525.Az

Arzu Bağırova: "Bizim cəmiyyətimizdə hər zaman qadının yeri və rolu olub"

[24.12.19]
Arzu Bağırova: "Bizim cəmiyyətimizdə hər zaman qadının yeri və rolu olub"<b style="color:red"></b>

İki il öncə mart ayının 5-də millət vəkili Qənirə Paşayevanın dəvətilə 8 Mart Beynəlxalq Qadınlar Günü və  yeni bir İctimai Birliyin açılışı münasibətilə keçirilən tədbirə dəvət aldıq. Olduqca yüksək səviyyədə hazırlanmış tədbirdə yeni bir qeyri-hökumət təşkilatının yaranmasına şahidlik etdik: Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi. Həmin gündən etibarən son iki ildə müxtəlif layihələrdə, tədbirlərdə sözügedən birlik və onun sədri Arzu Bağırovanın adını tez-tez eşidirik. Cəmiyyətimiz üçün yararlı bu cür sosial layihələri ya özləri həyata keçirir, ya da dəstək olurlar. Biz də Arzu xanımı və onun təşkilatını daha yaxından tanımaq, eləcə də oxucularımıza tanıtmaq üçün suallarımızı da götürüb görüşünə getdik. Bizi səmimiyyətlə qarşılayan Arzu xanım suallarımıza da sona qədər eyni səmimiyyətlə cavab verdi. Söhbətimizə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin yaranmasından başladıq:

 

- Əslində, çox əvvəllərdən bu işlərdən xəbərdar idim, bir növ bu işlərin içində idim. Xeyriyyə tədbirlərinə, maarifləndirmə işlərinə qoşulurdum. Amma önə çıxmağa, özüm bir təşkilat yaradıb idarə etməyə cəsarət tapmırdım. Həmişə demişəm ki, məni sözün həqiqi mənasında cəsarətləndirən millət vəkilimiz Qənirə Paşayeva oldu. Bu, danılmaz faktdır. Onun "sən bacararsan, bu işlərin öhdəsindən gələrsən" sözləri mənə bir növ güc-qüvvət oldu. Beləcə, burdan yola çıxaraq öz təşkilatımızı yaratdıq və yaratdığımız gündən də qızğın işlərə başladıq. İndi də işlərimiz çoxdur. Dövlətimizin də siyasətinin yanında olaraq bu işlərlə cəmiyyətimizə faydalı, yararlı olmağa çalışırıq.

Adımızda "hüquqi və iqtisadi maarifləndirmə" sözü olsa da, biz bütün istiqamətlərdə maarifləndirmə tədbirləri təşkil edir, layihələr keçiririk. Yəni, doğru, düzgün bildiyimiz, faydalı hesab etdiyimiz hər bir sahədə maarifləndirmə işləri aparırıq.

Cəmiyyətimizdə maarifləndirmə işi ilkin olaraq hansı sahədən başlanmalıdır deyə düşünsək, məncə, hələ ötən əsrin əvvəllərinə- Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucularının fəaliyyətinə nəzər sala bilərik. Onların siyasətində ilk iş universitet açmaq oldu. Amma bundan da öncə əgər Hacı Zeynalabdin Tağıyev kimi milyonçunun ilk işlərindən biri qız məktəbi açmaq oldusa, bu, onun və onun kimilərinin təhsilə, maarifə verdiyi önəm idi. O ziyalılarımız, o aydınlarımız əvvəlcə insanların savadlanmasına diqqət yetirdilər. Elə bu dövrdə də ona ehtiyac var. Mən həmişə demişəm ki, maarifləndirmə işi sistemli şəkildə olanda daha effektli olur. Sistemli dedikdə, ev, bağça, məktəb, universitet və ardıyca bütün sahələri nəzərdə tuturam. Bu iş təməldən başlanmalı və pilləli şəkildə davam etməlidir. Onda öz faydasını daha çox göstərəcək.

Biz təqdimat mərasimimizi keçirtdikdən sonra ilk iş kimi bölgələrimizə üz tutduq, məktəblərdə şagirdlərlə, müəllimlərlə görüşdük. Bu zaman biz uşaqlar arasında kitaba, mütaliəyə meyli artırmaq, zərərli vərdişlərdən çəkindirmək istiqamətində tədbirlər həyata keçirtdik, görüşlərimiz oldu. Bölgələrdəki uşaqlara kitablar payladıq. Bundan başqa, uşaqların asudə vaxtlarını səmərəli keçirtməsi yönündə layihələrimiz oldu. İlk işlərimizdən biri də tariximizi öyrənmək, təbliğ etmək yönündə oldu. Bunu xüsusən qeyd etmək istəyirəm ki, nə qədər tədbirlər keçirtsək də, hansı istiqamətlərdə layihələr hazırlasaq da, bizim işimizdə birinci və ən önəmli yeri şahid ailələrimizə, qazilərimizə diqqət tutur. Onlara diqqətimizdən, qayğımızdan qalmırıq, hər məsələdə yanlarında olmağa çalışırıq. Şəhidlərimizin anım tədbirlərini keçiririk, onlar haqqında kitabların yazılıb çap olunmasına, filmlərin çəkilməsinə, təqdimatlarının keçirilməsinə çalışırıq. Bunu özümüzə iş deyil, borc bilirik. Ondan başqa fiziki məhdudiyyətli istedadlı uşaqlarımızı, gənclərimizi tapıb onlara öz sahələrində dəstək olur, kitablarını çap etdirir, sərgilərini təşkil edir, onları cəmiyyətimizə qazandırmağa və tanıtmağa çalışırıq. Bütün bu işlər bizim fəaliyyətimizdə hər zaman öz əksini tapacaq.

Yeni yarandığımıza görə say etibarilə kəmiyyət çoxluğundan danışa bilməyəcəm, amma keyfiyyət olaraq komandamızda çalışqan, işinin peşəkarı, məsuliyyətli və bütün bu işləri sevgiylə həyata keçirən insanlar toplanıb. Eyni zamanda ayrı-ayrı işlərimizdə bizə könüllü şəkildə kömək edənlər, dəstək göstərənlər də olur. Amma yenə də qapılarımız gənclərimizin üzünə hər zaman açıqdır. Bizimlə birlikdə ölkəmizin ictimai, siyasi, mədəni həyatına öz töhfəsini vermək istəyən hər kəsə şərait yaratmağa hazırıq.

Təbii ki, işlərimizi ancaq özümüz həyata keçirtmirik. Daha keyfiyyətli və daha faydalı, qüsursuz işlər ortaya qoymaq üçün fikrinə, təcrübəsinə, peşəkarlığına inandığın insanlardan məsləhət almaq, fikir mübadiləsi aparmaq mütləqdir. Mən də bundan heç zaman çəkinmirəm. Tərəddüd etdiyim məqamlarda Qənirə xanım Paşayevaya, eləcə də başqa ziyalı dostlarımıza üz tuturam. Onlar da sağ olsunlar, heç zaman dəstəklərini əsirgəmirlər. 

Buradakı işlərimizlə yanaşı, xarici

ölkələrə səfərlərimiz də çox olur. Konfranslarda, sammitlərdə iştirak edirəm. İki dəfə Beynəlxalq Qadın Sammitində iştirak etmişəm. Tokioda, Tailandda, Sidneydə keçirilən böyük sammitlərdə iştirak etmişik. Təbii ki, oraya əliboş getmirik. Əsasən Qarabağ həqiqətlərimizi, Azərbaycanımızı təbliğ edən ingiliscə kitablar çap etdirib aparmışıq. Bacardığımız qədər yaralı yerimiz olan Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Türkiyədə Leyla xanım Əliyevanın "Xocalıya Ədalət!" kompaniyası çərçivəsində bir çox tədbirlərdə, Azərbaycan, Qarabağ parklarının açılışlarında iştirak etmişik. Ölkəmizi təbliğ edən bütün gözəl işlərdə varıq.

Bu proseslərdə şahid olduğumuz əsas məsələ odur ki, dünyada Qarabağ həqiqətlərini bilənlər heç də az deyil. Bilib özünü bilməyən kimi göstərənlər də var. Amma bizim dayanmaq fikrimiz yoxdur. Var gücümüzlə yaramızı, ağrımızı dünyaya çatdırırıq. Getdiyimiz yerlərdə həmin ölkələrin mətbuatıyla əlaqələr yaradıb mətbuat vasitəsiylə danışırıq, deyirik.

"Bizim Mehriban xanım Əliyeva kimi nümunəmiz var".

Bizim cəmiyyətimizdə hər zaman qadının yeri və rolu olub. Cəmiyyətimiz bu yöndən kasad olmayıb.

Bu gün siyasətimizdə də çox güclü, peşəkar qadınlarımız var. Ən əvvəl bizim birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi nümunəmiz var. O, humanistliyi, xeyirxahlığı, aydın düşüncəsi, siyasi biliyi ilə hamımıza örnəkdir. Ondan başqa da çox nümunələrimiz var.

Təbii ki, qadınlarımızın bu fəaliyyət sahələri daha da genişlənsə, hamımız sevinərik. Bunun genişləndirilməsi yönündə bir neçə layihələr də həyata keçirmişik. Onlardan ən böyüyü "Uğura gedən yol" layihəsi idi ki, bu çərçivədə ən çox qadınlarımızla bağlı tədbirlər elədik. Türkiyədən dəyərli uzmanlarla qadınlarımızın, qızlarımızın görüşlərini, seminarları təşkil elədik. Doğrudur, bizim qadınlarımız zəif deyillər. Sadəcə bir az istiqamət və dəstək lazımdır. Öz gücünə uğur qazanan xanımlarımız çoxdur. Hərəsi öz sahəsində peşəkarcasına işlər görürlər. Amma arzumuz budur ki, daha çox olsun. Fəaliyyətimizi də bu yöndən davam etdiririk.

Bu yaxınlarda "Qadına şiddətə yox!" adlı sosial çarx hazırladıq və onun təqdimatını keçirtdik. Məncə, qadına şiddətin bir səbəbi, ya da bir qaynağı yoxdur. Əlbəttə heç bir məsələnin, heç bir problemin həlli yolu şiddət deyil. Nə olmağından asılı olmayaq, şiddət insanlığa xas olmayan bir şeydir. İnsanıqsa, hər bir problemi danışaraq, dinləyərək, ya da ən pis halda yolları ayıraraq həll etmək olar. Biz də istədik bu yöndən töhfəmizi verək və məsələyə bir az fərqli yanaşaq. Çünki bu mövzuda çox tədbirlər keçirilir, video çarxlar hazırlanır. Bunu eliyən, diqqəti bu sahəyə yönəldən hər kəs sağ olsun. Biz də bacardıqca onların yanında oluruq. Özümüz edərkən isə fikirləşdik ki, işinin peşəkarı olan, cəmiyyətdə nüfuz sahibi, gözəl ailəsi olan kişilərimizi çəkək. Qoy bu dəfə onlar cəmiyyətimizə, öz həmcinslərinə mesaj versinlər. Və belə bir rolik çəkdik. Sağ olsunlar dəyərli ziyalılarımız o rolikdə çəkildilər.

Bütün bunlardan təəssüflə bəhs edirəm. Çünki biz elə bir zamanda, elə bir əsrdə yaşayırıq ki, cəmiyyətə bu cür mesajlar verilməməlidir. Nəinki şiddətlə mübarizə, ümumiyyətlə şiddətin ən kiçik belə nümunəsi bu dövrdə qalmamalıdır. Amma çox təəssüf ki, var və zaman-zaman da artmaqdadır. Yenə düşünürəm ki, bu işdə də maarifləndirmə böyük rol oynayır. Bu gün döyülən uşaq sabah döyən valideyn ola bilər. Əgər bu gün bu hadisələr baş verirsə, deməli, çox az çalışmışıq, görülən maarifləndirmə işləri yetəri qədər deyil.

Birliyimiz ədəbiyyatçılarla, yazıçı, şairlərlə çox sıx əlaqədədir.

Qarabağa, şəhidlərimizə aid kitablar yazılır və biz onları çap edirik. Artıq birliyimizin dəstək olduğu 30-a yaxın kitab işıq üzü görüb. Onların bir çoxunun təqdimatını da keçirtmişik. Eləcə də uşaqların, gənclərin ziyalılarımızla görüşlərini təşkil edirik. Bu vasitəylə ziyalılarımıza səslənmək istəyirəm ki, bölgələrimizə getsinlər. Orada yaşayan insanların, məktəblilərin bu görüşlərə çox ehtiyacları var. Bu, onlar üçün ayrıca stimul, motivasiya və ilham qaynağıdır.

Müxtəlif mədəniyyət qurumlarıyla zaman-zaman iş birliyimiz olsa da, teatrlarla bu günə kimi heç bir ortaq işimiz olmayıb. Amma bu haqda da düşünürəm. Gələcəkdə bir neçə dövlət qurumuyla ortaq layihələrimiz ola bilər. Bu haqda düşünür, planlar hazırlayırıq. Bu yöndə bütün müvafiq qurumlarla iş birliyinə hazırıq. Bundan ancaq məmnunluq duyarıq.

İnsanın özünün özü haqqında danışmağı çətindir.

Çünki adətən özü özünü kənardan yaxşı görmür. Amma ətrafımın, ailəmin mənim haqqımda dediklərini deyə bilərəm. Övladlarımın diliylə desəm, çox mühafizəkar anayam. Hətta bəzi rəfiqələrim mənə "dəli ana" deyirlər (gülür). Bilirsiniz, uşağı qorumaq, mühafizə etmək çərçivələmək demək deyil. Çox zaman onlara sərbəstlik verməyə çalışıram. Amma bəzi mövzularda da mühafizəkarlığımı saxlayıram. Valideynlərimə görə zəhmətkeş, düşüncəli övladam. Həyat yoldaşımın diliylə desək, fədakar qadınam və bu fədakarlıqlarım hər zaman yaxşı yönə aparır bizi. Dostcanlıyam. Əsas isə məqsədim, istəyim hər kəsə faydalı, səmərəli insan olmaqdır. 

Gəncliyimdə məni heç nə həvəsdən sala bilməzdi. Kimsənin mənfi fikir, neqativ sözü məni həvəsdən salmazdı, ruhdan düşməzdim. Amma son illərdə ən çox paxıllıqları görəndə əhvalım pozulur. Hələ bu paxıllığı qadınlar qadınlara edəndə, onlar həmrəylik göstərməyəndə mənə pis təsir edir. Çünki mən özüm heç zaman elə olmamışam. Allah eləməsin ki, nə vaxtsa olum da. Allah ağlımızı əlimizdən almasın deyə dua edirəm həmişə. Amma bu məyusluğum da uzun sürmür. Çox tez özümü toplayıram.

Birliyimizin fəaliyyətinə qayıtsaq, bayaq sadaladığım layihələrimizi davam etdiririk. Ondan başqa yeni bir istiqamət də tutmuşuq. Türk dünyasının gücləndirilməsi və türkdilli dövlətlər arasındakı əlaqələrin inkişafı yönündə öz töhfələrimizi verməyə çalışırıq. Çünki bizim güclü olmağımız birliyimizdən keçir. İstər siyasi, istər mədəni sahələrdə bir-birimizi daha çox tanımağımız, sahiblənməyimiz və dəstəkləməyimiz önəmlidir. Biz də bu sahədə layihələrimizi keçirəcəyik və düşünürəm ki, öz faydasını verəcək.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.