525.Az

İki dünya astanasında - Fidan Malikdən daha bir esse

[06.12.19]
İki dünya astanasında - <b style="color:red">Fidan Malikdən daha bir esse </b>

İnsan soyuq fəsillərin ilk anlarını çox sevir. Çünki istilərdən yetərincə qızınıb və artıq sərinləmək istəyir. Havanın temperaturu aşağı düşdükcə, soyuq canına işləməyə başlayır. Qızınmaq üçün sobanı, isidiciləri işə salır. İsti geyimlərini geyinir. İsti hava üçün darıxır. Soyuq onu silkələməyincə istinin qiymətini anlaya bilmir.

Hər hansı pis insanla rastlaşdıqda pislərin niyə yarandığını, onlar olmasa cəmiyyətin daha yaxşı ola biləcəyini düşünür. Belə düşünür, çünki insan özünü ən yaxşı sanır. Bəlkə həqiqətən də həyat pislərsiz daha yaxşı ola bilər. Lakin məhz pislərin sayəsində yaxşıları qiymətləndirməyi öyrənir. Nəfsinə, qəzəbinə hakim olmağı öyrənir. Ağı qaradan seçməyi öyrənir.

İşıqlar sönür. Dolabları axtarır. Balaca bir şam, ya da dibində azacıq yanacağı qalan çoxdan unudulmuş ləmpəni tapır. Bunları tapa bildiyinə sevinir. Sonra israf etdiyi işığın qiymətini anlayır.

Sosial şəbəkədən dünyanın uzaq ölkələrində illərlə su həsrəti çəkən  insanların lilli suyu tapdıqları an gözlərindəki sevinci görüb, açıq qalan kranı bağlamağa tələsir.

Xəstələndiyi zaman sağlamlığın necə şirin bir nemət olduğunu başa düşür. Əlində qalan sağlamlığının üzərinə titrəməyə başlayır. Dərmanları vaxtlı-vaxtında qəbul edir. İsti geyinir.

Bəzən əbədi yaşayacaqmış kimi planlar qurur. Daha yaxşı yaşamaq üçün, daha öndə olmaq üçün çırpınır, çalışır, qurur, yaradır. Bəzən bu planları uğruna bilərəkdən və ya bilməyərəkdən ətrafındakıları adlayıb keçir. Hətta özünü belə adlayıb keçir.

Bir xəstə ziyarətinə gedir. Xəstəxananın dəhlizində əsayla və ya əlil arabasında insanları gördükdə özünün ayaqları üstündə sağlam dura bilməsinə sevinir.

Bir qəzayla üzləşir. O an ölümün nə qədər yaxın oluğunu anlayır. Anlamağa çalışır. Kədərlənir. Qorxur. Bu fani dünyada elədikləri, eləyə biləcəklərinin hesabatını aparır. Vaxt varkən düzəldə biləcəklərini düşünür.

Lakin insan üçün istinin qiyməti yay gələnə qədər, sağlamlığının dəyəri sağalana qədər, balaca şamın dəyəri işıq yanana qədər, fasiləsiz axan suyunun olmasına  şükür etməsi, lilli suya şükür edən insanları unudana qədər, həyatın şirinliyi ölümdən uzaqlaşana qədərdir. Çünki insan çox unutqandır.

Halbuki yaşadığımız hər bir hadisə, rastlaşdığımız hər bir insan əslində, bizə bir işarədir. Yaşadıqlarımızdan dərs ala bilməmiz üçün. İtirdiklərimizin dəyərini anlamamız üçün. Əlimizdə olanlara şükür edə bilməmiz üçün.

Fidan MALİK

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.