525.Az

"Şairlərin gizli bir tənhalığı var" - Müsahibə

MÜSAHİBİMİZ ŞAİR NAZİM ƏHMƏDLİDİR


[29.12.19]
"Şairlərin gizli bir tənhalığı var" - <b style="color:red">Müsahibə </b>

- Nazim müəllim, ədəbiyyat sizin üçün nədir?

- Həyat tərzi. Mənəvi dünyamın sehirli bir qüvvəsidir. Lap erkən yaşlarımdan, orta məktəb illərimdən şeir yazıram, bu günə kimi də davam edirəm. Ədəbiyyatsız, şeirsiz  heç vaxt yaşaya bilmərəm.

- Bəs şair kimdir?

- Şair dünyanı özünəməxsus tərzdə görən, duyan, heç kimin görmədiyi dünyanı görən, onu poetik notlarla təsvir edən insandır.

- Son zamanlar cəmiyyətimizdə şairə yüklənən statuslar artıb. Sanki şair hər şeyə etiraz etməli, qarşı çıxmalı və hər bir sahədən məlumatlı olmalıdır. Bu fikirlə razısınızmı?

- Xeyr, şair siyasətçi deyil, dövlət məmuru deyil. Şair öz dünyası olan, seçilmiş bir insandır. Bəli, şair hər şeydən məlumatlı olmalıdır. Şair var ki, dövlət işiylə məşğuldur, şair var tamam ayrı sahədə çalışır, şair var heç ailəsinə baxmır, cəmiyyətə qarışmır. Mənimçün şair odur ki, ədəbiyyatla, öz dünyasıyla məşğul olsun, ailəsinə da yaxşı baxsın, cəmiyyətdə sayılıb-seçilən adam olsun. Şair ədəbiyyatçıdır, dili yaşadan, dilə yeniliklər gətirən, dilin unudulmuş hissələrini yenidən bərpa edən, öz mənəvi dünyasını insanlara bəxş edəndir. Şair insan qəlbinin mühəndisidir. Öz taleyini yaza bilən, öz kimliyini ortaya qoya bilən insandır. 

- Sizin dünyanız hansı rəngdədir?

- Mənim dünyam göy üzünün rəngində,  həm də yaşıl və sarı da rənglərin ahəngindədir. İnsanın gözü rənglərin üzüdür. Əslində, dünyanın çox rəngləri var. Hətta bizə məlum olmayan çox rənglər də var. Bir var gözə görünən rənglər, biri də var görünməyənlər. Görünməyən rəngləri şairlər, yazıçılar, poetik təfəkkürə malik insanlar görə bilir. Hər yaradıcı adam o rəngləri fərqli görür. Dünyada ağ və qara rənglər də var. Amma bu rənglər onlardan sonra gəlir. Qara rəngin olduğuna inanmıram. Ola bilsin gözümüzə elə görünür, qara görünsə də, başqadır.

- Başqa müəlliflərin şeirlərində, əsərlərində öz dünyanızın rəngləriylə oxşar rənglərə sahib dünyayla qarşılaşmısınızmı?

- Yox, qarşılaşmamışam. Orta məktəb illərimdən çox kitab oxuyuram. Əvvəl dünya ədəbiyyatını rus dilindən tərcüməylə oxuyardıq. Moskvaya Ədəbiyyat İnstitutuna daxil olandan sonra rus dilində oxumağa başladım. İndi ingilis dilində də oxuya bilirəm. Ədəbiyyat İnstitutunda oxuyanda yetərincə mütaliəm vardı. Əvvəllər öz dünyamın rəngləriylə oxşar, üst-üstə düşən dünyalar tapırdım. İndi də elə. Çünki indi mənim dünyamın rəngləri tamam ayrı şəkildədir. O, artıq mənim özümə aid olan rənglərdir. Artıq o rənglər, o duyğular, o hisslər mənə məxsusdur. Bu mənim ən çox sevdiyim, enerji aldığım kainatın mənə məxsus olan, mənim gördüyüm rəngidir.

- Şeirlərinizin özünəməxsusluğu nədir?

- Həmin rənglər, duyum tərzi. Özüm olmaq, öz dünyamın içindən boylanıb baxmaq. Şeir hansısa misradan, emosianal hisslərdən, hər hansı həyat hadisəsinə münasibətdən və ya duyğulardan yarana bilər. Mən hər zaman hiss edirəm ki, mənim daxilimdə həzin bir melodiya var. O misralar da məhz o melodiyaylarla gəlir.

- "Sandıq ədəbiyyatı"nız varmı?

- Demək olar ki, yoxdur. "Sandıq" sözü mənə gəncliyimi xatırlatdı. Gəncliyimdə bir  yeşik şeirlərim vardı. Mən onların hamısını yandırdım. Çünki xoşuma gəlməmişdi. Dedim ki, mən bunları yandırıram, yenidən doğulmaq üçün. Hesab edirəm ki, buna nail oldum.

- O yandırdığınız şeirlərin izini indiki şeirlərinizdə gördüyünüz olurmu?

- Bəli, olur. Bəzən görürəm ki, həmin duyğular gəlir. Hətta yandırdığım şeirlərdən bəziləri var ki, onun misralarından yeni şeirlər yazıram. Mənim babalarım şair olublar. Atamın dayısı, baba dediyimiz  "Aşıq Qərib" dastanını qələmə alan Aşıq Məşədi Dadaş, ana babalarım Aşıq Salman və Nəcəfqulu. Mənim iki oğlum var, biri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Rəhmətlik bacımın şeirlər kitabı çap olundu, kiçik qardaşım şeirlər yazır. Atam musiqiçi olub. Anam "Koroğlu" dastanını əzbər bilib. Bizdə ədəbiyyat sevgisi kökdən, nəsildən gəlib.

- Gənc ədəbiyyatçılarla münasibətiniz necədir?

- Yaxşıdır. Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbində iki dəfə mənimlə görüş keçirilib. 2017-ci ildə "Qız təbəssümü" və "Mən bir günah elçisiyəm" kitablarım çap olundu. Həmin kitabları gənc ədiblərə hədiyyə elədim. O gənc ədiblərdən biri - Gəncədə yaşayan şairə Gülnarə Sadiq mənim "Mən bir günüh elçisiyəm" adlı  şeirlər kitabım haqqında gözəl bir yazı yazıb. Bundan başqa, gənc şairlərin, yazarların kitablarına redaktor oluram, ön söz də yazıram. Ümidverici gənclik yetişir. Bəzi gənclərin tək problemi az kitab oxumasıdır. Mütaliələri çox zəifdir. Buna görə də çoxlarının yazıları bir-birinə bənzəyir, öz cığırları yoxdur. Bakıda bir çox orta məktəblərdə görüşlərim keçirilib. Həmişə gənclərə deyirəm ki, mütləq mütaliənizi zənginləşdirin, dil öyrənin. Oxumaq insana öz dünyasını zənginləşdirmək, yazıçının mənəvi dünyasına daxil olmaq şansı qazandırır. Şairin, yazıçının əsas üstünlüyü müşahidə qabiliyyətidir. Hamı aysberqin sadəcə bir hissəsini görürlər, yaradıcı insan isə başqa cür görə bilir. Ona görə də mütaliə lazımdır. Folklormuz çox zəngindir. Ədəbiyyatımız folklordan, xalqımızın dil imkanlarından qidalanmalıdır. İndiki şairlərin bəzilərinin heç ədəbiyyat nəzəriyyəsindən xəbəri yoxdur. Ənənəvi şeirimizin vəzn və qafiyələrinə divan tuturlar. Kimin ağlına nə gəldi yazır, sosial şəbəkələrdə paylaşır, şeirdən başı çıxmayan beş-üç nəfər də altına bəh-bəhlə rəy yazırlar, olur şair. Şeiri yazıb bir kənara atmaq olmaz, onun üstündə işləmək, sonra ictimaiyyətə təqdim etmək lazımdır. Sovet zamanında deyirdilər ki, ədəbiyyat xalq üçündür. Mən həmişə bu sosializm-realizm nəzəriyyəsinə etiraz etmişəm, sənət sənət üçündür. Sənəti ancaq onu bilən, başa düşən insan qiymətləndirə bilər.

- Gənclər arasında özündən əvvəlkiləri tənqid eləmək, inkar eləmək tendensiyası yaranıb. Yəqin ki, siz də bunlarla qarşılaşmısınız...

- Mən bu halların qəti əleyhinəyəm. Heç zaman şair, yazıçı, sənət adamı özündən əvvəlkinə xor baxmaz. Biz də bizdən əvvəlkiləri oxumuşuq, onlardan öyrənmişik. Sonradan onları inkar edə bilmərik axı. Bizdən əvvəlkilər özüldür. Yenilik, yeni ədəbiyyar başqa şeydir. Milli mənəvi dəyərlərimizin kökü üstündə olan bütün yeniliklər gözəl olur.

- İddia və təvazö... Sizcə, ədəbiyyatçıda hansı olmalıdır?

- İddia ən mühümüdür. İddiasız ədəbiyyat olmaz. V.Şekspir oğlundan soruşub ki, kim olmaq istərdin, o da cavab verib ki, Şekspir olmaq arzumdu. Şekspir deyib, mən Allah olmaq istəyirdim, Şekspir oldum. İddianın da kökündə istedad olmalıdır. Təvazökarlıq da yaxşıdır, lazımdır. Amma iddia mütləqdir. Mən iddiasız yazıçını qəbul etmirəm. Bu isə o demək deyil ki, iddiayla özündən əvvəlkiləri və hər kəsi inkar etməli, lovğalanmalı və yaxud öz cızma-qaralarını hər şeydən üstün tutmalısan. Xeyr, təvazökarlıq bir mədəniyyətdir.

- Laçını necə xatırlayırsınız?

- Mən orta məktəbi bitirənə kimi Laçında olmuşam. Sonra ordan çıxmışam. Amma həmişə harda olmuşamsa, Laçını xatırlamışam. Sonradan Laçın işğal olundu və xatirəyə döndü. Laçın işğal olunandan sonra Müdafiə Nazirliyinə müraciət elədim, əynimə əsgər paltarı geyinib hərbi müxbir kimi cəbhə bölgəsinə getdim. Ən böyük arzum da o idi ki, Laçın azad olunanda tankın üstündə ən birinci Laçına mən girim. O da alınmadı. Cəbhədə çox ağır günlər yaşadıq. Amma heyf ki, torpaqlarımızı azad edə bilmədik. Bugünkü gün Laçını yuxularımızda, xatirələrimizdə, şeirlərimizdə yaşadırıq. Böyük ağrıdır. Gedə bilmədiyin elin, obanın həsrəti dəhşətdir, bədbəxtlikdir.

- Yuxu demişkən, şeirlərinizdən birində deyirsiniz ki, "dünya bizim yuxumuzdur". Yuxularınız çin çıxırmı?

- Əslində, o şeirdə insanın dünyaya gəlib-getməsinin yuxu olduğunun təsviri kimi  anlamdır. Yuxunun çin çıxması anlamı deyil.

- Şeirlərinizdə daha çox yol, bulud, göy üzü və yarpaq var. Ömrünüz bunlardan hansıdır?

- Ömrümüz təbiətin bütün rənglərinə, hadisələrinə, dünyanın yollarına, göy üzünün buluduna, gəliminə-gediminə, bir sözlə, hər şeylə harmoniyadadır.

- Hərbi jurnalist olduğunuz dövrdə heç unutmadığınız xatirəniz varmı?

- Bir dəfə Tərtər bölgəsinə ezam olunmuşdum. Orda üçüncü kanal deyilən sahə vardı. Bərdənin hərbi komissarı öz xidməti maşınını mənə verdi, eyni zamanda, bir zabiti də müşahidəçi təyin elədi. Biz o maşınla hərbiçilərlə görüşməyə gedirdik. Birdən baxdılar ki, biz minalanmış sahədəyik. Minaları bizimkilər düzdüyündən xəritə əllərində idi. O xəritəylə birtəhər ordan çıxdıq, əsgərlərimizlə görüşdük. Qayıdanda ermənilər tərəfindən maşınımız atəşə tutuldu. Çətinliklə də olsa ordan sağ-salamat çıxa bildik. Ondan başqa, Füzulidə olanda Əbdülrəhmanlı kəndində tələbə yoldaşım, qələm dostum Ümud Rəhimovun atasıgildə qonaq oldum. Orda "Dustaq dağlardan əsən meh" adlı bir yazı yazmışdım. Səhər-səhər qoyun-quzu mələyəndə kəndimiz yadıma düşdü. O səs indiyə kimi də qulağımdadır.

- Sizcə, ədəbiyyatımızda Qarabağ problemini dünyaya çatdıracaq bədii əsərlərimiz varmı?

- Bəli, var. Mən Yazıçılar Birliyinin Bədii Ədəbiyyatın Təbliği Bürosuna rəhbərlik edərkən "Qarabağ münaqişəsi Milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən əsərlər" üçün  "Yaddaş" və "Qılınc və qələm"  mükafatları təsis etdik. Dəyərli ziyalılardan ibarət komisiyanın seçimiylə 4-5 il müxtəlif əsərlərə, yazıçılara bu mükafat verilirdi. Bu mövzuda çox gözəl əsərlərimiz var. Hüseynbala Mirələmov, Bəxtiyar Vahabzadə, Aqil Abbas və Elçin Əfəndiyev, başqalarına bu mükafatı verdik. Onda gördük ki, ədəbiyyatımızda bu mövzuda nə qədər sanballı əsərlər var. Məsələn, Fazil Güneyin "Qara qan" əsəri bu günə kimi yadımdadır. Əgər düzgün tərcümə olarsa, rahatlıqla dünya ədəbiyyatına çıxarıla bilər.

- İctimai sektorda da fəaliyyətiniz var.

- 2012-ci ildən Skandinaviya Ölkələri Mədəni və Elmi əlaqələri İctimai Birliyinin sədriyəm. O vaxtdan hər il layihələr keçiririk. Skandinaviya ölkələrindəki universitetlərdə, mədəniyyət ocaqlarında  Qarabağ mövzusundaın konfranslar, tədbirlər keçirdir, filmlər nümayiş etdirmişəm. Əlimiz, gücümüz yetdiyi qədər o ölkələrin ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmağa çalışmışam.

- Oxucularınızdan razısınızmı?

- Razıyam. Demək olar ki, kitablarım qalmır, satılır. Həm qəzet və jurnallarda çıxan şeirlərim, getdiyim görüşlərdəki lent yazıları, kitablarımın təqdimat mərasimləri sosial şəbəkədə onlar tərəfindən paylaşılır. Oxucularım məni və şeirlərimi çox sevirlər. Mənim 100-dən artıq şeirim gənc şair, qiraət ustası Roma Xosrovun və xeyli şeirlərim də tanınmış aktrisamız Zülfiyyə Eldarqızının və başqalarının səsləndirməsində oxucular tərəfindən alqışlanır və yüzlərlə insan tərəfində sosial şəbəkələrdə paylaşılıb.

- Xarakter baxımından insan Nazim Əhmədlinin şair Nazim Əhmədlidən fərqi nədir?

-  İnsan kimi, şair kimi, cəmiyyət adamı kimi, ata kimi, ailə başçısı kimi və hər şey... hər şey öz yerində. Ancaq bütün şairlərin gizli bir tənhalığı var. Şairin ruhunu kimsə duya bilməz, özündən başqa. Xarakterə gəlincə, həlim, sakit təbiətli, təmtaraq və tərif sevməyən biri.

- Sizi nə ruhdan sala bilər?

- Mən ruhdan düşən biri deyiləm, yaltaq  və yalançı adamlardan qaçıram, onları görəndə  yazığım gəlir. Ancaq hansı bir işin üstünə getsəm, əsgər kimi gedirəm və həmişə də qələbə çalıram. Ədəbiyyatdan isə heç kim, heç nə məni küsdürə və ruhdan sala bilməz. Mənim bütün varlığım, şeir, ədəbiyyat, ailəm, övladlarım, bir də vətəndir.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.