525.Az

Gələn ilin dövlət büdcəsinin müzakirələri başladı

2020-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ MÜSTƏQİLLİYİNİ BƏRPA ETDİKDƏN SONRA AZƏRBAYCANIN PROQNOZLAŞDIRILAN ƏN BÖYÜK BÜDCƏSİDİR


[06.11.19]
Gələn ilin dövlət büdcəsinin müzakirələri başladı<b style="color:red"></b>

Dünən Milli Məclisdə (MM) "2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin-büdcə zərfinin müzakirəsinə başlanılıb. Qeyd edək ki, büdcə müzakirələri öncə komitələr səviyyəsində aparılır. Komitə müzakirələri  3 gün, noyabrın 5-7-si tarixlərində davam edəcək.

İlk iclas MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbərliyi və 5 komitənin birgə iştirakı ilə keçirilib. Yəni adıçəkilən komitə ilə MM-in Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və  ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Dini qurumlar və ictimai birliklər komitələri birlikdə gələn ilin büdcəsini  müzakirə ediblər. Komitələrin birgə iclasına sədrlik edən  MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verib. Komitə sədrinin dediyinə görə, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Sonra qanun layihəsi ilə bağlı müzakirələr başlayıb.

"2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir". Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. V.Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Onun sözlərinə görə, görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

"Görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur".  Bunu isə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışında deyib ki, ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub. Bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq. S.Mehdiyev qeyd edib ki, növbəti ildə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.

Mərkəzi Bankının sədri Elman Rüstəmov öz növbəsində bildirib ki,  2020-ci ildə qarşıda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. E.Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.

Onu da qeyd edək ki, büdcə müzakirələri bu gün daha 5 komitədə davam etdiriləcək. Komitələrdə büdcə müzakirələri sabah başa çatacaq. Noyabrın 12-14-ü tarixlərində isə parlamentin plenar iclaslarında büdcə müzakirələri aparılacaq. Sonda hökumətə 10 gün vaxt veriləcək və həmin dövrdə büdcə ilə bağlı təkliflər və iradlar nəzərdən keçiriləcək, məqbul olanları nəzərə alınacaq. Daha sonra parlamentin növbəti plenar iclasında büdcənin son variantı səsverməyə çıxarılacaq və qəbul olunacaq.

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.