sənətçilərimiz var. Sadəcə müəyyən səbəblərdən ya imkan yaradılmır, ya da elə görüntü yaradılır ki, guya bizdə o səviyyədə rejissor, işıq rəssamı və başqaları yoxdur. İstəklər çoxdur. Etnocaz janrında musiqi həlli olan xoreoqrafik bir müzikl hazırlamaq istərdim. Həm musiqiçilər, həm də aktyor oyunu baxımından bu iş üçün tam potensial var. Bu yaxınlarda Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsində Xalq artisti Məmməd Səfa Qasımovun rəhbəri olduğu 4-cü kurs tələbələrinin diplom tamaşasına quruluş vermişəm. Böyük Hüseyn Cavidin "İblis" faciəsinə müraciət etmişik. İddialı olsa da qeyd edim ki, bu günə qədər universitet tarixində heç vaxt "İblis" əsəri qurulmayıb. Özü də tam fərqli və müasir üslubda. Əslində, bu əsərə çoxdan quruluş vermək fikrim var idi. Qismət tələbələrlə hazırlamaq imiş. Amma istərdim ki, "İblis"i daha böyük səhnədə və peşəkar aktyor heyəti ilə hazırlayım. Ola bilər bir müddət sonra təklif gəlsə, paytaxt teatrlarının birində bu əsərə bir daha müraciət edim.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.