525.Az

"Hər işimdən sonra düşünürəm ki, daha yaxşı alına bilərdi" - Taleh Yüzbəyov ilə müsahibə

MÜSAHİBİMİZ TANINMIŞ AKTYOR VƏ REJİSSOR TALEH YÜZBƏYOVDUR


[18.01.20]
"Hər işimdən sonra düşünürəm ki, daha yaxşı alına bilərdi" - <b style="color:red">Taleh Yüzbəyov ilə müsahibə </b>

- Taleh bəy, sənət yolunuz Pantomim Teatrından başlanır. Pantomimin sizə qazandırdıqları nələr oldu?

- Ümumiyyətlə, indi sənət və yaradıcılıq baxımından sahib olduqlarımın bir çoxunu Pantomim Teatrında qazanmışam. Orada Bəxtiyar Xanızadə öz potensialımızı kəşf etmək üçün bizə hər cür şərait yaratmışdı. Kimi rejissor, kimi ssenarist, kimi də aktyor olaraq özümüz tamaşalar hazırlayır, səhnələr qururduq, rəqslər, qılıncoynatma öyrənirdik. 2011-ci ildə ordan çıxmışam. Bu vaxta kimi, düzdür, onlar tam olaraq yadımda qalmayıb, amma müəyyən bədən yaddaşım var. Bəzi nüanslarda bunu özümdə müşahidə edirəm. Ona görə də indi elədiklərimin bir çoxuna görə Pantomim Teatrına, birbaşa Bəxtiyar müəllimə borcluyam.

- Əsasən kiçik videolarla, filmlərlə adınızı tanıtdınız. Xronometrajı qurarkən xüsusi məqsədiniz olurmu?

- Əslində, mənim işlərimin xronometrajı internet üçün həmişə çox olub. Dostlarımız bir dəqiqə çəkəndə mən dörd dəqiqə, onlar dörd dəqiqə çəkəndə mən on dəqiqə çəkirdim. Bu, bilərəkdən, məqsədli şəkildə edilmiş iş deyil. Nədənsə, məndə əhvalatı daha geniş danışmaq ehtiyacı olub həmişə. Hazırda axırıncı video rekorddur - 52 dəqiqədir. Kino çəkməyə həvəsi, iddiası olan insan kimi həmişə çalışmışam daha ətraflı danışım, hadisəni və fikrimi daha böyük xronometrajda ifadə edim.

- Deyirsiniz ki, əhvalatı uzun danışmaq ehtiyacı hiss edirsiniz həmişə. Amma sözsüz sənətin məkanı Pantomimdən gəlirsiniz axı...

- Yəqin orda çox susmuşam (gülürük). Ümumiyyətlə, mən heç zaman mükəmməl Pantomim aktyoru ola bilməmişəm. Çünki orada lazım olan bir çox cəhətlər məndə yox idi. Plastik bədən, rəqs məharəti məndə o qədər də güclü olmayıb. Mən həmişə özümü pantomimlə sözlü teatrın ortasında hiss eləmişəm. Nə yaxşı danışa bilirəm, nə yaxşı rəqs edə (gülürük).

- Kino, yoxsa teatr?

- İndiki məqamda sırf özünüifadə baxımından kino. Film, məncə, indi mənim özümü ifadə etməyim üçün daha rahatdır. Teatrda da işləmişəm, kiçik səhnələrim, tamaşalarım da olub. İndi isə mənimçün teatr keçmişdir. Ola bilər, bundan sonra da rol alaram teatrda. Amma mən gələcəyimi sırf kinoda görürəm.

 - Çəkildiyiniz və çəkdiyiniz videolarda, filmlərdə satira üstündür. Bu sahədə özünüzə nümunə seçdikləriniz varmı?

- Bəli, videolarımda müəyyən mənada satira var, ilhamlandığım insanlar da həmişə olub. Məsələn, Çarli Çaplin mənimçün ilk kəşf etdiyim, bəyəndiyim, ilhamlandığım sənətkar olub. Onun demək olar ki, bütün filmlərinə baxıb, ruhunu hiss etmişəm. Bəlkə hazırda bəzi işlərimdə də özümü ona oxşatdığım məqamlar tapmaq olar. Vudi Allenin intellektual "qara yumor"u xoşuma gəlir. Mirzə Ələkbər Sabiri uşaqlığımda, gəncliyimdə çox oxumuşam, təsirlənmişəm. Ümumiyyətlə, təsirləndiyim, sevdiyim ədəbiyyatçılar, şairlər, rejissorlar, aktyorlar çox olub.

 - Sizcə, daha hansı məsələlər tənqid edilməlidir?

- Belə sahələr çoxdur. Hələ ki çəkmək üçün mövzu var. Təhsildən tibbə, tibdən hüquq mühafizə orqanlarına və cəmiyyətin digər sahələrinə qədər tənqid olunası məqamlar tapmaq mümkündür. Təki, bu cür məqamlar olmasın. Hər şey o qədər yolunda getsin ki, biz tənqid etməyə heç nə tapmayaq.

- Sizi sevənlər kimi, sevməyənlər də az deyil. Tənqidlə aranız necədir?

- Normaldır. Məncə, tənqid olmalıdır. Əks fikirlərin olması əslində, yaxşıdır. Bəzən olar ki, insanlar səni sevdiyi üçün hansısa səhvinə, qüsuruna göz yumar, amma sevməyən onu ayıq başla elə ifadə edər ki, o, sənin köməyinə çatar. Yenə də baxır, kim tənqid edir. Dövrümüz hamıya fikir bildirmək üçün geniş auditoriya təqdim edir və hər kəsin buna haqqı olduğunu deyir. Bunda bir problem yoxdur. Sadəcə məsələ odur ki, hamı fikrinin ciddiyə alınmağını tələb etməməlidir. Yazırsan yaz, deyirsən de, amma gözləmə ki, mən onu ciddiyə alacam, ya da almalıyam. Mənim üçün fikri maraqlı olan insanlara öncədən göndərirəm, düşüncələrini alıram. Kənardan kimsə fikir bildirmək istəsə, onu da normal qəbul edirəm.

- Tənqid oxunuzu özünüzə çevirdiyiniz olurmu?

- Bəli, çox olur. Mən ümumiyyətlə, öz işinə aşiq, özünü bəyənən, işindən feyziyab olan insan deyiləm. Hər işimdən sonra düşünürəm ki, daha yaxşı alına bilərdi. Öz işlərimə daha sərt yanaşmağım, məncə, videolarımda da görünür. Get-gedə daha yaxşı, daha professional, kino dilinə daha yaxın olmağa çalışıram. Əgər mən öz işlərimdən razı qalsaydım, bir il bundan qabaq elədiyimi indi də eləyərdim. Amma çalışıram ki, maksimum yaxşı olsun.

- Universitetdə teatrşünaslığa qəbul olub, sonra ixtisasınızı dəyişmisiniz. Sizcə, dəyişməsəydiniz necə teatrşünas olardınız?

- Necə aktyoramsa, elə də teatrşünas olardım (gülürük). Mən teatrşünaslığı oxuyanda hiss edirdim ki, nəsə düzgün getmir. Çünki sözünün qüdrəti yoxdur. Elə sənətlər var ki, sonradan öz gücünü itirib. Amma məncə, kinoşünaslıq və teatrşünaslıq hələ ölməyə layiq sənətlər deyil. Çünki xarici ölkələrdə bu sənət sahiblərinə çox böyük önəm verirlər. İnsanlar onların sözüylə filmə ya baxır, ya baxmırlar. Hətta bəzi qurumlar premyeradan öncə film, tamaşa haqqında yazmağı qadağan edirlər, çünki yönləndirmək qabiliyyətləri var. Yəqin ki, mən uğurlu teatrşünas olmazdım. Çünki hər zaman beynimdə aktyor, ssenarist, rejissor olub. Burda daha rahatam, bura daha çox mənimdir.

- Adətən, sizi tənqid edərkən, ilk hədəflərdən biri belə olur: "Videolarının sonunda xalqa dərs keçməyə çalışır, məsləhət verir". Həqiqətən belədir?

- Məncə, elə deyil. Ola bilsin ki, "Zəhər tuluğu"nda vardı belə bir şey. "Ortastatistik Rasim"də də, əvvəlki videolarımda da yoxdur. Onu edən "Zəhər tuluğu"ndakı Adildir. O da buna görədir ki, əvvəldən həmin video bu cür yaranıb. O personaj məsləhət verməyə haqqı olduğunu düşünür. Amma o, birbaşa Taleh Yüzbəyov deyil axı. Həm də Taleh Yüzbəyovdur! Mən onun hər hərəkətinə haqq qazandırmıram, hər fikriylə razı deyiləm. O, sadəcə personajdır. Və sən ssenarini yazanda artıq personajın dalınca getməyə məcbur olursan. Sən onu öz tərəfinə çəkəndə uğursuz alınır. Hətta bəzi yerlərdə bunu eləmişdim. Personajın öz xarakteri, baxışı formalaşır. Müəyyən vaxtdan sonra sən məcbursan onun baxışına uyğun yazasan. Onları edən də Adil idi, mən yox.

- Ümumiyyətlə, Adildə Talehdən, ya da əksinə, Talehdə Adildən nə qədər var?

- Dərəcə olaraq, bilmirəm, amma var. Bir çox şeylərdə baxışımız üst-üstə düşür. Mən o qədər də acıdil insan deyiləm. Kimisə pərt eləmək, kiminsə xətrinə dəymək mənimçün çox ağırdır. Məsələn, bunu bilərək və ya bilməyərək edəndə belə sonradan özümə yer tapmıram. Amma Adil bu cəhətdən rahatdır. Ola bilsin, onun içərisindəki eqo buna imkan verir. Başqa məqamlarda isə müəyyən qədər bizdə bir-birimizdən izlər var. İstər-istəməz yaratdığın obraza özündən nələrsə qoyursan. Amma Adillə mən tam eyni deyilik. Yəqin ki, hardasa 20 faiz eynilik olar.

- Sənətinizlə bağlı məyusluq yaşadığınız hal olubmu?

- Uzun illər yaşamışam, indi də yaşadığım olur. Müəyyən məqamlarda özümə inamsızlıq, "bəlkə düzgün sənət seçməmişəm?", "bəlkə istedadsızam?" dediyim olub. İndi də olur, amma indi bir növ əlimdə alibim var ki, bu qədər yaxşı işlər görmüşəm, tanıyırlar, sevirlər. Buna baxmayaraq, özümlə bağlı eyforiyaya qapılmıram, razılıq daşımıram.

- Bir az da, canlandırdığınız obrazlardan danışaq. Obraza özünüzü necə hazırlayırsınız?

- Əslində, çox tənbələm. Çox zaman lazım olan dərəcədə hazırlaşmıram. Çoxunu intuitiv, improvizəylə edirəm. Amma məncə, bu işdə obraza hazırlıq, ona vaxt ayırmaq ən əsas işdir. Deməzdim, heç eləmirəm, amma tələbə vaxtımdakı kimi böyük enerji və vaxt qoymuram. İndi sanki məşhurluğun da gətirdiyi bir rahatlıq var. Təəssüf ki, çəkiliş meydançasında bunun əskikliyini yaşayıram, bir çox kinodakı rollarım buna görə axsayır. Bu da ondan qaynaqlanır ki, özüm yazıram, özüm çəkirəm, özüm oynayıram, bəzən çəkiliş vaxtı başımı itirirəm...

- Taleh Yüzbəyovun nə vaxtsa özünü Ortastatistik Rasim kimi hiss etdiyi olubmu?

ortastatistik rasim üçün şəkil nəticəsi

- Çox olub. Hələ də çoxumuz onun bir parçasıyıq. Tələbə vaxtı, teatrda işlədiyim zamanlarda onun yaşadıqlarını yaşamışam. Mənəvi olaraq isə məncə, hələlik, Rasimdən güclüyəm. Mən maksimum mübarizə aparmışam. Rasim də yəqin ki, güclənəcək, mübarizə aparacaq. Ümumən məndən Rasimdə çox şey var. Anayla münasibət, bəzən çarəsizliyim onunla eyniləşdirir məni. Amma Rasim ümumiləşmiş obrazdır.

- Mən bu filmdən yazanda hadisəyə başqa rakursdan yanaşmışdım. Rasimi ortastatistik edən əsas qüvvələrdən biri kimi xanımından danışmışdım. Özünüz də oxumusunuz məqaləmi. Fikirlərimlə razısınızmı?

- Bəli, həmçinin, xanımıdır. Bütün yük onun deyil, amma əsas qüvvələrdən biridir. Çünki o qadın da xoşbəxt deyil. Bizdə ailə sistemi də bəzən düzgün qurulmur. Hər ikisi bir-biriylə istəmədən, bacı olan analarının zoruna evləniblər, birgə xoşbəxt deyillər, üstəgəl, yoxsulluq. Bu, ölkəmizdə çox rast gəlinən durumdur. O qadının da Rasimə inanmamağa səbəbi var. Çünki Rasim də bir ər kimi özünü doğrultmayıb. Bizim cəmiyyətdə bəzən qadınlar öz ərlərini təhrik edirlər daimi narazılıqla, deyingənliklə. Amma məncə, nə qədər danışsalar da, o xanımlar kişiləri pis vəziyyətdə qoymazlar, ayağa verməzlər. Yəni mən buna inanmaq istəyirəm. Sadəcə insanlar müəyyən məqamlarda bir-birinə inanaraq vəziyyətdən birgə çıxmalıdırlar. Hamımız kasıb olmuşuq, çətinliyimiz olub. Məncə, qadın kişiyə, kişi də qadına inanıb dəstək olmalıdır.

  - "Avro 2020"nin Bakı Könüllülük proqramının səfirisiniz. "Zəhər tuluğu-2"də "vaxt gələcək Taleh Yüzbəyov bu ölkədə hər şeyi reklam eləmiş adam kimi tarixə düşəcək" deyən birisi necə oldu ki, futbolu reklam eləməyə başladı?

- Futbolu reklam eləmək xoşdur. Çünki futbolu sevirəm, maraqla baxıram. Amma indi mənimçün daha maraqlısı kino çəkməkdir. Hər şeyi reklam eləməyə qalanda isə, əlbəttə, istəmərəm. O mənim özümün özümə tənqidim idi ki, daha bəsdir. İndi, demək olar ki, reklamı saxlamışam.

 - Yeri gəlmişkən, bu günlərdə sosial şəbəkədə paylaşılan bir şəkildə yanınızda futbol üzrə millinin keçmiş üzvləri Ruslan Abışov və Vaqif Cavadov da var idi. İzləyiciləriniz buna əsasən sizdən futbolla bağlı yeni film gözləyə bilər, yoxsa keçmiş futbolçuları aktyor etmək fikriniz var?

- (gülür) Yox, aktyor eləmək fikrim yoxdur. Özləri istəsə nəsə eləmək olar. Sadəcə birgə verilişdə idik. Tanımaq xoş oldu. Çox zaraftcıl, şən insanlardır. Futbulçular bütün dünyada ulduzdurlar. Bizdə o qədər inkişaf etməsə belə, bizim futbulçular da tanınırlar. Düzdür, tənqidlər olsa da, məncə, yenə də tanıyırlar, sevirlər. Ümumiyyətlə, futbol yaşamağa haqqı olan sahədir. "Qarabağ" futbul klubunun varlığı Qarabağın Azərbaycanın olmasına daha bir parlaq sübutdur. Xaricdə klubları dövlət yox, ayrı-ayrı iş adamları saxlayır, çünki gəlirli sahədir. Mən istərdim ki, bizdə də bu sahəyə böyük pullar ayrılsın, futbol daha çox inkişaf etsin.

- İzləyiciləriniz bu yaxın zamanlar üçün sizdən nə gözləsinlər?

- "Ortastatistik Rasim"in ikinci seriyası fevralda çıxacaq. Onu ümumilikdə səkkiz seriya düşünürəm, amma ola bilsin ki, qısaltdım. Müəyyən kiçik videolar ola bilər, ideyalar var. Amma maddi vəsait tələb olunur. Bu ilin dekabrına "Zəhər tuluğu" bədii filmi hazır olacaq. Burada Adilin sonrakı yox, əvvəlki taleyi əks olunacaq. Yəni "Adil sonra necə oldu" yox, "Adil niyə belə oldu"nu izləyəcək tamaşaçılar. Onun da çox maraqlı əhvalatı var. Adilin kənddə yaşadığı dövrü əhatə edir.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.