525.Az

Qələmimin ucu sızıldayır... - Nuranə Tağıyevadan yeni esse

[15.01.20]
Qələmimin ucu sızıldayır... - <b style="color:red">Nuranə Tağıyevadan yeni esse </b>

Qəlbim yetmədi, qələmimin də ucunu sızıldatdın. Axır vaxtlar səndən yaza-yaza ağrı tutub canını. Sulanır tez-tez, yaşlanır mürəkkəbi.

Ürəyimdə açdığın yaralar, deyəsən, ona da bulaşıb. Mən cəmiyyəti, dünyada olub bitənləri, xoş hadisələri yazmaq istədikcə etiraz edir, məndən uzaqlaşır, kövrəlir, elə "sən" deyib, "sən" eşidirdi. Dünya yoxdur, o var, deyirdi. O yoxdursa, xoş heç nə yoxdur, deyirdi. Yoxluğundan söz açmır, yalnız varlığını xatırlayırdı. Gedişinə toxunmayıb, gəlişindən dəm vururdu. Mən alışdım, o alışmadı. Mən qəbul etdim, o etmədi. Mən dindim, o dinmədi. Aşdı, daşdı, gah xəyalların o ucsuz-bucaqsız dünyasına özünü qapdırıb göylərə uçdu, gah da lal olub, dinmədi, susdu. İndi isə dərin bir bataqlığın içindədir. Yox olmağı, məni tərk etməyi arzulayır. Amma sənə son sözü var, qulaq ver sətirlərinin səsinə... 

Xatırlayıram, yaxın keçmişdə qələmim, heç aşina olmadığı bir evin balkonuna asmışdı xəyallarını. Qırx ilin özgəsinə əmanət etmişdi köklü yaralarını. Təxminən üç ay bundan qabaq yalnızlığının qorxusuyla oyanmışdı sübh çağı. Hətta "Bəxtəvər kişi" elan etmişdi səni. İndi isə sənsizlikdə özünə yeni bir yol seçən mən biçarədən danışmaq istəyir sənə. Bəlkə heç maraqlı da deyil bunlar sənə, amma o, israrla demək istəyir. Səndən sonrakı məni səninlə tanışdırmaq istəyir. Düşünür ki, bəlkə utanarsan özündən, bəlkə peşman olarsan, bəlkə daşa dönən ürəyini əridərsən. Bəlkə sənə məndən danışsa, özünə nifrət edərsən. Hətta bəlkə geri gətirmək istəyərsən özün özünü. Bəlkə yazığın gələr, nə bilim, bəlkə də heç tanımazdan gələrsən ikimizi də...

Ən son ümidlər ölür, deyirlər. Ümidi də öldü. İndi o, son dəfə danışsın, sən də son dəfə dinlə:

Bu gün də içir. Səndən sonra hər gün içir. Əlinə nə keçsə, mədəsinə ötürür. Kim dəvət etsə, o masaya çökür. Artıq seçmir insanları, dəvətləri. Artıq çox da diqqət yetirmir üslublara, niyyətlərə. Çünki nə bir çəkingəsi qalıb, nə bir sığınacağı, nə də bir sevəni. Onu sən "o" etmişdin. O, səninlə özünü tapmışdı. Səndən sonra isə yalnızca bədənini keyitməklə məşğuldur. Diqqətlə dinlə məni, bu qadın sənin əsərindir. Xatırlayırsan o gecəni? Sənin üçün canına qəsd etmişdi. Anlıq bir çarəsizlik hissiylə hər şeydən vaz keçmişdi. Bilirsən, o an onu qurtaracaq tək güc sənin qolların idi. Siz boş yerə dolanmışdınız "Semaşko"nun qaranlıq otaqlarında. O, indi daha yaxşı dərk edir hər şeyi. "Biz deyə bir şey yox imiş. Hər şeyi mən özüm yaratmışam. Ona görə də bu sevginin bədəlini tək başıma ödəyirəm. Ona görə də, xatirələr tək məni incidir", - deyə düşünür. Çünkü o qadın danışdı ona sənin susduqlarını. Bir xəyanət açdı, bu sirli gedişin tilsimini. Bir söz var, "duz basdın yaramın üstünə". Durmadan qanayan bir yara açıb getmişdin ürəyində. Bu azmış kimi, hələ bir üstünə də duz basdın. Başqa bir qadının ovcunda bükülü qaldı ürəyi. Özgə qadının əllərində can verdi son ümidi. İstədim ki, mən də o qadına səndən danışım. Vaxtı ilə gözlərinin içində məskən quran o qorxudan, itirmək qorxusundan, bədənindəki titrəkliklərdən, ağlayan gözlərindən, fədakarlıqlarından, dilindən tökülən sevgi dolu cümlələrdən, sənsiz ölərəm deyib, sevərək tərk etməyi bacaran bir kişidən bəhs edim ona. Sonra vaz keçdim. Bilirsən niyə? Əslində, gördüm ki, heç də elə deyilmiş, heç də gələn gedəni aratmırmış. Gələn gedənin yerini elə doldururmuş ki, tozunu belə silib süpürürmüş. Necə də böyük bir yalana inandırılaraq böyüdülürmüş insan övladı. İndi kimdən küssün, kimdən incisin bu qadın? Belə bir yalanın təməlini qoyan atalarındanmı, kor koranə hər şeyə inanan özündənmi?..

Əsla geri qayıtma. Qoy sənsiz mürgüləsin yuxuları. Qoy sənsiz ağlasın sətirləri. Çıxma qarşısına. Girmə yuxularına. Azad et onu. Artıq mən belə başa düşmüşəm səni. Sən qırx illik bir özgə idin onun həyatında. Yaxşısı budur elə özgə olaraq da qal!..

Nuranə TAĞIYEVA

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.