525.Az

Ömür vəfa edərsə... - Fidan Malik yazır

[08.11.19]
Ömür vəfa edərsə... - <b style="color:red">Fidan Malik yazır </b>

Bir xeyli vaxt idi ki, işə gedərkən parkda əyləşən yaşlı qadınla rastlaşırdım. Tanışlığımız bir səhər həmin yaşlı nənənin xeyir duasından başlamışdı.

O gündən onunla hər görüşdüyümüzdə salamlaşır, o da öz nənəyə xas xeyir-duasıyla məni yola salırdı. Əslində, hər zaman tələsdiyimdən bütün tanışlığımız da elə bundan ibarət idi. Çox güman ki, nənə, rayondan övladları tərəfindən şəhərə gətirilmişdi və hər səhər parkda qismən də olsa şəhərin təmiz havasını udarkən öz yurdunu-yuvasını yada salırdı. Əlbəttə ki, bu, mənim fərziyyəm idi.

Bir gün yenə hər zamankı kimi tələsik parkdan keçirdim. Nənə yox idi. "Yəqin hava soyuqdur deyə çıxmayıb", düşüncəsiylə yoluma davam etdim. Ertəsi gün də nənəni görmədim. Beləcə bir neçə gün davam etdi. Artıq özümdən biixtiyar narahat olmağa başladım. Bəlkə xəstələnib. Bəlkə də... Yox! Yetərincə yaşı olsa da, bu fikri heç yaxına buraxmaq istəmədim. Fikirli halda dayanacağa doğru addımladım.

Səhəri gün nənə yenə öz skamyasında oturmuşdu. Gözlərimə bir anda işıq gəldi. Sevincək nənəyə yaxınlaşıb salamlaşdım. Hal-əhval tutdum. Neçə gün olmamasının səbəbini soruşanda

- Hava birdən çöndü, ay bala. Dedim xəstələnərəm, uşaqlara xəcalət olaram", - cavabını verdi.

- Elə demə, can nənə, insan da övladına xəcalət olarmı?

- Olar, bala, olar. Nə qədər yaxşı övlad olsa da, yenə də xəstəyə baxmaqdan usanar. Sadəcə çox yaxşı övladdırsa, dilə gətirməz, ürəyində çəkər. Bəlkə də yorulduğundan yox, valideyninin əziyyət çəkməsinə ürəyi dözməz, - deyə üzümdəki çaşqın ifadəni dağıtmaq üçün əlavə etdi.

Nənə adəti üzrə xeyir-duasını verdi. Sağollaşdıq. Nə yalan deyim, nənənin xeyir-duası üçün darıxmışdım. Dayanacağa doğru addımladım.

Birdən nədənsə bir neçə dəqiqəlik yolda Soltan nənə yadıma düşdü. Soltan nənə köhnə məhəlləmizdən qonşumuz idi. Özü də adı kimi zabitəli, hökümlü nənə idi. Həyatın hər acısını, şirinini görmüş nənə idi. Əyni-başı hər zaman çox səliqəli idi. Özü də çox təmizkar qadın idi. Bir səhər onunla blokda rastlaşmışdım. "Soltan nənə, niyə liftlə düşmürsən", sualıma "Mənə nə olub ki, ay bala. O siz cavanlarsız bir şey olan kimi yorulursuz", - deyə hirslə cavab verdi. Nənənin qırımını görüb bir addım geri durdum. Şimşək kimi idi Soltan nənə. Hirsli olanda qaç-qurtar canını. Əslində, sözünə haqq qazandırmaq olardı. Yaşına baxmayaraq, çox diribaş idi. "Nənəmi kim hirsləndirib", - deyə könlünü almaq istədim. Ürəyi açıldı, nə açıldı. - "Sübh tezdən biri ağlaya-ağlaya zəng edib ki, ay Soltan xala, bu gecə səni yuxuda gördüm. Gördüm ki, ölmüsən. Deyir, özü də ağlayır. Dedim "Ölsün məni istəməyənlər".

Gülməkdən özümü zorla saxladım. Nə yalan deyim, çünki Soltan nənənin qılıncının altına düşməkdən də qorxurdum. Yenə də özümü toparlayıb, - "Ay nənə, ömrünü uzadıb. Özün həmişə demirsən ki, yuxuda görənin tərsi olur". Nənə bir az sakitləşdi. "Bala, mən yaşadığımı yaşamışam. Ölüm haqdır. Amma deməyin təhəri var. Adam bir salamlaşar, bir hal-əhval tutar. Dedim bu gündən sonra yuxuvu bil! Məni də yuxunda görüb-eləmə!"

Bu yerdə lap rejissor Fikrət Əliyevin "Yuxu" filmi yadıma düşdü. Gülməmək üçün dilimi dişimə sıxıb, - "Hə, nənə, düz deyirsən. Amma səni çox istədiyindən narahat olub. Ürəyinə salma. Ömrünü uzadıb". - "Ömrü Allah yazır. O, nə karədir ki", - deyə nənə əlini kömək üçün uzatdı. Birlikdə həyətə düşdük. Deyəsən, hava almaq istəyirdi. Evin qabağındakı skamyada əyləşdi. Artıq xeyli sakitləşmişdi. Üzü gülürdü.

- İşində ol, ay bala, mənə görə narahat qalma. Bir az oturub yuxarı qalxacam. Hava sərindi. Sən də özünü gözlə. Cavanlığına güvənmə. Əynin də nazikdi. Bu fəslin istisinə aldanma. Yolun açıq olsun! - dedi.

O gün xeyli gülmüşdüm Soltan nənənin "yuxu" macərasına. Ölümdən qorxduğunu düşünmüşdüm. Haqlıydı da. Yaşamaq hər yaşda şirindir. Əlbəttə, qohumu daha yumşaq şəkildə yuxusunu danışa bilərdi. Lakin o gün parkdakı nənənin sözlərindən sonra başa düşdüm ki, həyatın hər çətinliyini görmüş Soltan nənənin o zaman davası təkcə ölüm qorxusu və ya qohumunun düşünülməmiş danışığı deyildi. Xəstələnib yük olmaq, xəcalətli qalmaq qorxusu idi. Övladlarından ayrılmaq qorxusu idi. Haqq-hesab qorxusu idi. Yaşının yetərincə olmasına baxmayaraq, yəqin ki, özünü buna hazır hiss etmirdi. Hamımız kimi...

Bu düşüncələrlə dayanacağa çatdım. Gəlib çatan avtobusa mindim və o gün yaşadıqlarımdan və xatırladıqlarımdan dolayı qəlbimdə bir az sevinc, bir az nisgil hissilə yoluma davam etdim.

Həmin gün durmadan qəlbimdə bu dua səsləndi. Rəbbim buyurduğu kimi valideynlərimizə "uf" belə deməyəcək qədər səbir versin. Çünki bir gün biz də Soltan nənələr kimi yük olmaq, övladlarımızdan ayrı qalmaq, haqq-hesab vermək qorxusu ilə soyuqdan qorunacaq, yuxudan səksənəcək, otağa qəfil girən mehdən üşünəcəyik. Ömür vəfa edərsə...

Fidan MALİK

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.