525.Az

Mingəçevirdə "Şəhər günü" qeyd edilib

[13.11.13]
Mingəçevirdə "Şəhər günü" qeyd edilib<b style="color:red"></b>

Mingəçevir şəhərinin əsasının qoyulmasının 65 illiyi münasibəti ilə "Şəhər günü" adlı bayram mərasimi təşkil olunub. Kürçayının kənarındakı Sahil parkında başlayan yubiley mərasimində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, Mingəçevirin qardaşlaşdığı Belarusun Polosk və Türkiyənin Qars şəhərindən qonaqlar, şəhərin ilk qurucuları və minlərlə sakini iştirak edib.Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər.

Sonra iştirakçılara Mingəçevirin tarixini əks etdirən və şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan tarixi eksponatlar təqdim olunub. Məlumat verilib ki, sənaye şəhəri olan Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulub. Mingəçevirin ərazisi isə yaşayış məntəqəsi kimi çox qədim tarixə malikdir. Hətta beş min il əvvəl burada kiçik şəhər və qaynar həyat mövcud olub. Arxeoloji tapıntılar bu qədim yaşayış məskəninin ticarət, sənətkarlıq və mədəni əlaqələrinin yüksək səviyyəsindən soraq verir.

Yubiley münasibəti ilə şəhər sakinlərini təbrik edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib. Çıxışlarda qeyd olunub ki, 65 il əvvəl bünövrəsi qoyulmuş bu şəhər çox qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr verib: "Keçmiş sovet ölkələrindən xeyli sayda mütəxəssis Mingəçevirə gələrək, burada işləyib və yaşayıb. Bu şəhər indi də özünəməxsusluğu ilə fərqlənir".

Daha sonra Mingəçevir Dövlət Dram Teatrının qarşısında, açıq havada aktyorların təqdimatında səhnəciklər, idmançıların çıxışları nümayiş olunub. Mingəçevir Su Elektrik Stansiyasına təşkil olunmuş ekskursiya zamanı qonaqlara stansiyanın tarixi barədə ətraflı məlumat verilib. Yubiley tədbirləri Heydər Əliyev Mərkəzində davam etdirilib. İlk olaraq tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən "Nur şəhəri" adlı filmə tamaşa ediblər. Çıxış edənlər Mingəçevirin 65 il ərzində keçdiyi böyük inkişaf yolundan söhbət açaraq bildiriblər ki, ölkənin enerji ilə təminatında Mingəçevir şəhərindəki elektrik stansiyaları mühüm rol oynayır. Ölkə iqtisadiyyatının inkişafında da Mingəçevirin özünəməxsus payı var. Çıxışlarda, həmçinin təhsil sahəsində qazanılan uğurlar, şəhərdə aparılan geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri barədə də məlumat verilib. Şəhərin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib. Yubiley tədbirləri respublikanın tanınmış incəsənət ustalarının təqdimatında maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatıb.

S.ABDULLAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.