525.Az

Ekran-efir dilinin görkəmli tədqiqatçısı

[08.11.19]
Ekran-efir dilinin görkəmli tədqiqatçısı <b style="color:red"></b>

Bir jurnalistin sözə həssaslığını onlarca dilçi həssaslığına bərabər tutmaq olar. Bəzən bir jurnalistin dil duyumunu yüzlərlə psixoloq duyumu ilə müqayisə etmək mümkündür. Eləcə də bəzi hallarda bir jurnalist fikrinin dərinliyini neçə-neçə politoloq düşüncəsinin dərinliyi ilə müqayisə etmək olar. Belə paralelləri bir çox elm sahələri ilə də aparmaq mümkündür: riyaziyyat, tarix, sosiologiya və s.

Təbii ki, belə müqayisələrə, əvvəla, dil və təfəkkürümüzün imkanları yol açır, çünki dil sadaladığımız bütün elm sahələrinin açarıdır, hər cür fikrin ifadəçisidir. Belə düşünməyə ikinci səbəb isə səviyyəli bir jurnalistin ensiklopedik biliyə sahib olması, həyatımızın bütün sahələrindən baş çıxara bilməsidir. Bu iki səbəbin vəhdəti - mükəmməl bir jurnalistin tükənməz enerji ilə dilimizin incəliklərinə varması, onun açılmayan qatlarına nüfuz etməsi isə dilçiliyimizin böyük bir uğurudur. Və bu gün dilçiliyimizi deyilən prizmadan təmsil edən parlaq bir ad var - Qulu Məhərrəmli. Bu ad daşıdığı bir çox işıqlı mənaları, cazibədar mahiyyəti ilə, nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da çoxlarına tanışdır. Lakin mən burada uzun illər Azərbaycan ədəbi dilinin yeni tətbiq sahələrini - kino, TV, radio nitqinin öyrənilməsinə qiymətli töhfələr vermiş dilçi alim, professor Qulu Məhərrəmlidən bəhs etmək istəyirəm.

Dilimizə mətbuatın müstəvisindən baxan çox mütəxəssislərimiz olub. Lakin dil-nitq təzahürü prizmasından audiovizual baxışlar yeni bir istiqamət və işlənməsi uzun vaxt tələb edən yeni bir yoldur. Bu yolun təməl daşlarını düzmək, onu daha qısa bir zamanda və keyfiyyətlə başa gətirmək Q.Məhərrəmlinin üzərinə düşüb. Bir tərəfdən parlaq jurnalistlik fəaliyyəti ilə məşğul olmaq, görkəmli teleaparıcı, şərhçi, publisist kimi nüfuz qazanmaq, digər tərəfdən alim kimi dilçilikdə yeni istiqamətlərdə araşdırmalar aparmaq insandan böyük enerji və vaxt tələb edir. Bu baxımdan Qulu müəllimin yaradıcılıq yoluna nəzər saldıqda mənə elə gəlir ki, onun üçün zaman birin ikiyə nisbətindədir. Jurnalistika və diliçilik sahəsində bir-birinin ardınca yazdığı elmi əsərləri, nəşr etdirdiyi kitabları gözdən keçirdikcə onun təfəkkürünün dərinliyinə, tükənməz enerjisinə, zamanı necə idarə etdiyinə heyran olmaya bilmirsən. Burada məsələ heç kitabların sayında və zamanda da deyil, Qulu müəllimin elmi fəaliyyətinin çoxşaxəliliyində, hər yeni mövzuda orijinal fikirlər söyləməsində, tədqiqatçı alim kimi, yeni düşüncələrə yol açmasındadır.

Əslində, Qulu müəllimin bir jurnalist olaraq, dil problemlərini tədqiq etməsində təəccüblü heç nə yoxdur. Dil jurnalistin əsas silahıdır, bu silahı bacarıqla işlədən bir söz sahibi kimi, Qulu müəllim öz elmi yaradıcılığına çətin, amma xeyli orijinal bir istiqamət seçib: radionun, televiziyanin, kinonun, ümumiyyətlə, kütləvi kommunikasiyanın dil problemlərinin tədqiqi. Bu sahələrin hər birini ayrılıqda araşdıran Qulu müəllim, həm də problemlərini öyrəndiyi sahələrin başqalarına da öyrədilməsi, toplanan biliklərin tədrisi, təbliği, populyar mövzulara çevrilməsi üçün sanballı monoqrafiyalar yazır, ayrıca dərslik, dərs vəsaitləri və izahlı lüğətlər ortaya çıxarır. Təkcə onun "Audiovizual nitq" (2000) kitabını nəzərdən keçirmək kifayətdir ki, bir azərbaycanlı alimin yeni dil situasiyası tələb edən sahədə dünya elmi ilə səsləşən nəzəri fikir və düşüncələrini görəsən, Q.Məhərrəmli jurnalistika, sənətşünaslıq və dilçiliyə dair tədqiqatlarında bu sahələrin ya heç toxunmadığı, ya qismən bəhs etdiyi, ya da "yanlış" olaraq düşünüldüyü məsələlərdən bəhs etmişdir. Həmin tədqiqatların hər birində zahirən bir istiqamət seçilsə də (məs., "Jurnalistikanın əsasları"; "Televiziya haqqında etüdlər", "Televiziya dili"; "Radiodramaturgiya dili", "Radioteatr dəvət edir"; "Kütləvi kommunikasiya və dil"), mahiyyət etibarilə hər birində çarpaz bir qarşılıq var: jurnalistika - dilçilik və dilçilik- jurnalistika vəhdəti. Yəni Qulu müəllimin hər hansı problemi müxtəlif rakurslardan araşdıraraq, dolğun fikirləri ilə üzə çıxarsa da, onun üçün dəyişməz bir gerçəklik var: KİV və dilçıliyin ayrılmaz tədqiqat sahələri olması. Onun araşdırmalarının əsas elmi ağırlığı da bundadır ki, kino, televiziya və radionun dilindəki paradiqmalar müxtəlif elm sahələrinin qovşağında incələnir. Yaradıcılığı birbaşa ekran-efirlə bağlı olan Q.Məhərrəmli elmi araşdırmalarında dilin yalnız kommunikasiyanın yeni sahələrində tətbiqinin özəlliyini, qrammatik, uslubi tərəflərini üzə çıxarmır. Həm də situasiyadan çıxış edərək dilin sosial-psixoloji və kulturoloji qatlarına da işıq salır.

Prof. Qulu Məhərrəmlinin elmi yaradıcılığında göstərilən istiqamət üzrə ən qiymətli cəhətlərdən biri onun dil proseslərini kino, televiziya və radionun audiovizual təbiətindən çıxış edərək araşdırmasıdır. Çünki ekran-efir dilini ayrılıqda götürülmüş predmet kimi araşdırmaq istənilən nəticəni vermir. Buradakı dil situativdir və ekran-efirin texnoloji təbiəti ilə sıx bağlıdır. Bu texnologiyada (xüsusən televiziyada) nə varsa, Qulu müəllimin təfəkküründə - nəzəri baxışlarında və praktik müşahidələrində bunlar bir DİL faktıdır. Məsələn, televiziyanın teatrla, kino ilə və radio ilə "qohumluq" əlaqələri, eyni zamanda, onlardan fərqli cəhətləri, yaxud plan, kadr, panoram və s. kimi ifadə vasitələri sırf dil kontekstində təhlil olunur. Bu araşdırmalardan bir daha aydın olur ki, TV-yə (həm də radioya) gələn dil yalnız səsli və ya yazılı ünsiyyət vasitəsi deyildir, bu dil söz, təsvir və səs effektlərinin qeyri-adi sintezi, yeni məna yaradan vəhdətidir. Söz və ekranın qarşılıqlı əlaqəsi, bədii ədəbiyyatdakı sözlə ekrandakı söz arasında prinsipial fərqlər, yeni dil şəraitində ədəbi normalar və nitq mədəniyyəti problemləri kimi məsələlər Qulu müəllimin dilçilik sahəsində elmi araşdırmalarının əsas istiqamətləridir. O, jurnalistika nəzəriyyəsi, medianın ümumi problemləri, teleradio yaradıcılığının özəllikləri ilə bağlı araşdırmalarında da dil problemini daim diqqət mərkəzində saxlayır.

Bu tədqiqatların içərisində dilçiliyimiz üçün ən dəyərli elmi nailiyyət, deyərdim ki, dil və nitq məsələlərinin geniş kontekstdə ayırd edilməsidir. Onun araşdırmalarında kitab dili, yazılı dil, şifahi nitq terminləri, şifahi nitqlə məişət nitqi anlayışlarının, danışıq dili ilə şifahi dil ifadələrinin fərqli cəhətləri linqvistik aspektdən dəqiq incələnir, televiziya və radio nitqinin öz normaları ilə məhz şifahi ədəbi dilin bir qolu olduğu qənaətinə gəlinir. Və deyək ki, bütün bunların timsalında "Nə zaman dil, nə zaman nitq?" - sualının elmi-məntiqi cavabı da elə Qulu müəllimin dərin təfəkküründən süzülmüşdür. "Audiovizual nitq", "Televiziya dili" adlı monoqrafiyalarında bu sualla bərabər, ekran dilinin bazasında nitq və danışıq dili, dilin audiovizual təbiəti, söz və təsvir kimi dilin mürəkkəb, fəlsəfi məsələləri də həmin mühüm sualın dərinliyində öz izahını tapmışdır.

Beləliklə, qətiyyətlə deyə bilərik ki, Qulu müəllim öz zəngin yaradıcılığı boyu bir fenomen olaraq istər bilavasitə dillə bağlı "Televiziya nitqi və ədəbi tələffüz", "Televiziya dili", "Kütləvi kommunikasiya və dil", "Radio verilişlərinin dili və üslubu" adlı sanballı elmi tədqiqatlarında, istərsə də bilvasitə dillə bağlı olmayan "Radio dərsləri", "Radio dalğalarında", "Mediada debatlar" kimi əsərlərində öz dilçi mövqeyini cəsarətlə ifadə etmişdir. Bu və digər əsərlərində dil nəzəriyyəsi, tətbiqi dilçilik, eləcə də dilin sosiolinqvistik məsələləri, lüğətçilik, nitq mədəniyyəti, ədəbi dilin leksik və qrammatik xüsusiyyətləri kimi vacib sahələr yeni rakursdan araşdırılmışdır. Bütün bu cəhətlərinə görə də Musa Adilov, Ağamusa Axundov, Müseyib Məmmədov, Şirməmməd Hüseynov, Kamal Abdulla, Nizami Cəfərov, Rafael Hüseynov, Nizaməddin Şəmsizadə kimi görkəmli alimlər Q.Məhərrəmlinin elmi yaradıcılığını yüksək qiymətləndirmişlər.

Jurnalistikamızın ləyaqətli təmsilçisi, televiziya aparıcısı, siyasi şərhçi, publisist kimi məşhur olan Qulu Məhərrəmli bizim üçün isə, həm də həqiqi bir dilşünasdır. Bu istiqamətin bir çox sahələrinin hərtərəfli, dərin bilicisi, həqiqi alimdir: - jurnalistikamızın həssas dilçisi.

Nahidə HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.