525.Az

Əli İnsanov Müsavat-AXCP qarşıdurmasının arbitri rolunda

[08.11.19]
Əli İnsanov Müsavat-AXCP qarşıdurmasının arbitri rolunda<b style="color:red"></b>

Azərbaycan xalqının etimadını tamamilə itirmiş radikal müxalifət ölkədə ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa, həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatları gözdən salmağa yönələn cəhdlərini davam etdirir.

Onlar yenə də dağıdıcı şüarlar səsləndirir, özlərini 90-cı illərdə hiss edirlər. Məqsəd isə dəyişməzdir: nə yolla olursa olsun, hakimiyyətə yiyələnmək. Bunun üçün qan tökməyə, qarşıdurma yaratmağa, bir sözlə, hər şeyə hazırdırlar. Radikal müxalifət bu dəfə guya "yeniliklə" ictimaiyyətin qarşısına çıxmaq istədi. Belə ki, onlar Müsavat Partiyasının qərargahında bir qrup qaragüruhçunun toplaşıb nəyi isə həll etmək görüntüsü yaratmalarının süniliyi elə fotoşəkildən də açıq-aydın görünməkdədir. Müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri növbəti qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib. Çünki müxalif partiya rəhbərlərinin ambisiyası, mənəmlik iddiaları, qarşılıqlı güzəştlərin istisna edilməsi davamlı birliyin yaradılması ideyasınıı elə beşiyindəcə boğan səbəblərdir.

Noyabrın 5-də Müsavat partiyasının qərargahında keçirilən dəyirmi masanın ətrafında yanaşı əyləşən şəxslərə baxanda ən azı istehza etməmək mümkün deyil. Müsavatın keçmiş başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, AXCP sədri Əli Kərimli və digərlərin iştirak etdiyi tədbirdə keçmiş səhiyyə naziri Əli İnsanovun lap başda oturmasını sözün əsl mənasında həyatın ironiyası adlandırmaq olar.

Əli İnsanov İsa Qəmbərin ünvanına müxtəlif tribunalardan, televiziya ekranlarından "faşist", "nasist", "genetik xəstə" və s. ittihamları yağdıran birisidir.  Səhiyyə sistemini cinayət yuvasına çevirən, vaxtilə müxalifəti sağa-sola qılınclayan Əli İnsanovun indi müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bu formatın simasızlığını nümayiş etdirən faktordur. Korrupsioner Əli İnsanovla onun "faşist" adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, demokratiya müzakirələri aparması yalnız növbəti uğursuzluğun və iflasın başlanğıcı ola bilər. Öz əqidədaşlarına belə yuxarıdan aşağı baxan müxalifət başçılarının onlara ən ağır sözlər deyən, təhqir edən, öz partiyasına, əqidəsinə, liderinə xəyanət etmiş Əli İnsanovla qürurla yanaşı oturması onların prinsipsizliyini göstərir.  Görünür, Əli İnsanovun maddi imkanları, vaxtilə ölkə səhiyyəsini talamaq hesabına topladığı var-dövlət müxalifət başçıları üçün geninə boluna təbliğ etdikləri dəyərlərdən daha üstündür.

İndi Əli Kərimli ambisioz Əli İnsanova güzəştə gedəcəkmi? Ona biyyət edəcəkmi?  Əgər müxalifəti birləşdirən faktor Əli İnsanov kimi korrupsioner və əqidəsiz biridirsə, onda masa arxasında toplaşanların səviyyəsi və aqibəti artıq müzakirə mövzusu olmamalıdır.

"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev hesab edir ki, radikal müxalifətin bir neçə "rəhbər" şəxsinin bu günlərdə toplaşması və cəmiyyətə müəyyən mesajlar vermək, yeni inteqrasiya qurumu yaratmaq iddiasında olması cəmiyyətə heç bir təsir göstərə bilmədi. Cəmiyyət bu toplantını sanballı siyasi hadisə kimi qəbul etməməklə yanaşı, ona hər hansı dəstək jesti göstərmədi. Onun sözlərinə görə, məsələ burasındadır ki, cəmiyyət bu toplantını təşkil edənlərin gücsüz olduğunu bilir, onların bir-birinə qeyri-səmimi olduqlarından xəbərdardır: "Bir vaxtlar Əli İnsanovla İsa Qəmbərin, Əli Kərimli isə İsa Qəmbərin bir-birinə düşmən kimi yanaşdıqları yaxın tariximizin hələ unudulmamış gerçəkliyidir. Məğlubların, uduzanların, uğursuzların yeni birlik yaratmaq cəhdi də uğursuz olacaq". A.Quliyev söyləyib ki, bu insanların saysız-hesabsız birliklər yaradaraq sonda heç bir nəticəyə çata bilməməkləri cəmiyyətin gözündə gülünc doğuran bir assosiasiya yaradır: "İnsanlar radikal müxalifət liderlərinin son 26 ildə yaratdıqları birliklərin sayını unudub və onları xatırlamır. Çünki uğursuz birliklər tarixdə də, insanların yaddaşında da yaşamır".

Milli Məclsin deputatı Musa Quliyev deyib ki, Müsavat Partiyasının həm mitinq keçirməkdə, həm də Bakı Şəhər İcra Hakimiyyətinin qərarına münasibətdə məqsədləri sağlam deyil.  M.Quliyevin sözlərinə görə, birincisi, bu gün Azərbaycanda mitinq etməyə heç bir əsas yoxdur: "Mitinqə hansı şüarla çıxacaqlar? Sosial şüarla çıxacaqlarsa, sosial məsələləri cənab Prezident yüksək səviyyədə həll edir, əməkhaqları, pensiyalar, müavinətlər artırılır, gələn il də pensiyalar, əməkhaqları artacaq, yeni iş yerləri açılacaq. Mitinqə iqtisadi məsələlərlə çıxacaqlarsa, Azərbaycanda iqtisadi inkişaf gedir, dövlət büdcəsində artımlar var, iqtisadi ləyihələrin həyata keçirilməsi davam edir. Siyasi şüarla çıxacaqlarsa, Azərbaycanda müstəqillik var, azadlıq var, demokratiya var. Yəni bu gün Azərbaycanda hər hansı bir məsələ ilə bağlı şüarlara ehtiyac yoxdur. Əgər Dağlıq Qarabağla bağlı mitinq etmək istəyirlərsə, Bakıda ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin səfirlikləri var, onlardan soruşa bilərlər ki, Minsk qrupu problemi niyə həll etmir".

M.Quliyev vurğulayıb ki, mitinq təşkilatçılarının məqsədi bu deyil: "Onlar istəyirlər ki, qanunla qadağan olunan yerlərdə mitinq keçirsinlər. Dünyanın bütün ölkələrində metro ətrafında, əhalinin sıx olduğu yerlərdə, qorunan obyektlərin ətrafında mitinq və digər kütləvi aksiyalar keçirmək qadağandır, o cümlədən də, Azərbaycanda. Belə olan halda, Müsavat Partiyası metrostansiya qarşısında mitinq keçirmək istəyirsə, deməli, məqsədləri qarşıdurma yaratmaq, millətə qarşı çıxmaq, dövlətin qanununu tanımamaqdır. Dövlətin qayda-qanunları var və o qayda qanunlara da əməl etmək hər kəsin borcudur, o cümlədən də, siyasi partiyaların və ictimai təşkilatların. Əgər BŞİH sizə mitinq üçün yer verməsəydi, onda hüququnuz pozulardı. Ancaq icra hakimiyyəti sizə yer ayırıb, nə fərqi var ki, Bakının harasındadır. Bunlar sadəcə istəyirlər ki, şəhərin mərkəzində işinin dalınca gedən, istirahət edən, metroya girib-çıxan insanları da maraq xatirinə cəlb edib öz elektoratı kimi qələmə versinlər. Digər tərəfdən, Müsavat Partiyası, AXCP və digər bu qrupdan olan partiyaların heç biri Azərbaycan xalqının istəyi ilə hərəkət etmir, onlar xarici qüvvələrə xidmət edirlər və indiki vaxtda qarşıdurmaya getmək ancaq Azərbaycanı istəməyən qüvvələrə lazımdır və onların xeyrinədir".

"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib ki, həmin şəxslər indi də Əli İnsanovu özlərinə "lider" seçməklə, xəstə təfəkkürlü küçə, hətta çayxana müxalifətinin komaya düşdüyünü etiraf edirlər: "Görünür, onlar qaragüruhçu düşərgənin real mənada süni nəfəs aparatına qoşulduğunu dərk etməyə başlayıblar və indi də Əli İnsanov kimi dırnaqrarası həkimə möhtacdırlar. Ancaq onu da unutmamalıyıq ki, zamanında ölkə səhiyyəsini bərbad vəziyyətə qoyan Əli İnsanov onlara "həkimlik" edərsə, onsuz da ölü vəziyyətdə olan düşərgəni birdəfəlik məzarlığa göməcək. Digər tərəfdən, o da sirr deyil ki, bu gün AXCP-Müsavat partiyaları arasındakı qarşıdurmalar hazırda da mövcuddur və nəzərə alarsaq ki, Əli İnsanov bu qarşıdurmaya "barışdırıcılıq" missiyasını daşıyacaqsa, onda ümumiyyətlə, həmin siyasi təşkilatların yaxın gələcəkdə daha ağır uçuruma yuvarlanacaqlarını söyləmək olar. Ümumiyyətlə, fakt budur ki, harada bu, adam varsa, orada nifaq, hətta deyərdim ki, faşizm ideologiyası var. Yeri gəlmişkən, onu da xatırlatmaq istərdim ki, bu həmin Əli İnsanovdur ki, ölüm hökmünü tələb edən İsa Qəmbərə qarşı ittihamlar irəli sürürdü. İndi görünür, radikal, dağıdıcı müxalifətin ölüm hökmünü elə eks-səhiyyə naziri tətbiq edəcək. Yəni gerçəklik ondadır ki, Müsavatın qərargahında toplaşan fərdlərin köməyinə heç siyasi reanimasiya da təsir göstərməyəcək. Çünki onların nekroloqlarını xalq yazıb, özü də illər öncə. Bu baxımdan, hesab edirəm ki, onların istər Əli İnsanova, istərsə də bir-birlərinə elədikləri siyasi biətləri, əlöpmələri sadəcə və sadəcə siyasi məzarlıqdakı çürümə proseslərini daha da sürətləndirəcək".

AZAD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.