525.Az

"Türkiyədə məndən soruşdular ki, Qənirə Paşayeva xəbərlərdə gördüyümüz kimidir?"

[28.11.19]
"Türkiyədə məndən soruşdular ki, Qənirə Paşayeva xəbərlərdə gördüyümüz kimidir?"<b style="color:red"></b>

Müsahibimiz "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovadır. Arzu xanım son zamanlar uğurlu addımları ilə diqqət çəkir.

Moderator.az-ın əməkdaşı bütün bunları nəzərə alaraq onunla bir qədər ətraflı söhbətləşmək qərarına gəlib.

 - Tanımayanlar üçün Arzu Bağırova kimdir?

- Bağırova Arzu Zakir qızı. Valideynlərim Masallı rayonunun Dəmirçi kəndindəndir. Özüm Sumqayıt şəhərində anadan olmuşam. Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədriyəm. Ailəliyəm və 4 övlad anasıyam.

- Arzu xanım, nədən qərar verdiniz ki, digər sahələrdə deyil, məhz QHT sektorunda özünüzü sınayasınız?



- Hələ orta məktəb illərində ictimai işlərə böyük marağım olub. Məktəbdə keçirilən tədbirlərin nəinki ən fəal iştirakçısı, həm də bir çox tədbirlərin təşkilatçısı, aparıcısı olmuşam. Belə tədbirlər mənə böyük qüvvət  verir, Sonrakı illərdə də, necə deyərlər, bu “xasiyyətimi” tərgitmədim. İnsanları sevindirməkdən, xeyriyyəçilik etməkdən həm sevinir, həm də qürur duyurdum. Qaldı ki, sualınızın dəqiq cavabına, onu deyim, həyatda hərənin bir işdə bəxti gətirir, mənim isə bəxtim onda gətirib ki, həmişə qarşıma dəyərli insanlar çıxır. Belələri ilə tanışlığım sonradan möhkəm dostluğa çevrilir. Çünki hamı ilə münasibətlərimi saf niyyətlər, səmimi sevgilər üzərində qururam.

Bəxtimə çıxan belə dostlardan biri də millət vəkili, can sirdaşım, dəyərli əməlləri ilə Azərbaycan qadınlarının sanki ziyalılıq simvoluna çevrilmiş Qənirə xanım Paşayevadır. Bunu ona görə xüsusi vurğulayıram ki, mənim içtimai işlərə belə ürəkdən bağlanmağıma, ictimai birlik yaratmağıma əsas ruhlandıran, stimul verən o oldu. Bu dostluğun, ictimai bağlılıgın nəticəsi isə xeyirxahlıqla dolu çoxlu aksiyalar, maarifləndirici tədbirlər, işgüzar səfərlər oldu. Bu işə bir qədər gec qoşulmağım isə övladlarımın azyaşlı olması ilə bağlı idi. Elə ki, sonuncu övladım Rəhimi məktəbə yolladım, sonra bu işlərə daha sıx bağlandım.



- Demək Qənirə Paşayevanın "sehrli çubuğu" sizin həyatınıza da rəng qatıb. Qənirə Paşayevanı hər kəs çox sevir. Bu sevgi də onun təmiz ürəyindən, öz missiyasını layiqincə yerinə yetirməsindən qaynaqlanır. Onunla yaxın dost olduğunuzu bilib, sizə hamını maraqlandıran bir qəliz sual ünvanlayırıq. "Qənirə Paşayevanın görünməyən, yəni qınanılası bir xasiyyəti yoxmu heç?"

- Yoxdur, inanın. Bu sualı mənə Türkiyədə tədbirdə də vermişdilər. Tədbir hələ başlamamışdı. Bir bəy məndən soruşdu ki, Qənirə xanım xəbərlərdə, sosial şəbəkələrdə gördüyümüz kimidir? Dedim inanın ki, ondan da daha yaxşıdır. Tədbir əslində iki saat üçün nəzərdə tutulmuşdu. Amma Qənirə xanım ordakı azərbaycanlı tələbələri tapdı, onlarla danışdı, problemləri ilə maraqlandı. Tədbirin sonunda həmin adam yaxınlaşıb dedi ki, siz düz deyirmişsiz.

- "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin cəmiyyəti silkələyən hansı yaddaqalan aksiyaları gerçəkləşib?



- Əsas məqsədi cəmiyyətin hüquqi və iqtisadi maarifləndirməsi işinə töhfə vermək olan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi siyasəti, görülən işləri, qəbul olan qanunları və proqramları əhalimiz arasında daha geniş təbliğ etmək istiqamətində layihələr həyata keçirir. Özəlliklə bölgələrdə, kəndlərdə qadınlarımızın, böyüyən gənc qızlarımızın, gənclərimizin vacib mövzu ətrafında geniş maarifləndirmə işlərinə dəstək olmaq birliyin xüsusi diqqət mərkəzindədir. Gənclərin maariflənməsinə, dünyagörüşünün artmasına xidmət edirik. Tariximizin, həqiqətlərimizin və mədəniyyətimizin təbliğində gəncliyin rolu və sosial şəbəkələrdən istifadənin vacibliyi, gənclərin asudə vaxt probleminə kömək məqsədilə təkliflər və gənclər arasında zərərli vərdişlərə və əsasən də narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçiririk.

- Narkomaniya qarşı mübarizə nəinki olduqca vacibdir, məmləkətin bir nömrəli problemləri sırasındadır. Bu baxımdan gördüyünüz bu cür savab işləri alqışlamaq lazımdır.



- Təşəkkür edirəm. Biz tez-tez bölgələrdə ziyalılarımızla birlikdə gedib tədbirlər təşkil edirik. Uşaqlara kitablar paylayırıq. Onlarla fikir mübadiləsi aparırıq. Yadımdadır ki, bir dəfə tədbirin sonunda bir uşaq əlini qaldırıb dedi ki, mən narkotikin zərərlərini anladım. Sizdən xahiş edirəm bunları atama da danışın. Yəni biz artıq o tədbirdə bir uşağın, bəlkə də bir neçə uşağın həyatını xilas etmişdik.

- Sizin həm də şəhid ailələrinə, qazilərə olan qayğınızın şahidi oluruq.

- Onlara qayğı göstərmək hər birimizin borcudur. Şəhidləri, Qaziləri unutmaq mənliyini, kimliyini unutmaqdır.  Birliyimiz bu günə kimi qəhərman şəhidlərimizin ailələrinin daim yanında olub. Elə 90-dan çox aprel şəhidimizin hər birinin ailəsini ziyarət etmiş, bəzilərinin anım gününü təşkil etmişik. Bu yaxınlarda da "Nizami" Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və "Regional Hüquqi və İqtisadi Araşdırmalar" İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş "Alı zirvəsi" filminin təqdimatını keçirdik. Bu filmin ictimaiyyətə təqdim edilməsində biz də vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi, öhdəmizə düşən missiyanı yerinə yetirməyə çalışdıq.



Bu filmlərin təqdimatı uşaqlarımız, gənclərimiz üçündür. Onlar öz qəhrəmanlarını tanımalı, tanıtmalıdır. Bu qədər qəhrəman şəhidlərimiz varkən uşağım Betmeni niyə sevməlidir?. Uşaqlarımız vətəni sevməyi, qorumağı qazilərimizin, şəhidlərimizin həyat yolundan öyrənməlidir.

- Sizin fəaliyyətə nəzər salanda maarifləndiririci işlərlə yanaşı xeyriyyə işləriniz də diqqəti daha çox cəlb edir.

- Xeyriyyəçilik mənim ruhumdadır. Bir də görürsən ki, 10-15 qadın toplaşıb, yardımlaşıb, bir xəstə uşağın müalicəsini, bir ağrılı problemin həllini yoluna qoyuruq.

- Özünüzü uğurlu qadın hesab edirsinizmi?



- Uğur elə bir zirvədir ki, insan birinə nail olduqda, digərini arzulayır. Bu insanın qarşısına qoyduğu hədəfə görə dəyişir. Ancaq ümumilikdə götürəndə, bəli, özümü uğurlu qadın hesab edirəm.

- Uğur qazanmaq üçün nələrdən keçmisiniz?

- Mənim üçün ən önəmli amil insanlığa və insanlara faydalı olmaqdır. Uğur qazanmaq üçün isə əziyyət çəkib, fədakarlıq etməyi bacarmaq lazımdır. Suala gəlincə mən uğur qazansam da, övladlarıma yetərincə  zaman ayıra bilməmişəm. Onlara zaman ayırmağı fəda verib, tam olaraq işimə aludə olmuşam. Bəzən düşünürəm ki, valideynlər üçün ən önəmli iş övladlarına vaxt ayırmaqdır.

- Uğurlu qadın olduğunuzu düşünürsünüz, bəs Arzu Bağırova xoşbəxt qadındırmı?

- Mənim üçün xoşbəxtlik tək sevgidən qaynaqlanmır. Əgər mən rahat ölkədə yaşayıramsa, başımı rahat yastığa qoya bilirəmsə, bu ən böyük xoşbəxtlikdir. Bir qadını çox şey xoşbəxt  edə bilər. Elə qadınlar var ki, xırda bir şeydən özləri üçün xoşbəxtçilik yarada bilir. Ancaq elə qadınlar da var ki, hədəfləri və arzuları böyük olduğu üçün onları xırda şeylərlə xoşbəxt etmək mümkün olmur. Məni isə huzur, anlayış, rahatlıq xoşbəxt edə bilər.



- Müasir qızlar daha çox valideynlərinin sözü ilə yox, öz istəkləri ilə ailə qururlar. Bəs siz böyüklərin məsləhəti ilə evlənmisiniz, yoxsa?..

- Göz ilə deyil, bir az ağıl ilə də sevmək lazımdır  Qarşıda nə yaşayacağıq, bunu zaman göstərəcək. Yaxşı olardı ki, valideyinlər övladları ilə açıq danışmaqdan çəkinməsinlər. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Amma əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. İstər məntiq evliliyi üzərində, istərsə də sevərək ailə qursaq da bu problemlər heç bir ailədən yan keçmir. Hər bir evlililiyin ilk illərində anlaşılmazlıqlar olur. Gənclər bu illərdə çəkişərək bərkiməlidir.

- Bu gün cəmiyyətdə gender bərabərliyi varmı?

- Məncə, var. Düşünürəm ki, burda məsuliyyət qadınlarımızın üzərinə düşür. Çox oxumaq, çalışmaq, iradəli olmaq lazımdır.

- Bu gün aktual mövzulardan biri də qadınlara və uşaqlara qarşı məişət zorakılığının qarşısının alınmasıdır. Məişət zorakılğı hallarının qarşısının alınması istiqamətində hansı layihələriniz olub?



- Bəli, bu gün təəssüflər olsun ki, məişət zorakılığı halları da mövcuddur. Azərbaycan ailəsində erkən nikah problemi var. Biz bu məsələlərlə bağlı araşdırmalar aparırıq. Erkən nikahlar da təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nikahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur. Burda həm də məsuliyyət məktəblərin də üzərinə düşür. Müəllimlər valideyinlərlər sıx əlaqədə olmalıdır. Bəzən elə olur ki, uşaq evdə deyə bilmədiyini öz müəlimi ilə bölüşür.

Təbii ki, biz bununla bağlı çox işlər görmüşük. İnsanları maarifləndirmişik. Kitab oxumağa, bilikli olmağa çağırmışıq. Qadınlarımız öz hüquqlarını mütləq bilməlidir.  Öz arzularını, istəklərini yerinə yetirmək üçün çaba göstəməlidirlər. Düşünün, qadınlarımız tək deyil, öz həyat yoldaşı, qardaşı, atası tərəfindən dəstəklənsə, necə gözəl olar.

- Deyirlər ki, hər bir uğurlu kişinin arxasında bir qadın dayanır. Bəs uğurlu qadının?



- Elə uğurlu qadının da arxasında da bir kişi dayanır. İnsanın arxasında biri olunca o yolda bərabər addım atmaq daha asan olur, nəinki tək. Bu kişi ola bilər ki, həyat yoldaşı, qardaş və ya ata olsun. Ancaq mütləqdir ki, bir qadına kişi dəstək olsun, onun varlığını hiss etsin.

- İctimai-siyasi həyatda qadınların rolu vacibdir, yoxsa ailəsinin qayğısına qalan, cəmiyyətə tərbiyəli, savadlı övlad yetişdirən qadının rolu?

- Mən elə qadın tanıyıram ki, bunun hər ikisini də bacarır. Həm gözəl anadır, həmdə ki, yaxşı karyerası var. Və bəzəndə ali təhsili olmayan analar görmüşük ki, cəmiyyətimiz üçün yaxşı övlad yetişdirib.

- Arzu xanım, "Qadın istərsə" rubrukamızın əsas və son sualına gələk. Qadın istərsə, nələrə qadir olar?

- Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan və şərait var.  Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, bizim əzizimiz Mehriban xanımın timsalında Azərbaycan Qadınının nələrə qadir olduğunun şahidi oluruq. Demək istəyirəm ki, qadın istərsə əgər yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı sirdaş, yaxşı vətəndaş ola bilər. Əsas odur ki, bunu qadın həqiqətən istəsin...



- Səmimi cavablara görə təşəkkür edirik.

- Mən də maraqlı suallara görə sizə təşəkkür edirəm və uğurlar arzulayıram.

Günel Yaz


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.