525.Az

"Neft və Sənaye Universiteti son 4 ildə böyük bir mərhələ adlayıb" - Müsahibə

MİLLƏT VƏKİLİ, AKADEMİK NİZAMİ CƏFƏROV: "AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN HAZIRLADIĞI MÜTƏXƏSSİSLƏRƏ BÖYÜK EHTİYAC VAR"


[13.11.19]
"Neft və Sənaye Universiteti son 4 ildə böyük bir mərhələ adlayıb" - <b style="color:red">Müsahibə </b>

Ötən ayın son günlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində yazıçı-ssenarist, millət vəkili, ADNSU-nun "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmovun kitab evinin bazasına təqdim etdiyi kitabların təqdimatı keçirildi.

Təqdimat mərasimində ADNSU-nun professor-müəllim heyəti, həmçinin, digər qonaqlar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edirdilər.

Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir iştirakçılarına kitab evi haqqında qısa məlumat verdikdən sonra akademik, millət vəkili Nizami Cəfərov professor Hüseynbala Mirələmovun yaradıcılığı haqqında öz fikirlərini səsləndirdi.

Tədbirdən sonra akademik Nizami Cəfərov "Oil And İndustry" jurnalına verdiyi müsahibə zamanı həm professor Hüseynbala Mirələmovun elmə, ədəbiyyata verdiyi töhfələr haqqında geniş danışdı, həm də son bir neçə il ərzində ADNSU-da görülən işlər, Azİİ e-Kitab Evi haqqında təəssüratlarını bölüşərək qeyd olunan mövzularla bağlı suallarımızı cavablandırdı. Müsahibəni oxuculara təqdim edirik.
 

- Nizami müəllim, yazıçı, publisist, eyni zamanda, professor Hüseynbala Mirələmovun bədii yaradıcılığı barədə nə deyə bilərsiniz?

- İlk növbədə qeyd edim ki, Hüseynbala Mirələmov bacarıqlı ictimai-siyasi xadimdir, millət vəkilidir, həmçinin, çox gözəl bir insandır. O, texniki elmlər sahəsində görkəmli mütəxəssis olmaqla yanaşı, həm də böyük bir yazıçıdır. Yorulmadan yaradıcılıqla məşğul olur, həm də bir millət vəkili kimi ictimai-siyasi proseslərdə də fəaldır. Onun yaradıcılığına nəzər salsaq, görərik ki, çoxlu sayda oxunaqlı romanları, hekayələri, kitabları, publisistik məqalələri var. Əsərləri müasir oxucunun zövqünə uyğundur, sevilə-sevilə oxunur. Bir neçə əsəri hətta tamaşaya da qoyulub. H.Mirələmov həmçinin, Ümummili lider Heydər Əliyev və onun həyat yoldaşı,  akademik Zərifə xanım Əliyeva haqqında, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında çox dəyərli əsərlərin müəllifidir. Bu əsərlərin əksəriyyəti dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap olunub, onların müzakirələri keçirilib. Bu, həm də tarixi yazmaq, reallığı ədəbiyyat vasitəsi ilə oxucuya çatdırmaqdır.

- ADNSU-da H.Mirələmovun kitablarının təqdimatı digər kitab təqdimatlarından hansısa bir özəlliyi ilə seçilirdimi?

- Belə bir insanın ADNSU-də mütəxəssis kimi fəaliyyət göstərməsi, eyni zamanda, bir yazıçı, ictimai-siyasi xadim kimi onunla görüşün ADNSU-da keçirilməsinin, kitablarının təqdimatının məhz burada olmasının böyük əhəmiyyəti var. Ona görə ki, bu təqdimat birbaşa geniş və sağlam oxucu auditoriyasında keçirildi və kitablar birbaşa oxucunun ixtiyarına verildi. Mən bir neçə ölkədə H.Mirələmovun kitablarının təqdimatlarında iştirak etmişəm, Azərbaycanda dəfələrlə Hüseynbala müəllimin yaradıcılığı ilə bağlı tədbirlərdə olmuşam. Amma onun çalışdığı universitetdə, yəni kitaba, elmə dəyər verilən bir təhsil ocağında belə bir təqdimatın keçirilməsi mənim üçün şəxsən çox maraqlı idi. Bu təqdimat həm də bizə şərait yaratdı ki, qısa zamanda kifayət qədər böyük inkişaf yolu qət etmiş Azİİ-də növbəti dəfə olaq, oradakı vəziyyəti daha yaxından görək.

- Təqdimat ADNSU-nun Azİİ e-Kitab Evində keçirildi. Bu, həm də qonaqlara kitabxananı seyr etmək üçün yaxşı imkan idi...

- Dünyanın çox universitetlərində, onların kitabxanalarında olmuşam. Yaxşı kitabxanalar görmüşəm, amma təm səmimi deyim ki, ADNSU-nun belə müasir və gözəl kitabxanasının olması məni valeh etdi. Burada kitab oxumaq, elm qazanmaq üçün hər bir şərait yaradılıb. Kitabxana tam müasir standartlara uyğundur, həm texniki imkanları yüksəkdir, müasir avadanlıqlarla təchiz olunub, həm də geniş və rahatdır. Digər ali təhsil müəssisələrində də belə kitabxanalar olsa, bu, hətta oxumayan tələbəni də elmə motivasiya edər.

- Siz tələbə psixologiyasına yaxından bələd ziyalı kimi Azİİ e-Kitab Evində olduğunuz müddətdə ADNSU-nun tələbələrində nələri müşahidə etdiniz?

- Əlbəttə, orada olduğumuz bir neçə saat ərzində çox geniş müşahidə apadım. Birinci qeyd edim ki, kitabxanada bir dənə də boş masa yox idi, hamısında tələbələr oturub mütaliə edirdilər. Vacib bir məqam da o idi ki, bu gün ADNSU-da oxuyan, həmin müasir tələblərə cavab verən kitabxanaya gələn tələbə məsuliyyətini hiss edir, onlar üçün yaradılan şəraitdən maksimum yararlanmağa çalışır. Bu, universitet kitabxanası üçün, elə tələbənin özü üçün də çox müsbət göstəricidir. Bir məqam xüsusilə diqqətimi çəkdi: tələbələr nizam-intizama yüksək səviyyədə əməl edirlər, böyük bir kitabxanada, yüzlərlə tələbə eyni zamanda mütaliə edir, amma heç kim bir-birinə mane olmur. Belə bir kitabxanada məmuniyyətlə saatlarla oturar və doyunca kitab oxuyardım...

- Eyni fikirləri ADNSU-nin bugünkü fəaliyyəti haqqında demək olarmı?

- Məncə, hə... Azİİ-nin nüfuzu tarixən çox geniş olub, bu universitetin adı həmişə öndə çəkilib. Amma buna baxmayaraq, müəyyən dövrlərdə universitet elə bir vəziyyətə düşmüşdü ki, hətta bir də dirçələcəyinə inanmaq çətin idi. 4 il bundan qabaq dövlət başçısının sərəncamı ilə professor Mustafa Babanlı bu universitetə rektor təyin olundu, həm də universitetin adı dəyişdirildi. Bu dəyişiklik sözün həqiqi mənasında bu qocaman elm mərkəzində təhsilin də keyfiyyətini tam dəyişdi.

Onu da qeyd edək ki, ümumilikdə təhsilimizin inkişafında gedən proseslər ali təhsil müəssisələri arasındakı rəqabətdə də özünü göstərir. ADNSU isə son 4 il ərzində çox böyük bir mərhələni adlayıb. Burada elmin, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə olunan uğurlardan artıq hər kəs xəbərdardır. Bu gün Azİİ təkcə təhsil ictimaiyyəti tərəfindən yox, həm də cəmiyyət tərəfindən keyfiyyətli təhsil verən, ixtisaslı və savadlı kadrlar yetişdirən müəssisə kimi öznü təsdiq edib. İndi boylanıb universitetin 4 il bundan qabaqkı vəziyyətini xatırlayanda, bu müddətdə belə bir sürətli dönüşün olması adamı heyrətləndirir. Bu gün ölkədə çox az universitetin təhsil səviyyəsini bura ilə müqayisə etmək olar.

- Sizcə, bu gün ADNSU cəmiyyətimiz üçün lazım olan ixtisaslı mütəxəsisləri yetişdirə bilirmi?

- Azİİ məzunları, bu təhsil ocağının yetirmələri hər zaman öz savadı, bacarığı ilə bir addım onda olublar. Təkcə Azərbaycan hüdudlarında yox, dünyanın çoxlu sayda ölksində bu universitetin məzunlarına rast gəlmək mümkündür. Onlar bacarıqlı, savadlı mütəxəssisi kimi tanınır, vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Əminliklə deyə bilərik ki, bu gün burada elmi mühit bərpa edilib, abı-hava yüksəkdir. Bu, hər bir universitet üçün vacib amildir. Mütəxəssislərin düzgün seçilməsi, yerləşdirilməsi, onlardan düzgün istifadə və qarşıya qoyulan tələb çox önəmlidir. Eyni zamanda, elmi yanaşmaların, tələb və təklifin düzgün qurulması  vacib faktor kimi daim nəzarətdə saxlanılmalıdır. Bəli, reallıq odur ki, sadaladığımız məsələlər ADNSU-da öz əksini tapıb. Yenə ayrı-ayrı istehsal müəssisələrindən bu universitetin məzunlarına təlabat artıb, onların savadlı, bacarıqlı olması haqqında xoş xəbərlər eşidirik. Bu o deməkdir ki, universitet qaşıya qoyulan tələbi yerinə yetirə bilir. Rəhbərliyin və bütün kollektivin gərgin əməyi və yorulmaz fəaliyyəti nəticəsində bu qocaman təhsil ocağının tarixi nüfuzu demək olar ki, bərpa edilib.

Qeyd edək ki, ADNSU-nun fəaliyyəti və oradakı ixtisaslar ölkə iqtisadiyyatı və onun inkişafı ilə birbaşa əlaqdardır. Bunu nəzərə alaraq universitet rəhbərliyi kifayət qədər çevik davrandı: fundamental elmin inkişafı ilə bərabər, istehsalat müəssisələri qarşılıqlı əməkdaşlıq bu unversitetin uğur qazanmasında öz təsirini göstərdi. Bəli, tam əminliklə deyə bilərik ki, ADNSU bu gün elə mütəxəssis hazırlayır ki, onlar nəinki heç zaman işsiz qalmır, hətta ölkə iqtisadiyyatında kifayət qədər böyük rol oynayırlar. Bu o deməkdir ki, bu gün ölkəmizdə ADNSU-nun hazırladığı mütəxəssislərə böyük ehtiyac var.

Elnur HADIYEV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.