525.Az

Azərbaycan-Fransız Universitetində magistraturaya qəbul aparılacaq

[15.01.20]
Azərbaycan-Fransız Universitetində magistraturaya qəbul aparılacaq<b style="color:red"></b>

Yanvarın 15-də Təhsil naziri Ceyhun Bayramov Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin hərtərəfli inkişafında yeni bir mərhələ təşkil etdiyi və UFAZ-da magistraturanın yaradılmasının bu əlaqələrin inkişafına müsbət töhfə verəcəyi vurğulanıb.

Fransa tərəfi ilə aparılan danışıqlara əsasən, 2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq. UFAZ-ın magistratura proqramının ümumi strukturu həmin təhsil müəssisəsinin bakalavriat proqramına əsasən təşkil ediləcək. Magistratura pilləsində təhsilin 2 il müddətinə 3 ixtisas (Tətbiqi kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi) üzrə aparılması və hər il bütün ixtisaslar üzrə 80 tələbənin qəbulu nəzərdə tutulub. Sonda məzunlara həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də Strasburq Universitetinin diplomları veriləcək.

Görüşdə Fransa Respublikasının ölkəmizdəki səfiri Qros Zakari də iştirak edib.

Qeyd edək ki, hazırda UFAZ-da 538 tələbə təhsil alır. 2019-2020-ci tədris ilində UFAZ-ın ilk məzun buraxılışı olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.