525.Az

Əvvəllər prokuror olmaq istəyən rəssam - Fotolar

GÜNEL RAVİLOVA: "ÇƏKDİYİM RƏSMLƏRDƏ ƏN ÇOX İNSANLARDAN İLHAM ALIRAM"


[23.01.20]
Əvvəllər prokuror olmaq istəyən rəssam - <b style="color:red">Fotolar</b>

Sosial şəbəkələrdə parlayanlar

Sosial şəbəkələr təkcə şou-biznes əhli üçün yox, incəsənətin ən müxtəlif sahələri ilə məşğul olan, öz istedad və bacarıqlarını ictimai rəyə, cəmiyyətə təqdim etmək istəyən gənclərə də geniş imkanlar açır. Son vaxtlar sosial şəbəkələrdə populyarlaşmağa başlayan belə istedad sahiblərindən biri də rubrikamızın növbəti qonağı, gənc rəssam Günel Ravilovadır.

Söhbət zamanı ondan sosial şəbəkələrin fəaliyyətindəki rolu barədə soruşanda bu sahədə Feysbuk platformasının ən əlverlişli məkan olduğunu və əsərlərini daha çox burada paylaşdığını dedi.

Qalanını isə öz dilindən eşidək...  

"Öz istedadını üzə çıxarmaq baxımından sosial media platformaları ən yaxşı vasitədir" 

-  Feysbuk mənim üçün həm də dostlarımla ünsiyyət qurduğum bir məkandır. Təkcə Feysbukda deyil, İnstaqramda, yerli və xarici saytlarda da mənim əsərlərim var. 20 ildən çoxdur, əsərlərim müxtəlif ölkələrdə - İtaliyada, Xorvatiyada, İspaniyada , Türkiyədə, Ukraynada muzeylərdə şəxsi kolleksiyalarda sərgilənir. Feysbukun bu sərgilərdə də əhəmiyyətli rolu var. Burada əsərlərimi görüb almaq istəyənlər, sərgilənməsinə şərait yaradanlar çox olur. Sosial şəbəkələrdə tanınandan sonra televiziyada çıxış etmişəm. Hətta qısametrajlı filmlərdə də iştirakım olub. Öz istedadını üzə çıxarmaq baxımından sosial media platformaları ən yaxşı vasitədir. Çünki insanlar ən çox burada vaxt keçirirlər, bəyəndikləri postları bir-biriləri ilə paylaşırlar, bu da adamın daha çox izlənilməsinə şərait yaranır. 

"Modelyer deyiləm ki, insanları paltarlı çəkim..." 

- Sizin əsərlərdə insan portretləri daha çox çılpaq şəkildə təsvir olunur. İzləyiciləriniz buna necə reaksiya verir?

- Mən hər dəfə deyirəm, modelyer deyiləm ki, insanları paltarlı çəkim. Allah insanı necə yaradıbsa, mən də onu o cür təsvir edirəm. Bu məsələdə müsbət rəylər mənfiləri üstələyir. Mənfi rəylərin çoxu sənəti başa düşməyənlərin fikirləridir. Leonardo da Vinçi, Rafael də çılpaq insan rəsmləri çəkiblər. Amma onları tənqid etmirlər. Bəlkə də bizdə bu, bir qədər mentalitetlə bağlıdır. Bəzən zarafatla deyirlər ki, heç olmasa bir əncir yarpağı da çəkərdiniz. Mən də onları başa salmağa çalışıram ki, doğulanda əncir yarpağı ilə doğulmamışıq, yəni bu, insanın təbii halıdır, burda utanılacaq heç bir şey yoxdur. 

"Əvvəllər prokuror olmaq istəyirdim" 

- Günel xanım, rəssamlığa marağınız necə yarandı?

- Mən rəssam ailəsində böyümüşəm. Anamın, atamın və babamın rəssam olmaları müəyyən dərəcədə mənə də təsir edib. Babam Əşrəf Məmmədovun mozaika, qrafika üslubunda olan əsərləri indi də sərgilərdə nümayiş edilir və bəyənilir. Anam da əvvəllər rəssam olub, sonradan AzTV-də rəssam kimi fəaliyyətə başlayıb. İndi isə rejissor kimi çalışır. Elə atam da tanınmış rəssam olub. Gözümü açandan boyaların qoxusu ilə böyümüşəm. Atam şəkillərini mətbəxdə çəkərdi, hərdən səhərə qədər işləyərdi. Bütün bunlar təbii ki, öz təsirini göstərdi. Düzü, əvvəllər prokuror olmaq istəyirdim (gülür). Amma düşünürəm ki, genlərdən gələn qabiliyyət olduğundan bu sahə məni özünə daha çox cəlb etdi. Hələ 3-4 yaşında olanda əl işlərimi televiziyada göstərirdilər. Bu, bir az da anamın təşəbbüsü ilə olurdu. 9 yaşımda olanda isə bir fabrikin məhsulu üçün armud şəkli çəkmişdim, həmin şəkil məhsulun üzərində verilmişdi.

"Var olan bir şeyi yaratmağa nə var ki..." 

- Özünüz də dediniz, valideynləriniz və babanız rəssam olub. Amma siz onların üslubundan - mozaika üslubdan kənara çıxmısınız. Niyə məhz surrealism üslubuna üstünlük verdiniz?

- Yox, atam da surrealism üslubunda çəkib. İlk dəfə atamın dostunun evində onun çəkdiyi şəkilləri görəndə başa düşdüm ki, bu mənim üslubuma çox yaxındır. Bir dəfə də ətçəkən maşını çəkmişdi, içindən ət əvəzinə adamlar çıxırdı. Deyəsən, mən də elə ona oxşamışam. İdeyam, fantaziyam daha çoxdur. Şəkilə baxaraq çəkməyi xoşlamıram. Onsuz da var olan bir şeyi yaratmağa nə var ki... Düşünürəm ki, fotoqraf o mənzərəni daha gözəl çəkə bilər. Amma görmədiyin əsəri yaratmaq çətindir. Çünki onun ideyası beyində yaranır.

- Bəs, bu əsərləri yaradanda ilham aldığınız xüsusi bir mənbə varmı?

-  Çəkdiyim rəsmlərdə ən çox insanlardan ilham alıram. Məsələn, hər hansı bir insanla görüşəndə, tanış olanda mütləq o, məndə hansısa bir təəssürat yaradır. Və mən gördüklərimi, hiss etdiklərimi canlandırıram. Bir də hər işə xüsusi mahnı seçirəm. Onda işləmək daha asan olur. Çünki hər rəsmin xüsusi bir melodiyası var. Bu mahnını bəzən çox gec tapıram. Əfsus ki, həmin şəkil bitəndən sonra mahnı da yadımdan çıxır.  

"Bütün xəyallarım qadınlarla bağlıdır" 

- Bir müsahibənizdə demisiniz ki, rəsmlərizin çoxu öz xəyallarınızın bəhrəsidir və onların hamısında nələrisə çatdırmaq istəmisiniz. Hansı xəyallarla yaşayırsınız?

- Əslində, bütün xəyallarım qadınlarla bağlıdır. Çəkdiyim əsərlərdə də gözəlliyi, bacarığı təsvir edirəm. Bir neçə əsərimdə ev canlandırmışam. Çünki məni bu dəqiqə narahat edən məqamlardan biri də odur. Məsələn, bir qız şəkili çəkmişəm, əlində ev saxlayıb. Burda həm bir növ öz evimin olması istəyini, həm də bir atalar sözünü çatdırmaq istəmişəm: niyyətin hara mənzilin ora...

- Qadın gözəlliyini əsərlərinizdə daha çox təsvir etməyiniz gözəlliyə pərəstiş etməyinizin göstəricidir?

- Mənə elə gəlir ki, çirkin qadın yoxdur. Ümumiyyətlə, həmişə insanlara baxanda sifətlərində fərqli bir gözəllik tapmağa çalışıram. Ya gözünün rəngində, ya dərisində bu auranı görə bilirəm. Sadəcə, baxımsız olan qadınlar var. Mənim yaradıcılığımda qadın gözəlliyi əsas yeri tutur. Çəkdiyim qadın rəsmlərinin çoxunun üzü ya yolda gedərkən gördüyüm, ya da başqa bir yerdə rast gəldiyim simalardır.  

"Kaş axtardığım gözəlliyi hər adamda tapa biləydim" 

- Axtardığınız gözəlliyi hər adamda tapa bilirsiniz?

- Kaş axtardığım gözəlliyi hər adamda tapa biləydim. Çoxunun üzünə baxanda artıq bilirəm ki, bu insanın xarakteri gözəlliyi ilə üst-üstə düşür, yoxsa bu gözəllik aldadıcıdır. Zahiri gözəlliklə daxili gözəllik çox vaxt eyni olmur. Rəsmi çəkəndə də bunları göstərmək lazımdır.

- Demək, yolda gördüyünüz insanın üzünü  yadınızda saxlayacaq qədər güclü yaddaşa da maliksiniz?

- Yaddaşım vizualdır, nəyinsə yadımda qalması üçün onu realda görməyim lazımdır. Amma insanların adını yadımda saxlaya bilmirəm.

- Bu günə qədər yaratdığınız əsərlərdən hansını özünüz daha çox bəyənirsiniz?

- Heç birini... (gülür) Hamısında bir çatışmazlıq tapıram. Həmişə kimsə soruşanda ya heç birini deyirəm, ya da hamısını. Bu bir az da anadan hansı uşağını çox istədiyini soruşanda, fərq qoymamaq üçün onun "hamısını" deməsinə bənzəyir.

- Bu o deməkdir ki, siz öz şah əsərinizi hələ yaratmamısınız?

- Elə də demək olar. Hər dəfə çalışmalıyıq ki, daha yaxşısı olsun. 

"Elə əsərlərim var ki, satılanda çox heyfislənmişəm" 

- Həftələrlə, aylarla vaxt sərf edib rəsm əsərini ərsəyə gətirirsiniz. Həmin əsər satılanda sizə necə təsir edir?

- Elə əsərlərim var ki, satılanda çox heyfislənmişəm. Çünki bizim əsərlərimiz uşaqlarımız kimidir. Biz onu başqasına versək də, həmişə yadımızda qalır. Düzdür, bir qədər pis olursan, amma bunu da bilirsən ki, kiminsə evinə rəng qatacaq.

- Kitab oxumağı xoşlayırsınız?

- Bəli, elə indi də masamın üstündə iki kitab var və onları oxuyub bitirməliyəm. Babam "Azərnəşr"də işləyib deyə evimizdə böyük bir kitabxana olub. Elə o vaxtdan kitablara maraq göstərməyə başlamışam. İndi də gördüyüm bütün kitabları oxuyumaq istəyirəm.

- Ali təhsilinizi rəssamlıq sahəsində almamısınız...

- Bəli, videynlərim mənə bu dərsləri onsuz da keçirdi. İstədilər ki, mən başqa sahədə təhsil alım. Azərbaycan Diplomatik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə də qəbul oldum, amma burda təhsil almadım.

- Təxminən 100-ə yaxın sərginiz keçirilib, bunlardan ən yaddaqalanı hansı olub?

- Bəli, sərgilərim çox olub. Ümumilikdə 100-dən çoxdur. 4 sərgim fərdi, 1 sərgim də solo şəklində olub. Ən yadımda qalanları isə Fransada keçirilən sərgi və Xorvatiyadaki olimpiadadır. Bakıda da maraqlı bir tədbir keçirilmişdi, orda xaricdən gələn rəssamlarla əsərlərimiz bir yerdə sərginlənmişdi və onlarla ünsiyyətdə olmuşduq. 2018-ci ildə Vüsal Rəhimlə birlikdə "Əsli və Kərəm" adlı duet sərgimiz keçirildi. Bu sərgidə onunla bir ailə rolunu canlandırmışdıq. 

"Bizdə çox yaxşı istedadlar var, ancaq onların işləməyə imkanları yoxdur" 

- Növbəti fərdi sərginiz nə vaxt üçün nəzərdə tutulur?

- Doğrusu, istəyirdim ki, bu il bir sərgim olsun. Hətta onu yanvar ayında etməyi planlaşdırırdım. Amma deyəsən, çatdıra bilməyəcəyəm. Bəlkə bu yaxınlarda nəsə oldu. Hələ ki, fikirləşirəm. Təzəlikcə bir sərgimiz Şirvanşahlar sarayında olub.  Amma yenə də yeniliyə maraq göstərir və 1-2 ay içində növbəti sərgi təşkil etməyi düşünürəm.

- Həm də Rəssamlar İttifaqının üzvüsünüz, bu işin içində olan biri kimi incəsənətin bugünkü vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bəli, artıq 10 ildən çoxdur, Rəssamlar İttifaqının üzvüyəm. İstəyərdim ki, bu sahəyə diqqət artırılsın, müəyyən şərait yaradılsın. Rəssamlara işləmək üçün stimul vermək lazımdır. Emalatxanaların və mükafatların sayı artmalıdır. Çox vaxt işin bütün yükünü özümüz çəkirik. Düşünürəm ki, təqaüdlərin verilməsi də bir az nəzarətdə saxlanılmalıdır. Bizdə çox yaxşı istedadlar var, ancaq onların işləməyə imkanları yoxdur. Onlara maddi cəhətdən dəstək verilsə və xaricdəki sərgilərdə iştirak etsələr, çox gözəl işlərin ortaya çıxacağına inanıram.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.