525.Az

Günər Əliyev: "Uşaq ədəbiyyatımızın inkişafı indi daha çox gənc yazarlardan asılıdır"

UŞAQ VƏ GƏNCLƏRİN FİZİKİ VƏ MƏNƏVİ İNKİŞAFI


[09.12.19]
Günər Əliyev: "Uşaq ədəbiyyatımızın inkişafı indi daha çox gənc yazarlardan asılıdır" <b style="color:red"></b>

Bir uşağın şəxsiyyət kimi yetişməyində, dünyanı dərkində, mənəvi inkişafında sözün, ədəbiyyatın rolu danılmazdır.

Kitablarla lap erkəndən tanış olan uşağın xarakteri daha yüksək keyfiyyətlərlə formalaşır. Bir də var gözünü ədəbiyyatın içərisində, sözün ağuşunda açan uşaqlar. Onların dünyaya, insanlara baxışı da fərqli olur. Həmsöhbətimiz Günər Əliyev kimi. Günər Əliyev unudulmaz şairimiz Məstan Günərin nəvəsidir. Xüsusən Azərbaycan uşaq ədəbiyyatının nümayəndəsi kimi tanıdığımız Məstan Günərin ailəsində böyümüş  Günər indi özü də şeirlər yazır. Ədəbiyyata, poeziyaya münasibətinin həm irsi, həm də babasıyla keçirtdiyi zamanların nəticəsi olduğunu isə fəxrlə dilləndirir. Yaxşısı, onu öz dilindən tanımaqdır:  

"Böyük məmnuniyyətlə özümü yazıçı, şair kimi təqdim edərdim. Amma mənə elə gəlir ki, buna hələ mənəvi ixtiyarım çatmır. Son zamanlar daha çox yazmağa və yazdıqlarımı gün üzünə çıxartmağa başlamışam. Uşaq vaxtı cızma-qaralarım olanda babama göstərirdim. O da həmişə deyirdi ki, bala, yazma. Düşünürdüm, görəsən, niyə belə deyir. Deyirdi ki, şair olmaq çox çətindir, o yükün ağırlığını hər adam çəkə bilmir. Mən də öz-özümə fikirləşirdim, burda çətin nə var axı, yazırsan bitdi. Amma böyüyəndən sonra başa düşdüm ki, həqiqətən də çox çətinmiş. Valideynlərimin istəyiylə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirsəm də, bir gün də o sahədə işləmədim, tamam başqa sahədə çalışıram. İndi özümü yazar kimi yox, iş adamı kimi təqdim edirəm. Şairliyə hobbi kimi başlamışdım. Bunu ciddiyə almağıma, şeirlərimi insanlara təqdim etməyimə yaxın qohumlarımın, dostlarımın həvəsləndirmələri, dəstəkləri səbəb oldu. Onlar şeirlərimi kitab kimi toplamağı, bəstəkarlara verib mahnı kimi yaşatmağı məsləhət gördülər.

Babamın iki qızı olub. İçində bir oğul həsrəti yaşadıb. Mən doğulanda valideynlərim İraqda işlədikləri üçün məni babamla nənəm böyüdüblər. Beş yaşına kimi Məstan babamın yanında yaşamışam. Sonradan mənə qoyduğu adı özünə təxəllüs götürüb. Yəqin mənə olan sevgisindən edib bunu. Mən də sevinirəm ki, indi də onu məhz bu ad və təxəllüslə tanıyırlar. Əminliklə deyə bilərəm ki,

mən tipik baba obrazını görməmişəm.

Babam hər kəsə qarşı çox sərt idi. Sözünü sərt şəkildə deyərdi. Qızları da daxil hər kəs ondan çəkinərdi. Amma mənimlə tamam başqa cür idi. Həm ilk nəvəsi idim, həm də ailəsinə bir oğul kimi gəlmişdim. Yəqin bunlara görə məni çox sevir, hər yerdə oğlu kimi təqdim edirdi. Valideynlərimi adlarıyla çağırırdım, babamla nənəmə isə "papa", "mama" deyirdim. Mən ona, o da mənə çox bağlı idik. Ondan çox şeylər öyrənmişəm.

Ədəbiyyata, şeirə həvəs də ondan keçib mənə.

Birinci, irsi məsələ burda çox önəm daşıyır. Çünki müəyyən yaşa qədər biz onunla şeirdən, ədəbiyyatdan, yaradıcılıqdan heç danışmazdıq. Hətta mən onun şeirlərini də gec oxumağa başlamışam. Amma bildiyiniz kimi, Məstan müəllim qoşma yazıb. Mənim də yazdıqlarım qoşmadır. Özümdən asılı olmadan onun dəsti-xətti ilə yazıram.

Babamın şeir yazdığını çox görmüşəm. Hara getsə, məni də aparardı. Yasda, toyda, qonaqlıqda, kimləsə görüşdə, fərqi yoxdur, bir də görürdüm qoynundan kiçik dəftər və qələm çıxardıb nəsə yazır. Deyirdim ki, ay baba, indi neynirsən, evə gedəndə yazarsan da. Gülürdü, deyirdi, o gəlir, qeyd eləməsəm, sonra yadımdan çıxacaq.

Nədənsə, mən həmişə qəmli, kədərli şeirlər yazmışam. Ta uşaqlığımdan belə olub. Məstan Günərin özü də məhəbbət şairi kimi tanınıb. Şeirlərinin böyük əksəriyyəti məhəbbətdən olub. Mənim də şeirlərimin çoxu məhəbbət mövzuludur. Bundan başqa dünyəvi, vətənpərvərlik mövzulu şeirlərim də var. Məncə, şeirdə fəlsəfilik mütləqdir. O sözün, o misranın ki, mənası, dəyəri yoxdur, onu şeir hesab etmək olmaz. Bir azca istedadı olan, qafiyələri düzüb-qoşan hər insan günə on dənə şeir yaza bilər. Amma o məna hər şeirdə olmayacaq. Düşünürəm ki, bir şeiri yazmaq üçün fəlsəfi fikir, bu fikrin düzgün çatdırılması və şeirin qanunauyğunluqlarına əməl etmək vacibdir. Öz şeirlərimə çox vaxt tənqidi yanaşıram. Yazdıqlarımı öncə bacım Günayla bölüşürəm, sonra isə başqa dostlarımla. Bəzən olur ki, mənim qətiyyən bəyənmədiyim şeir olur. Onu bir müddət sonra onlara göndərəndə bəyənirlər, hətta danlayırlar ki, niyə bu vaxta kimi çıxartmamısan üzə. Mənim isə nəsə ürəyimə yatmır. Bu mənada yazılarıma qarşı çox tələbkaram. 

Bir sıra şeirlərimə mahnılar bəstələnib. İlk mahnını bəstəkar Pərviz Mahmudov yazdı, Xalq artisti Brilyant Dadaşova oxudu. Adı "Bilirəm"dir. "Paramparça" adlı ikinci mahnı da Pərvizindir, Xalq artisti Aygün Kazımova oxudu. Sevinc Ağasıyevanın bəstələdiyi "Hərdən" mahnımı Xalq artisti İlqar Muradov oxuyub. İndi bəstəkar Fərid Kərimlinin vətənpərvərlik mövzusunda şeirimə yazdığı "Sevgili yurdum" adlı mahnı üzərində işlənir. Xalq artistləri Alim Qasımov, İlqar Muradov, Samir Cəfərov, Əməkdar artist Bəyimxanım Əliyeva, müğənnilər Günay İbrahimli, Elton Hüseynəliyevdən ibarət çox gözəl bir komanda yaratdıq, onlar ifa edəcəklər. Yəqin ki, bu yaxınlarda layihə kimi tamaşaçılara təqdim ediləcək.

Bir neçə gün qabaq Fərid Kərimlinin bəstəsi olan "Səni sevirəm" mahnısını Əməkdar artist Nüşabə Ələsgərliyə verdik. O da çox gözəl mahnıdır, inanıram ki, seviləcək.

Son dönəmlər mahnıların bayağılaşması, primitiv sözlər, ədəbiyyata aid olmayan "şeirlər" baş alıb gedir. Mahnılarda nə musiqi, nə də sözlərin keyfiyyəti qalıb. Məncə, bunun əsas səbəbi müğənnilərin asana qaçmağıdır. Xüsusən, adlı-sanlı, sənəti, istedadı olan bir insanın nə var-nə var tez-tez mahnı yazdırsın deyə, belə bayağılıqlara da yer verməsi insanı məyus edir. Olub ki, məndən də bəsit, asan yadda qalan şeirlər istəyiblər, amma imtina etmişəm. Demirəm, mən belə möhtəşəm şeirlər yazıram, amma onların istədiyi qədər də bayağı yaza bilmirəm. Çox şükür ki, bu günə kimi sözlərimə yazılan bütün mahnılardan razıyam. Hələ ki, bir narazılığım olmayıb. Dinləyicilər tərəfindən də yaxşı qəbul edilib. Hətta bəzən bəstəkar dostlarım hazır musiqilərinin üzərinə sözlər yazmağımı istəyiblər, eləmişəm. Düzdür, mən onları ayrıca şeir kimi heç yerdə paylaşmamışam, üzə çıxartmamışam, amma yenə də yaxşı qarşılanıb, sevilib.

İndi kitab üzərində işləyirik. Yazdığım şeirlərin hamısını deyil, seçilmişləri o kitaba daxil edəcəm. Ondan başqa isə sözlərimə yazılan mahnıları da bir disk şəklində buraxıb kitabın içərisinə qoyacağıq. İstəyən şeiri oxusun, istəyən mahnıya qulaq assın".

Müsahibimizin Azərbaycan uşaq ədəbiyyatı, kitabın uşaqların mənəvi inkişafına təsiri və Məstan Günər poeziyası haqqında da çox maraqlı fikirləri var:

- Məstan Günər Azərbaycanda uşaq ədəbiyyatının tanınmış nümayəndəsidir. Respublika Dövlət Mükafatını alan ilk uşaq yazıçısıdır. Sevindirici haldır ki, şeirləri bu gün orta məktəb dərsliklərində tədris olunur. Mənə və bacıma yazdığı şeirlər, hətta kitablar var. Mənə yazdığı şeirlərini "Günərli şeirlər", bacıma yazdığı şeirləri isə "Günaylı şeirlər" kitablarında toplamışdı. Onun uşaq şeirləri təkcə ölkəmizdə deyil, tərcümə vasitəsilə Türkiyə, Rusiya, Özbəkistan, Çexiya və başqa ölkələr də oxunur.

Çox təəssüf ki, son illər uşaq ədəbiyyatımızda ciddi inkişaf görünmür. Ayrı-ayrı fərdləri çıxsaq, bu sahəyə o qədər də maraq göstərilmir. Məncə, bunun başlıca səbəbi uşaq ədəbiyyatının bəzi maraqları qarşılaya bilməməsidir. Burda maddi maraq da ola bilər, oxucu toplamaq marağı da. Fikrimcə, bu sahəyə marağın artması, axsamaların aradan qaldırılması, uşaq ədəbiyyatımızın inkişafı indi daha çox gənc yazarlardan asılıdır. Keçmiş dönəmdə yazan yazıb, indi isə yazan çox azdır. Ona görə də ancaq ümid gənclərə qalır. Bu sahəyə mütləq maraq artırılmalıdır. Çünki uşaqlıq insanın xarakterinin, mənəviyyatının formalaşdığı dövrdür. Mənəviyyatın yüksək formalaşması üçün isə ən gözəl vasitə ədəbiyyatdır. Sevgini, mərhəməti, dostluğu, mehribanlığı, sülhü, qorxmazlığı, xeyirxahlığı təbliğ edən uşaq ədəbiyyatı nümunələri nə qədər çox olarsa, gələcəyimiz bir o qədər də gözəl inkişaf edər.

Bu baxımdan özümüzü şanslı uşaqlar sayıram. Belə ki, nənəm - Məstan müəllimin həyat yoldaşı çox gözəl bir nəslin qızıdır. Qazaxda tanınmış ailə olan Nəsibovlar ailəsindəndir. Deməli, nənəm Məstan Günərin, bacısı Xalq şairi Nəbi Xəzrinin, o biri bacısı Xalq yazıçısı İsa Hüseynovun, başqa bacısı isə ədəbiyyatşünas Cəlal Abdullayevin həyat yoldaşı olublar. Əsas məsələ isə nənəmin qardaşı mərhum şairimiz Davud Nəsibdir. O, mənim çox sevdiyim, həyatımda böyük önəm verdiyim insan olub. Mən, bacılarım və ailəmizdəki bütün uşaqlar məhz belə bir mühitdə yetişmişik. Onlar hamısı tez-tez bir-birinə qonaq gedərdilər, evimizdən ədəbiyyat söhbətləri heç vaxt əksik olmazdı. Ədəbiyyatçı kimi təkcə İsa Hüseynovla Firuzə xalamın qızı Sevinc Muğanna o yolu davam etdirir. Şeir yazan isə mən və Nəbi Xəzrinin oğlu Arzudur. Biz həmişə belə bir ailədən olduğumuz üçün fəxr eləmişik.

Unutmamalıyıq ki, uşaq yazıçısı gərək yüksək insani keyfiyyətlərə, doğru əqidəyə sahib olmalıdır. Məstan Günər nə qədər sərt, ciddi, tələbkar insan olsa da, biz nəvələrinin dünyasını anlaya, o dünyaya asanlıqla daxil ola, bizə gözəl keyfiyyətləri aşılaya bilirdi. Bizimlə əsl dost kimi davranırdı. Təəssüf ki, onun mənim dostluğuma ehtiyacı olan zamanlar gəncliyimə düşdü. Dostlarla vaxt keçirtmək, əylənmək məni daha çox cəlb edirdi, yanında çox qalmırdım. Amma yaşa dolduqca başa düşürəm ki, həmin vaxtlarda onun mənə ehtiyacı var imiş. Bu gün də mənim ona ehtiyacım var, amma təəssüf ki, artıq o yoxdur. Bu günə qədər onun sözləri, məsləhətləri qulağımdadır.

Mən isə uşaq şeirləri yazmıram. Heç vaxt özümü bu sahədə yoxlamamışam. Hazırda on və altı yaşlarında iki oğlum var. Böyük oğlumda şeirə, musiqiyə həvəs görürəm. Yəqin ki, babamdan ona da nələrsə keçib. Zamanla biləcəyik.

Hazırda Məstan Günərin irsinə mən sahib çıxıram.

Bu yaxınlarda Mədəniyyət Nazirliyi onun şeirlərini toplayıb seçilmiş əsərlərini çap etdirdi. Şəhanə xalamın qızı Gülər bu işlərdə mənə çox dəstək oldu. Eləcə də ailəmizin digər üzvləri çox dəstək olurlar. Bu il Məstan müəllimin 85 illik yubileyidir. Müraciətlər olunub, yəqin ki, Mədəniyyət Nazirliyi bunu da diqqətdən kənarda qoymayacaq. Ev muzeyi hələ ki, yoxdur. Onun əsas evi Tovuzdadır. Hazırda kimsə yaşamasa da, hər yay bütün ailəmiz mütləq bir neçə gün orda qalır, səliqəyə salırıq, boş qalmağa qoymuruq. Keçən il ev muzeyi ilə bağlı Tovuz şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd müəllimlə görüşümüz oldu. Onlar da hazırlıq görürlər. Hazırda orada Mədəniyyət evi tikilir. Ona Məstan müəllimin adını verməyi planlaşdırırlar. Adına küçə verilib. Bacardığımız qədər Məstan Günər irsini yaşadacaq, o ada layiq olmağa çalışacağıq.

Şahanə MÜŞFİQ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.