525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)

[14.11.13]
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

XIX əsrin sonlarında sürətlə yayılan təkamül nəzəriyyəsinə istinadən müqayisəli çalışmalar dinlərin qaynağı ilə bağlı vəhy ənənəsinə tamamilə zidd tezislərin ortaya çıxmasına səbəb oldu. Buna qarşı teoloji dairələr vəhyin zaman keçdikcə təkamül etdiyi fikrini müdafiə etdilər. Filoloji və antropoloji müqayisələrə yer verən, təkamüldən təsirlənən bu çalışmalar nəticəsində müxtəlif məktəblər yarandı. Bunlar arasında diffuzyonist (yayılan) məktəb də var idi. Bu məktəb mənsubları din və mədəniyyət elementlərinin dünyanın bir bölgəsindən digərinə köç, ticarət, istila və missionerlik fəaliyyəti vasitəsilə yayıldığını irəli sürürdülər. 1930-cu ildə yaranmış mif və ritual məktəbi böyük miqyasda diffuzyonistlərdən təsirlənmişdir. Müqayisəli dinlər tarixi müxtəlif ölkələrdəki universitetlərdə tribunalar qazandı. İlk dəfə 1897-ci ildə Stokholmda və 1900-cü ildə Parisdə beynəlxalq din elmləri konqresləri təşkil olundu. Birinci Dünya Savaşından sonra təkamül nəzəriyyəsi öləzisə də müqayisəli dinlər tarixi adı bir etiket olaraq davam etdi. Digər din elmlərinin əmələ gəlməsi ilə dəyərləndirmələr, şərhlər və şərhlərin yerinə müşahidələr və hadisələri müəyyənləşdirmə metodları üstünlük qazandı. Dinlərlə bağlı tarixi ölçü davam etdi. Amma bu ölçünü əsas götürmədən mədəni, sosioloji və psixoloji tərəfləri hesaba almadan din fenomenlərini anlamağa çalışan fenomenoloji metod formalaşdı. Bu metodla dini təzahürlər olduğu kimi müəyyənləşdirilməyə çalışılır. Digər tərəfdən fenomenoloji metod insanın bir müşahidəçi kimi hökm və dəyərləndirmədən qaçınaraq dini fenomenin təməlinə enə bilməsini və onu qavramasını təmin edər. Din fenomenologiyasının dinlər tarixi sahəsindəki araşdırmalarda bəzi fenomenlərin başa düşülməsini təmin etməklə dinə aydınlıq gətirdiyi anlaşılır. Məsələn, mif və ayinin nə olduğunu bilmədən əski Mesopotamiya mədəniyyətindəki mif - ayin əlaqəsi anlaşılmaz. İnsanların başqalarının inancları ilə maraqlanması, araşdırıb öyrənmək istəməsi çox qədimlərə gedib çıxır. Əski yunan yazıçısı Herodot eramızdan əvvəl V əsrdə Qərbi Asiya və Misir dinləri haqqında məlumat vermiş, hətta Misir və yunan tanrılarını ad, vəzifə, xüsusiyyət və s. cəhətdən birləşdirərək bir bütöv əmələ gətirməyə çalışmışdır. Romalılar da səfər etdikləri yerlərdə yaşayan xalqların dini inanc, adət və ənənələri haqqında yazmışdırlar. Beləliklə, xristianlığın ilk yüzilliklərində yunanların və romalıların digər dinlər barəsində xeyli məlumatları var idi. Yunanlar dinə fəlsəfi cəhətdən yanaşmış, həqiqəti qavramaq üçün digər dinləri də araşdırmışdırlar. Xristian dünyası isə qatı bir təəssüb içərisində sxolastik təfəkkürə gömüldüyündən yaxın zamanlara qədər digər dinlərə münasibətini özünümüdafiə və qarşı tərəfə hücum etmə şəklində ifadə etmişdir. İslam tarixində başqa dinlər haqqında məlumat vermə ənənəsi Qurani-Kərimə gedib çıxır. Qurandakı "əhli-kitab" təbiri ilə vəhyə, kitaba, peyğəmbərə, tövhid ənənəsinə malik qrup, yaxud topluluq nəzərdə tutulur. Eyni zamanda hənifilik, sabiilik, məcusilik və müşriklikdən də bəhs edilir. İslam fəthləri nəticəsində müxtəlif mədəniyyətlər, din və inanclarla təmasa girilmiş, Quran ayələrinin müxtəlif fəlsəfi cərəyanların təsiri ilə nəzərdən keçirilməsi bəzi məzhəb və firqələrin əmələ gəlməsinə səbəb olmuşdur. Vəhyə dayanan dinlər üçün "miləl", batil dinlər üçün isə "nihal" terminləri işlədilmişdir. "Miləl-nihal" tərzində önəmli bir əsər qələmə alan Şəhristani müxtəlif din və məzhəblərə obyektiv yanaşaraq kitabının girişində yazmışdır: "Nə onların tərəfini tutdum, nə də əleyhlərinə çıxdım, doğrunu yanlışdan, haqqı batildən ayırmadan nəql etdim"35. Dini inanc, ibadət və ənənələri qarşılaşdıraraq uğur qazanan, elmi-metodoloji baxımdan bütün dünyada təqdir edilən Biruni müqayisəli dinlər tarixinin qurucuları içərisində önəmli yerə sahibdir. Biruni dini inanclara çox bağlı olmasına baxmayaraq obyektiv davranmış, müxtəlif elmi metodlarla dövründəki dinlər haqqında məlumat vermiş, müqayisələr aparmışdır.

Dinlərlə bağlı məlumat vermə ənənəsi eramızdan əvvəl VI əsrdə yaşamış Ksenofana qədər gedib çıxır. Qərbdə isə bu sahəyə meyl XVI əsrdən etibarən oyanmış, XVIII əsrdən başlayaraq arxeoloji, paleontoloji araşdırmalar aparılmış, əski heykəllər, kitabələr, məzarlar, baş daşları, skelet qırıntıları, mağara rəsmləri, bir sözlə, yazılı-yazısız qaynaqlar dəyərləndirilmiş, beləliklə, keçmişdəki millətlərin, hətta tarixdən öncəki cəmiyyətlərin dinləri, inancları araşdırılmış və bəzi tezislər irəli sürülmüşdür. Şərq dillərinin öyrənilməsi, əski Misir və Mesopotamiya dillərinin şifrələrinin çözülməsi, millətlərin ənənələrinə maraq duyulması və təkamül nəzəriyyəsinin təsiri nəticəsində XIX əsrdə bu əlaqə daha da artmışdır. Maks Müller (ö.1900) və ingilis antropoloqları E.B.Taylor (ö.1917) və J.G.Freyzer (ö.1941) "Şərqin müqəddəs kitabları" seriyasının başlıca təmsilçiləri sayılır.

Dinlər tarixi maarifçilik dövrünün də maraq dairəsində olmuşdur. Bu sahənin öncülləri filologiya, tarix, folklor, fəlsəfə, psixologiya və sosiologiya kimi müxtəlif elm sahələrində yetişmiş şəxslər idi. Dinlər tarixi və müqayisəli dinlər tarixi ilə bağlı müxtəlif universitetlərdə kafedralar açılmış və elmi dərgilər çıxarılmağa başlanmışdır. Bunlardan ən dəyərli olanı 1880-ci ildən etibarən Parisdə nəşr olunmağa başlayan "Dinlər tarixi" jurnalıdır. Maks Müller Oksford universitetində dinlər tarixindən dərs demişdir. Kopenhagen və Cenevrədə 1873-cü ildən bu fənn tədris olunmaqda idi. Bu zaman dinlər tarixi din fəlsəfəsi və ilahiyyatdan ayrı bir fənn kimi tədris olunmurdu. Eyni vəziyyət 1884-cü ildə Brüssel Universitetində ilk dinlər tarixi kursunu tədris edən Goblet Dalvyellanın çıxışlarında da özünü göstərir. Belə bir atmosferdə maarifçilik dövrü rasionalistləri din probleminə tarixi, fəlsəfi, etnoloji, antropoloji, psixoloji, sosioloji və filoloji yönlərdən yanaşdılar; ibtidai qəbilə dinlərini, dinlərin müxtəlif təzahürlərini tədqiq etdilər, dinin mənşəyi ilə bağlı tezislər irəli sürdülər. Bunun ardınca təkamülçülük, animizm, naturizm, totemizm, dürkeimçilik, freydizm kimi ənənələr quruldu. Sonralar maarifçilik dövrünün rasionalizmini romantizm dövrü əvəz etdi. Bu dövrdə də din qavramı vəhyə əsaslanmadan izah edilməkdə davam etdi (religio naturalis). Vander Lyu dinlərin elmi tədqiqini üç dövrə bölmüşdür. Bunlardan birincisi romantik fəlsəfə dönəmidir. Bu dönəmdə özünə xas dini təzahürlər öncəki bir vəhyin simvolları kimi anlaşılaraq dinlər tarixinin əhəmiyyəti izah olunmuşdur. İkincisi, romantik filologiya dövrüdür. Bu dövrdə din insan düşüncəsinin ümumbəşəri  formasının bir ifadəsi olaraq qəbul edilmişdir. Üçüncüsü isə romantik pozitivizm dönəmidir ki, bu dönəmdə din hələ də bəşəriyyətin ən köklü qurumu olaraq qəbul edilməkdədir. Dinlər tarixi ilə məşğul olan rasionalist və romantiklər öz tədqiqatlarında nə qədər fəlsəfədən uzaqlaşmağa çalışsalar da buna nail ola bilməmişdirlər. Onlar dini-elmi faktları fəlsəfi bir təfsirlə gözdən keçirmişdirlər. Maks Şeler din və fəlsəfəni bir-birindən fərqləndirən ilk alim hesab olunur. Dini-elmi bir mövzu fəlsəfi və ya elmi olaraq deyil, öz metodologiyasına uyğun dini-elmi bir şəkildə araşdırılmalı idi. Bununla yanaşı dinlər tarixi dinlərin tədqiqini öz inhisarı altına almış deyildir. Teologiya və fəlsəfə kimi normativ çalışmalar, sosiologiya, antropologiya və başqa deskriptiv elm sahələri dinlər və dini fenomenin müxtəlif cəhətləri ilə bağlıdır. Din elmləri "tarixi" və "sistematik" adı altında təsnif olunmağa başladı. Tarixi adı altında ümumi dinlər və ayrı-ayrı dinlərin tarixi, sistematik adı altında isə dinlərin fenomenoloji, müqayisəli, sosioloji və psixoloji cəhətləri tədqiq edilir. Dinlər tarixinin xarakterizəedici yönü hər bir dinin  tarixi təsvirini araşdıran elm sahələrinə istinad etməlidir, analitik yönü isə dinlərin müqəddəs kitabları, doktrinaları, ayinləri kimi müxtəlif xüsusiyyətlərinin tədqiq edilməsində psixologiya, sosiologiya, antropologiya, fəlsəfə və filologiyaya dayanmalıdır.

Raffaela Pettazzonini hazırlayan dövrə start verən etnoqrafik-etnoloji, antropoloji maraqlar dini-elmi bir araşdırma ənənəsi doğurmuş, beləliklə, təkamül nəzəriyyəsi əsas alınaraq zaman-zaman təkallahlıq inancına nail olunduğunu irəli sürən bir çox nəzəriyyə ortaya çıxmışdır. Alman və avstriyalı etnoloqlar öz çalışmalarında dinin qaynağı və inkişafı problemindən daha çox yaşamaqda olan ibtidai qəbilələrin din və mifologiyalarına müraciət etmişdirlər. H.Oldenberq, H.Zimmer, H. Von Glasenap hind dinlərində, O.Kern, W.Otto yunan dinində, L.Massignon, H.Corbin islam dinində ustad sayılırlar. Yunan dini sahəsində ustad olan M.P.Nilson eyni zamanda folklor və ibtidai dinlər üzrə tədqiqatçıdır. Pettazzoni böyük çalışma və əmək sərf edərək monoteizmin qaynağı, göy tanrıları, Zərdüşt və İran dini, yunan dini və digər mövzuları da araşdırmışdır. O, dini tamamilə tarixi bir fenomen kimi qəbul edirdi. Hər bir dinin onu qəbul edən ölkənin tarixi, ədəbiyyatı, kitabələri, arxeologiyası ilə yaxın əlaqəsi olduğunu irəli sürürdü. Pettazzoninin sayəsində dinlər tarixinin əhəmiyyəti İtaliyada başqa Avropa ölkələri ilə müqayisədə daha yaxşı dərk edildi. İngilis antropoloqu E. B.Teylor və şotlandiyalı tədqiqatçı və ədəbiyyatçı A.Lang ilə başlayan, ingilis antropoloqu J.G.Freyzer, isveçli dinlər tarixçisi və teoloq N.Söderblom, C.Klemen, fransız sosioloq və antropoloqu M.Moss, A.Kumarasvami və G.Vander Lyu tərəfindən davam etdirilən ensiklopediyaçılar dövrü Pettazzoni ilə sona çatdı.

(Ardı var)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.