525.Az

Mirzə Cəlilin şeir yaradıcılığı haqqında qeydlər - Məqalə

[14.01.20]
Mirzə Cəlilin şeir yaradıcılığı haqqında qeydlər - <b style="color:red">Məqalə </b>

Azərbaycan satirik mətbuatının banisi Cəlil Məmmədquluzadə ədəbiyyatımıza çoxlu sayda publisist məqalə, hekayə, povest və dram əsərləri bəxş etmiş qüdrətli sənətkardır.

O, "Molla Nəsrəddin" jurnalında satirik hekayə, satirik məktub, felyeton, satirik məqalə və satirik xəbərlərə müraciət etmiş və bu ədəbi janrların digər mollanəsrəddinçilər tərəfindən də yaradılmasına və inkişafına nail olmuşdur. Bununla yanaşı, C.Məmmədquluzadə yaradıcılığının bir istiqamətini də onun naşiri olduğu "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi satirik şeirləri təşkil edir. Bu şeirləri yazıçı felyetonlara əlavə etməklə ədəbiyyatda yeni bir satirik janrın yaranmasına nail olmuşdur. Yazıçının satirik şeirlərə müraciəti daxili bir tələbatdan, dövrün ictimai eyiblərini, qüsurlarını, cəmiyyətdə hökm sürən neqativ halları, mənfilikləri göstərmək və xalqa çatdırmaq zərurətindən irəli gəlmişdir.

C.Məmmədquluzadənin satiraları kəmiyyətcə çox olmasa da, keyfiyyətcə Azərbaycan realist satirik şeirini yeni istiqamətə yönəltmiş və zənginləşdirmişdir. O, bu satirik şeirləri ilə molanəsrəddinçilərə bir səsləniş etmiş və dövrün ictimai-siyasi, sosial bəlalarının ifşa üsullarını göstərmişdir. Bununla da, "Molla Nəsrəddin" ədəbi məktəbi ətrafında M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Razi, B.Abbaszadə kimi şairlərin yaradıcılığının satirik istiqamətini müəyyənləşdirmiş, Azərbaycan ədəbiyyatında bu janrın zənginliyinə, inkişafına və təkamülünə təminat yaratmış, jurnalın ideya-bədii xəttini aydınlaşdırmışdır. C.Məmmədquluzadə "Molla Nəsrəddin" ətrafında oxucu sayını artırmaq, geniş maarifləndirmə işi aparmaq, öz həmvətənlərini fəal mübarizəyə səsləmək məqsədilə üç istiqamətdə mühüm işlər görürdü:

1. Azərbaycan klassik şeir ənənələrindən yaradıcılıqla istifadə etmək.

2. Şifahi xalq ədəbiyyatının zəngin xəzinəsindən bəhrələnərək satirik şeirlər yazıb mollanəsrəddinçi şairlərə əsl satirik şeirin səciyyəvi xüsusiyyətlərini göstərmək.

3. Öz felyetonlarında Sabir satiralarından istfadə etməklə "Molla Nəsrəddin" jurnalında fəal iştirak edən şairlərə yeni şeirin ruhunu, mövzu və ideyasını, sənətkarlıq xüsusiyyətlərini aşılamaq və bu şəkildə əsərlər yazmağa sövq etmək.

C.Məmmədquluzadə jurnalda dərc edilən əsərləri, qeyd və şərhləri ilə XX əsr Azərbaycan satirik şeirinin əsas ideya xəttini, orijinallığını, çoxçalarlığını qoruyub saxlaya bilmiş, ezop dili ilə yazılmış əsərlərin dərin məna qatlarının, polifonikliyinin inkişafına  təminat yaratmışdır. C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi "Lisan bəlası", "Xoş ol zaman ki, xalq yatıb bizəban idi", "Qız və nənə", "Axunda müraciət", "O kimdir?", Görəndə", "Ey axund", "Utanma", "Nə bilim", "Ey könül", "Olacaqsan", "Ey yazıq", "Nədir", "Sən qanmasan" və s. satirik şeirləri klassik ədəbiyyatdan edilmiş pardodiyalar şəklində yazılmış və felyetonlara əlavə olunmuşdur. Yazıçı daha çox Seyid Əbülqasım Nəbati, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin əsərlərinə müraciət etmiş, dövrün ictimai eyiblərini parodiya və perifrazlar şəklində oxuculara çatdırmışdır.

C.Məmmədquluzadə satirik şeirin ilk orijinal formalarını "Molla Nəsrəddin" jurnalı vasitəsilə ədəbiyyata gətirmişdir. Onun şeirlərinin əksəriyyəti felyetonlara əlavə şəklində qələmə alınmış, nəzm parçaları nəsrin ideya və məzmunu ilə harmoniya yaratmış, bütövlükdə mətnin ruhunu özündə ehtiva etmişdir. Ədibin "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində dərc olunan "Lisan bəlası" felyetonunda yer alan şeiri müəllifin zaman-zaman insanların şüurunda stabilləşən susmaq, danışmamaq, haqq səsini ucaltmamaq, zalımların məhkumluq siyasətinə qarşı çıxmamaq, mütilik göstərmək kimi yanlış tendensiyasına etirazı və bu mənfur siyasətə kinayəli, satirik münasibəti idi. Müəllifin acı, istehzalı gülüşü mətnin nəsr hissəsi ilə yanaşı, şeirin də ümumi ruhuna hakim kəsilmiş və sarkazma yüksəlmişdir:

Ey dil, dəxi dinmə və sükut et, səni Tanrı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol və danışma!
Gər qeyriləri cəmdəyinə vursala, dinmə!
Gər başın əyib peysərinə dursala, dinmə!
Pamal edə düşmən səni səbr et, bala, dinmə!
Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!
Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!
("Molla Nəsrəddin", 1906, №1)

İstehzadan yoğrulmuş məsləhət xarakterli bu satirik şeir özünün bədii forma və strukturu, orijinal dil, ifadə tərzi ilə bərabər, həm də inqilablar dövründə xalqı mübarizəyə, aktiv dinamik fəaliyyətə səsləyən dəyərli və ibrətamiz çağırışdır.

"Molla Nəsrəddin” satirasına xas olan ideya-sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirən "Lisan bəlası" şeirində dünya-aləmin oyanıb haqqını tələb etdiyi tarixi şəraitdə müsəlman aləmini bürümüş itaətkarlıq, ətalət, "Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır" fəlsəfəsi orijinal satirik bədii vasitələrlə tənqid olunmuşdur... "Lisan bəlası" satirasında əsrin sözü də özünün qabarıq əksini tapmışdır. Şeirdə qonşuların ayılıb silahlandığı, haqq-nahaq, dava-mərəkə qopardığı çətin, mürəkkəb bir zamanda hələ də dinib-tərpəşməyən başıaşağı müsəlmanın bənzərsiz portreti yaradılmışdır" (Akademik İsa Həbibbəyli).

C.Məmmədquluzadənin Seyid Əzim Şirvaninin "Xoş ol zaman ki, yar mənə həmzəban idi" misrası ilə başlayan müsəddəsinə nəzirə şəklində qələmə aldığı "Xoş ol zaman ki, xalq hələ bizəban idi" perifrazı ədibin yeni tapıntısı, klassik Azərbaycan ədəbiyyatından yaradıcılıqla bəhrələnmənin uğurlu təzahürü idi. Jurnalın üçüncü sayında dərc edilən "Qəbirdən məktub" felyetonuna əlavə şəklində verilmiş dörd bənddən ibarət şeir mətnin məzmunu və alt qatda gizlənmiş müəllif ideyası ilə ekvivalentlik yaradır, felyetonun təsir gücünü artırır. İkiüzlü, fırıldaqçı mollaların ifşasına xidmət edən bu nəzm parçasında "Molla Nəsrəddin" üslubu, satirik ifadə tərzi ön plana çəkilir:

Xoş ol zaman ki, xalq yatıb bizəban idi,
Bəzmim pilavü çay ilə rəşki-cənan idi.
Soltan idim ki, vəz ilə hökmüm rəvan idi,
Millət qulam idi mənə, bəxtim cəvan idi,
Malü xəzinə mayili-arami-can idi.
Dəmlər o dəmlər idi, zaman ol zaman idi!
("Molla Nəsrəddin", 1906, №3)

C.Məmmədquluzadənin müstəzad şəklində yazdığı "Xoş ol zaman ki, xalq yatıb bizəban idi" şeiri bədii forma və struktur özəlliyi ilə klassik ənənəni yaşatsa da, ideya və məzmun yeniliyi baxımından tamamilə orijinaldır. S.Ə.Şirvaninin bu məşhur şeirində sevgilisi ilə keçirdiyi xoşbəxt günlərin intizarını, həsrətini çəkən dərdli aşiq obrazının yerini Mirzə Cəlilin portretini ustalıqla rəsm etdiyi istismarçı hakim təbəqələr tutur. Ədib şeirdə daxili puçluğunu açıb ifşa etdiyi, hakimiyyətdə olduğu illərdə xalqı zülm və istibdadda əzib məhv edən qaragüruhçu qüvvələri, keçmiş günlərin həsrəti ilə yaşayan yuxarı dairələri tənqid hədəfinə çevirmişdir. "Molla Nəsrəddin" jurnalında perifrazın ilk yaradıcısı kimi C.Məmmədquluzadə S.Ə.Şirvani şeirinə müraciət etməklə sadəcə şeirin şəklindən, formasından satirik ifşa məqsədilə bəhrələnmişdir. Ədib bu perifrazlarla mövcud rejimin daxili puçluğunu aşkara çıxarır və satirik şəkildə tənqid hədəfinə çevirir. C.Məmmədquluzadənin lirik "qəhrəman"ı Seyid Əzimin ülvi hisslərlə yaşayan estetik "mən"i deyil, aşiq obrazı funksiyasından uzaqlaşmış ictimai idealların daşıyıcısına çevrilən, mənfi çalarlarla yüklənmiş "mən"dir. Satirada müəllif qayəsinə uyğun olaraq estetik idealla ictimai ideal, həyat hadisələri qarşılaşdırılır və antitezalığa yol açır. Seyid Əzimin "mən"i düşdüyü bəla və möhnətin ağırlığını dərk edib onunla yaşayan bir dərdli aşiqdirsə, Mirzə Cəlilin "mən"i isə mövcud situasiyanı, onun siqlətini anlamayan ifşa obyektidir. Əsasən bu üsulla yaradılan perifrazlardakı personajların danışıq aktında zəmanədən şikayət, keçmiş günlərə həsəd hissi, mübahisə və qarşı tərəfə müraciət forması aparıcı rol oynayır. C.Məmmədquluzadə məhz bu ədəbi priyomu seçmişdir. Ədibin bu orijinal və maraqlı üslubu ictimai qüsurları, cəmiyyətdəki çoxsaylı eybəcərlikləri ifşa etmək üçün digər mollanəsrəddinçilərə də geniş imkanlar vermiş və onlar da perifrazın orijinal nümunələrini yaratmağa nail olmuşlar.

S.Ə.Şirvaninin zəngin lirikası parodiyalar üçün əlverişli, effektli mənbələrdən biri olduğu üçün C.Məmmədquluzadə dönə-dönə şairin ədəbi irsinə müraciət etmişdir. O, "Yar ilə görüşmək", "Keçən günlər" adlı felyetonlarında klassik Azərbaycan şeirinin bədii imkanlarından ustalıqla yararlanmışdır. "Yar ilə görüşmək" felyetonunun epiqrafında Seyid Əzimin "Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq, Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq" misralarını vermişdir. Qəzəlin digər beytləri nəsrlə yazılmış mətnarası abzaslarda yer almış və mövzu ilə tam uyarlıq yaradaraq vəhdət təşkil etmişdir:

Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrudən,
Dolanmaq başına, şayisteyi-busəkənar olmaq.

Yazıçı bu misraları o məqamda işlədir ki, "Tamam üç aydır ki, məktəblər bağlı, küçələr boş, cavanlarımız sərgərdan, balaca məhbublardan ayrı düşüb, Məcnuntək biixtiyar veyillənməkdə idilər" ("Molla Nəsrəddin", 1906, №23). Yazıçının "qəhrəman"ı Füzulinin dərdli aşiqi, təmiz və saf məhəbbətlə sevən Məcnun obrazı deyildir. O, insani hisslərdən uzaq, əxlaq və mənəviyyatca kasad olan mənfi bir tipdir. Müəllif hədəfə götürdüyü satirik obrazı ifşa məqsədilə Məcnun obrazına bənzətmiş və beləliklə, kinayəni daha da dərinləşdirərək sarkazma yüksəltmişdir. Deməli, obraz öz həqiqi dominantlığından tamamilə uzaqlaşdırılaraq mənfi çalarla yüklənmişdir.

C.Məmmədquluzadənin "Keçən günlər" felyetonunda yazıçının mətnə orijinal və yaradıcı münasibəti bütün aydınlığı ilə görünür. Mətnin sonunda yer alan "Ey könül" rədifli satirik şeir müəllifin özünə məxsusdur. Yenə də Şirvaninin aşiqanə-lirik qəzəlinin ecazkar məna yükünü satirik səmtə yönəldən ədib dövrün daha bir ağrılı problemini - qadın azadlığını gündəmə gətirmişdir:

Ta keçəl-küçəllər oldu indi yarın, ey könül,
Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Yüz cəfa gördün, vəli bir gəz kifayət etmədin.
Hər sifatından xəcilsən nazlı yarın, ey könül.
Nə ümid ilə genə millət sənə vermiş fərib
Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül?
("Molla Nəsrəddin", 1906, №24).

C.Məmmədquluzadə felyetonda həyatdan götürülmüş sadə hadisələr fonunda böyük mətləbləri açıb göstərməyə müvəffəq olmuşdur. Problemin kökündə Azərbaycan qızlarının savadsızlığı, elmə, mədəniyyətə meyl etməməsi və bunun acınacaqlı nəticələri paralellər əsasında oxucuya çatdırılır. Yazıçı öz həmvətənlərinin başqa xalqların qızları ilə müqayisədə geri qaldığını təəssüf hissi ilə bildirir, hətta onları abbası ilə şahını ayırd etməkdə çətinlik çəkdiklərinə görə ittihamlandırır və bunların hamısının əsasında elmsizliyin dayandığını ironik bir dillə izhar edir.

Cəlil Məmmədquluzadənin yaradıcılığına önəm verdiyi və müraciət etdiyi sənətkarlardan bir də S.Ə.Nəbatidir. Ədib məqsədli şəkildə aşiqanə - lirik, romantik və dini mövzularda qələmə alınmış nəzm əsərlərinə satirik təhzillər, parodiya və bənzətmələr yaratmaq üçün klassik şairlərin yaradıcılığından bir fon kimi istifadə etmişdir. Bu baxımdan Nəbati lirikası da Mirzə Cəlilin satirik şeirlərinin ərsəyə gəlməsində və əsas missiyanın həyata keçirilməsində mühüm rol oynamışdır. Ədib özünün məşhur "İranın Batum konsuluna başıbağlı məktub" adlı siyasi felyetonunda Əbülqasım Nəbatinin "Get dolangilən xamisən hənuz" şeirinə satirik bir bənzətmə, parodiya şəklində yazdığı nəzm parçasını əlavə etmişdir. Felyetonda beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi məsələlərdən bəhs edən müəllif rus-yapon müharibəsini diqqət mərkəzində saxlamaqla çarizmin məğlub olma səbəblərinə toxunur, getdikcə güclənən inqilab dalğasının İrandakı əks-sədasına, xalqın siyasi şüurundakı oyanışına təsirindən söhbət açır. Felyetonun ideya və məzmun xətti ilə şeirin ruhu arasındakı bağlılıq mətnin satirik boyalarını daha da artırmış və iki janrın sintezi ilə orijinal bir formanı reallaşdırmışdır. C.Məmmədquluzadə şeiri lirik mahiyyətindən uzaqlaşdıraraq ona siyasi mahiyyət vermiş və satirik ittihamı kəskinləşdirmişdir:

Get dolangilən, xamisən hənuz,
Konsul olmağa çox hünər gərək.
Sən görən deyil Ənzəli, Zünuz
Böylə işlərə baxəbər gərək.

Keçdi ol zaman padşahdınız,
Padşah nədir, qibləgahdınız,
Həmşərilərə bir Allahdınız,
İndi bəsdi ta, ta yetər gərək!..
("Molla Nəsrəddin", 1906, №39).

Nəbati şeirindən bir fon kimi yararlanan C.Məmmədquluzadə yalnız forma-struktur özəlliklərini, vəzni şaxlamış, lakin əsərə tamamilə yeni ideya və ictimai-siyasi çalar vermişdir.

C.Məmmədquluzadənin yaradıcılığında onun "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi ümumi faktlı felyetonları xüsusi yer tutur. Bu felyetonların əsas mövzusunu ictimai-siyasi məsələlər, azadlıq, vətənpərvərlik, ana dili kimi önəmli və taleyüklü problemlər təşkil edir. Felyetonların ideyasında isə doğma xalqın milli istismara, zülm və əsarətə, haqsızlığa qarşı barışmazlıq, birlik, ana dilinin  saflığını, təmizliyini qorumaq məsələləri dayanır. Yazıçının "Axund ilə keşişin vəzi" felyetonunda da həmin ideya aparıcıdır. Felyetonda C.Məmmədquluzadə xalqın taleyinə biganə olan, vətənini sevməyən axundun mənəvi yoxsulluğunu, şəxsi mənafeyini ümumi mənafeyindən üstün tutmasını antitezalıq yaratmaqla ifşa edir, tənqid hədəfinə çevirir. Müəllif fikri felyetonun sonunda verilən satirik şeirdə funksionallaşır:

Ey aridən ari bala, mərdanə utanma!
Hər ləhzədə ol sakini-çayxanə, utanma!

Çıxma eşiyə sel tuta gər dam ilə daşı,
İç çayuvi, çək tiryəküvi, böyrünü qaşı,

Yanında oturmuşlar əgr olsa da naşi,
Ver tüstüsünü onlara məstanə, utanma!

Yüz zəhmət ilə qonşuların elmi tapanda,
Sən alim olursan gedib asudə yatanda,
Sən eyş qıl, onlar toza-torpağa batanda,
Get yarü rəfiq ilə gülüstanə, utanma!
 ("Molla Nəsrəddin", 1906, №14).

C.Məmmədquluzadənin yaradıcılığına böyük dəyər verdiyi satirik şairlərdən biri də Mirzə Ələkbər Sabirdir. O, "Molla Nəsrəddin"də dərc etdirdiyi felyetonlarının xeyli hissəsində Sabir satiralarından istifadə etmiş, onların birgə fəaliyyəti olduqca uğurlu alınmışdır. C.Məmmədquluzadə ilə Sabir yaradıcılığını bir-birindən janr xüsusiyyətləri ayırsa da, lakin onları bir araya gətirib birləşdirən ideya, məslək və əqidə birliyi var idi. Məhz elə bu məqsədlə də ədib "Niyə mən dərsdən qaçdım?", "Tərəqqi əlamətləri", "Qoloşapovun geri çağırılması", "Qarnıyoğunlar", "Həmşəri" felyetonları Sabirin "Ol gün ki, sənə xaliq edər lütf bir övlad", "Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!", "Etdi bu fələk hər kəsə bir tövr yamanlıq", "Hər nə versən ver, mabada vermə bir dirhəm zəkat", "Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət", "Zahida, gəl soyunaq bir kərə paltarımızı" kimi satirik şeirləri ilə eyni mətndə yer almış, bir-biri ilə məzmun və ideya tamlığı, bütövlük yaratmışdır.

C.Məmmədquluzadə satirik şeirlər yazmaqla yanaşı, həm də "Molla Nəsrəddin" şeir məktəbinin əsas istiqamətlərini özünün jurnalda dərc etdirdiyi qeydlərində göstərirdi. O, əsasən mollanəsrəddinçilər qarşısında aşağıdakı tələbləri qoyurdu:

1. Açıq türk dilində (Azərbaycan), sadə və anlaşıqlı yazmaq

2. İdeya və məzmun zənginliyi yaratmaq

3. Tənqidi-satirik üslubu gözləmək

4. Müasirlik ruhu, zəmanənin nəbzini tutmaq

5. Yığcamlıq və lakonikliyə əməl etmək

6. Təkrarçılığa yol verməmək.

Bu prinsiplər pozulduqda, qarşıya qoyulan tələblərə əməl olunmadıqda yazılar jurnalda dərc edilmirdi. Bu baxımdan jurnalın "Poçt qutusu"nda böyük satirik Sabirə ünvanlanan "Bu səfərki şeiriniz çap olunmayacaq, çünki təkrardır", Əli Raziyə "Yazılan şeirlər bir az qıjqırıbdır", Məmmədəli Sabit Manafzadəyə "Xoşumuza gəldiyi üçün çap etməyib idarədə saxladıq" kimi cavablar jurnaldakı bədii keyfiyyətin yüksəkliyindən və tələbkarlıqdan xəbər verirdi. Şübhəsiz ki, bu prinsiplər "Molla Nəsrəddin"də yer alan lirik üslublu tənqidi şeirləri klassik Azərbaycan ədəbiyyatındakı lirik şeirlərdən fərqləndirirdi.

C.Məmmədquluzadənin yaradıcılıqla bəhrələndiyi ikinci mənbə şifahi xalq ədəbiyyatının zəngin və tükənməyən xəzinəsidir. O, folklorun həm lirik, həm də epik şəkillərinə müraciət etməklə xalqla onun öz təfəkkürünə, düşüncə tərzinə uyğun bir dildə danışmağı daha məqsədəuyğun hesab edirdi. Ədib şifahi xalq ədəbiyyatının atalar sözləri, məsəllər, müəmmalar, mahnılar, bayatılar, nəğmələr, sayaçı sözlər və s. kimi geniş yayılmış şəkillərindən istifadə etməklə kəskin ictimai-siyasi problemləri obrazlı və lakonik bir dillə oxucuya çatdırmağa müvəffəq olurdu. C.Məmmədquluzadənin əsrlərin sınağından keçmiş folklor nümunələrinə istinad etməsinin başlıca səbəbi həcmcə kiçik, lakin dərin məna tutumu, lakoniklik, yığcamlıq, canlı xalq dilinin üslubi çalarlarından yerli-yerində, məqamında istifadə etmək zərurətindən irəli gəlirdi. C.Məmmədquluzadənin bu seçimi onun üslubunda folklor elementlərinin təsirini açıq-aydın göstərir.
O, xalq ədəbiyyatının əsrlərcə stabilləşmiş satirik ənənələrindən ustalıqla bəhrələnmiş, eyni zamanda, folklor nümunələrinin fonu arxasından geniş ictimaiyyətə çatdıracağı məsələləri daha azad və sərbəst ifadə etmək imkanı əldə etmişdir. C.Məmmədquluzadə xalq təfəkkürünün qüdrətinə, onun ecazkar gücünə böyük diqqət göstərərək "Molla Nəsrəddin" jurnalının əksər nömrələrində elanlar dərc edirdi: "Bir kəs müsəlman aləmində söylənən nağıllardan, tapmacalardan hər nə bilirsə aşağıdakı adresə göndərsin... Ümidvarıq ki, ədəbiyyat və lisanımıza xidmət etmək üçün hər kəs bildiyini yazmaqdan müzayiqə etməz" ("Molla Nəsrəddin", 1908, №51).

C.Məmmədquluzadə folklordan həm müstəqim, həm məqsəd və məramına uyğunlaşdırılmış şəkildə, həm də özünün yaratdığı formada istifadə etmişdir. O, "Keçən günə gün çatmaz" xalq məsəlini məşhur "Keçən günlər" felyetonuna epiqraf seçmişdir. Ümumiyyətlə, C.Məmmədquluzadə öz yaradıcılığında çoxlu sayda atalar sözlərinə müraciət etmişdir. Onun yaradıcılğında müəmmalar da xüsusi yer tuturdu.

C.Məmmədquluzadə bu janrlı əsərlərini mollanəsrəddinçilərə "tap görüm" müraciəti ilə ünvanlayırdı. Bu baxımdan Əli Məhzuna ("Yetim cücə") xitabən qələmə aldığı müəmma diqqəti cəlb edir:

Yorğan ağırdı, göz yuxulu,
Bədən süstdü, gözü açılır-yumulur.
Deyən dəyənəkdi, çomaqdı,
Demə vuranlar axmaqdı,
Tap görək "Yetim cücə".

Şifahi və yazılı ədəbiyyatda işlək bir formaya çevrilən müəmmalar ədibin yaradıcılığında kəskin ictimai-siyasi xarakter daşıyaraq satirik məqamın güclənməsinə xidmət etmişdir. Məlumdur ki, müəmmaların səciyyəvi əlaməti onun hər hansı bir şəxs, məfhum və yaxud hadisə haqqında metaforik, gizli mənanı öz dərin qatlarında gizlətməsindədir. Yazıçı mövcud cəmiyyətdə qadınların hüquq və azadlıqlarının pozulmasını digər janrlı əsərlərində olduğu kimi müəmmalarda da satirik bir dillə izhar etmişdir. Bu, onun Şərq qadınını azad və bərabərhüquqlu görmək istəyindən irəli gəlirdi. Yazıçı oxucunun diqqətini "O nədir ki?" sualı ilə bu önəmli məsələyə yönəldir:

Gündə döyər atası,
Alar başına tası,
Abbasını iki şahı bilib xərclər,
İki şahını da abbası?
 ("Molla Nəsrəddin", 1906, №24).

Əziz Mirəhmədov C.Məmmədquluzadənin folklor örnəklərindən istifadəsini yüksək dəyərləndirərək yazır: "C.Məmmədquluzadənin istifadə etdiyi mənbə üzərində yaradıcılıq işi cürbəcürdür. Gah kədər ifadə edən aşiqanə şeirə məsxərə ruhu verilir, gah lirik tərənnüm ruhunda yazılan şeir istehza bildirən şeir olur, gah vüqar dolu, şən, oynaq şeir ürəkdən tikan çıxardan ifşaçı bir şeirə çevrilir, gah da nəsihətamiz didaktik şeirdən ciddi, tənqidi şeir əmələ gəlir..." (Əziz Mirəhmədov).

C.Məmmədquluzadə xalq mahnılarından dövrün ictimai eyiblərini, qüsurlarını göstərmək məqsədilə istifadə etmişdir. O, "Dərədə yatmış idim" misrası ilə başlayan xalq mahnısını lirik mahiyyətindən uzaqlaşdıraraq dövrün ictimai bəlasına çevrilən süstlüyə, ətalətə, fəaliyyətsizliyə qarşı bir satirik vasitə kimi göstərməklə insanları dinamik fəaliyyətə səsləyir:

Dərədə yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba parta-partnan, top atdılar, oyanmadım,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım,
Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.
("Molla Nəsrəddin", 1906, №30).

C.Məmmədquluzadə xalqın rəngarəng və zəngin söz xəzinəsinin bütün məqamlarına müraciət etməklə öz satirik yaradıcılığının boyalarını, məna çalarlarını zənginləşdirməyə müvəffəq olmuşdur. O, Azərbaycan ədəbiyyatı tarixində satirik sənətkar kimi qərarlaşsa da, yaradıcılığında xalq ədəbiyyatının lirik ricətlərindən məharətlə istifadə etməklə məqsəd və məramını oxucuya daha asan və anlaşıqlı bir dillə çatdıra bilmişdir.
Cəlil Məmmədquluzadənin jurnalda dərc olunan bu satirik əsərləri öz dinamikliyi, rəngarəngliyi və məna tutumu ilə oxucu rəğbəti qazanmış, böyük bir hərəkata stimul vermiş və "Molla Nəsrəddin" ədəbi məktəbinin yaranmasına, təşəkkülünə və formalaşmasına yol açmışdır.
Qapımın zəngi bir qərib quş qanadına  ilişsə...

Gülbəniz BABAYEVA

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.