525.Az

“Həyatda hər kəsin bir nağılı olduğuna inanıram” - Şahanə Müşfiq ilə müsahibə

[14.01.20]
“Həyatda hər kəsin bir nağılı olduğuna inanıram” - <b style="color:red">Şahanə Müşfiq ilə müsahibə </b>
Ədəbiyyat sirli bir dünyadır. Bu, insanlara təsir edən, onları saflaşdıran bir sənətdir. Ümumiyyətlə, ədəbiyyatın mahiyyətinə dair fikirlər müxtəlif olsa da, bütün nəzəriyyəçilər düşünür ki, ədəbiyyat həyatı başa düşməyin ən gözəl yoludur.

Sevindirici haldır ki, müasir Azərbaycan ədəbi mühitində öz imzaları ilə tanınan, dəst-xətləri ilə fərqlənən gənc yazarlar kifayət qədərdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahanə Müşfiq ixtisasca filoloq olmasına baxmayaraq, ədəbi fəaliyyətlə yanaşı jurnalistika ilə də məşğuldur. Bu günlərdə Şahanə xanımla görüşüb, həmsöhbət olduq. O, suallarımızı səmimi cavablandırdı.

- Şahanə xanım, siz BDU-nun Filologiya fakültəsini bitirmisiniz. Hazırda isə “525-ci qəzet”də çalışırsınız. Necə düşünürsünüz, siz əvvəl jurnalist, yoxsa yazıçısınız?

- Orta məktəbdən ədəbiyyata böyük sevgim olub. Ədəbiyyat mənim üçün sənət yox, həyat tərzidir. Ancaq jurnalistikaya da böyük marağım var idi. Abituriyent olanda artıq seçim etmək məcburiyyətində qaldım - filologiya, yoxsa jurnalistika? Çox düşünəndən sonra filologiyanı seçdim. Çünki bu ixtisası bitirəcəyim halda da jurnalistika ilə məşğul ola biləcəyimi başa düşürdüm. Amma universitetdə jurnalistikanın sirlərinə yiyələnsə idim, ədəbiyyatla nəzəri şəkildə məşğul ola bilməyəcəkdim. Odur ki, filologiya ixtisasını seçdim. Dediyiniz kimi, hazırda həm “525-ci qəzet”in əməkdaşı, həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun dissertantıyam. Müntəzəm olaraq “Ulduz”, "Azərbaycan jurnallarında, “Ədəbiyyat” qəzetində çıxış edirəm. 

- Mətbuatda dərc olunan ilk yazınız yadınızdadır?

- Əlbəttə. İnsan ilk uğurunu heç unudar? İlk yazım çox təəccüblü olsa da, Azərbaycan Yazıçılar Birliyinin saytında çap olunmuşdu, hekayə idi, maillə göndərmişdim və çap edilmişdi. Amma "525-ci qəzet"də ilk yazım müsahibə olub. Təxminən dörd il əvvəl “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məni qəzetə dəvət edəndə gənc yazıçı Cavid Zeynallıdan müsahibə almağı tapşırdı. Cavid bəylə əlaqə saxladım və dedim ki, əgər bu müsahibə bəyənilsə, məni işə qəbul edəcəklər. Çox sevindi. Müsahibənin maraqlı alınması üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirdi. Hətta zarafatla işlətdiyi “Lazım gəlsə sualları da, cavabları da özüm yazaram” sözü dünənki kimi yadımdadır. Təbii ki, müsahibəni özüm hazırladım və bəyənildi. Beləliklə, “525”lə əməkdaşlığa başladım. 

- Ədəbiyyat təhsilli olmağınız yaradıcılığınıza necə təsir edib?



- Yazıçılıq ilk növbədə istedaddır. Ədəbiyyat təhsilli olmadan da çox gözəl yazılar yazmaq olar. Digər tərəfdən isə etiraf etmək lazımdır ki, filologiya ixtisasına yiyələnmık qələm sahibi üçün əlavə avantajdır. Çünki sən artıq sözlərdən istifadə etməyi yox, sözləri hiss etməyi bacarırsan. Xüsusilə də əgər ədəbi tənqidlə məşğulsansa, kiminsə yaradıcılığını təhlil edirsənsə ədəbiyyatı bilməyin şərtdir. 

- Həm ədəbiyyatın nəzəriyyəsinə bələd olan, həm də praktik fəaliyyətlə məşğul olan gənc yazar kimi fikirləriniz maraqlı olar. Sizcə, ədəbiyyat nədir?

- Ədəbiyyat gözlə gördüyümüz, eşitdiyimiz, hiss etdiyimiz hər şeydir. Bəzən təsadüfən başımıza gələn hadisə bütöv bir əsərin fabulası və ya ilk dəfə rastlaşdığımız insan hansısa hekayənin, romanın baş qəhrəmanı ola bilər. Bu mənada həyat özü başdan-ayağa ədəbiyyatdır. Sadəcə onu hiss etmək gərəkdir.

- Sizin bir povestiniz və bir şeir kitabınız işıq üzü görüb. Gələcəkdə roman yazmaq fikriniz var?



- Mənim ilk kitabım olan “Qaranlıqlar günəşi” adlı povest 2013-cü ilə çapdan  çıxıb. O vaxt tələbə idim. Böyük iddialarım yox idi. Beş illik fasilədən sonra isə “Şahanənin nağılı” adlı şeirlər kitabım nəşr olundu. Hazırda 1930-cu illərin ikinci yarısında tüğyan edən repressiyalarla bağlı avtobioqrafik roman üzərində işləyirəm. Belə ki, məlum hadisələr mənim ailəmə də təsirsiz ötüşməyib. Bizim ailəmizdən bir nəfər - babamın atası repressiya qurbanı olub, həmin itki isə, az qala, bütün nəslin həyatında və yaddaşında silinməz izlər buraxıb.

- İkinci kitabınızın çox maraqlı adı var. Niyə məhz “Şahanənin nağılı”?

- Kitaba “Ön söz”ü dəyərli Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Onun ilk oxuduğu şeir “Gəl sənə nağıl danışım” idi. Sonrakı şeirlərimdə də nağıl motivinin güclü olduğunu deyib “Ön söz”ün adını “Şahanənin nağılı” qoymuşdu. Sonradan Rəşad Məcidlə ad seçimi barədə müzakirə aparanda təklif etdi ki, elə “Şahanənin nağılı” olsun. Doğrusu, mənim də ürəyimcədir. Çünki bu həyatda hər kəsin bir nağılı olduğuna inanıram və bilirəm ki, bu nağıllar mütləq xoş sonluqla bitəcək. 

- Bəs bunun üçün nə etmək lazımdır?



-Bunun üçün insan gələcəyə inanmalı və özünə etibar etməlidir. İnsan gərək atdığı hər addımdan, gördüyü hər işdən zövq alsın. Həm də mütləq məqsədyönlü olmaq, konkret hədəflər istiqamətində irəliləmək lazımdır. Məsələn, mən yeni il axşamı 2020-ci il üçün qarşıma qoyduğum hədəfləri kiçik kağızlara yazdım və onları kompüterimə, otağımın göz önündəki divarlarına yapışdırdım. Ümid edirəm ki, bu il həmin məqsədlərimin, heç olmasa, yarısını reallaşdıra biləcəm. Mənə elə gəlir ki, həyatını belə yaşayan insanın nağılının yaxşı bitməməsi ehtimalı yoxdur.

- Elə isə bu il üçün ən böyük hədəfiniz nədir?

- İki kitab çıxarmaq fikrim var. Biri “525-ci qəzet”də ədəbiyyatla bağlı dərc olunan yazılarımı toplu kimi nəşr etməkdir. O biri isə hələ sirr qalsın. Digər tərəfdən 2019-cu ilin aprel ayından bəri üzərində işlədiyim dissertasiya işimi bu il sonlandırmaq, ya da heç olmasa çox ciddi bir yol qət etmək istəyirəm. Məncə, planlı yaşamaq insanın işini asanlaşdırır. Belə ki, günlük məqsədlər aylıq, aylıq məqsədlər illik, illik məqsədlər isə ən ali hədəfi müəyyənləşdirir. 

- Onda sizin ali məqsədiniz nədir?

- Xoşbəxt olmaq. Mənim işim yazmaqdır. İndi olduğu kimi gələcəkdə də çalışacam ki, yazılarımla cəmiyyət üçün lazımlı şəxs olum. Belədə xoşbəxtliyin mahiyyətini başa düşürəm. 

- Siz həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Bu quruma üzv olmaq yaradıcılıq sahəsindəki fəaliyyətinizə necə təsir edib?

- Öncələri "Ulduz" jurnalının "Variasiya" layihəsində iştirak edirdim. O layihə məni 2013-cü ildə AYB-nin nəzdində fəaliyyət göstərən II Gənc ədiblər məktəbinə gətirib çıxartdı. Bu layihə mənə çox şey qazandırdı. Məhz II Gənc ədiblər məktəbinin sayəsində ədəbiyyat aləminə gəldim, adlı-sanlı şairlərlə, yazıçılarla tanış oldum. Sonradan ora üzv olmaq üçün Rəşad müəllimin təklifi ilə sənədlərimi AYB-yə verdim. Çox keçmədi ki, müsbət cavab gəldi. Bir az sonra gənc ədib kimi fərdi prezident təqaüdünə layiq görüldüm. Eyni zamanda 2017-ci ildə ədəbiyyat sahəsi üzrə "İlin gənci" seçildim, ötən il “Qızıl kəlmə” mükafatının Şans ödülünü alanlardan biri, özü də ən gənci oldum. Düşünürəm ki, bir gənc yazıçının başına gəlməli hər şey mənə qismət olub. Sözsüz ki, “525”-in və xüsusilə Rəşad müəllimin sayəsində. Mən artıq bu qəzetin rəsmi əməkdaşıyam. Rəşad müəllim əvvəllər tez-tez yazılarıma görə məni tənqid edir, nöqsanlarımı bəzən də şişirdib deyirdi. Hətta baş redaktorum məni ağladıb da (gülür). Buna baxmayaraq, o, gənclərə dəstək olmağı çox sevir. Ümumiyyətlə, “525” bir məktəbdir. Baş redaktor Rəşad Məcid, redaktorlar Yusif Rzayev, Seyfəddin Hüseynli mənim jurnalistikadakı və hətta ədəbiyyatdakı müəllimlərimdir. İndi-indi onların tənqidlərinin nə qədər doğru olduğunu başa düşürəm. 

- “Birgə xoşbəxt olaqmı?!” sizin sonuncu yazılarınızdan biridir. Sizə görə xoşbəxtlik nədir?

- Sevdiyin işlə məşğul olmaq, sevdiyin insanların yanında olmaq artıq xoşbəxt olmaq üçün zəmindir. Ümumiyyətlə, əgər yaşayırsansa, deməli xoşbəxtsən. Nəfəs alıb-verirsənsə, düşünürsənsə, deməli, xoşbəxtsən. Sadəcə ətrafda baş verənlərə diqqətlə baxmaq və həyatdan zövq almaq lazımdır. 

- Bu yaxınlarda "Facebook"da belə bir status yazmışdınız ki, şair olmağın iki tələbi var-şərabı və yağışı sevmək. Ancaq, deyəsən, siz bunların ikisindən də uzaqsınız...

- (gülür) Doğrudur, mən nə şərabı sevirəm, nə də yağışı. Adətən bunu deyəndə inanmırlar. Təəccüblənirlər ki, sən necə şairsən? Məgər hər şair şərab içməlidir?! Ümumiyyətlə, spirtli içkilər qəbul etmirəm və düşünürəm ki, bu vərdiş ədəbiyyatçılara ümumiyyətlə baş ucalığı gətirmir. Çünki ədəbiyyatçı daim ayıq olmalı, ətrafda baş verənləri ciddi müşahidə etməyi bacarmalıdır. Əslində yağışla xüsusi bir “düşmənçiliyim” yoxdur. Sadəcə Bakı yağışa uyğun şəhər deyil. Bəlkə də, başqa şəhərdə olsa idim yağışı sevərdim, lakin indiyə kimi Bakı yağışından zövq aldığımı xatırlamıram. 

- Müşahidədən danışdınız. Yəni müşahidə sizin üçün bu qədər vacibdir?

- Əlbəttə. Mən ətrafda baş verən hər şeyi, o cümlədən, insanları çox ciddi müşahidə edirəm. Hətta çox zaman yazılarımın mövzularını da müşahidələrimə əsasən seçirəm. Düşünürəm ki, insanların hərəkətləri və mimikaları, xüsusən gözləri, dediklərindən daha əhəmiyyətlidir. Bu mənada sözlər mənim üçün həmişə ikinci planda olub. Adətən insanlarla danışanda onların gözlərinin içinə baxıram. Çünki sözlər insanı aldada bilər, gözlər isə əsla. 

- Bəs sizin müşahidənizin bu qədər güclü olması jurnalistika fəaliyyətinizə necə təsir edir?

- Şübhəsiz, çox kömək olur. Bəzən müsahibə zamanı respondentin qəfil dediyi bir söz və ya etdiyi hərəkət yeni bir sualın yaranmasına səbəb olur. Dəfələrlə belə hallar olub. Həmsöhbətlərim çox zaman özləri də təəccüblənirlər, amma xoşlarına gəldiyini hiss edirəm. Eləcə də, bayaq dediyim kimi, mövzu seçimində ətrafda gördüyüm, müşahidə etdiyim hadisələr mənə xeyli yardımçı olur. 

- Yaradıcılığa yeni başlayanlara tövsiyələriniz nələrdir?

- Onlara demək istəyirəm ki, imzalarını tanıtmağa tələsməsinlər. Səbrli olmaq lazımdır. Əvvəlcə, çox oxumaq ilkin şərtdir. Necə yazmaq və nələri yazmamaq lazım olduğunu öyrənmək üçün böyük mütəfəkkirlərin, dünya klassiklərinin əsərlərindən bəhrələnmək lazımdır. 

Kənan Novruzov 
Sherg.az
Fotolar: Nofəl ÜMİD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.