525.Az

Sosial sahədə həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

[06.11.19]
Sosial sahədə həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub<b style="color:red"></b>

"Ölkəmizdə sosial sahədə reallaşdırılan davamlı tədbirlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün sosialyönümlü layihələrin icrası uğurla davam edir".

Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, bu gün ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olunub. Sosial infrastruktur layihələri paytaxtı və regionları əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Dövlət başçısının rəhbərliyilə həyata keçirilən bu layihələr əhalinin maddi-rifah halının yüksəlməsinə müsbət təsir göstərir. Sosial layihələrin icrasının uğurla həyata keçirildiyini deyən M.İbrahimqızı müharibədən, işğaldan əziyyət çəkən, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində daim tədbirlər görülür. Bu qəbildən olan insanlar daim dövlətin diqqət mərkəzində saxlanılır və onlar qayğı ilə əhatə olunurlar. İsti ocaqlarından didərgin salınmış soydaşlarımız üçün son illərdə 100-ə yaxın qəsəbə salınıb. Bu qəsəbələr hər cür infrastruktura malikdir. İşıqlı, asfalt küçələr, məktəb, uşaq bağçası, mədəniyyət evləri sakinlərin ixtiyarına verilib. Bu vaxta qədər üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət indi də davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni salınmış köçkün qəsəbəsi sosialyönümlü layihələrin davam etdirildiyindən xəbər verir. Həmin qəsəbədə də bütün infrastruktur öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsinin, təqribən 20 min insanın yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bütün bunlar aztəminatlı ailələrə, əlillərə, şəhid ailələrinə və məcburi köçkünlərə göstərilən qayğının dövlət siyasətinin prioritetini təşkil etməsindən xəbər verir" deyən millət vəkili söyləyib ki, şəhid ailələrinə, əlillərə və məcburi köçkünlərə diqqət və qayğı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ən çox diqqət yetirdiyi sahələrdəndir. "2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. Mehriban xanım həmin müşavirədə demişdi ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə də bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək. Verilən vədlər əməli işlərdə özünü doğrultdu və bu gün də həmin xeyirxah missiya uğurla davam etdirilir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək", - deyə deputat vurğulayıb.

İqtisadçı ekspert Pərviz Heydərov isə vurğulayıb ki, "Azərbaycanda dövlət və iqtisadiyyatın idarə olunması mexanizmini təkmilləşdirilməsinə, struktur islahatlarının aparılmasına böyük ehtiyac var. Bu, həm büdcə xərclərinin səmərəliliyini artırmaq, idarəetməni yaxşılaşdırmaq baxımından olduqca vacibdir. Onun sözlərinə görə, dövlət başçısı Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019-cu il tarixli Fərmanı bu mənada çox mühüm və böyük addım oldu. Fərmanın girişində də yazılıb ki, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib.

Ekspert hesab edir ki, digər nazirliklər və komitələr üzrə də bu cür addımlar atmaq məqsədəuyğun olardı: "Məlum olduğu kimi, gələn ildən ölkəmizdə icbari tibbi sığorta sistemi işə düşəcək. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) yaradılıb. Və Nazirlər Kabinetinin hələ bu ilin əvvəlindəki müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə təsis edilən məhz adı çəkilən quruma, yəni TƏBİB-ə verilib. Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Bununla da ölkəmizdə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasəti istiqamətində bir növ yeniliyə imza atıldı. Bu, səhiyyədə idarəetmənin təkmilləşdirilməsi kimi də qələmə verildi. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət daşıdığından, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyırdı. P.Heydərov vurğulayıb ki, səhiyyədə islahatlara əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlar ilə birgə yanaşmalı və bunlar bir müstəvidə nəzərdən keçirilməlidir: "Belə ki, səhiyyədə yüksək xidməti hədəfə alan dövlət və hökumət paralel olaraq vətəndaşların maddi rifahını yüksəltmək istiqamətindəki səylərini da əsirgəməməli - hər iki istiqamətdə siyasət bir xətt üzrə həyata keçirilməlidir".

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.