525.Az

Firidun bəy Köçərlinin 150 illiyilə bağlı elmi sessiya keçirilib

[13.11.13]
Firidun bəy Köçərlinin 150 illiyilə bağlı elmi sessiya keçirilib<b style="color:red"></b>

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Muzeydən verilən məlumata görə, sessiyada muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov "Firidun bəy Köçərlinin həyatı, irsi və mübarizələri" mövzusunda məruzə ilə çıxış edib: "Firidun bəy Köçərli çoxcəhətli zəngin fəaliyyəti ilə Azərbaycan ədəbiyyatının tarixinə və ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr verib. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi gördüyü işlər böyük əhəmiyyətə malikdir. Azərbaycanın ilk elmi ədəbiyyat tarixinin mükəmməl yaradıcısı olan Firidun bəy Köçərlinin millət, Vətən qarşısındakı misilsiz xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ildə "Firidun bəy Köçərlinin 150 illik yubileyi" haqqında Sərəncam imzalayıb. Onun "Söz heykəli" kitabında F.Köçərliyə həsr edilmiş ayrıca oçerk vardır. Moskvada nəşr ediləcək Azərbaycan klassikləri haqqında kitabda da F.Köçərli haqqında yazı yer alacaqdır. Eyni zamanda, muzeydə F.Köçərlinin zəngin arxivi vardır. Həmin arxiv materialları əsasında muzeydə kataloq hazırlanır, yaxın zamanlarda çap ediləcəkdir. Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilib. Çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini "Azərbaycan ədəbiyyatı" əsərində qələmə alması Firidun bəy Köçərlinin bu sahədə ən böyük xidməti sayılır. Bu əsəri yazmaqla Firidun bəy müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə də gələcək tədqiqatçılar üçün geniş bir yol açıb". R.Hüseynov vurğulayıb ki, Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazıb. Bu əsərdə yüzdən artıq ədibin irsi və onlardan böyük bir qisminin bioqrafiyası verilib, yaradıcılıqları haqqında müəllif fikri söylənilib. Muzeyin direktoru F.Köçərlinin "Balalara hədiyyə" dərsliyini 2014-cü ildə yeni təqdimatda, uşaqlar üçün daha uyğun bir tərtibatda və illüstrasiyalarla çap etdirəcəyini vurğulayıb. Tədbirdə, həmçinin F.Köçərlinin həyat və yaradıcılığını əks elətdirən fotolardan ibarət sərgi də təqdim olunub.

S.ABDULLAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.