525.Az

"Jurnalistikada peşəkarlıq istedadla yanaşı, mənəvi keyfiyyətləri də əhatə edir"

QULU MƏHƏRRƏMLİ: "BUGÜNKÜ TƏLƏBƏLƏRİN TƏNBƏLLİYİ, AZ MÜTALİƏ ETMƏLƏRİ MƏNİ NARAHAT EDİR"


[27.12.19]
"Jurnalistikada peşəkarlıq istedadla yanaşı, mənəvi keyfiyyətləri də əhatə edir"<b style="color:red"></b>

Müsahibimiz Bakı Dövlət Universitetinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmlidir.

- Qulu müəllim, uzun illərdir ki, praktik jurnalistika fəaliyyəti ilə yanaşı, dərs deyirsiniz, pedaqoqsunuz, tələbələrin sevimli müəllimlərindənsiniz. Ümumiyyətlə, Qulu Məhərrəmli tələbələri ilə münasibətləri necə qurur?

- Bu məsələyə hər müəllimin öz yanaşması ola bilər. Mənə görə, dərs dediyin, nəyi isə öyrədib bilik vermək istədiyin tələbə sənə inanmalıdır, sən də qarşındakı tələbəni bir şəxsiyyət və gələcək həmkarın kimi görməlisən. Auditoriyaya bu prinsiplə girirəm və o səbəbdən də tələbələrlə çox vaxt münasibətlərim yaxşı alınır. Əlbəttə, tələbələrin də hamısı eyni deyil, çalışqanı da var, başgirləyəni də, hətta yaxşı tərbiyə almayanı da. Ona görə də qarşılıqlı münasibət məsələsində çox şeyi tələbənin davranışı həll edir. Bəzən elə müəllim olur ki, xüsusi cəhdlə və davamlı güzəştlərlə  daim tələbələrin rəğbətini qazanmağa çalışır. Mən bunu müəllim üçün yanlış tərz hesab edirəm. Tələbənin yaxşı və ya pis  münasibəti müəllimin fəaliyyətini qiymətləndirmək üçün əsas kriteriya ola bilməz. Onsuz da dərslərin, xüsusən praktik məşğələlərin gedişində müəllim və tələbə arasında münasibət yaranır, bir-birlərini yaxından tanıya bilirlər. Tələbə dərk edəndə ki, müəllim ona bilik vermək, həyatın sınaqlarına hazırlamaq istəyir, o zaman  mütləq səninlə dostlaşır, amma bunu anlamırsa, heç nə!

- 1970-ci illərin ortalarında Jurnalistika fakültəsində təhsil almısınız. Sizin tələbəlik illərinizdəki gəncliklə bugünkü tələbələri müqayisə edə bilərsinizmi?

- Almanlar demişkən, bütün müqayisələr qüsurludur, amma bəzən onsuz keçinmək olmur. İndiki tələbələr daha informasiyalıdırlar, sözün yaxşı mənasında ayıqdırlar. İctimai idealı olanlar azdır, praqmatik davranır və öz maraqları çevrəsində hərəkət edirlər. Utanmaq, çəkinmək deyilən şey yoxdur. Bunların hamısı informasiya mühitinin yetişdirdiyi gənclərdir. İndiki jurnalist tələbələrin sərbəst davranışlarını, açıqfikirliliyini, texnoloji bacarıqlara yiyələnmələrini müsbət qiymətləndirirəm. Öz fikrini açıq şəkildə deməkdən çəkinməyən, müəllimlə sağlam polemikaya girən tələbələr mənim üçün çox qiymətlidir. Bizim dövrümüzdə müəllimlərdən bir az çəkinirdik, amma çox işgüzar idik. Amma bugünkü tələbələrin tənbəlliyi, az mütaliə etmələri məni narahat edir. Tələbələrin bir qisminin verilən praktik tapşırıqları yerinə yetirməyə can çəkmələrindən və bir də seçdikləri peşəni dərindən öyrənməyə can atmamalarından çox məyusam.

- Uzun illərdir mediada fəaliyyət göstərən bir peşəkar jurnalist kimi bu peşə sizin üçün nə ifadə edir?

- Jurnalist peşəsi mənim üçün ilk növbədə həqiqət hissini, cəmiyyətə, ictimai maraqlara xidməti, təbii ki, həm də ləyaqət və dürüstlüyü ifadə edir. İndi bizim cəmiyyətdə bu peşənin nüfuzdan salınmasına baxmayın, jurnalistlik dünyada ən şərəfli peşələrdən biri sayılır. Hansısa siyasi partiyanın,  məmurun, qrupun nəzarətindən azad, cəmiyyətə xidmət edən ruhlu jurnalist olmaq çiynində ictimai yük daşımaq deməkdir. Bizim ən böyük vətəndaşlığımız jurnalistikanın əsas prinsipinə əməl etməkdir, yəni həqiqəti demək, həqiqəti yazmaq və onun yanında olmaqdır.

- Peşəkar jurnalist olmaq üçün universitetin jurnalistika fakültəsinin məzunu olmaq mütləqdirmi?

- Xeyr, bunun üçün jurnalistikanı qurtarmaq mütləq deyil, amma bu sahənin qızıl qaydalarını bilmək vacibdir. Əslində, peşəkarlıq jurnalist praktikasından gələn anlayışdır. Burada elə nüanslar var ki, onu auditoriyada öyrənə bilmirsən, amma istehsalat bu boşlugu doldurur. Peşəkarlıq mənim üçün fəaliyyət sahəsindən irəli gələn tələb və prinsiplərə yüz faiz əməl etməkdir. Özünü peşəkar hesab edən adam heç vaxt razı olmaz ki, onun əlindən pis məqalə, pis qəzet nömrəsi, yaxud zay televeriliş çıxsın. Bizim sahədə peşəkarlıq istedad və bacarıqlarla yanaşı, həm də mənəvi keyfiyyətləri, o cümlədən, əxlaq və ləyaqəti də əhatə edir. Elə adamlar var ki, yaxşı yazır, istedadlıdır, işi, istehsalatı da yaxşı bilir, amma mənəvi siması yoxdur. Yalan yazmağın, istedadla yaltaqlanmağın, etik qaydaları pozmağın peşəkarlıqla əlaqəsi yoxdur. Bax bunlardan uzaq olmaq üçün sən jurnalistikanı ruhunla duymalı, onun prinsiplərinə əməl etməlisən. Təbii ki,  bunları dərk etmək üçün jurnalist təhsilinin də rolu var.

- Cəmiyyətdə baş verən bəzi məsələlərə tənqidi münasibətiniz hərdən səs-küyə səbəb olur. Bəs özünüz tənqidə məruz qalırsınızmı?

- Bəzən ekranda və cəmiyyət həyatında elə zərərli proseslər görürsən ki, sadəcə, susmağa adamın vicdanı yol vermir. Xüsusən qeyri-peşəkarlığa, ciddi bir işdə özfəaliyyət davranışa, ictimai əxlaqın pozulmasına, dəyərlərin tapdalanmasına göz yummaq olmur. Bilirsiniz, tənqid acı dərman kimidir. Bu dərman xəstəni sağaltdığı kimi cəmiyyətə də şəfa verə bilir.  Təəssüf ki, bizdə o acı dərmanı çoxları qəbul edə bilmir. Bunlar anlamaq istəmirlər ki, tənqid olmasa, cəmiyyət inkişaf edə bilməz. Deyim ki, tənqid etmək asan iş deyil. Bəzi insanlar haqlı tənqiddən qıcıqlanır, səndən intiqam almaq istəyir, əllərinə keçən ilk fürsətdəcə sənə hücum edirlər. Hətta səni məhkəməyə verib uduzanlar da olur. Əlbəttə, hamı tənqidə qarşı bu düşüncədə deyil, bəzən ağıllı adamlarla da rastlaşırsan ki, tənqidə görə sənə səmimi minnətdarlıq edir. Bu mənada mən özüm də obyektiv və qərəzsiz tənqidi normal qəbul edirəm. Amma söhbət sağlam, işə kömək edəcək qərəzsiz tənqiddən gedir. Tənqidlə təhqiri qarışdırmaq olmaz. 

- Bir qədər də Azərbaycan teleməkanının bugünkü durumunu təhlil etməyinizi istərdik. Hazırda televiziyaların mənfi və müsbət tərəfləri hansılardır?

- Televiziyalarımızın son 10-15 ildə ciddi yaradıcılıq böhranı keçirir. Düşük şou proqramlarının artması, ekranda ciddiliyin itirilməsi, ucuz təbliğatın və bayağılığın çoxalması, insan talelərinin şouya çevrilməsi, maarifçi proqramların yoxa çıxması, əyalət təfəkkürünün qabarması, forma və məzmun kasadlığı TV-lərimizin ciddi nöqsanlarıdır. Daha pisi son illərə qədər durğunluğun və sükunətin mövcudluğu idi. Amma artıq bəzi televiziyalarda müəyyən dirçəliş hiss olunur. Məsələn, İTV-də maraqlı layihələr yayımlanır, ictimai müzakirələr çoxalıb, maraqlı forma dəyişikliyi var, verilişlərdə cəmiyyəti düşündürən problemlər qabardılır. Hiss olunur ki, bu telekanala baxanların sayı artır. AzTV-nin özündə də müəyyən yenilənmə havası duyulur, intonasiyanı dəyişməyə can atırlar.

- Sizcə, bu dəyişikliklər sosial şəbəkələrə meyl salmış kütləvi tamaşaçı axınını geri qaytara biləcəkmi?

- Bilirsiniz, əsas məsələ odur ki, mahiyyət dəyişsin. Mahiyyət dəyişməsə, heç nə dəyişməyəcək. Kosmetik dəyişikliklər çox qorxuludur, tamaşaçı aldandığını hiss edəndə ekrandan üz döndərir.Televiziya maraqlı olsa, xüsusən də, ictimai müzakirə proqramları, gerçək müzakirələr olsa, bizdə sosial şəbəkələrə bu qədər meyl yaranmaz. Niyə Avropada sosial şəbəkələr bu qədər dəbdə deyil? Çünki insanlar istədikləri informasiyanı televiziya kanallarından əldə edə bilirlər. Bizdə isə internet məkanı, o cümlədən, sosial şəbəkələr böyük bir zibilxanadır, burada yaxşıları görmək çətin olur. İndi də bura çevrilib siyasi mübarizə meydanına. Hesab edirem ki, televiziyalar öz fəaliyyətlərini yaxşılaşdırmaqla həmin auditoriyanı sosial şəbəkələrdən ayırıb özünə cəlb edə bilər. Cəmiyyəti düşündürən problemləri açıq müzakirə edəndə ondan cəmiyyət, hakimiyyət və dövlət çox şey qazanır.  

- Bəzən insanlar doğruları deyəndə yanlış anlaşılırlar. Sizcə, bu nə ilə əlaqədardır, bunu necə önləmək olar?

- Mövlanənin bir sözü var ki, doğruları demək mütləqdir və doğrudur, amma hər doğrunu hər yerdə demək doğru deyil. Bəzən təsadüfi hadisələr baş verir, televiziya onu ekrana gətirəndə ictimai davranış üçün mənfi mesajlar verir. İnsanlar da neqativlərə çox meyllidirlər. Onlar dərhal pisi yamsılamağa çalışırlar. İnsanlar düşüncələrini ifadə etməkdə çəkinməməlidir. Bu düşüncələr də həmin proseslərə kömək etməlidir. Bəzən öz fikirlərini açıq deyən adamları "demaqoq" adlandırırlar. Əgər sizin danışmaq imkanınız varsa, mütləq həqiqətləri deməlisiniz. Belə olanda həm vicdanınız qarşısında rahat olursunuz, həm də cəmiyyətdə hər hansı problemin həllinə yardım edirsiniz. Yəni necə anlaşılmasından asılı olmayaraq, ictimai faydası varsa, həqiqəti deməlisiniz.

- Müsahibələrinizdən birində kanallarda mövcud Bədii şuraların fəaliyyətindən narazı olduğunuzu bildirmisiniz. Onların formal olduğunu deməyinizə əsas verən səbəblər hansılardır?

- Məsələn, özəl televiziyaların hər birində guya Dil şuraları var. Bu, tamamilə formal, ictimaiyyətin gözünə kül üfürmək üçün yaradılmış şuralardır. Onlar nə işlə məşğuldur bunu heç kim bilmir və fəaliyyətlərinin də nəticəsi yoxdur. Elə mütəxəssislər var ki, adlarını hansısa TV-də şurasına yazıblar, amma özləri bundan xəbərsizdirlər. İndi mən soruşuram ki, belə formallıq kimə lazımdır? Eləcə də "Bədii şura" söhbəti tamamilə səmərəsiz bir şeydir. Məsələn, siz öz işinizi yerinə yetirirsinizsə, verilişinizi hazırlayır, çəkiliş aparır, mövzuya uyğun qonaqlar seçirsinizsə, bunu məgər sizə hansısa şura diktə etməlidir? Vaxtilə Azərbaycan radiosunda musiqi əsərlərini qəbul edən bədii şura olub. Orada Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi böyük bəstəkarlar şura üzvü kimi musiqi əsərlərini qəbul edib efirə yararlı olub-olmamasını qiymətləndiriblər. Yəni gərəkli və həm də özlərinə aid olan qiymətli işlə məşğul olublar. İndi məsələn, TV-də yaradılmış bədii şurada əyləşmiş hansısa bəstəkar, müğənni, şair, xanəndə sizə necə deyə bilər ki, rejissor və ya jurnalist verilişi belə deyil, belə hazırlamalıdır. Burada heç bir məntiq yoxdur. Buna görə də o cür şuraların fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur. 

- Mütəmadi olaraq köşə yazıları ilə çıxış edirsiniz. Telejurnalist Qulu Məhərrəmlini köşə yazmağa vadar edən nədir?

- 2013-cu ildən başlayaraq davamlı olaraq "Ayna" qəzetində köşələr yazıram. Ondan əvvəl isə müqavilə ilə "Zaman" və "Yeni dünya" qəzetlərində silsilə köşələrim gedib. Həyat təcrübəsi və jurnalistika imkanları bizə publisistikada o platformanı reallaşdırmağa imkan verib. Bu yaxınlarda Ayna.az saytında yayımlanan məqalələrimi toplayıb "Gələcəyə ön söz" adlı kitab dərc etdirmişəm. Həm esse janrının imkanları baxımından, həm də ölkənin yaşadığı tarixi problemləri, ictimai-siyasi və mədəni-mənəvi mənzərəni əks etdirmək baxımından  bu məqalələr mənim üçün qiymətlidir. Yazmaq bizim işimizdir, mənəvi ehtiyacdır.

- Mətbuatda sizin təşəbbüsünüzlə Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Suriyada Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulmuş barelyefin Azərbaycan Ədəbiyyatı Muzeyinə verildiyini oxuduq. Bu istək nədən qaynaqlandı?

- İlk dəfə Hələbdə Nəsiminin məzarına baş çəkəndə (1990) məni təkcə baxımsızlıq yox, həm də sahibsizlik məyus etdi. Məzarın kimə aid olduğunu bildirən heç bir yazı yox idi. Onda qərara aldım ki, bu barelyefi düzəltdirim. O vaxt dostluq etdiyim, indi Xalq rəssamı olan heykəltəraş Natiq Əliyevlə bu mübarək işi 2-3 ilə görə bildik. Yaxşı qalsın deyə barelyefi muzeyə verdim, amma nə vaxtsa onun şairin məzarını gizlədən hasara vurulacağına əminəm!

- Bu günlər mətbuat sizin də daxil olduğunuz beş nəfərlik ziyalı qrupunun "Borcumuzu qaytaraq! Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi" təşəbbüsü barədə çox yazır. Bu təşəbbüsünüzün gerçəkləşməsinə inanırsınızmı?

- Mən istərdim ki, ədalətin nə vaxtsa zəfər çalacağına hamı inansın. M.Ə.Rəsulzadə bizim milli qürur və şərəf tariximiz olan Azərbaycan Cümhuriyyətinin banisi, müsəlman Şərqində ilk demokratik respublika olan müstəqil Azərbaycanın ilk dövlət başçısıdır. Mürəkkəb tarixi şəraitdə öz məsləkdaşları ilə birgə bu Cümhuriyyəti qurub və iki il yaşatmış Rəsulzadə bizim milli tariximizin ən parlaq simalarından biri, siyasi təfəkkürümüzün təmsilçisidir. O, Azərbaycanın müstəqilliyi uğrunda son nəfəsinə kimi çarpışıb, bu yolda bütün ömrünü, sağlamlığını, ailəsini, bütün həyatını qurban verib. Belə bir adamın xatirəsi mütləq layiq olduğu səviyyədə əbədiləşdirilməlidir. Biz bu işə onun ev-muzeyinin yaradılmasından başlamağı vacib saydığımız üçün təşəbbüs qprupu yaradıb çağırış etdik. Əlbəttə, bu təşəbbüsün müsbət nəticə verəcəyinə ümidliyik.

Ayan RZAYEVA

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.