525.Az

Erkən itirdiyimiz ədəbi düha - Cəfər Cabbarlı

BÖYÜK DRAMATURQUN ÖLÜMÜ İLƏ BAĞLI MARAQLI MƏQAMLARA BİR NƏZƏR


[08.11.19]
Erkən itirdiyimiz ədəbi düha - <b style="color:red">Cəfər Cabbarlı</b>

Dahilərin həyatı kimi ölümləri də həmişə ictimaiyyətin, xalqın diqqət mərkəzində olur. Belə böyük şəxsiyyətlərdən biri də Cəfər Cabbarlıdır. O, çox nadir istedad sahibi, böyük dramaturq, nasir, şair və ictimai xadim idi. Hələ Azərbaycan Cümhuriyyəti ərəfəsində "Ədirnənin fəthi", "Trablis müharibəsi" kimi əsərlər yazmışdı. Həmin əsərlərdə milli müstəqillik ideyaları, istiqlal mübarizələri ön plana çəkilmişdi.

Sovet hakimiyyəti qurulduqdan sonra bir sıra böyük sənətkarlarımız kimi C.Cabbarlının çətin günləri başladı. Sosialist inqilabının nəzəriyyəçiləri yazıçıların yaradıcılığına böyük məhdudiyyətlər qoydu. İstedadı, enerjisi aşıb-daşan Cəfər Cabbarlı üçün bu şəraitdə yazıb-yaratmaq çox ağır idi. 20-ci illərdə iki dəfə həbs olunmuşdu. Hər dəfə də böyük çətinliklər hesabına həbsdən çıxa bilmişdi. Hər bir əsəri yeni ədəbi mübahisələrə səbəb olur, böyük sənətkara ağır ittihamlar irəli sürürdülər. Bütün bunlara baxmayaraq, Cəfər Cabbarlı yazıb-yaradırdı, xalqı, milləti üçün böyük mənəvi sərvətlər yaratmağa can atırdı.

Heç kəsin gözləmədiyi halda, 1934-cü ilin axırıncı günündə Cəfər Cabbarlı qəflətən vəfat etdi. Elə həmin gündən indiyə kimi onun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir.

Ədibin həyat yoldaşı Sona Cabbarlı öz xatirələrində yazır: "1934-cü ilin dekabrın 27-si idi. Axşam saat 5-6 olardı... Cəfərin iki nəfər kinostudiya işçisi ilə gəldiyini gördüm. Onun köynəyinin yaxası açıq, qalstuku və papağı əlində idi. Üzündə-gözlərində ağır bir əzginlik hiss olunurdu. Bərk həyəcanlandım:

- Cəfər, sənə nə olub, yaxanı niyə açmırsan?

- Yox, yox, narahat olma, kino-fabrikada yıxılmışdım, bir az özümü itirdim. Dərman verdilər keçdi.

Yarım saata həkim gəldi, müayinə etdi. Ürəyinə qulaq asdı. Onun dediyinə görə Cəfərə bir balaca soyuq dəymişdi. Üç gün evdən çıxmamalı idi. Həkimi yola salarkən, Cəfərin ürəyinin vəziyyətini soruşdum...

- Qorxulu bir şey yoxdur, ürəyi bir balaca "pereboy" verir, - dedi.

Ayağa qalxandan sonra gərək onu rentgenə salaq".

Cəfər Cabbarlının həyat yoldaşı Sona Cabbarlı xatirələrində yazır ki, gecə saat 4-də oyananda gördüm, Cəfərin yanağında iki damla yaş donub qalıb, o, artıq ölmüşdü.

Həmin vaxt Yazıçılar İttifaqının sədri olan M.K.Ələkbərli "Dönüş"lərin müəllifini itirdik" adlı məqaləsində göstərir: "Ayın 30-da istirahət günü saat 4-də mən telefona çağırıldım. Müsahibim Cəfər idi. Danışığımızın mövzusu onun yeni yazmış olduğu "Bakı" novellası idi. Yoldaş Bağırovun tapşırığı üzrə "Pravda" qəzetəsi üçün yazılmış və ədəbiyyatımızda bu ana qədər görünməmiş dərəcədə orijinal olan bu əsəri yoldaş Bağırov və yoldaş Hüseyn Rəhmanov (o vaxt Xalq Komissarlar Sovetinin sədri olub - M.M.) oxumaq istədiklərindən onlarla görüşmək və arzularına əməl etmək təmənnasında olduğunu bildirdi. Ayın 31-də səhər saat 10-da görüşərək Mərkəzi Komitəyə və Xalq Komissarları Şurasına gedəcəkdik. Bu telefon söhbətindən yalnız 12 saat keçmişdi. Gecə saat 4 idi. Təkrar telefon səsləndi. Yarı yuxulu yataqdan qalxdım. Məni çağıran Cəfərin evindən danışırdı. Cəfərin ciddi xəstə olduğunu bildirərək doktor çağırmağımı tələb edirdi, qulağıma telefonda o evdən özünü itirmişlərin narahatçılığını andıran səslər çatdı. Dərhal təbibləri səfərbərliyə almağa başladım. 10 dəqiqə keçər-keçməz - "Təbib gəlir", - deyə Cəfərin evinə bir daha telefon etdim:

 - Gecdir, artıq Cəfər yoxdur. Cəfər öldü... - dedilər". 

M.C.Bağırov Cabbarlını nə üçün yanına çağırmışdı? Bu görüşün həyəcanı, qorxusu, təlaşı dramaturqun səhhətinin pisləşməsinə səbəb ola bilərdimi? Bununla bağlı bəzi məqamlara diqqət yetirmək gərəkdir.

Ədibin müəmmalı ölümü ilə bağlı bir mülahizə də onun yaşıdı və dostu, gizli "Müsavat"da birgə çalışdığı, 1923-cü ildə iki aya qədər birgə həbsdə olduğu, 1927-ci ildə 3 il azadlıqdan məhrum edilmiş və ömrünün sonunadək mühacirətdə yaşamış Əbdül Vahab Yurdsevərə məxsusdur. O, "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində yazırdı: "Böyük ədib... Həqarətə dayanmayaraq 1934 sənəsində Moskvada toplanan ədəbiyyatçılar konqresində Sovet zimamdarlarının üzünə qarşı: "Sifarişlə sənət olmaz!" - deyə hayqırmışdı. Cəfərin bu sözləri sonradan dünya mətbuatına əks etmiş və kəndisinə qarşı Sovet təzyiqlərini bir qat daha artırmışdır. Hadisəyə yaxından vaqif olanlara görə Cəfər Moskva ədəbi konqresindən sonra, çox şiddətli basqı və işgəncələrə məruz qalmış və bunlara dayanmayaraq kendi odasına çekilmiş və intihar etmişdir".

"Cabbarlının intihar etməsi üçün əsas var idimi? "Sifarişlə sənət olmaz" - fikrinə görə 1934-cü ildə sənətkarı intihar həddinə çatdıra biləcək real zəmin mövcud idimi? - bu fikirlər də Asif Rüstəmliyə məxsusdur.

Doğrudur, intihar versiyası heç bir əsasa söykənmir. Ancaq bir məsələ indiyə kimi açıq qalır. Görəsən, cabbarlışünaslar indiyə kimi dramaturqun sovet yazıçılarının I qurultayındakı çıxışına niyə diqqət yetirməyiblər? Əbdül Vahab Yurdsevərin sözlərini də qəribçiliyə salmaq olmaz. Onun bu sözlərini oxuyandan sonra Cəfər Cabbarlının Sovet yazıçılarının I qurultayındakı çıxışını tapıb oxudum.

Dramaturqun Sovet Yazıçılarının 1-ci qurultayında çıxışı doğrudan da o dövr üçün kəskin, proletar ədəbiyyatının, marksist ədəbi təndqidin eybəcərliklərini, siyasi-ideoloji mahiyyətini üzə çıxaran elmi-ədəbi sənəddir. C.Cabbarlı çıxışında deyib: "Adamların canlı insan dilində adi, anlaşıqlı, dolaşıqsız dildə danışdığı pyeslər qeyri proletar əsərləri adlandırılırdı. Ağacların başı aşağı, kökü yuxarı qoyulmadığı tamaşaları isə proletar yaradıcılıq metodolojisinə yabançı sayılırdı".  

Bütün bunlar ədəbi yaradıcılığı ideya və bədii həyəcandan məhrum etməyə və onu süni yaradılmış mexaniki qanunlara tabe etməyə gətirirdi.

Sovet hökümətinin qılıncının ən kəsərli dövründə paytaxtda bir türk oğlunun heç kəsdən, hətta Stalin diktaturasının amansız qadağalarından çəkinmədən reallığı, həqiqəti üsyankarcasına söyləməsi keçən əsrin 30-cu illərində qeyri-adi hadisə idi. Mirzəbala Məmmədzadənin sözləri yəqin ki, həqiqətə daha çox uyğundur.

Sovet Yazıçılarının 1-ci qurultayının gedişini 1934-cü ildə bütün dünya mətbuatı diqqətlə izləyirdi. İclas salonundakı hər bir çıxış xarici ölkələrdə böyük disku-ssiyalara səbəb olurdu. Söhbət marksist estetikanın  nəzəri əsaslarının hazırlanmasından gedirdi. Şübhəsiz, C.Cabbarlının bir qədər emosional, həm də həqiqətə söykənən bu çıxışı da, müxtəlif informasiya kanalları ilə dünyanın hər yerinə yayılıb və ölümünün son aylarında o, ciddi təzyiqlərə, basqınlara məruz qalıb. Yoxsa M.C.Bağırovun nə marağı var idi ki, dramaturqu yanına çağırıb onun novellasını oxuyurdu və yaxud həmin novellanın "Pravda" qəzetində dərc olunmasına cəhd edirdi?

Görünür, C.Cabbarlının qurultaydakı çıxışına görə sovet rəhbərliyi tərəfindən M.C.Bağırov da sıxışdırılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Yazıçı ağır stress, emosional hallar keçirməli olub. O, rəhmətə gedən günün səhəri M.C.Bağırovun qəbuluna getməliymiş. M.C.Bağırovun qəzəbi tutanda qəbuluna gələnlərlə necə rəftar etdiyini çoxları yaxşı bilirdi.

C.Cabbarlının Sovet Yazıçılarının 1-ci qurultayındakı çıxışı təsadüfi deyildi. Marksist tənqidçilər və onu gözügötürməyən, istedadına qibtə edən yazıçı dostları sənətkarı rahat buraxmırdı. O, Sovet mətbuatında ciddi tənqidlərlə üzləşmişdi. Müsavat höküməti ilə bağlı olmasını tez-tez ona xatırladırdılar. Sovet hakimiyyəti illərində yazılmış "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə" pyesinin müəllifini "burjua yazıçısı" hesab edirdilər.

Hətta M.K.Ələkbərli o dövrlərdə yazırdı: "Cabbarlı birdən-birə bizim şura yazıçımız olmadı. Bir zaman millətçilik ruhuna tutulmuş idi ki, çətin və ciddi mübarizədə bizə tərəf gəldi". Sovet Yazıçılarının 1-ci qurultayında da C.Cabbarlının əyləşdiyi salonda M.K.Ələkbərli demişdi ki, bu yazıçı proletariatın təsiri altında ideoloji və siyasi cəbhədən yenidən qurulma yoluna düşmüşdür.

"Bizə tərəf gəlirdi" - ifadəsi Mırzə Cəlil də, Ə.Haqverdiyev də, C.Cabbarlı da vəfat edəndə tabutları qarşısında söylənmişdi və yaxud mətbuatda səsləndirilmişdi.

Cəfər Cabbarlının proletar ədəbiyyatına və onun estetik əsəslarına etiraz etməsinin kökündə nə dayanırdı? Bu məsələyə toxunmadan 30-cu illər represiyasının əsl mahiyyətini açıqlamaq mümkün deyil. Sosialist inqilabı qələbə çalandan sonra onun ideoloqları proletariatın sinfi mübarizə metodunu ədəbiyyata gətirdilər. Yəni bizim sinfimizdən olmayanlar bizim düşmənimizdir. Hətta proletar diktaturasının baniləri açıqca elan etdilər ki, düşmən təslim olmayanda onu məhv edərlər.

Ötən əsrin 20-ci illərinin əvvələrində rus inqilabının istedadlı nəzəriyyəçilərdən bəziləri bu cəfəng marksist tezisin yaxın müddətdə qırğınlara, repressiyalara gətirib çıxaracağını deyirdilər. Özü də bunu siyasi uzaqgörənliklə söyləyirdilər. Trotski yazırdı ki, sənət öz yolunu özü yaratmalıdır. Marksizmin metodu sənətin metodu deyildir. Kommunistlər ədəbiyyatla məşğul olmamalıdır, onların işi tənqid etməkdir.

Trotski bu kəskin fikrində tək deyildi. Buxarin, Zinovyev kimi inqilabçılar, Voronski, Pereverzev, Piksakov, Kubikov kimi nəzəriyyəçilər də onları müdafiə edirdi. Azərbaycan ədəbi tənqidində və ədəbiyyatşünaslığında, milli ədəbi tarixi prosesdə də onlarla həmfikir olanlar az deyildi. Azərbaycanda B.Çobanzadə, Ə.Cavad, C.Cabbarlı, C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqaları da bu məlum həqiqəti dərk edir və kəskin etirazlarını bildirirdilər. Həmin şəxsiyyətlərin əksəriyyətini 30-cu illərdə aradan götürdülər. Bəziləri infarkdan öldü, bəziləri baş götürüb ölkədən qaçdılar. Onların Azərbaycandakı tərəfdarları da 30-cu illərin represiyalarından yayına bilmədi.

M.C.Bağırov AK(b) F-nın 12-ci qurultayındakı məruzəsində demişdi ki, ədəbiyyat cəbhəsində zəif cəhətlərdən biri bu vaxtadək marksist tənqidinin bədii ədəbiyyatın inkişaf tempindən geridə qalmasından ibarətdir.

M.C.Bağırovun marksist tənqidi daha kəskin olmağa çağırdığı bir dövrdə C.Cabbarlı onun nöqsanlarından, kəskinliyindən danışırdı. Əlbəttə, bu cür çıxışlardan sonra onun ciddi təzyiqlərlə üzləşməsi təbii idi.

Şübhəsiz ki, C.Cabbarlı 30-cu illər represiyasının ilk qurbanlarından idi. Bəzən deyirlər ki, o, 37-ci ilə qədər yaşaya bilsəydi, repressiyalardan bəlkə də salamat çıxa bilərdi. C.Cabbarlının qəfil ölümü onu gələcək ağır məhkəmə ittihamları ilə üzləşməkdən "xilas etdi".

Məhəmmədəli MUSTAFAYEV
Filologiya elmlərı doktoru, professor


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.