525.Az

Fransadakı "Cazkolor" caz festivalında Azərbaycan da təmsil olunub

[13.11.13]
Fransadakı "Cazkolor" caz festivalında Azərbaycan da təmsil olunub<b style="color:red"></b>

Fransada keçirilən "Cazkolor" beynəlxalq caz festivalı çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə "Trio Elçin Şirinov" caz qrupu Parisdən sonra Fransanın Qrenobl şəhərində konsert proqramı ilə çıxış edib.

Konsert şəhərin "İncəsənət Kafesi" caz klubunda baş tutub. Qrupun üzvləri-pianoda Elçin Şirinov, gitarada Səlim Məmmədov və zərb alətlərində Elvin Bəşirov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini ifa ediblər. Azərbaycanlı cazmenlərin çıxışları tələbkar fransız musiqisevərləri tərəfindən böyük maraqla qarşılanıb və onlar bir neçə dəfə səhnəyə dəvət ediliblər. Qonaq sifətilə konsertdə iştirak edən məşhur saksofon ifaçısı Babi Klavel və müğənni Fred Kazak da musiqiçilərimizin müşaiyəti ilə bir neçə əsər ifa ediblər. B. Klavel azərbaycanlı musiqiçilərlə ilk dəfə çıxış etməsindən məmnunluq hissi keçirdiyini, qrupun gənc olmasına baxmayaraq çox böyük peşəkarlıq nümayiş etdirdiyini bildirib. Azərbaycanda bir neçə dəfə olduğunu xatırladan F. Kazak isə atasının vətəni olan Azərbaycandan gələn musiqiçilərin hər dəfə konsertini dinləməkdən böyük qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Sonda tamaşaçılar konsertdən böyük təəssüratla ayrıldıqlarını və belə konsertlərin şəhərlərində tez-tez təşkil edilməsi arzusunda olduqlarını bildiriblər.

S.ABDULLAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.