525.Az

Deputatlığa namizəd Xaləddin Hüseynov: "Mənim əsas amalım Azərbaycan dövləti və dövlətçiliyidir"

"MƏN HƏMİŞƏ DÖVLƏTİMƏ VƏ MƏNƏ ARXA DURAN, DƏYƏR VERƏN İNSANLARA GÜVƏNMİŞƏM"


[17.01.20]
Deputatlığa namizəd Xaləddin Hüseynov: "Mənim əsas amalım Azərbaycan dövləti və dövlətçiliyidir" <b style="color:red"></b>

Xaləddin Rəşid oğlu Hüseynov 1958-ci ildə Füzuli rayonunun Molla Məhərrəmli kəndində dünyaya gəlib. 1976-cı ildə Molla Məhərrəmli kənd orta məktəbini bitirərək Azərbaycan Politexnik Texnikumunun qiyabi şöbəsinə daxil olub.

1976-1978-ci illərdə hərbi xidmət keçən X.Hüseynov əmək fəaliyyətinə Füzuli rayonunda başlayıb. 2006-2011-ci illərdə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində təhsil alıb. 2017-ci ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəinə daxil olub, hazırda təhsilini davam etdirir. 2017-ci ilə qədər sahibkarlıqla məşğul olub. Hal-hazırda işsizdir.

Ailəlidir, iki övladı var.

84 saylı Füzuli Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəddir.   

Deputatlığa namizədin platformasından

- Mənim əsas amalım Azərbaycan dövləti və dövlətçiliyidir. Dövlət varsa, Azərbaycan xalqı da var. Mən həmişə dövlətimə və mənə arxa duran, dəyər verən insanlara güvənmişəm. 

- Əgər deputat seçilsəm, mənim oturacaq yerim də Füzuli rayonu - seçicilərin yanı olacaq. Və öz kəndimdə şəraətim də var. Kimsə məni gəlib Bakıda, orada-burada axtarmayacaq. 

- Mən məcburi köçkünün və qaçqının hansı əziyyətlər çəkdiyini yaxşı bilirəm. Füzuli camaatı da 1993-cü ilin avqustunda məcburi köçkünlük həyatı yaşayıb. Bu insanların qayğıya və diqqətə böyük ehtiyacları var, ona görə də onlara hamının, o cümlədən, biz iş adamlarının böyük köməkliyi lazımdır. Bu diqqəti həmin insanlar görəndə sabaha ümidləri bir az da artır. Mən çətin anlarda həmişə elimin, obamın yanında olmuşam və deputat seçilsəm də, seçilməsəm də, bundan sonra da camaatın həmişə yanında olacağam.

- Mən özüm iş adamı olmuşam. İlk növbədə xırda və orta sahibkarlara şərait yaradılmalıdır ki, onlar gəlir əldə edə bilsinlər və başqalarına da əl tutsunlar.  Mənim bununla bağlı müəyyən ideyalarım və layihələrim var. Əgər Milli Məclisə seçilərəmsə, onların hüquqlarının qorunması məsələsini gündəmə gətirəcəyəm. 

- Xaləddin müəllim, sizi Füzuli camaatı çox yaxşı tanıyır. Ən azından ona görə ki, siz bu rayonun Molla Məhərrəmli kəndində doğulub boya-başa çatmısınız və həmişə də elin, obanın içində olmusunuz. Namizədliyinizi nəyə güvənib irəli sürmüsünüz?

- Mən Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursu dəstəkləyən adamlardanam. Mən Azərbaycan dövlətçiliyinə və cənab Prezidentə sadiq adamam. 1990-cı ildən Ulu öndər Heydər Əliyevi dəstəkləyənlərdən biri olmuşam. O vaxt Azərbaycan xalqı yaxşı bilirdi ki, ölkəni düşdüyü ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Elə Heydər Əliyev də xalq tərəfindən Bakıya dəvət edildi, ölkədə sülh və əmin-amanlıq yaratdı. Məmləkətimiz yeni iqtisadi yüksəliş yoluna qədəm qoydu və hər yerdə firavanlığın işarələri göründü. Mənim əsas amalım Azərbaycan dövləti və dövlətçiliyidir. Dövlət varsa, Azərbaycan xalqı da var. Mən həmişə dövlətimə və mənə arxa duran, dəyər verən insanlara güvənmişəm. Füzuli camaatı mənim yeddi arxa dönəmimi yaxşı tanıyır. Yəni onlar bilirlər ki, Xaləddin Hüseynov bir tikə çörəyini heç vaxt tək yeməyib. Həmişə süfrəmin arxasında məni tanıyan və mənə güvənən insanlar olub.

- Deməli, elə sizin güvənc yerinizin biri də o el-oba, o camaatdır. Və camaat da həmişə deyir ki, Xaləddin müəllim  çörək verən adamdır...

- Əvvəla, çörəyi Allah verir. Biz sadəcə olaraq, Allahın verdiyi imkanı və ruzini imkan daxilində ətrafımızdakılara verəndə özümüz də rahatlıq hiss eləyirik. Mən 20 ildir, prezidentimə, dövlətimə və xalqıma xidmət eləyirəm və sahibkarlıq fəaliyyəti ilə məşğulam. Bir iş görəndə fikirləşmişəm ki, bu işi qursam, nə qədər adam evinə, ailəsinə, balalarına çörək aparacaq?

Əvvəl camaatı fikirləşmişəm, sonra o quracağım iş barəsində düşünmüşəm. Allahın köməkliyi ilə hansı işə qol qoymuşamsa, o işlər də kimlərinsə maneçilik törətməsindən və badalaq atmasından asılı olmayaraq, öz həllini tapıb. Yəni əziyyət çəkmişəm, ətrafıma zəhmətkeş adamlar toplamışam və onlarla birlikdə bu işləri həyata keçirmişik.

-  Gələcəkdə bir deputat kimi qanunvericilik orqanında təmsil olunsanız, seçicilərinizə hansı köməkliyi göstərə biləcəksiniz?

- Qanunverici orqanda qanunlar qəbul edilir və mən də ona çalışacağam ki, ilk növbədə seçildiyim dairənin seçicilərinin harda hüququ pozulsa, onların yanında olum. Heç kimə sirr deyil ki, bu gün bir çox məmurlar adi bir vətəndaşın işi idarəyə düşəndə bir arayışı vermək üçün onu nə qədər get-gələ salırlar, nə qədər incidirlər. Bax, onda mən o incidilən, haqqı tapdalanan, hüququ pozulan adamların yanında olacağam...

- Bunu bir çox deputatlar namizədlik dövründə yeri gəldi-gəlmədi səsləndirirlər. Amma elə ki, məqsədlərinə çatdılar, gedib o kürsüdə əyləşdilər, hər şeyi unudurlar. Onlar beş ildə bir dəfə olsun seçiciləri ilə görüşmürlər. Bir də o vaxt görüşə gəlirlər ki, yenidən deputat seçiləcək. Cənab Prezident İlham Əliyev də çıxışlarından birində dedi ki, gedin səsi xalqdan alın. Çünki o səsi xalq verir...

- Hərənin öz proqramı və platforması olur. Kim necədir, özünə cavabdehdir. Mənim özümə gəldikdə isə hamıdan yaxşı mənə Füzuli camaatı qiymət verə bilər. Onsuz da elə ay olmaz ki, mən Füzuliyə - o kəndə, o kəsəyə yolum düşməsin. Füzulinin 22 kəndində və Horadiz şəhərində camaat məni necə tanıyır, özləri bilər. Amma mənim bildiyim odur ki, mən heç vaxt o elin, o obanın xeyrindən-şərindən qalmamışam. Əgər deputat seçilsəm, mənim oturacaq yerim də Füzuli rayonu - seçicilərin yanı olacaq. Və öz kəndimdə şəraətim də var. Kimsə məni gəlib Bakıda, orada-burada axtarmayacaq.

- Belə bir fikir var: "Elin gözü tərəzidir". Kim nə deyir desin, amma camaat, el-oba deyilənə yox, gördüyünə inanır. Biz Arazboyu kəndlərdə və Horadiz şəhərində bir çox insanlarla söhbət eləmişik.  Onlar deyirlər ki, bizə arxa duran, söykək duran və ağır gündə yanımızda olan adamlara, daha doğrusu, namizədlərə səs verəcəyik.  Siz də Füzulinin həm yaxşı, həm də çətin günlərində camaatın içində olmusunuz. Lap elə götürək Qarabağ müharibəsini. Müharibənin odlu-alovlu günlərində elə bir ay olmayıb ki, siz döyüşçülərimizin yanında olmayasınız, onlara maddi və mənəvi arxa durmayasınız...

- Allah hər şeyi görür və bilir. Mən elədiklərimi dilə gətirən adam deyiləm. Eləsi var ki, birinə əl tutur, bütün günü orda-burda danışır. Siz özünüz də bilirsiniz ki, Qarabağ və Füzuli uğrunda gedən döyüşlərdə əlimə silah götürüb vuruşmasam da, həmişə o döyüşən oğlanların yanında olmuşam. Bunu kim bilməsə də, el-oba yaxşı bilir. Füzuliyə atılan hər bir güllə elə bil ki, mənim ürəyimə dəyir. Düşünürəm ki, mən də öz el-obama necə kömək eləyə bilirəm. Şükürlər olsun ki, düşündüklərimi də Allahın köməkliyi ilə həmişə həyata keçirmişəm...

- Bayaq  söhbətimizdə  sizin dövlətçiliyimizə və ölkə prezidentinə öz əməli işinizlə nə qədər sədaqətli olduğunuzu xatırlatdıq. Mən və Füzuli camaatı da yaxşı bilir ki, siz uzun illərdir Heydər Əliyev siyasətinin və İlham Əliyevin həyata keçirdiyi ideyaların fəal iştirakçılarındansınız. Başqa sözlə demiş olsaq, sizin dövlətə və dövlətçiliyə və bayrağımıza çox böyük inamınız və məhəbbətiniz var...

- Mən həmişə demişəm və yenə də deyirəm - mən fəxr edirəm ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyət göstərdiyi dövrdə onların həyata keçirdiyi yol infrastrukturunun qurulmasında yaxından iştirak etmişəm. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyanın prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif olunması məni bir azərbaycanlı kimi çox sevindirdi. Çünki Birinci vitse-prezidentin demokratik, hüquqi və ədalətli cəmiyyətin qurulmasında çox böyük xidmətləri var. Azərbaycanın yol infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrə gəldikdə isə mən şərəf duyuram ki, hakimiyyət orqanları məni bu layihələrə cəlb edib və iş adamı kimi şərait yaradıb.

- Xaləddin müəllim, bu cür möhtəşəm layihələri həyata keçirmək hər hansı iş adamından çox böyük məsuliyyət və işgüzarlıq tələb edir. Və bir də Viktor Hüqo deyib: "Vicdan insanın Allahıdır". Çünki bu layihələrdə bir vicdan məsələsi də var...

- Mən o layihələri cənab Prezident İlham Əliyevin tapşırığıyla həyata keçirmişəm. Onları bir-bir sadalayım, görün nə qədər çətin və məsuliyyətli bir işdir: Çapayev küçəsində (indiki Təbriz) yol qovşağının tikintisi, Heydər Əliyev prospekti ilə Bağırov küçəsinin birləşdiyi yerdə yeraltı və yerüstü yol qovşağı, Füzulinin Horadiz şəhərinin yenidən qurulması və bərpası, Heydər Əliyev Mərkəzinin, Tarix-diyarşünaslıq muzeyinin, Mədəniyyət evinin, Gənclər evinin, 240 nəfərlik tam orta məktəbinin (Heydər Əliyev Fondu üçün), Heydər parkının tikintisi, Horadiz şəhərinin, Örən-qala qaçqın qəsəbəsinin yolunun çəkilişi, "Dördyol" deyilən Əhmədbəyli kəndinin kəndarası yolların çəkilişi, Gecəgözlü kənd tam orta məktəbinin tikintisi bunlara nümunə sayıla bilər...

- Təbii ki, bu cür tikililəri istifadəyə vermək öncə o adamların həyatını yaxşılaşdırmaq deməkdir. Səhv eləmiriksə, o möhtəşəm işlərin davamı da var...

- Bəli, onları da deyim, qoy camaat bilsin: Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün evlər, Ağcabədi rayonunda məcburi köçkünlər üçün yeni qəsəbə, Bərdə rayonunda məcburi köçkünlər üçün qəsəbə, Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni qəsəbənin inşası, Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inzibati binası, "Şamaxinka" deyilən ərazidə yeraltı və yerüstü yol qovşağı, Yardımlının dağ ətəyi kəndindən rayon mərkəzinə içməli suyun çəkilişi, həmin rayonda Heydər parkının yenidən qurulması, Yardımlı şəhərinin mərkəzində yol infrastrukurunun çəkilişi, Ağdam rayonunda məcburi köçkünlər üçün qəsəbənin tikintisi, Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsinin abadlaşdırılması və yol qovşağının rekonstruksiyası, keçmiş Xanlar rayonunda (indiki Göygöl) Heydər Əliyev ev muzeyinin tikintisi, Göygöldə Heydər Əliyev ev muzeyinin yanındakı gediş-gəliş yolunun yenidən inşası və evlərin dam örtüyünün abadlaşdırılması, İlisu kəndindən Qax rayon mərkəzinə içməli suyun çəkilişi, Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində olan yeraltı yol qovşağının tikintisi. Çoxlu sayda belə layihələri həyata keçirmişik və onların hər birində cənab Prezident İlham Əliyev iştirak edib və açılış lentini kəsib. Görünən işin keyfiyyətinə görə də razı qaldığını bildirib.

- Dediniz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın demokratik, hüquqi və ədalətli cəmiyyətin qurulmasında çox böyük xidmətləri olub. Birinci vitse-prezidentin ölkənin iqtisadi, sosial və mədəni inkişafında da böyük xidmətləri var...

- Bu faktı heç kim dana bilməz. Birinci vitse-prezident  Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi də çox böyük möhtəşəm işlər görüb, bizim  milli mədəniyyətimizi dünya səviyyəsinə çıxarıb. Milli musiqimiz olan muğamımız can verirdi. Məhz onun təşəbbüsü və  həyata keçirdiyi böyük layihələr hesabına xalq musiqimiz yaşadı, dünya səviyyəsinə çıxdı. O, bu xalqa, bu millətə çox bağlı olan ictimai-siyasi xadimdir. Biz hər zaman onun atdığı addımlarda ölkəmizin inkişaf etdirilməsinin şahidi oluruq. Vətəndaş kimi hər birimiz onun həyata keçirdiyi böyük işlərə dəstək olmalıyıq.

- Siz həm də Cocuq Mərcanlıda quruculuq və abadlıq işlərində də bir iş adamı kimi böyük layihələrə imza atmısınız. Dünyadan görünən bu kəndin yenidən qurulmasında, tikilməsində və abadlaşdırılmasında zəhmətiniz az olmayıb. Və onu da qeyd edək ki, sizin seçicilərin hamısı Füzulidən olan məcburi köçkünlərdi. Yəni onlar bu cür quruculuq işləri görəndə bir daha sizə güvənirlər.

- Doğrudan da Cocuq Mərcanlı dünyadan görünən bir kənddir. Və Cocuq Mərcanlını dünyaya tanıtdıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Yandırılmış, dağıdılmış və tamamilə məhv edilmiş bir kənd onun rəhbərliyi ilə yenidən tikildi, abadlaşdırıldı və dünyaya tanıtdırıldı. Ölkəmizdə olan bütün səfirlər Cocuq Mərcanlıya gəldi və bu möhtəşəm kəndi gördü. Mənim özüm də bu kəndin abadlaşdırılmasında üzərimə düşən işi vicdanla yerinə yetirmişəm. Orda Yol İdarəsini tikintisini yüksək keyfiyyətlə başa çatdırmışıq. Bakıdan gələn və vətəndaşları qəbul edən nazirlər və  komitə sədrləri məhz indi həmin yerdə o görüşləri keçirə bilər. Çünki orda hər cür şərait var.

Mən məcburi köçkünün və qaçqının hansı əziyyətlər çəkdiyini yaxşı bilirəm. Füzuli camaatı da 1993-cü ilin avqustunda məcburi köçkünlük həyatı yaşayıb. O çətin anlarda həmişə elimin, obamın yanında olmuşam və bundan sonra da deputat seçilsəm də, seçilməsəm də, camaatın həmişə yanında olacağam. Ən azından ona görə ki, bu insanların qayğıya və diqqətə böyük ehtiyacları var, ona görə də onlara hamının, o cümlədən, biz iş adamlarının böyük köməkliyi lazımdır. Bu diqqəti həmin insanlar görəndə sabaha ümidləri bir az da artır.

- Bəzən elə imkanlı, elə varlı adam olur ki, doğma qardaşına belə əl uzatmır. Amma bəzən görürsən ki, elə də maddi gücü çox olmayan bir insan heç kimin xəbəri olmadan çətin vəziyyətdə olan insana əl atır və onu o zülmün, o məşəqqətin içərisindən çıxarır...

- İndiyə kimi mindən çox insana əl tutmuşam, arxa durmuşam və onlara minnət qoymadan kömək etmişəm. Bax, həmin anda  o insanlardan çox, özüm sevinmişəm. Elə bil çiynimdən ağır yük götürülüb. Əgər o adamı görüb o addımı atmasaydım, çox böyük vicdan əzabı çəkərdim. Əgər bir şəxs görürsə ki, onun yan-yörəsində, qohum-əqrəbasında, lap kəndində-kəsəyində kimsə bir tikə çörəyə möhtacdır, ona  əl atmırsa, üzünü çevirib gedirsə, o, çox böyük günaha batmış olur. Gərək adamın kimliyindən asılı olmayaraq, birinci ürəyi  olsun. Belə bir deyim yadıma düşür: "Ədaləti və mərhəməti olmayandan adam çıxmaz".

- Onu düz deyirsiniz. Kiminsə insafı və ədaləti yoxdursa, heç onun ürəyi də hiss olunmur...

- Bax, burda insani dəyərlər üzə çıxır. Özüm də iş adamı olmuşam və bu gün də iş adamıyam. İlk növbədə xırda və orta sahibkarlara şərait yaradılmalıdır ki, onlar gəlir əldə eləyə bilsin və başqalarına da əl tutsunlar.  Bu barədə mənim müəyyən ideyalarım və layihələrim var. Əgər Milli Məclisə seçilərəmsə, onların hüquqlarının qorunması məsələsini gündəmə gətirəcəm.

- Eşitdiyimizə görə, bu gün də siz müəyyən ideyaları gerçəkləşdirmək istəyirsiniz. Məsələn, Quruçayda beton məmulatları  istehsal edən müəssisə barəsində layihəniz var. Bunu necə həyata keçirmək istəyirsiniz?

-  Onun bütün lazımi hüquqi sənədləri tamamilə hazırdır və bu sahədə heç bir problem yoxdur. Orda işləyəcək bəzi mütəxəssisləri biz Türkiyədən dəvət eləyəcəyik. Və avadanlıqlar da xaricdən gətiriləcək. Əgər bu müəssisə işə düşsə, orda yüzdən çox insan yeni iş yeri ilə təmin oluna bilər. Bunlar hamısı yaxın gələcəyin reallıqlarıdır.

- Adam var ki, vəzifədən çıxandan sonra xalqın içinə getməkdən qorxur. Amma sizin vəzifəniz olanda da, olamyanda da həmişə çox böyük ürəklə, həvəslə camaatın içində olmusunuz...

- Bilirsiniz onlar niyə qorxurlar? Ona görə qorxurlar ki, vəzifədə olanda camaatın başında turp əkiblər. Bir adama təmənnasız iş görməyiblər. Camaat da onlarla üzləşəndə belələrinə heç "xoş gəldin" demir. Ancaq camaatın içində olan, ağır və çətin günündə onlara baş çəkən adamlar vəzifədən çıxandan sonra da o el-oba hörmətlə qarşılayır. Düşünürəm ki, mənim camaatın qarşısında alnım açıq, üzüm ağdır. Çünki mən həmişə Allahımı sevmişəm və qanunlara hörmətlə yanaşmışam. Allahını sevən, qanunlara hörmət bəsləyən adam isə ən dürüst adamdır.

- Bir gün eşitsəniz ki, Füzuli şəhəri və kəndləri erməni işğalından azad olunub, onda nə edərdiniz?

- Mənim dövlətim həmişə mənə böyük etimad göstərib. Mən də ömrüm boyu çalışacağam ki, bu etimadı öz əməli işimlə doğruldum. Füzuli şəhərinin gözəl bir yerini öz hesabıma və daxili imkanlarımla yenidən tikər və bərpa edərdim. Bax, bu, mənim ən böyük arzumdur. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz nəinki Füzulini, işğal altında olan digər rayonlarımızı azad edəcək, quruculuq, bərpa və abadlıq işlərini bir yerdə görəcəyik.

Faiq QİSMƏTOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.