525.Az

"YUĞ"çuların zamanda səyahəti - Şahanə Müşfiqin reportajı

VƏ YA VAQİF İBRAHİMOĞLU NAĞILI


[06.12.19]
"YUĞ"çuların zamanda səyahəti - <b style="color:red">Şahanə Müşfiqin reportajı </b>

Hələ günlər öncədən hamımız YUĞ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbirinə hazırlaşırdıq.

Mədəniyyət müxbiri olan jurnalist həmkarlarımın bir çoxu, tanıdığım ədəbiyyat nümayəndələri, gənclər, ziyalılar, sənət adamları, bir sözlə YUĞ Teatrının dostları dekabrın 3-ü axşamına olan bütün proqramını məhz bu yubiley tədbirinin üzərində qurmuşdular.

Azərbaycan incəsənətində və teatr sənətində ənənəvi tamaşa tandemini yerlə bir edən, bu sahəyə yeni nəfəs, ruh gətirən "YUĞ"çuların yubileyləri də fərqli, özünəməxsus olmalı idi. Ən azından biz buna inanmışdıq. Bir də nə gözəl təsadüfdür (düşünülmüş seçim də ola bilər) teatrla onun qurucusunun eyni gündə dünyaya gəlməsi.

Ancaq təəssüf ki, teatr bu əlamətdar hadisəni öz binasında deyil, dost kollektivin - Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində qeyd edirdi. Nəhayət, təyin olunan zamanda təyin olunan yerdə idik. Teatrın yanında Azərbaycan Yazıçılar Birliyinin katibi, baş redaktorumuz Rəşad Məcidlə birlikdə adını çoxdan eşitdiyim, imzasına bələd olduğum, üzünü isə o günə kimi görmədiyim Zeynal Məmmədliylə qarşılaşdıq. O da yubiley tədbirinə dəvətlilərdən idi. Bir az vaxtımız olduğunu nəzərə alıb çay içmək üçün oturduq. R.Məcidlə Z.Məmmədli başladılar xatirələr adlı sandığı açıb, içindəki maraqlı əhvalatları bir-bir gün üzünə çıxartmağa. Belə bir gündə mövzumuz da, əlbəttə ki, Vaqif İbrahimoğlu olmalı idi. Onlar danışır, mənsə, böyük maraqla qulaq asırdım. Zeynal müəllimin tez-tez uzaqlara dalıb gedən gözləri, hərdən köks ötürməsi Vaqif İbrahimoğlu itkisinin evdən deyil, eldən getdiyini bir daha sübut edirdi.

Səhəri gün Rəşad Məcid bu görüş və oradakı söhbətlər haqqında sosial şəbəkədə belə yazacaqdı: "YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbirə gedirdik. Zeynal Məmmədli ilə rastlaşdıq. Çoxdan görüşmürdük. Vaxtilə Zeynal müəllim Mətbuat Şurasi İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin müəllimi idi. Tez-tez görüşərdik. Belə bir tədbirdən öncə bu görüşü təsadüf saymaq olmazdı, məncə, burada mistik bir qanunayğunluq var idi. Tədbirin başlamağına biraz qalırdı deyə, oturub çay içdik, Vaqif İbrahimoğlunu yada saldıq. Zeynal müəllim Vaqif İbrahimoğlunun "Press-fakt", "Üç nöqtə" qəzetlərindəki yazılarından danışdı, xatirələrini bölüşdü, iti zarafatlarını xatırladı. Mətbuatla bağlı tədbirlərdə, indi nostalji ilə xatırlanan "Media açarı" mərasimlərində Vaqif müəllim başda olardı. Tədbirləri o ssenariləşdirirdi, fərqli ovqat yaradırdı.Vaqif İbrahimoğlu çox istedadlı, özü olan, koloritli insan idi. Dərin yumoru, incə ironiyası, sərt sarkazmı vardı. "YUĞ" isə fərqli estetikası olan qeyri-adi bir teatr idi. Yazıçı Kamal Abdullanın pyeslərini tez-tez səhnələşdirərdi. Bir dəfə Kamal müəllim deyir ki, Vaqif, axı, tamaşadan heç nə başa düşmədim. Yəqin bu sözü sinirə bilmədiyinə görə V.İbrahimoğlu növbəti dəfə həmin pyesi sözsüz səhnələşdirir. Tamaşaçılar mat qalır. Aktyorlar səhnədə oynayırlar, amma söz, danışıq yoxdur. Pantomim də deyil. Bu, Vaqif İbrahimoğlunun qeyri-adiliyi, hoqqası, indi dəbdə olan ifadə ilə desək, kreativliyi idi. V.İbrahimoğlunun qısa həyatı yüzlərlə belə qeyri-adiliklərlə, kreativliklərlə doluydu. Bir hadisəni isə Anar müəllimdən eşitmişəm - hərdən V.İbrahimoğlunun çoxqatlı yumoruna nümunə kimi danışır. Ötən əsrin 80-ci illərində V.İbrahimoğlu Musiqili Teatrda baş rejissor işləyirmiş. Aktyorlardan biri dünyasını dəyişib, vida mərasimidir. Mədəniyyət naziri gəlir, baxır, tapşırıqların verir. Mərhumun şəkilinə baxanda irad tutur:- Böyük şəkil yox idimi?! - soruşur.- Böyük şəkil var, amma başqa adamın şəkilidir - deyə Vaqif İbrahimoğlu cavab verir. Nazir donub qalır, heç nə başa düşmür. Başqa adamın böyük şəkili nə deməkdir?!  Bu nə cavabdır?! Nazir labirintə düşür, cavab tapa bilmir. Bəli, V.İbrahimoğlunun dərin ironiya və sarkazmını başa düşmək bəzən bir anın, bir günün işi deyildi. Tam qavraya bilmək üçün mütləq gərək müəyyən zaman keçəydi. Beləcə zaman keçir və biz Vaqif İbrahimoğlunu daha çox dərk etməyə, daha çox anlamağa çalışırıq. Ruhu şad olsun!.."

***

Rus Dram Teatrının insan qaynayan işıqlı foyesində bayram əhval-ruhiyyəsi vardı.

Tədbirdən öncə qonaqlar foyedəki YUĞ Teatrının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgisinin qarşısında dayanıb, maraqla seyr edirdilər. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə bu sənət ocağının yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunurdu. Qeyd edək ki, yubiley tədbiri Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilirdi.

Səhnədə ilk görünən Mədəniyyət naziri Əbülfəs Qarayevdir. Əbülfəs müəllimi "YUĞ"un premyeralarında çox görmüşəm. Onun bu teatra marağı, dəstəyi danılmazdır. Yubiley tədbirindəki çıxışında nazir özü də bunu dilə gətirdi. O, çıxışının əvvəlində Yuğ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər saldı. Bildirdi ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib: "30 il bundan əvvəl Azərbaycan üçün təlatümlü olan dövrdə YUĞ teatrı xalqa xidmət üçün yarandı. 18 oktyabr 1989-cu ildə Həsənağa Turabovun rəhbərliyi, Vaqif İbrahimoğlunun təşəbbüsü və iştirakı ilə yeni bir teatr fəaliyyətə başladı. Bu teatr Vaqif İbrahimoğlunun adı ilə bağlıdır. O, çox az yaşadı. Buna baxmayaraq müasir teatr sənətinin inkişafında, yeni fəlsəfi axınında, onun öz rolu, öz yeri var.  YUĞ Teatrı bu gün də öz işini davam etdirir. Bilirik ki, teatrın bina cəhətdən problemi var. Hazırda teatrın yeni məkanı ilə bağlı məsələlər və hazırlıq davam etdirilməkdədir. Dövlət Kukla Teatrının binasında məskunlaşan teatr, gələcəkdə yeni bir məkanda yeni ideyalarla tamaşaçıların görüşünə gələcək".

Əbülfəs Qarayev çıxışında "YUĞ"un yubileyi münasibətilə teatrın bir qrup əməkdaşının təltif olunduğunu da qeyd etdi: "Yubiley münasibətilə teatrın bir qrup əməkdaşı nazirlik tərəfindən mükafatlandırılıb və yaxın günlərdə mükafatlar öz sahiblərinə təqdim olunacaq".

Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətov çıxışında qeyd etdi ki, teatrın ilk işi M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında hazırlanan "Salam" tamaşası olub. Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib.

***

Çıxışların ardından təntənəli yubiley tədbirinin bədii hissəsi başladı. Səhnədə keçmiş və indiki "YUĞ"çular göründülər. Xalq artisti Vidadi Həsənov bizə bir nağıl-hekayə, əfsanə, rəvayət, olmuş əhvalat, nəsə, biz yenə də nağıl deyək,-danışmağa başladı. Vaqif İbrahimoğlunun nağılını, ya da "YUĞ"un nağılını. Nə fərqi var ki? Özü demiş, onsuz da "YUĞ" Vaqif İbrahimoğludur, Vaqif İbrahimoğlu da "YUĞ"dur. O danışdıqca, ekranda köhnə lentlərdən mərhum sənətkar boylanırdı. Gah gülümsər, gah düşüncəli, gah qayğılı, amma hamısında nurlu...

Sonrakı səhnədə Xalq artisti Fəxrəddin Manafovu görürük. Sənətkar M.Şəhriyarın qələmindən "Salam"ı alıb, Heydərbabaya yox, Vaqif İbrahimoğluna verdi. Onun səsinə səs verən "YUĞ"çular beləcə ilk səyahətlərinə çıxdılar- 30 il öncə, "YUĞ"un birinci tamaşası "Salam"...

Səhnəcikdən sonra Fəxrəddin Manafov dostu V.İbrahimoğlunu xatırlayır. İlk cümlələri hər birimizi hüznə qərq edir: "Telefonumda 3 adamın nömrəsini silmirəm. Vaqif İbrahimoğlu, Vaqif Səmədoğlu və Fuad Poladov. Hər dəfə o nömrələrə baxanda düşünürəm ki, bəlkə bir gün zəng elədim, bəlkə onlar da cavab verdilər..."

Sonra isə özünün mərhum sənətkara mənəvi borcundan danışdı: "Vaqif İbrahimoğlu mənim ustadımdır. İlk dəfə onunla tanış olanda mənim 21, Vaqif müəllimin 27 yaşı var idi. Mənə Dədə Qorqud ədasıyla dedi ki, adını bilmirəm kim verib, peşəni mən verdim. Məni bu sənətə gətirən, əlimdən tutub, sənətin sirlərini öyrədən Vaqif İbrahimoğlu olub".

Xalq artisti çıxışının sonunda "YUĞ" Teatrına Vaqif İbrahimoğlunun adının verilməsi ilə bağlı məsələ də qaldırdı: "Bu teatr Vaqifin əsəridir. Çox arzu edirəm ki, yaxın zamanda "YUĞ" Teatrı Vaqif İbrahimoğlunun adını daşısın".

Sonra sənhə məzəli anlara meydan oldu. Belə ki, birdən-birə "YUĞ"çuların "səyahət gəmisi" düz 30 il sonraya - 2050-ci ilə getdi. Qocalıb, əldən düşmüş aktyorlar 2050-ci ildə "YUĞ"un beynəlxalq festivaldakı növbəti qələbəsini bayram edirdilər. Bu səhnəcikdə onların dialoqu nə qədər gülməli olsa da, ağrılı mətləbləri əhatə etmişdi. Xüsusən də teatrın illərdir binasız, necə deyərlər, yurdsuz-yuvasız qalmasını.

Xalq artisti Mehriban Zəki səhnəyə ozan kimi gələrək sazını dilləndirdi. 30 il əvvəl nümayiş olunan "Xatun" tamaşası yada düşdü. Mehriban Zəki ustadının şərəfinə "Uzun, incə yola çıxdı"...

Aktyorlar Xalq şairi Ramiz Rövşənin şeirlərindən söylədikləri misralarla, xüsusən, Əməkdar artist Münəvvər Əliyeva "Qədrimi bilmədi bu adam mənim, - İlahi, al məni bunun əlindən!" deyərək aktyor Amid Qasımovla birlikdə "YUĞ"un retro tamaşalarından olan "Gəl gedək" "selinə" qapıldılar.

Xalq artistləri Vidadi Həsənov, Məmmədsəfa, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Fərhad İsrafilov, Əbdülqəni Əliyev, Qasım Nağı, aktyorlar Natəvan Qeybani, Hacıbaba Məmmədov, Zümrüd Qasımova, Amid Qasımov, Oqtay Mehtiyev, Vüqar Hacıyev, Elgün Həmidov, Təranə Ocaqverdiyeva, Ləman Mərrih, Afət Su və digərləri, bir sözlə, "YUĞ"un bütün kollektivi, səhnədə əsl sənət nümayiş etdirdilər.

Sonra səhnələr "Dəvə yağışı", "Balaca şahzadə", "Birinci akt", "Təklif" və sair kimi "YUĞ"un tarixində əbədiləşmiş bir-birindən maraqlı tamaşalardan olan epizodlarla davam etdi. Təbii ki, 30 illik zəngin repertuarı iki saatlıq tədbirə sığdırmaq mümkün deyildi. Ona görə də adını çəkdiyimiz tamaşalara canlı baxdıqsa, "Metamorfoza", "Müəmmalı bir qətlin üç versiyası", "Quş dili", "Vəsvəsə", "Medeya Sekvensiya 001", "Qəbir qazma üsulu", "Naməlum Axundzadə", "Məhşər günü", "Rindü-Şeyda" və başqa tamaşalardan görüntüləri də ekrandan izlədik, xatırladıq. Bu sayədə anladıq ki, bəli, bu gün Vaqif İbrahimoğlu olmaya bilər, amma onun rejissor irsini başda Mehriban Ələkbərzadə olmaqla, Gümrah Ömər, Günay Səttar, Vidadi Həsənov və başqaları kimi uğurla davam etdirən sənət fədailəri var.

Səhnəcikləri daha maraqlı edən nüanslardan biri də aktyorların ifa etdikləri mahnılar idi. Xalq mahnıları, köhnə musiqilər Amid Qasımovun muğamında, Vüqar Hacıyevin operasında, Vidadi Həsənovun gitarasında, Qasım Nağının qavalında, aktyorların xorunda başqa ab-havaya bürünür, ecazkar gecənin sehrini bir az da artırırdı.

Beləcə, nağıl kimi başlayan gecə nağıl kimi də yekunlaşdı. "YUĞ"çular 30 illik səyahətlərindən yenidən bu günümüzə döndülər. Amma görünürdü ki, heç biri dönmək - Vaqif İbrahimoğlulu günlərdən geri qayıtmaq istəmirdi. Bunu onların kövrək səsləri, dolan gözləri, hüznlü çöhrələri deyirdi. Və hissləri təkcə onlar yaşamırdı. Tədbiri son ana qədər böyük maraqla izləyən tamaşaçıların da simaları, gözləri eyni kədəri bölüşürdü.

Şahanə MÜŞFİQ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.