525.Az

"Yuxarıdan Tanrı baxır Asimana..." - Fikrət Qocanın şeirləri

[14.01.20]
"Yuxarıdan Tanrı baxır Asimana..." - <b style="color:red">Fikrət Qocanın şeirləri </b>

YUXARIDAN TANRI BAXIR ASİMANA

Yuxarıdan Tanrı baxır Asimana...
Kainatda ulduz axır
yana-yana.
Hər Günəşin ətrafında səyyarələr...
Dolanırlar, yaşayırlar, qızınırlar.
Səyyarədə yaşayanlar
İtirirlər, qazanırlar.
Əlbət ki, biz kainatda tək deyilik.
Gələn yoxdu, gedən yoxdu,
Öyrənən, öyrədən yoxdu.
Adamıq - mələk deyilik.
Heyf ki, düşünən yoxdu
Yer üzündə tək deyilik.
Ağlımızı sərf etmişik silahlara
Dənizlərdə, torpaqlarda,
Canlılarda, cansızlarda sınaqlara...
Hər silahla, hər sınaqla,
Yol açırıq günahlara.
Canlıları öyrətmişik
Bizim üçün çalışmağa...
Bəzi quşlar, itlər belə
Öz dilini unudubdu,
Başlayıbdı bizim kimi danışmağa.
Xəstəliyi qurda-quşa yeridirik...
İnsanlara yaymaq üçün,
İnsanların güzəranın
Yaman günə qoymaq üçün,
İşlər görürük çətin, asan
Belə çıxır insanın bir düşməni var
Bu dünyada o da - insan!
İnsan Allahın kəşfidi,
Əməyidi, övladıdı.
Bəli, "İnsan" ilk İnsanın ilk adıdı.
Biz yaradan silahlarla,
Biz törədən günahlarla
Cəhənnəmin qazanını qaynadırıq.
Yer kürəsin məhvərindən oynadarıq.
Ulduz olub axar gedər yana-yana
Unutmayın,
Yuxarıdan Tanrı baxır Asimana.

06.01.2020

XƏBƏRSİZ VAXTI

(zarafatyana)

Oğurluq etmədim qonşu bağından,
Şamama! Yetişdin, qopdun tağından
Bir öpücük aldım al yanağından
Gözünün üzündən xəbərsiz vaxtı.

Hüseyn Arif demiş: "Hə, olub, olub..."
Səni yad etmişəm, gözlərim dolub,
Qoynuna yuxu tək girdiyim olub,
Özünün özündən xəbərsiz vaxtı.

Sən sildin gözümdən dumanı-çəni...
Bir sözün saçımın oldu ağ dəni.
Çox sonra dedin ki, "sevirəm səni"
Dilinin sözündən xəbərsiz vaxtı.

Özüm öz canıma qəniməm-qənim.
Səmavi eşqidir imanım, dinim.
Bir sözlə atamı yandırdın mənim.
Dodağın közündən xəbərsiz vaxtı.

Başında ağ örpək - bu ağ bayrağın...
Baxtını sınamaq istədin yəqin...
Ayağın gətirib səni, ayağın!
Ayağın izindən xəbərsiz vaxtı.

Mən də əkdiyimi bir vaxt biçəcəm
Ayrılıq şərbətin əlbət içəcəm.
Bir gecə dünyadan mən də köçəcəm
Özümün özümdən xəbərsiz vaxtı,
Uzun bir gecənin səhərsiz vaxtı.

07.01.2020

SEVGİLİM RAYANIN 70 YAŞINA

Gəldin Günəş kimi, yox oldu axşam.
Özüm də bilmədim, nə vaxt yanmışam.
Bu necə qaydasız oyundu, canım,
Sən "mat" deməmisən, mən mat qalmışam!

Eşqimə gülməyin, siz yanarsınız!
Heç kimə gülməyin, dayanarsınız...
Səksən beş yaşımda hələ sevirəm,
Başınıza gəlsin, inanarsınız!

08.01.2020

RAYA - BANU XANIMA

Yetişdin yetmiş yaşına,
Nəvələr yığılıb başına,
Çıxıb baxça-bağda gəzmə!
Tək canına, tək başına.
Baxmaram ha göz yaşına...
Əlli il  əvvəlki kimi
Mən yenə də qısqanıram.
Səni sənə də qısqanıram,
Ayaqlarına sərilmiş
Kölgənə də qısqanıram,
Yarım mən səni, mən səni.
Ağbirçəkli, qara gözlü,
Qarım mən səni, mən səni!!!

10.01.2020

Fikrət QOCA

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.