525.Az

Kəmalə Əhmədova: "Düşündüm ki, bu ürəyin nəğməsini insanlar da dinləməlidir" - Fotolar

"HƏR ŞEYİ ZAMANA BURAXMIŞAM VƏ İNANIRAM Kİ, ZAMANLA HƏR ŞEY ÖZ YERİNİ ALACAQ"


[15.01.20]
Kəmalə Əhmədova: "Düşündüm ki, bu ürəyin nəğməsini insanlar da dinləməlidir" - <b style="color:red">Fotolar </b>

Sosial şəbəkələrdə parlayanlar

Son illər sosial şəbəkələrdə cəmiyyətin ayrı-ayrı təbəqələrinin, fərqli düşüncə sahiblərinin müxtəlif məsələlərə münasibəti ilə tanış olmaqla yanaşı, həm də istedadlı gənclərin üzə çıxmalarını da müşahidə edirik. Bu tendensiya artıq ənənə halını alaraq, əhəmiyyətli bir reallığa çevrilib.

Çinarə Məlikzadə, Aslan Abdullayev kimi bir çox gənclərin istedadı məhz sosial şəbəkələrdə üzə çıxıb. Biz də ənənəvi medianın bu prosesdə körpü rolu oynaması istəyi ilə "525-ci qəzet"də "Sosial şəbəkələrdə parlayanlar" adlı yeni rubrika açmaq və cəmiyyətin həmin istedadları daha yaxından tanımasında yardımçı olmaq qərarına gəldik.Beləliklə, rubrikamızın ilk qonağı gənc, həvəskar ifaçı Kəmalə Əhmədovadır.

- Kəmalə xanım, deyəsən, sosial şəbəkələrin növbəti fenomeni siz olacaqsınız. Bu barədə nə düşünürsünüz?

- İnanın ki, heç nə düşünmürəm. Mahnılarımı oxuyub, İnstaqramın reklam funksiyasından yararlanıram. Mən onsuz da özüm üçün bir fenomenəm (gülür).

- Bəs necə oldu ki, özünüzü musiqi sferasına yönəlmək qərarına gəldiniz?

- Yaxşı səsim var idi, mən də bundan yan keçə bilmədim və düşündüm ki, həvəs üçün, zövq üçün oxumaq pis olmaz. Ancaq heç vaxt müğənnilik etmək niyyətində olmamışam.

- Həvəskar ifaçı olduğunuzu deyirsiniz, bunu inkişaf etdirmək, bu işlə peşəkar kimi məşğul olmaq istəmirsiniz?

- Hələlik ifa etmək mənim üçün həvəsdir. Ancaq yaxşı olardı ki, peşəkar olum və bu işi inkişaf etdirim. Onu da deyim ki, bunun üçün o qədər də can atmıram, çox tənbəl adamam. Bəlkə indi olmasa da, növbəti illərdə peşəkarlıq haqqında düşünə bilərəm.

- Bəs buna niyə can atmırsınız?

- Bilmirəm. Nədənsə həmişə oturub, hər şeyin yaxşı olmasını gözləyirəm. Düşünürəm ki, əgər uğurlu olacağamsa, uğur özü gəlib məni tapacaq. Həm də müğənni olmaq və böyük səhnələrdə çıxış etmək mənə o qədər də cəlbedici görünmür. Bəlkə də, bu, 22-23 yaşlarımda mənim üçün maraqlı olardı. Ancaq indi 31 yaşındayam və bir qədər həvəsdən düşmüşəm. İndi hamı oxuyur və düşünürəm ki, bu qarışıq vəziyyətdə insanların mənim səsimi, oxuduqlarımı başa düşməsi çətin olar. Televiziya kanallarında, musiqi sahəsində səviyyə baxımından vəziyyət elə də ürəkaçan deyil. Bəlkə də, buna görə klassik mahnılar oxuyuram və ifalarımı sadəcə, dinləmək istəyənlər üçün paylaşıram.

- Bəstəkarları və mahnıları seçməkdə sizə kömək edən kimsə var, yoxsa özünüz seçirsiniz?

- Özümün seçdiyim mahnılar da var, yaxınlarımın, ailəmin məsləhət bildiyi mahnılar da. Elə "Yaşa, könül" mahnısını ifa etməyi də mənə bir bəstəkar məsləhət görüb. Hazırda ifalarımda mənə kömək edən kimsə yoxdur. Professional studiyalardakı şəraitdən yararlanaraq bunu özüm edirəm.

- Deməli, ailəniz də sizə dəstək olur?..

- Əslində, o qədər də dəstəkləmirlər. Amma mən onlara başa salıram ki, bu səs məndə varsa, gizlədə bilmərəm, ən azından insanlar eşitməlidir. Ümumilikdə yaxşı qarşılamasalar da, mənə xoş olsun deyə, hər zaman maddi, mənəvi dəstək olmağa çalışırlar.

- Əsas odur ki, qarşınızda dayanmırlar...

- Təbii ki... Onların istəyi odur ki, mən stresdən uzaq olum. Musiqinin səviyyəsi əvvəllərdəki kimi əlçatmaz olsaydı, yəqin mənim müsiqi sahəsinə meyl göstərməyim ailəmə də xoş gedərdi. İndi sadəcə, onlar görürlər ki, hər şey bir-birinə qarışıb və ona gərə də mənim bu dəstəyə qoşulmağımı istəmirlər.

- Öz oxuduğunuz mahnıları dinləyəndə zövq alırsınızmı?

- Bu, mənim də həmişə öz-özümə verdiyim sualdır. Hətta öz səsimdən bezdiyim vaxtlar da olur. Mahnıları çox sevirəm, amma özüm oxuyub qulaq asanda nədənsə bundan zövq almıram və nəyinsə çatışmadığını, əskik olduğunu düşünürəm.

- Başqa hansı müğənnilərin ifalarını dinləyirsiniz?

- Özüm musiqiylə məşğul olsam da, xüsusən də son illər musiqi dinləməyə vaxt ayıra bilmirəm. Ən çox qulaq asdıqlarım retro musiqilər başda olmaqla Eyyub Yaqubov, Zülfiyyə Xanbabayeva və Sevda Ələkbərzadədir. Eyyub Yaqubovu illərdir dinləyirəm və onun ifalarından yorulmuram. Bu, mənim xarakterimdir. Bir mahnını çox sevirəmsə, onu nə qədər dinləsəm də, bezmirəm.

- Sizi musiqiyə, sənətə meyllənməyə kim təhrik edib?

- Doğrusu, heç kim yönəltməyib. Ətrafımda dostlarım, tanışlarım hərdən deyirdilər ki, yaxşı səsin var. Amma ümumilikdə bu, mənim şəxsi qərarımdır. Düşündüm ki, bu ürəyin nəğməsini insanlar da dinləməlidir. Hər dəfə öz-özünə oxumaq olmaz ki...

- Bəs ədəbiyyatla aranız necədir? Kimləri oxuyursunuz?

- Əsasən Mikayıl Müşfiqi, Ramiz Rövşəni oxumağı xoşlayıram. Anam əvvəllər Axundov adına kitabxananın işçisi idi. Buna görə də uşaqlıqda ədəbiyyat mənə daha maraqlı gəlirdi. İndi əsasən psixoloji, dedektiv əsərlər oxuyuram. Amma bu müsahibədən sonra ədəbiyyatla daha yaxından maraqlanacağam, çünki marağım yenidən oyandı.

- Özünüzə örnək götürdüyünüz sənətkarlar varmı, kimlərdən bəhrələnirsiniz?

- Daha çox klassiklərimizdən örnək götürürəm. Hərdən xarici musiqiləri də dinləyirəm. İndikilərdən isə Teymur Əmrahın, Lamiyə Kərimovanın yaradıcılığından bəhrələnirəm. Hərəsindən bir özəllik götürürəm, amma ən sonda çalışıram ki, özüm olum.

- Yutubda mahnılarınızı yerləşdirəndə düşünürdünüzmü ki, sosial şəbəkələrin məşhurlaşdırdığı simalardan biri də məhz siz ola bilərsiniz?

- Bunu heç düşünməmişəm. Çünki insanları inandırmaq, məşhurlaşmaq asan məsələ deyil. Hər şeyi zamana buraxmışam və inanıram ki, zamanla hər şey öz yerini alacaq.

- Son bir ay ərzində ard-arda səsləndirdiyiniz "Yaşa, könül" və "Sevərək yaşadım" mahnıları maraqla qarşılandı. Bundan sonra nə etməyi düşünürsünüz?

- Maraqlı bir yenilik var, ancaq ehtiyat etdiyim mövzudur deyə tam məlumat verə də bilmirəm. Əgər bu iş yaxşı nəticələnsə, sizinlə bir yerdə paylaşarıq. Hazırda onun üzərində işləyirik. Çalışırıq ki, yaxşı, fərqli yeniliklər olsun.

- Söhbət üçün çox sağ olun. Sizə uğurlar arzulayırıq və inanırıq ki, o yeniliklər gerçəkləşəndə növbəti dəfə söhbətləşəcəyik.

- Siz sağ olun. Fəaliyyətimi mətbuatda ilk işıqlandıran, dəstək verən məhz “525-ci qəzet” oldu. Ona görə də uğurumuz bir yerdə olacaq və bütün yenilikləri ilk sizinlə bölüşəcəyəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.