525.Az

Səlahəddin Xəlilov: "Mühit yaradıcılığa dəstək ola bilmirsə, gərək ən azı mane olmasın"

[24.12.19]
Səlahəddin Xəlilov: "Mühit yaradıcılığa dəstək ola bilmirsə, gərək ən azı mane olmasın"  <b style="color:red"></b>

Professor Səlahəddin Xəlilov araşdırmalarını bir neçə ildir ki, Türkiyədə davam etdirir. Bu günlərdə Bakıya qayıdan alimlə müsahibəmizin ikinci hissəsində onun Türkiyədəki fəaliyyəti, Azərbaycanda və Türkiyədə elm, elmşünaslıq və fəlsəfənin vəziyyəti və bir də milli fəlsəfi fikir, Türkiyədə nəsimişünaslıq və Nəsimi fəlsəfəsi haqqında söhbət etdik:

(əvvəli 18 dekabr sayımızda)

- Beş-altı ildir ki, çox vaxt Türkiyədə oluram. Amma mənim əsas yurdum, davamlı yaşadığım yer Azərbaycan, Bakıdır. Əgər elə bir fikir formalaşıbsa ki, mən İstanbula köçmüşəm, yanlışdır. Sadəcə Şərq fəlsəfəsi və özəlliklə Türk-islam fəlsəfi fikri ilə bağlı araşdırmalarım bu arada mənim daha çox İstanbulda olmağımı tələb edir.  Hələ 1994-cü ildən "Şərq-Qərb: fəlsəfə körpüsü" - tədqiqat mərkəzinə rəhbərlik edirəm. Bu Mərkəz on ildən artıq Azərbaycan Universiteti nəzdində fəaliyyət göstərib. 1997-ci ildən başlayaraq bu Mərkəzin öz jurnalı da çıxıb: "İpək yolu". Əsas istiqamət də Şərq ilə Qərb arasında sadəcə dəmir və ya ipək yolu açmaq deyil, həm də mədəni-mənəvi körpüləri bərpa etmək, bu yöndəki hədəfləri müəyyənləşdirmək olub.

Mühit o dərəcədə əhəmiyyətlidir ki... Yaradıcılığa dəstək ola bilmirsə də, gərək ən azı mane olmasın.

Tələbəlik illərində Bakıdakı kitabxanalar və buradakı elmi mühit yetərli idi. Gənclik və aspirantura dövrlərində elmin fəlsəfəsiylə məşğul olarkən, əsasən  Moskvanın kitabxanalarında çalışırdım, çünki əksər elmi ədəbiyyat orda idi. Qərb fəlsəfəsi rus dilinə daha çox tərcümə edilib. Bu sahədə korluq çəkmədik. Amma Şərq fəlsəfəsinin, xüsusən Türk xalqlarının fəlsəfəsinin öyrənilməsi baxımından çətinliklər yaşadıq. Bu sahədə ədəbiyyat daha çox Türkiyədədir. Təəssüf ki, biz nəinki Şərq və ya Qərb fəlsəfəsinin, öz fəlsəfəmizin də köklərini, tarixini öyrənmək imkanından məhrum olmuşuq. Bizim elmi  kitabxanalar əsasən Rusiyada çıxmış kitablar üzərində qurulub. Ərəb-fars mənbələrinin isə əksəriyyəti türk dilinə çevrilib və Türkiyə kitabxanalarında var. Mən bir Şərq-Qərb fəlsəfəsini araşdıran, xüsusən türkdilli fəlsəfəni öyrənmək istəyən tədqiqatçı kimi İstanbulun kitabxanalarında işləməyə ehtiyac duydum. Beləcə sırf o kitabxanalarda işləmək üçün Türkiyəyə üz tutdum.

Türkiyədə fəlsəfəyə münasibət bizimlə müqayisədə "toya gedəsidi". Bizdə sadəcə bir universitetdə fəlsəfə şöbəsi var. Orda da nə tədrisin keyfiyyəti, nə dərs kitabları, nə də bura daxil olan tələbələrin  səviyyəsi qənaətbəxşdir. Halbuki Türkiyənin bütün böyük universitetlərində fəlsəfə ixtisası üzrə kadrlar hazırlanır. Düzdür, ayrıca fakültə şəklində deyil,  amma  ya fənn-ədəbiyyat, ya da ilahiyyat fakültələrinin nəzdində fəlsəfə şöbələri var. Avropada və Amerikada təhsil almış və araşdırma aparmış xeyli sayda fəlsəfə professorları var. Dünya miqyasında demək olar ki, bütün fəlsəfə klassiklərinin və əksər müasir filosofların əsərləri operativ şəkildə tərcümə olunur. Hətta rus dilindən də tərcümələr getdikcə artmaqdadır. Xüsusən Rus ədəbiyyatına böyük maraq və sevgi var. Ən çox da Tolstoy və Dostoyevskinin əsərlərini mütaliə edirlər.

Mən Bakıda universitet rektoru olarkən bir neçə dəfə Türk dünyasını əhatə edən Fəlsəfə forumları, Şərqin və Qərbin böyük filosoflarına həsr olunmuş  konfranslar və simpoziumlar keçirtmişdik. Orta Asiyadan, Qazaxıstandan, Türkiyədən tanınmış filosofları buraya cəlb eləmişdik. Bakı bir növ Türk-İslam fəlsəfəsinin mərkəzinə çevrilmişdi. Biz Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosasiyası olaraq bu konfransları keçirir, əlaqələr yaradırdıq.  Rusiya Fəlsəfə Cəmiyyəti ilə Türkiyə Fəlsəfə Cəmiyyətləri arasında əlaqələrin qurulmasında da bizim böyük rolumuz oldu.

Bir yerə qədər bu işləri gördük. Amma Bakı Türk-İslam fəlsəfəsinin mərkəzi üçün o qədər də uyğun məkan deyildi. O baxımdan bu işləri İstanbulda davam etdirmək qərarına gəldik. Hələ 2003-cü ildə Ümumdünya Fəlsəfə Konqresi İstanbulda keçiriləndə biz - Türk dünyasını təmsil edən filosoflar bir araya gələrək "Ortaq Türk fəlsəfi terminolojisi" mövzusunda simpozium təşkil elədik. Rusiyadan gələn filosofların da bir qismi - türk mənşəli olanlar bu simpoziuma qatıldılar. Sonrakı illərdə mənim təşəbbüsümlə bir neçə dəfə Bakıda yığışıb bu mövzunu müzakirə etdik. Çünki fəlsəfə dillə sıx surətdə bağlıdır. Riyaziyyatın, təbiət elmlərinin öz dilləri var - bütün xalqlar üçün eynidir. Fəlsəfə isə bu baxımdan poeziyaya daha yaxındı - dillə iç-içədir.

Bütün Türk-islam dünyası ilə sıx əlaqə qurmaq üçün İstanbul daha uyğun bir yerdir. Bundan başqa, İstanbulda Osmanlıdan qalma kitabxanaların olması, Orta çağ ərəb mənbələrinin tərcüməsi, müasir dövrdəki yeni araşdırmaların qısa dövrdə operativ şəkildə türk dilinə çevrilməsi və daha geniş elmi mühit baxımından yaradıcılıq üçün əlverişli göründü. Orda biz Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzi təsis etdik. Mən bu qurumun sədri olaraq beş il fəaliyyət göstərdim. Bu yaxınlarda bu qurumun fəxri sədri seçildim.

İndidən sonra bu zamana kimi topladıqlarımı, araşdırdıqlarımı cəmləşdirib kitab halına salmalıyam. İctimai işlərin özü də vaxt aparır və mən artıq şəxsi yaradıcılığıma fokuslanmaq istəyirəm.

Bundan sonra da təkcə Bakıda, Moskvada, İstanbulda deyil, harda lazım gəldisə, orada da fəaliyyətimə davam etməli olacağam. Bu fəaliyyətin iki istiqaməti var; biri araşdırmadır ki, ilk mənbələrə müraciət tələb edir, o biri bizim öz yazdıqlarımızın təqdimatıdır ki, nə qədər geniş məkanda olsa, o qədər yaxşıdır.

Filosofun əsl dünyası onun iç düny

asıdır. Mən hardayamsa, mənim vətənim iç dünyamda məni müşayiət edir. Bu baxımdan mən Azərbaycandan ayrılmıram. Son 20 ildə mənim əsas yaradıcılıq istiqamətim Şərq və Qərb fəlsəfəsi, bunların qarşılıqlı münasibətidir. Bu araşdırmaların əsas xətti isə Azərbaycanda və Türk-islam dünyasında  fəlsəfi düşüncənin sistemləşdirilməsi və öz nəzəri-konseptual ifadəsini tapmasıdır. Hələ 2008-ci ildə mənim Türkiyədə çıxan "Doğudan Batıya: felsefe köprüsü" adlı kitabım bu gün də yaradıcılığımın əsas qayəsini ifadə edir. Bizdə də, Türkiyədə də bu qütbləşmə probleminin çözülməsi çox ağrılı keçir. Körpüyə böyük ehtiyac var. Söhbət sadəcə qərbyönlülərlə şərqyönlülərin barışmazlığından getmir. Söhbət həm də din ilə elmin, ağıl ilə sevginin düşüncələrdəki prioritetliyi, bir araya gələ bilməsi, uyuşmasından gedir.

- Bu sahədə Türkiyədə vəziyyət necədir? Hansı tərəfə daha çox üstünlük verilir?

- Türkiyədə alimlərin və cəmiyyətin, dövlətin  elmə münasibətini sadəcə təəssürat olaraq deyil, həm də araşdırmalarımın nəticəsi kimi deyə bilərəm. Onların televiziya proqramlarında çıxış edərkən də dedim ki, özünün müstəqil elm və təhsil strategiyası olmayan bir ölkə heç bir sahədə irəli çıxa bilməz.

Azərbaycan nisbətən kiçik ölkədir. Ola bilsin ki, Azərbaycanın özü üçün təhsil, elm strategiyasını həyata keçirmək  elə də asan deyil. Amma Türkiyənin böyük dövlətlər arasında olmaq iddiası var. Əgər belə bir iddiası varsa, onda strategiyasını ortaya qoymalıdır. Çünki elmdən kənarda inkişafdan söhbət gedə bilməz. Təəssüf ki, hələ də bir çox ölkələrdə nə elm, nə də təhsil strategiyası var. Vaxtilə Azərbaycan üçün yazıb-hazırladığım, sadaladıqlarım şərtlərin çoxu elə Türkiyəyə də aiddir. Köhnənin üzərində kortəbii şəkildə bəlli ixtisaslar üzrə kadr hazırlığı, bir-birinin təkrarı olan universitetlərin açılması davam edir. Bir plan, sistem, metodoloji və fəlsəfi əsas yoxdur. Fəlsəfi təməl üzərində aparılmayan islahatlar heç zaman xeyir gətirə bilməz. Başqasının təcrübəsi üzərində, başqasını örnək alaraq nəyisə qurmaq da ən ziyanlı metodlardan biridir. Azərbaycanda da bu cür hallar müşahidə olunurdu. Mən o dövrdə təhsillə bağlı kitablar, məqalələr də yazmışam. İzah eləməyə çalışmışam ki, ABŞ-ın, Fransanın elm və ya təhsil sahəsindəki strategiyası bizimkiylə üst-üstə düşə bilməz. Biz onları təqlid edə bilmərik. Hər bir cəmiyyət özünəməxsus xüsusiyyətlərə malikdir. Birinci cəmiyyətin özünü, xalqın tarixi keçmişini, yaradıcılıq ənənələrini, üstün cəhətlərini və imkanlarını öyrənib ortaya qoymaq lazımdır ki, bunun əsasında da biz dünya xalqlarının qatıldığı yarışa hansı cəhətlərimizlə qatıla biləcəyimizi təyin edək. Həm bir xalq olaraq tarixi ənənələri öyrənmək baxımından, həm də sıfırdan başlamaq deyil, dərin kökləri olan bir prosesi davam etdirmək baxımından, digər tərəfdən də dünyada gedən prosesi diqqətlə öyrənərək, onları təqlid edərək deyil də, onlara alternativ elmi-fəlsəfi üslub ortaya qoyaraq fəaliyyət göstərmək lazımdır ki, həmişə geridə qalmayasan. Bunun hardasa müsbət cəhətləri də var. Biz indi geridə qalmışıq, bizdə bəlli sahələr inkişaf etməyib, digər böyük ölkələr bizdən irəlidədirlər. Onların mənfisi də odur ki, onlar məhz irəlidədirlər, bəlli sahələrdə çox inkişaf ediblər; ətalət prinsipinə görə ağır şeyin istiqamətini döndərməsi çətindir. Onlar da bu baxımdan ağırlaşıblar, operativlikləri aşağıdır. Çünki çox sistemləşiblər, elmin müəyyən sahələrinə xeyli kapital qoyublar. Ona görə də yeni sahələrə diqqət ayırmaqları çətindir. Biz isə yeni başlayırıqsa, ölçək görək XXI əsrdə hansı sahələr daha perspektivlidirsə, biz də o sahəyə gücümüzü verək. Amma biz nə edirik? Yenə də onların getdiyi yolla gedib, onların etdiklərini təkrarlamaq istəyirik. Sanki başqa bir yol yox imiş.

İrəlidəkilərin yoluyla gedərkən heç zaman onları ötə bilməzsən. Ancaq onun təqlidçisi ola bilərsən. Amma yeni, kəsə, dövrün tələbinə uyğun yollar tapa bilsən, görərsən ki, onlar səni təqlid etməyə başlayıblar. Çünki sən bu sahədə irəlidə olacaqsan. Bunu da elmin fəlsəfəsi, elmşünaslığın inkişafı ilə müəyyənləşdirmək olar. Bunları mən Türkiyədə Elmlər Akademiyasının prezidentiylə, eləcə də digər tanınmış elm adamlarıyla görüşlərimdə də izah etməyə çalışıram. Amma orda da görünür ki, çox çətindir. Daha təməlli, fundamental təhsil sisteminin qurulması üçün Türkiyə sanki hazır deyil. Buna baxmayaraq, bir elmşünas-filosof olaraq, hər hansı bir ölkənin nə etməli olduğunu biz onlara göstərməliyik. Gec-tez bunların hamısı qaydasına, yoluna düşəcək. Amma onda da zamandan geri qalmamalıyıq.

Azərbaycanda da bu baxımdan müəyyən islahat tendensiyaları var. Ümid edirəm ki, nəhayət, mən dediyim mənada məhz elmi təməllər üzərində islahatlar aparılmasına başlansa, Azərbaycanın böyük perspektivləri ola bilər. Elmdə də, fəlsəfədə də. Təəssüf ki, bəziləri elə bilir ki, yeniliyi ancaq gənc kadrlar müəyyənləşdirməlidir. Sanki yaşlı nəsli çıxarıb yerinə cavan qoyanda hər şey öz-özünə düzələcəkmiş. Bu, çox yalnış təsəvvürdür. Tam tərsinə, yeni nəsil o əyər-əskiyin, çatışmazlıqların yetişdirdiyi, ən yaxşı halda isə Qərbdə təhsil alıb qayıdan adamlardır. Onların gördüyü iş ordakı strukturları bura daşımaq, transfer etmək ola bilər ki, bu da yenə təqliddir.

- Bu il ölkəmizdə Nəsiminin 650 illiyi ilə bağlı xeyli işlər görülüb. Bəs Türkiyədə vəziyyət nə yerdədir? Sizin özünüzün bu sahədə araşdırmalarınız varmı?

Hazırda Nəsiminin həmin dövrdə, həmin məkanda yayılmış fəlsəfi dünyagörüşü və təsəvvüf ənənələri ilə müqayisəli analizini aparıram. Sadəcə hürufilik deyil... Onun Nəimidən öncə təsirləndiyi Həzrət Əlinin “Nəchül Bəlağə”si, Mənsur Həllacın “Təvasin”i, Mahmud Şəbüstərinin “Gülşəniraz”ı var, təsəvvüf ənənələri, Bəktaşilik təriqəti və s.

Mansur Həllacdan Nəsimiyə gedən yolda Sührəvərdi, İbn Ərəbi, Mövlana, Şəbüstəri məntəqələri var...

Hürufiliyin yayılmasından, Fəzlullah Nəimidən öncə Mövlana yazırdı:

"Rəhmət ilə zəhmət arasında bir nöqtə fərqi vardır. Allah dilərsə, zəhmətdəki nöqtəni qaldırar."

Yəni nəinki dil, hətta əlifba da fikrin atributuna çevrilmişdi. Xüsusən ərəb əlifbası fikrin fantaziyası üçün geniş meydan aşırdı.

Nəsimini daha dəqiq anlaya bilmək üçün ərəb əlifbası ilə yanaşı, dilimizin - Türk dilinin fəlsəfi potensialı açılmalıdı.

Məsələn, "üz" sözü - "Varlıq və yoxluq" kontekstində mənalandırılır.

Dilimizdə varlıqla yoxluğun eyniləşmə məqamına maraqlı bir misal: "Üzlü" və "üzsüz"ün dialektikası: Eyniyyət və fərq məqamları!

Üzsüz = simasız = öz mövqeyi olmayan.

'Üzlü' olmaq - üzünü itirməkdən qorxmamaq.

(Kim qorxmaz - ehtiyat üzü olan və ya çoxüzlü olan = simasız.)

"Üz qoymaq." - "Üz qoyubmu ki, üzüm dərə..."

"Sizin qarşınızda üzüm yoxdu..." - yəni üzümü itirdim, ancaq tək üzü (siması) olan üzünü itirməyi dərd edə bilər.

"Üzünü itirmək" - abırsızlaşmaq - çoxüzlü olmaq - simasızlaşmaq və s.

Üzlülük = çoxüzlülük. Burdan sabitlik və dəyişkənlik, Vəhdət və kəsrət mövzularına keçid yaranır.

Fəlsəfədə sabitlik - varlığın, dəyişkənlik - yoxluğun əlaməti sayılır. "Simasız" - özünə aid, sabit siması olmayan deməkdir. 

Elə bir dünya var ki, orda hər şeydən bir dənədi... Və bu bir dənə hər şeyin ən kamilidi; ya artıq oluşmuş haldı (mütləq gələcək - son mənzil - hədəfdəki işıq), ya da hələ pozulmamış haldır (mütləq keçmiş - ideal hal, ideya və ya lövhi məfhuz)...

Və bir də elə bir dünya var ki, orda hər şeyin çoxlu nüsxələri var, amma heç biri tam kamil deyil, ideal deyil - ya oluşum, ya da pozuluş halındadır - prosesin hansısa bir məqamı... Məqamlar çoxluğu...

İki yol var:

Biri - pozulma/bozuluş sürəci,

o biri - oluşma/oluşum sürəci.

Birincinin ideal halı ilk yaradılış halı - Allah yaradır və sonra bu dünyaya - Kəsrət dünyasına atır/qovur/göndərir... - və bütün mümkün variantların yoxlanması və ya yaşanması üçün onu çoxaldır - hərə bir yol seçir...

Burdan da Zaman və Məkan probleminə keçid yaranır:

"Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,

Məkana sığmayan ol biməkan məkanı nə edər?!"

(Nəsimi).

Bəli, "Məkanı yoxdur anın!", - deyir Nəsimi.

Zaman məhdud, hüdudu olan, lokal bir məkandakı hərəkətin sürəklilik ölçüsüdür. Sonsuz məkanda baş verən proseslər zamanla ölçülə bilməz. Sonsuzluq - insan zəkası üçün əlçatmazdır.

Amma bu şeirdə Nəsimi sonsuz zamandan deyil, andan bəhs edir. Sonsuz böyükdən deyil, sonsuz kiçikdən...

İnsanın normal, gündəlik həyatı məkan-zaman kontiniumunda lokallaşır, bəlirlənir. Amma məkana sığmadığı, onun dışına çıxdığı anlar da olur. Məhz anlar! Və böyük İnsanın normal insandan fərqi məhz belə anlarda üzə çıxır.

Bu an sezgi anıdımı, vəcd və ya kəşf anıdımı, yoxsa ilahi eşq məqamıdımı? Bu anın möcüzəsini duymaq üçün gərək heç olmasa ömründə bir dəfə bu anı yaşamış olasan...

Şimşək bir anda çaxır, dünya işıqlanır və yenə əvvəlki halına dönür.

Yaxud Vəhdət ideyası! Ənəlhəqqdən Vəhdət-i vücuda keçid.

Nöqtənin potensial zənginliyi!

Nöqtədən açılan yeni varoluş! Başqa dünyada - başqa bir xətt üzrə davam!

Nəsimidə Zaman, Varlıq və yoxluq məsələləri müasir fəlsəfə baxımından da çox aktualdır.

Çekme alamını beyhude yere varla yokun

Olan oldu, olacaksa daha meydanda değil.

Yaxud:

- Bi-vəfa dünyadan usandı könül,

Yox dedi dünyayı yox sandı könül.

550 il sonra Haydeger zaman anlayışına varlıq və yoxluğun dialektikası kontekstində yenidən baxacaqdı...

Nəsimidən xəbərsiz: Haydegermi xəbərsiz, bizmi xəbərsiz?

Təəssüf ki, bizdə müqayisəli təhlil aparılmır. Amma bu, bütöv bir fikir prosesi, fəlsəfi bir fikir axınıdır. Burada ayırmaq bəzən mümkün olmur. Nəsimini də təkcə Fəzlullah Nəimi üzərindən araşdırmaq çox böyük ədalətsizlikdir və onun fəlsəfəsini, yaradıcılığını məhdudlaşdırır. Onun fəlsəfəsini daha çox Mənsur Həllac üzərində də araşdırırlar. Çünki onun "ənəlhəq" ideyası Mənsur Həllaca, hətta ondan daha əvvələ də gedir. İstər bizdə, istərsə də Türkiyədə bunu İbn Ərəbi ilə başlayırlar ki, bu da yalnış təsəvvürdür. Ondan daha öncələrə gedib çıxır. Haqqın içdən idrak olunması, dünyanınmı insanın içərisində, insanınmı dünyanın içərisində olması ideyası çox zaman başa düşülmür. Buna görə də insan-dünya münasibətlərində vəhdət ideyasının başa düşülməsi lazımdır. Bu, ən çox Mahmud Şəbüstəridə müşahidə olunur. O da Azərbaycanın cəmi bir qərinə (33 il) yaşamış, amma möhtəşəm bir fəlsəfi irs qoyub getmiş, Türkiyədə isə çox az bilinən filosoflarındandır. Maraqlıdır ki, Nəsimiylə bir tərəfdən İbn Ərəbi, , həm də ideya vəhdəti var. Onların bu cür vəhdət halında araşdırılması lazımdır. Ümumiyyətlə, Nəsimi fəlsəfəsi yenidən araşdırılmalıdır. Bir-iki əsəri çıxmaq şərtiylə onun fəlsəfəsi haqqında ciddi tədqiqat hələ ki yoxdur. Yazanlar çox ola bilər, amma böyük fəlsəfi təməllərlə əlaqə qurmaq elə də asan iş deyil.

İdeyanın birinci deyilişi: Mən - hər şeyəm, bütün dünya; küreyi-ərz, yerlər, göylər - məndədir... Başqa deyilişi də budur ki, məndə olmayan heç bir şey yoxdur.  Bax bu məqam - çox incə bir məqamdır. Belə bir məntiqi keçid mümkünmü? Ən azından mənim üçün yoxdur.

"Ənəlhəqq - Haqq məndədir" - Nə anlamına gəlir?

Sualı tərsinə qoyarsak - Hak bende deyilsə, ben Hakkın dışındamı kalıyorum?

Hakk tüm dünyanı ehtiva edər.

Hakk - varlıqdır, onun dışında heç nə yoxdur.

Başqa sual - "Ənəlhəqq - Hak  məndədir" ifadəsi Hakk hər yerdədir, həm də mənim dışımdadır anlamı ilə nə kimi bir münasibətdədi?

Yaxud - əgər söhbət ehtiva etməkdən gedirsə  - həm məndədir, həm başqa varlıqlardadır...

Yəni mən ayrı, yerdə qalan dünya ayrıdır, Hakk da həm məni, həm də Dünyanı ehtiva edir.

Nəsiminin sələfi Mahmud Şəbüstəri deyir:

Özün ta gördü bir şəxsi-müəyyən,

Sual etdi, düşündü bəs nəyəm mən?

Keçib ol zərrəlikdən küllə yetdi,

Onu seyr eylədi, sonra qayıtdı.

Nəsiminin müasiri şair Abdal deyir: "Zərrə və günəş mənəm, gizli mənəm, faş mənəm."

Yəni bu ideyalar bütövlükdə dövrün ruhunda var idi. Və fərqli şairlər bu ruhu fərqli səviyyədə canlandıra bilirdilər.

Füzuli deyir:

Məndə olan aşikar sənsən,

Mən xud yoxam, ol ki var - sənsən!

Burda "mən" və "sən"in eyniyyəti, sadəcə sevən və sevilənin eyniyyətini aşır. Fərqli bir baxış bucağında subyekt və obyektin bir-birinə keçməsi təsvir olunur ki, bu da əsrlər sonra fenomenologiya adlı fəlsəfi təlimdə öz əksini tapmışdır. "Mən" və "sən" - iki subyekt bölgüsü Sartr və Levinasda açılır. Sonra isə "mən", "sən" və "o" (yəni bir başqası) kimi davam etdirilir. Füzulinin dediklərini biz aça bilmədiyimiz üçün sartrlar açır və sanki sıfırdan başlayırlar.

Yaxud:

Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən,

Təriqi-üns tut kim, hər ovuc topraq bir adəmdir.

Şekspirin Hamleti, onun qəbristanlıqda insanın torpağa dönüşü ilə bağlı fəlsəfi ricəti Qərbdə fəlsəfi dünyagörüşün oluşmasına böyük təsir göstərmişdir.  Ondan bir əsr öncə   Füzuli "hər ovuc topraq bir adəmdir" deyir. Çox maraqlı məqamdır: "Hər ovuc topraq bir aləmdir" də demək olar. Çünki burda "aləmlə" "adəmin" bir eyniyyəti duyulur. Adəmin, insanoğlunun başlanğıca dönüşü bütün dünyanın, təbiətdəki sirkulyasiyanın analoqu kimi keçir. Yəni İnsan ilə Təbiət arasındaki vəhdətdən söhbət gedir. Dünyanın maddi və mənəviyə ayrılışı arxa plana keçir, gücünü itirir və bu iki dünya eyni bir dünyanın fərqli təcəlliləri kimi üzə çıxır. Vəhdəti-vücud təliminin daha bir aspekti, örnəyi:    

Ey mələksima ki, səndən özgə heyrandı sənə

Həqq bilər, insan deməz hər kim ki heyrandır sənə.

İki fərqli variant - Bir, Məni

və Dünyanı ehtiva edən daha böyük, sonsuz məkan... Amma Dünya məgər sonludurmu? Bəs Mən? Mən məgər sonlumuyam?  Onda biz iki sonsuzu ehtiva edən bir sonsuzluqdan danışmalı olarıq.  Digər tərəfdən, dünya dediyimiz vahid deyil, necə ki, mən özümü ondan ayırıram, eləcə də başqaları ayırır... Və başqaları sadəcə insanlar deyil, hər nə qədər şey varsa - hamısı sonsuzdur. Dünya özü sonsuz sayda sonsuzların cəmi kimi...

İki cür sonsuzluq var: Bir sonsuz kiçik ki, hər şeyə daxildir. Və bir də sonsuz böyük ki, hər şeyi ehtiva edər.

Yenə də Damla və Dəryanın: Zərrə və Günəşin dialektikası!

"İçimizdəki sonsuzluğu kəşf edə bilsək, özümüz də sonsuzluğa qovuşmuş olarıq." (Əbu Turxan).

Zenon "Axilles və tısbağa" aporiyasında məhz sonsuz kiçiklərin toplananda sonlu olduğunu nəzərə almamışdı. Sadəcə olaraq o dövrün riyazi təfəkkürü buna imkan vermirdi...

Və bir də... sonsuzluq bir tərəfdən sürəklilik, digər tərəfdən də tükənməzlik anlamına gəlir və bunların da bir eyniyyət məqamı var.

Əslində hər şey sonsuzdu. Bizə sonlu kimi görünənlər də. Sadəcə bizim idrakımız sonlu saydıqlarımızın sonsuzluğunu təsəvvür etmək üçün yetərli olmur çox vaxt.

(Bu günün fəlsəfi təfəkkürü riyazi təfəkkürdən də geri qalır...)

Məqsədimiz sadəcə bunları xatırlatmaq deyil.

Məqsədimiz diqqəti sonlu və kiçik saydıqlarımızın (o cümlədən həyatın, ömrün) böyük və hətta sonsuz potensialına yönəltməkdir.

Sadəcə düşüncənin hüdudlarını genişləndirmək...

Vəhdət ideyasının fərqli çalarları, dünyanın bütünlüyü, daxili vəhdəti haqqında ideyalar qədim Çin fəlsəfəsində də var:

"Göy və yer, hər şey mənim özümdən, ruhumdan,nəfsimdən və canımdan artıq deyil. Ölən heç bir şey, doğan heç bir şey yoxdur."

Amma bizimkindən fərqlidir.

Çin fəlsəfəsində deyilir: "Burax, qoy canımız göyün və yerin, hər şeyin canı ilə qarışsın; ağacların calanaraq bir ağaca çevrildiyi kimi."

Bizdə isə sonradan qarışmaq, calanıb birləşmək deyil, təməldə birlik ideyası tərənnüm olunur.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.