525.Az

İradə Tuncayın hikməti - Mehriban Sərdarovanın yazısı

VƏ YAXUD HİKMƏTİN İRADƏSİ


[08.11.19]
İradə Tuncayın hikməti - <b style="color:red">Mehriban Sərdarovanın yazısı </b>

"Mənə görə insanların əsl mahiyyətini anlamaq üçün, bəşər tarixində yerini tam dəqiq ifadə etmək üçün onların fəlsəfəsinə varmaq lazım. Tarixdə heç kimi birmənalı qarşılamayıblar - kiməsə sitayiş yeri olan, bir başqası üçün küfr yeri də ola bilər. Amma hər kəsə maraqlıdısa bu insan - deməli, tarix onundu. Münasibətdən asılı olmayaraq".                     

İradə TUNCAY 

"İnsan var - dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var - divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var - şüşə kimidir, dünyanı sənə göstərməyə çalışır; insan da var - ayna kimidir, səni özünə göstərir", - deyir Əbu Turxan.

Mən dərya kimi, ayna kimi bir insandan danışıram sizə. Əlbəttə, onun haqqında danışanlar, söz deyənlər, məqalə yazanlar, müsahibə alanlar və dindirib nəsə  öyrənməyə can atanlar, verilişə dəvət edib cəmiyyəti, reallığı, istər lap keçmişə baxışı onun aynasından görmək istəyənlər çoxdur. Bunun əsas səbəbi nədir, bilmirəm, bu haqda düşünən olubmu, ya yox, düşünənlər nə qənaətə gəliblər, bunu necə ifadə edirlər? Hər kəs heyranlığını, sevgisini, rəğbətini özünəməxsus bir ifadə forması ilə izah etməyə çalışır. Əlbəttə, bu heyranlıq onun dərinliyinədir, amma heyranları hamısı onu dərindən tanıyırmı, - bilmirəm.

Bəs onda bu qeyri-müəyyən heyranlıqların kökündə nə durur?! Burdan tərəddüd etmədən deyə bilərəm - İradə Tuncayın hikməti!

"Dilədiyinə hikmət verir, hikmət verilənə isə çox xeyir verilmiş deməkdir. Və bunu  ancaq üstün ağıllılar anlar (2:269)", - deyir müqəddəs kitabımız. İradə Tuncaya müəyyən və deyək ki, izahını doğru-düzgün təsvir edə bilmədiyimiz sevginin kökündə onu oxumaq, öyrənmək, onun əqlinin hikmətinə dalmaq istəyi durur! Bu qənaəti niyə cəsarətlə səsləndirirəm, onu da deyim. Onu həyatda dinləmədən, eşitmədən, görmədən, 13 il qabaq yazılarında tanıdım. 2007-ci ildən... İllərdir, abunəçisi olduğum "525-ci qəzet"ə hər şənbə gəlişini necə səbrsizliklə gözləmək duyğusunu təsvir etmək mümkünsüz olduğu üçün, etmirəm. Bir onu deyə bilirəm ki, bir şənbə görməyəndə gələn şənbəyədək o tutqu daha şiddətlənir, ruhsuz kimin gəzib dolanırdım. Filosof deyir, boşluq varsa, o, hökmən doldurulmalıdır. Su kimi içirdim, hava kimi nəfəs kimi udurdum bu düşüncələri. Gözümün önündə yazarın və yazısında boylanan surətlərin, hadisələrin obrazı canlanırdı. Bu hikmət məni özünə çəkdikcə çəkirdi. Sonralar hikmət haqqında kitablar oxuduqca və eyni zamanda, sevgili publisist yazarımın məqalələrini vaxt-bivaxt oxuduqca məni 13 il əvvəl özünə çəkib bağlayan sehri anlamağa başladım. Hikmət və onun yazıları arasında paralellər,  üstədüşmələr tapdıqca bu doğmalığın ruhca yaşı olduğunu anladım.

Belə bir özəlliyə oxuduqlarım, bildiklərimdən C.Nehrunun "Ümumdünya tarixinə nəzər" əsərində qızına məktublarında rast gəlmişdim: İradə Tuncayın da silsilə publisistik yazılarının hərəsi bir həyat hadisəsi kimi özünün süjet xətti olan, müstəqil həyatlı əsər çəkisində hikmət yükü daşıyaraq mənəvi qızına, oğluna - yetişən nəslə yaddaş aynasıdır və həm də mənəvi valideyn olmağı tam haqq edərək. Əlbəttə, intellektinə, ziyalılığına, dərin və hərtərəfli biliyinə, müqayisəli tarixi təfəkkürünə, Azərbaycan mədəniyyət və mətbuatındakı missiyasına, ən nəhayət, daşıdığı şəcərəsinə görə. İradə Tuncayın təsvir eləməyə çalışdığım bu mövqeyi oxucuda təsəvvür yaratmasın ki, bəlkə, gəlişi, səslənişi gözəl sözlər deyirəm.

Bir neçə il əvvəl növbəti tarixi statusunda tarixi akademik səviyyədə tədris edən tarixçi professor belə bir şərh yazdı: "İradə xanım, tarixi siz yazasınız kaş, sizdən oxuyaq!"

"Sarı odalar"ın ön sözündən oxuyuram: "Bir dəfə polkovnik rütbəli ziyalı bir hərbçi mənə zəng edərək "Yoldaş Çe" yazısına görə  İradə Tuncaya təşəkkürünü çatdırmağımı xahiş etmişdi. Və bildirmişdi ki, Çe Gevara haqqında bütöv bir kitab oxumaqdansa, həmin məqaləni oxumaq daha faydalıdır".

Dilin hikmət potensialında elmi-ədəbi düşüncədən yaranan fikirlər, qanadlı ifadələr - aforizmlərin yeri məlumdur. Aforizmlərin bir qismi əgər fikirlərdən nəticə kimi hasil olursa, bir qismi də düşüncənin açilmamış, konkretləşməmiş variantlarıdır. İkincilər adətən dialoq, səmimi söhbət xarakterlidir. Hansısa bir bəlli, konsentrasiya olunmuş fikri-hikmətin sözlə şaxələnmiş halıdır. İradə Tuncay aforizmlərinin daha böyük qismi ikincilərdəndir. Onun hikmətləri nəticə kimi ortalığa çıxır. Əlbəttə, İradə Tuncay məxsusi olaraq aforizm söyləməyi qarşıya məqsəd qoymur, sadəcə onun düşüncələrinin, demək istədiklərinin ideya yükü o qədər böyükdür ki, ayrı-ayrı məsələrə münasibəti aforizm, bəzən də cilalanmış hikmət səviyyəsində üzə çıxır.

İradə Tuncay bizə məlum olan publisist-yazarlardan bəlkə də, yeganəsidir ki, təfəkkürü eyni zamanda, zəngin etnoqrafik potensiala, həm də müasir publisistik "diplomatiya"ya malikdir və analitizimlə naturalizmin bu cür üzvü vəhdəti yalnız ona məxsusdur.

Onun digər bir özəlliyi - yazı dilinin yaratdığı fərqdir. Əlbəttə, bu da heç təsadüfi deyil. İradə Tuncay hikmətinin bir mənbəyi də Məmməd Araz fəlsəfi dünyasıdır. Bir sözlə ifadə etsək, bu qədər imzanın içində fərqlənən onun özünəməxsus səsidir, İradə Tuncay səsidir!

Səs dedim! Səslər var - salon titrədir,
Çaydan, çöldən uzaq... kağızın üstə.
Soruşan olmur ki, bu kitab nədir -
On ildir çevrilib ağızı üstdə...

(Məmməd Araz)

İradə Tuncayı oxumaq üçün, səsini eşitmək üçün onun mətninə qayıdaq. Onu elə ən dürüst şəkildə nişan verən, bəlirləyən də mətnidir.

Onun aforizmlər dünyası mənəviyat, tale, gözəllik, ailə, qadın, kişi, dostluq, tarix, cəmiyyət, şəxsiyyət, dövlət, vətən, millət, azadlıq, həqiqət, söz, ruh-bədən kimi bir-birindən təzadla fərqlənən müstəviləri əhatə etməklə oxucusunu özünə həm bir insan, vətəndaş kimi tanıdır, onun insanlıq pilləsindəki məqamını ona göstərir, həyat eşqini, əbədi-əzəli xoşbəxtlik anlayışına ağıllı baxış formalaşdırır, doğruları və gerçəkləri ilə qarşılaşdırır, azadlıq çərçivələrini bəlirləyir, mənliyini, özünə gedən yolun tarixi məntəqələrini bir-bir göstərir, bununla həm onun mənəviyyatını qarşısına güzgü kimi qoyur, bu güzgüdə özünə baxmağa və düşünməyə təşviq edir,  həm də düşüncəsini gərəkən səviyyəyə yüksəltməyə YOL olur. Başqa sözlə, İradə Tuncayın aforizmləri, səmimi söhbətləri oxucunu özünə tanıdır. Özü yol haqqında belə deyir: "İnsan varsa, yol da var. Əslində, bizim həyatımızın anlamı yoldur və o yol heç vaxt bitmir. Əgər yol bitəcəksə, deməli, hər şey məhv olacaq".

"Yol romanı"nı oxuduqca görürsən, onun dediyi yol ilə insan öz "mən"inə tarixin qatlarını keçərək yönlənir". Romandan çıxan əsasən nəticələrdən biri də budur ki, istənilən uzaqlıqlar öz yaxınlarına qayıtmaqdan ötrüdür.

O, İnsanın öz məninə, tarixinə biganəliyi ağrıyla, Mirzə Cəlil sarkazmı ilə sanki səhifə üzərində tonqal qaladır, oxucu bu düşüncələrin içinə düşərək ruhən alovlanır, yanır. İradə Tuncay hikmətinin gücü də bundadır, yanıb öz külündən Simurq quşu kimi dirilməyə sövq edir dinləyicisini. Milli varlığımıza tarix rakursundan sağlam dünyagörüş formalaşdırır, doğrunu yanlışdan ayıra bilən baxış cilalayır. Və bunu tarixin müxtəlif mərhələlərindəki üzdə bilinən hadisələrin iç üzünü açmaqla xatırladır. Axı tarix təkrarlanır, həm də iki halda: ibrət götürəndə - yaxşı məqamlar, götürməyəndə pis məqamlar təkrar olunur. Həm də bu xatırlatmalar tək tarix müstəvisində deyil, mənəviyyat müstəvisində də geniş şəbəkə yaradır. Bu baxımdan İradə Tuncay fəlsəfəsi həm də mənəviyyat fəlsəfəsidir: milli fərd və onun mənəviyyatı bəşəri fərd müstəvisində aydınlanır. Özü bu barədə deyir: "Mən bu gün nə qədər xatırlatmalar elədim. Yəqin ki, izlədiyiniz bu proseslərin içərisində öz həyatınıza tanış gələn nə qədər epizodlar  gördüz. Yəni hər zaman eyni proseslər gedir".

İradə Tuncaya görə, insan idealı həqiqət uğrunda dar ağacının üstünə gedən bir məfhumdur, yəni insanlar üçün çarmıxa gedə bilmək bacarığıdır. Bu məqamda onu hökmən qeyd edim ki, onun publisistikasının, yaradıcılığının nəhəngliyi ondadır ki, min illərlə ölçülən bəşəri  mədəniyyəti özündə tarixi inkişaf məntiqi ilə ehtiva edir. Onun təfəkküründə buddizmin də, iudaizmin də, xristianlığın da, islamın fəlsəfi-estetik anlayışları milli mədəniyyətimizin idrak prinsipləri baxımından şərh olunur. Bir müsahibədə suallara verilən cavabdan da aydın olur ki, dinin əsas obrazlarından olan  peyğəmbərləri, ədəbi, tarixi şəxsiyyətlər kimi təqdim edir.

İradə Tuncayda insan, şəxsiyyət, Mən iç-içədir. "Elə ən çətini özünü tanımaqdır". "Həyat eşqi elə həyat eşqidir, onun əsası və yaxud qeyri­əsası yoxdur. Fikir verin, insan ölgün bir gözə baxmaq istəməz. Mənə elə gəlir ki, həyat eşqi, əslində, sevgidən qaynaqlanır. Ümumiyyətlə, bütün dünya sevgi prinsipinin üzərində qurulub".

Düşüncə adamlarının hər kəs öz sevgisi qədərdir, insan dünyada bədəni qədər deyil, ürəyi qədər yet tutur kimi sevgi haqqında fikirləri ilə İradə Tuncayın sevgisi həmahəngdir: "İnsan qəlbi isə ən böyük müəmma. Bu labirintdə azmaq ehtimalı da var... Bu miqyas nə qədər genişdirsə, sən də o boydasan. Kainat böyüklüyündə də ola  bilərsən, ürəyinin fiziki qabaritləri boyda da..."

Sevgi və xoşbəxtlik anlayışları bir-birinin səbəb-nəticəsi kimi çıxış edir: "Bir ömür xoşbəxt insan olmur, bu, nisbi bir məfhumdur. Yəni insanın daha çox özünü xoşbəxt hiss etdiyi anlar olur. Bu da, təbii ki, həmin zamanla və məqamla daha çox bağlıdır. Səni əhatə edən toplumun, mühitin böyük əksəriyyəti xoşbəxtlik hissini yaşaya bilmirsə, sənin hər şeyin olsa belə, onların içərisində xoşbəxt ola bilmirsən. Onların düşüncələri, hissləri, duyğuları səndə öz əksini tapır. Mən həmişə deyirəm ki, bədbəxtlər içərisində xoşbəxt olmaq mümkün deyil". Mühit və xoşbəxtlik anlayışı "Ölən istəklərimiz", "Qınamayın İsgəndəri", "Desəm dilim yanar", "Bir də ömrümüzə qayıtmaz bu gün" yazılarından  çıxan nəticə odur ki, "İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığı dünya uyğun gəlsin".

Tale, həyat, ölüm müstəvisində onun baxışları deyim ki, könülə müəmmalı bir hüzur verir. Varlıq və yoxluq üzərində qurulan, yaşanan həyat onun baxışında: "Yoxlar var həyatımızda, var. Yoxdan Var  edən pay verib bizə. Var ola bilmək üçün yoxluğa öyrəşmək gərəkli". Bu fikirlərlə o, Türk fəlsəfi fikrində bərqərar olmuş düşüncələri təsdiqləyir. Bəli, "dünya onu anlayanlarındır. Özünü dərk etmək üçün dünyanı dərk etməlisən".

Dünya ilə tamlıq İradə Tuncaya görə, mülli müstəvidə cərəyan edir və boşluqlarının doldurulmasından başlanır: "İtki sözünün ağırlığını anlaya biləcəyiksə, yaşamağa, var olmağa da bir o qədər şansımız olacaq. Nələri, kimləri itirdiyimizin fərqinə vara biləcəyiksə, bu boşluqları doldurmaq arzusu da olacaq. Bu savaş olmalıdır - var olmaq savaşı! Ən böyük döyüşümüz isə qarşımızdadır... Özümüzə qalib gəlsək, o biri döyüş öz-özünə həll olunacaq". "İnam, iradə və əzm əllə toxunulan, gözlə görünən silah deyil". Göründüyü kimi, varoluş yazar-publisistə görə, fəlsəfi həqiqətlə bağlıdır.

Ümumiyyətlə, İradə Tuncay hadisələrə münasibətində öz fərqini, doğrularını daha çox fəlsəfi həqiqətlərə bağlılığı ilə əlaqələndirir: "...filosofların, din kitablarının bəşəriyyətə aid dediyi o doğrulardan çox şey əxz eləyirəm... Bəlkə də, ona görə insanlar mənə cəzb olunurlar.

Dostluq, İradə Tuncaya görə, öz ruhu ilə ittifaqa əsaslanan dostluqdur.

"İnsanlar arasında görünməz bağlar var. Ruh yaxınlığı olan adamları axtarıb tapmaq eşqi var. Belə olmasaydı, yaşaya bilməzdik". "Görünür, kimləysə iltibat, rabitə qurmağın ən vacib şərti də elə budu. Qəlbləri oxumağı  bacarmaq". "Düşünürəm ki, görmək üçün göz şərt deyil, insanın şüuru görməlidir, qəlbi, ürəyi görməlidir. Ətrafımızda nə qədər gözlü korlar var".

Ruh-bədən ittifaqı İradə Tuncayda var-dövlət anlayışı ilə eyni müstəvidə açılır: "İnsanın ruhu nəyə köklənirsə, cismi də onun dalınca yönlənir". "Biz ruh aclığının nə qədər qorxulu olduğunu anlamağımızdandır, qarnımız doysa da, gözümüz doymur. Bir toplum olaraq birinci dərdimiz budur - içimizin boşluğu. Qalan dərdlərin hamısının başlanğıcı, mənbəyi budur".

Tarixə ən uzun ekskursiyaları olan yazılar "Sarı odalar"da şərti olaraq "Tarix" başlığı ilə verilir. Bu yazıların bir çoxunda yazılarında tarixi mövzularda aforizmlərin çox geniş mənzərəsi açılır: "Tarix daha böyük şəxsiyyətlərin iradəsinin nəticəsidir". "İnqilablar tarixin lokomativləridir". "Hər bir qlobal hadisənin içində kiçik insan taleləri var". "Əgər cəmiyyət sarsıntı keçirirsə, heç kəs bundan kənarda qala bilməz". "Yalanın üstündə qurulmuş hər şey dağılmağa məhkumdur". "Keçmişi xatırlamadan gələcəyə baxmaq olmur". "Tarixi hadisələr də insan taleyinə bənzəyir". "Könül təqvimi də gündəlik təqvimə bənzəyir: işğal günləri çox, xoş günləri də elə-belə..." "Kiçik bir qığılcım böyük bir üsyana səbəb ola bilər" və sairə.

Dövlət, millət, vətən, anlayışları da tarix ətrafında dövr edir: "Bu, tarixi həqiqətdir ki, bəzən dövlətsiz də xalqların, millətlərin mövcudiyyəti davam edə bilir. Amma xalqsız, millətsiz dövlət olmur". "Vətənpərvər gənc anlayışını hesablamaq, ölçmək üçün heç bir aparat icad olunmayıb. Tarixi bilmədən, hardan, nələrdən keçib gəldiyini bilmədən nəyəsə bağlanmaq da mümkün deyil". "Düşüncə tarixinin yaranması başqa tarixlərin yaranmasına da təkan verir".

Həqiqət, azadlıq, haqq-ədalət, mərhəmət haqqında fikirləri yetkin, oluşmuş aforizmlərdir: "İstisnalar ümumi mənzərəni dəyişmir". "Danışılan yalanların böyüklüyü həqiqətin mahiyyətini kiçiltmir". "Öz vətəndaşlarıyla qorxu dilində danışan rejimlərin sonu yoxdur". "Qorxaqlıq insan övladının ən böyük eyibidir" və s.

Gözəlliyin hikməti də zəkadan doğur: "Əgər bir insan böyük mətləbləri öz daxilində həll edə və həyata doğru-düzgün baxa bilirsə, o insan özünün gəncliyini qoruyub saxlayır, içindəki uşağı ölməyə qoymur, müdrikləşir və müdrikləşdikcə də içindəki o uşağın qədrini bilir. Gözəllik insanın içindən gəlir. İnsanın daxili böyük bir kainatdır, öz ayı, planetləri, ulduzları ilə..."

Ailə, qadın, kişi mövzusu bir dəyərlər, ənənələr və gerçəkliklər fonunda düşündürməyə cəlb etdirir. "Mən və Sən" bu baxımdan çox təsirlidir. Bununla yanaşı,  "İki sevgi", "Qadın həyatından fraqmentlər", "İt dəftəri", "Ay Ölkəsi", "Sarı odalar", "Güllər açılsın" və digər yazılarında heç də çılpaqlıqlarına bilə-bilə toxunmaq istəmədiyimiz, əksinə, pafosla təqdim etmək istədiyimiz şəkildə deyil, realda olduğu kimi, necədir, elə də təqdim edilir.

İradə Tuncaya görə, insan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka, əməl. Onun sözü ruhdan başlayır. "Səsin də ruhu var... Elə səslər var ki, onlarla böyük bir insan kütləsini orduya çevirmək olar, bütün ölkəni səfərbər eləmək olar". Onun səs, söz dünyası daha çox fəlsəfəylə iç-içədir: "Duyğular sənətdə, ağıl - elmdə, ruh - fəlsəfədə özünü ifadə edir".

İradə Tuncay söz dünyasını öz dünyamdan ayırmadığım üçün, başqa sözlə, düşüncə dünyamın maddi əsaslarından biri olduğu üçün onun yaradıcılığından seçdiyim fikirlərini hər kəslə bölüşmək istəyirəm. Amma ən yaxşı nitq vaxtında bitən nitqdir. İradə Tuncayın hikməti həyat fəlsəfəsindən doğaraq praktik şüurun, parlaq zəkanın  ifadəsidir. Bu zəka işığında dərinliyimizə enib səsimizi dinləməyə dəyər. Özümüzə gedən yolu tapmağa kömək edər. Yetər ki, enək və dinləyək, "həqiqət insandan başlamır, insan həqiqətdən başlanır".

Mehriban SƏRDAROVA

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.